Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-967/2024 21.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" X2 Cəmiyyətinin Bakı Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı tərəfindən cavabdeh "xxxx" X2 Cəmiyyətinin Bakı Filialına qarşı verilmiş “mülkiyyət hüququna maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" X2 Cəmiyyətinin Bakı Filialına qarşı “mülkiyyət hüququna maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə elektrik xəttinin yerinin dəyişdirilməsi və yaxud yeraltı elektrik ötürücü kabel xətlərinin çəkilməsi və siqnalizasiya sisteminin quraşdırılmasına şərait yaradılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" X2 Cəmiyyətinin Bakı Filialının rəhbəri Nümayəndə1 tərəfindən Sumqayıt şəhəri, 53-cü məhəllə, daş bazarı ərazisində yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsində inşa etdiyi sexin yaxınlığında 3-4 m məsafədən daş bazarında qoyulmuş transformatora elektrik naqili çəkilmişdir. İddiaçı 07 yanvar 2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək bildirmişdir ki, Sumqayıt şəhəri, 53-cü məhəllə, daş bazarı ərazisində yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsində inşa etdiyi sexin yaxınlığında 3-4 m məsafədən daş bazarında qoyulmuş transformatora elektrik naqili çəkilmişdir. Həmin naqil yüksək gərginlikli olmaqla iddiaçının mənafeyinə mənfi təsir göstərir və ölkə başçısının fərmanı ilə sənədsiz qeyri-yaşayış tikintilərinin sənədləşməsi üçün iddiaçının müraciəti zamanı tikintinin mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Həmin elektrik xətti iddiaçının sexindən çox sonra inşa edilib. Bu zaman ya mühafizə məsafəsi gözlənilməli, ya da kabel vasitəsilə xətt çəkilməli idi. Lakin bu hallar nəzərə alınmamışdır. Bu günə qədər qeyd olunan müraciətinə cavabdeh tərəfindən cavab verilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt şəhər bələdiyyəsinin 20 mart 2003cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində bələdiyyəyə məxsus 5 ha torpaq sahəsi "xxxx" X2 Cəmiyyətinin Bakı fililalına 99 il müddətinə icarəyə verilmişdir. Həmçinin 26 noyabr 2004-cü il tarixli 142 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində bələdiyyəyə məxsus 5 ha torpaq sahəsi "xxxx" X2 Cəmiyyətinin Bakı fililalına 25 il müddətinə icarəsinə ayrılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin icraatında iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı "İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2003-cü il tarixli Qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair inzibati iş vardır. İddiaçı ərizə verərək iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmiş və məhkəmə hesab etmişdir ki, İddiaçı ərizəsi əsaslı olmaqla, o, adi cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməlidir. 22 iyul 2024-cü il tarixdə cavabdeh "xxxx" X2 Cəmiyyətinin Bakı Filialı tərəfindən məhkəməyə etiraz təqdim olunaraq iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" X2 Cəmiyyəti səhmdarları 100% olmaqla xarici investorlara məxsus müəssisələrin reyestrində dövlət qeydiyyatına götürülmüşdür (Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri). 1994- ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır (qeydiyyat № 313). 2003-cü ildə Sumqayıt şəhər Bələdiyyəsinin və İcra Hakimiyyətinin dəvəti və məsləhəti ilə şəhərdə “İnşaat mallarının istehsalı və satışı üzrə ticarət mərkəzi”nin tikilməsi məqsədi ilə cəmiyyətə 5 ha torpaq sahəsi ayrılmışdır. Cəmiyyət ona ayrılmış torpaq sahəsinin abadlaşdırılması və orada tikinti işlərinin aparılması üçün külli miqdarda maliyyə vəsaiti sərf etmişdir. Həmin ərazidə cavabdeh tərəfindən tikinti işləri aparılmış və 100-dən çox sahibkara icarəyə verilmişdir. İddiaçı adlı şəxs yalan məlumatlar verərək və ətrafında öz xarakterində olan muzdlu adamları yığaraq şərləmə yolu ilə onun istifadəsində olan “Sərvət” kafesinin qarşısında olan və cavabdehə məxsus 400 m2 olan tikilini ələ keçirmək istəyir. 2008-ci ilin aprel ayında şifahi olaraq 400 m2 obyektin güzəştli şərtlərlə İddiaçı icarəyə verilməsi haqqında razılıq olmuş və qabaqcadan 10 illik icarə haqqının bir hissəsini ödəmişdir. Sonradan İddiaçı sahibkarlıq fəaliyyətinin müvafiq qeydiyyatı olmadığından (VÖEN, hüquqi şəxs) icarə müqaviləsi bağlanmamış, ödədiyi pul artıqlaması ilə qaytarılmışdır. Bununla əlaqədar olaraq İddiaçı Sumqayıt Şəhər Məhkəməsində cəmiyyətin direktoru Nümayəndə1 qarşı iddia qaldırmışdır, ilkin olaraq birinci instansiya məhkəməsi 53000 ABŞ dolları məbləğində iddianı qismən təmin etsə də, Sumqayıt Apellyasiya Məhkəməsi həmin qətnaməni ləğv etmişdir. Daha sonra Azərbayan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı əsasında iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmışdır. İş hal-hazırda Ali Məhkəmənin icraatındadır. Həmin məhkəmə çəkişməsində cavabdeh "xxxx" X2 Cəmiyyəti yox, məhz fiziki şəxs qismində Nümayəndə1 cəlb olunub. Hazırda İddiaçı iddiası tam əsassızdır. Belə ki, cavadehin mövqeyi elektrik təchizatı üzrə texniki şərt, elektrik təchizat üzrə işçi layihə, torpağın ayrıc aktı, inşaat pasportu, tikintinin eskiz layihəsi, Sumqayıt şəhər Bələdiyyəsinin arayışı, texniki şərtlərin yerinə yetirilməsinə dair "xxxx" ASC-nin arayışı, elektrik qurğularının təhvil-təslim aktı, Sumqayıt şəhər elektrik şəbəkəsinin balans mənsubiyyəti haqqında akt, yarım stansiyanın texniki şərtlərə dair quraşdırılmasına dair akt və “Enerji Məsələlərinin Tənzimləmə Agentliyi” tərəfindən verilmiş istismara buraxılış aktı ilə öz təsdiqini tapır. Cavabdeh cəmiyyətin mülkiyyətində olan elektrik yarım stansiyası elektrik şəbəkəsinə texniki şərtlərinin tələblərinə riayət olunmaqla qoşulmuşdur. Yarım stansiyanın tam olaraq fəaliyyəti 2011-ci ildən həyata keçirilib. Mülki Məcəllənin tələblərinə uyğun olaraq İddiaçı iddiası rədd edilməlidir. Belə ki, təqdim olunan sübutlardan bəlli olur ki, İddiaçı heç bir mülki hüquqları pozulmamışdır. İddia ərizəsində qeyd olunan elektrik naqil və tikinti obyekti tam sübutlar üzrə "xxxx" X2 Cəmiyyətinin mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onunla "xxxx" X2 Cəmiyyətinin Bakı Filialının direktoru Nümayəndə1 arasında Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən torpaq sahəsinin bir hissəsinin 80000 ABŞ dollarına alqı-satqısı ilə bağlı şifahi razılıq əldə olunmuş, o, həmin məbləğdən 53000 ABŞ dolları məbləğində ödəniş həyata keçirmiş və həmin torpaq sahəsini aldıqdan sonra orada sexlər inşa etmişdir. Nümayəndə1 ona həmin torpaq sahəsini tezliklə özəlləşdirəcəyini bildirmişdir. 12 il keçdikdən sonra Nümayəndə1 ondan 27000 ABŞ dolları məbləğində borcun ödənilməsini tələb etmişdir. Həmin vaxt o, ödənişin həyata keçirilməsi üçün mülkiyyət sənədlərinin təqdim olunmasını tələb etmiş, bundan sonra Nümayəndə1 onun həmin ərazidən çıxmağını tələb etmişdir. O, sənədsiz tikililərin sənədləşdirilməsi ilə bağlı ölkə başçısının 2023-cü il tarixli müvafiq fərmanına əsasən həmin sexlərin sənədləşdirilməsinin həyata keçirilməsini istəsə də, Nümayəndə1 həmin tikililərin sənədləşdirilməsinə və siqnalizasiya sisteminin quraşdırılmasına şərait yaratmamışdır. Daha sonra o, sexlərin yaxınlığında 3-4 metr məsafədən daş bazarında qoyulmuş transformatora elektrik naqili çəkildiyini müəyyən etmiş və həmin yüksək gərginlikli elektrik naqilinin kənara köçürülməsinə köməklik göstərilməsi ilə bağlı müvafiq qurumlara müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" X2 Cəmiyyətinin Bakı Filialının nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun izahat verib iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyə Şurasının 20 iyun 2003-cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində Sumqayıt Şəhər Bələdiyyəsinə məxsus 5 ha torpaq sahəsinin "xxxx" X2 Cəmiyyətinin Bakı Filialına inşaat materialları ticarət mərkəzi yaratmaq məqsədi ilə 99 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan 26 noyabr 2004-cü il tarixli, 142 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən həmin torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən "xxxx" QSC-nin Bakı filialına 25 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" QTSC-yə verilmiş 24 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, "xxxx" QTSC həqiqətən Barmek Azərbaycan Elektrik X1 Cəmiyyəti tərəfindən verilmiş 11-T/3342 nömrəli, 26 dekabr 2005ci il tarixli və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş MTŞ-20/294 nömrəli 29 iyul 2020-ci il tarixli texniki şərtlər yerinə yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Sumqayıt Filialının "xxxx" QTSC-yə ünvanlamış xx.xx.2021-ci il tarixli məktubunda göstərilir ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən inşaat materiallarının istehsalı və satışı mərkəzinin xarici elektrik təchizatı üçün quraşdırılmış elektrik qurğularının istismara buraxılış aktının verilməsi barədə "xxxx" X2 Cəmiyyətinin Bakı Filialının müraciətinə baxılmış, bununla əlaqədar obyektin elektrik qurğularına yerində baxış keçirilmiş, “Elektrik qurğularının quraşdırılması Qaydası"nın tələblərinin pozulması və layihədən kənara çıxma halları aşkar edilməmiş, YG 19/21E-015 nömrəli, 22 iyul 2021-ci il tarixli istismara buraxılış aktı tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarət İdarəsinin İddiaçı ünvanlandığı 02 fevral 2024-cü il tarixli məktubda göstərilmişdir ki, müraciəti ilə bağlı qeyd etdiyi ünvanda yanğın-texniki müayinə keçirilmiş və aşkar olunmuş yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə obyektin məsul şəxsinə İnzibati Xətalara Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Sumqayıt Regional Enerji Təchizatı və Satış İdarəsinin İddiaçı ünvanlandığı 01 fevral 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Sumqayıt şəhərinin 53cü məhəlləsində yerləşən obyektin yaxınlığından keçən yüksək gərginlikli hava xəttinin kənara köçürülməsinə köməklik göstərilməsi ilə bağlı İddiaçı ərizəsinə baxılmış, budaqlanan hava xətti və KTM "xxxx" QTSC-nin Bakı filialına məxsus olduğu üçün İddiaçı həmin müəssisəyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsi Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində ona məxsus 5 ha torpaq sahəsini "xxxx" X2 Cəmiyyətinin Bakı filialına icarəyə vermişdir. Həmin torpaq sahəsinin müəyyən hissəsində iddiaçı tərəfindən 400 m2 tikili inşa edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək hüququnu pozduğunu ehtimal etdiyi cavabdehin üzərinə sözügedən tikilinin yaxınlığında elektrik xəttinin yerinin dəyişdirilməsi və yaxud yeraltı elektrik ötürücü kabel xətlərinin çəkilməsi öhdəliyinin qoyulmasını xahiş etsə də, Mülki Məcəllənin 157.4-cü maddəsinin dizpoziyası baxımından sübutetmə vəzifəsi üzərinə düşən İddiaçı cavabdeh "xxxx" X2 Cəmiyyətinin Bakı Filialı tərəfindən ona hər hansı maneənin yaradılmasını sübut edə bilməmişdir. Əksinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 24 dekabr 2020-ci il tarixli arayışında həmin torpaq sahəsi üzərindən keçən elektrik xətləri çəkilərkən həqiqətən Barmek Azərbaycan Elektrik X1 Cəmiyyəti tərəfindən verilmiş 11- T/3342 nömrəli, 26 dekabr 2005-ci il tarixli və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş MTŞ-20/294 nömrəli 29 iyul 2020-ci il tarixli texniki şərtlərin yerinə yetirildiyi, eyni zamanda Azərbaycan Respublikasinin Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Sumqayıt Filialının 23 iyul 2021-ci il tarixli məktubunda “Elektrik qurğularının quraşdırılması Qaydası"nın tələblərinin pozulması və layihədən kənara çıxma hallarının aşkar edilmədiyi qeyd olunmuşdur. İddianın “cavabdehin üzərinə siqnalizasiya sisteminin quraşdırılmasına şərait yaradılması öhdəliyinin qoyulması” hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən 5 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsinə məxsus olsa da, yuxarıda qeyd olunan icarə müqaviləsinə əsasən qanuni əsaslarla "xxxx" X2 Cəmiyyətinin Bakı Filialının icarəsindədir. "xxxx" X2 Cəmiyyətinin Bakı Filialı həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililər ilə bağlı icarə münasibətlərindən irəli gələn bütün hüquqlara malik olduğundan, İddiaçı isə mübahisələndirilən tikili ilə bağlı hər hansı sərəncam vermək hüququ olmadığından o, “cavabdehin üzərinə siqnalizasiya sisteminin quraşdırılmasına şərait yaradılması öhdəliyinin qoyulması” tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" X2 Cəmiyyətinin Bakı Filialına qarşı “mülkiyyət hüququna maneələrin aradan qaldırılması” tələbi barədə iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" X2 Cəmiyyətinin Bakı Filialına qarşı “mülkiyyət hüququna maneələrin aradan qaldırılması” tələbi barədə iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-967/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-967/2024
21.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver