Məhkəmə qərarları › İş №e-2-2(121)-101/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-101/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-101/2022 17.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili X6, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və həmin akta əsasn hesablanmış borcun silinməsi və.s tələbi barədə iddiasına dair mülki işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.03.2021ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 9.936 manat cərimənin silinməsi, iddianın qaldırılması üçün ödənilmiş 100 manat mediasiya xərcinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 130 manat cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, istixana uzun müddətdir İddiaçı adına qeydə alınıb. İstixanaya aid bütün sənədləşmə qaydasındadır. Fəaliyyətə başladığı müddətdə hər ay qazdan istifadəyə görə ödəniş etmişdir. İsitmə mövsümü boyu Salyan qaz idarəsinin işçiləri hər ay 2 dəfə ona qaz sərfiyyatı barədə bildiriş verib, həmin bildirişlərə görə ödənişlərini etmişdir. Bundan başqa mövsüm boyu demək olar ki, hər gün onların əməkdaşları gecə reydləri keçirərək, tez-tez istixananın qaz təsərrüfatına baxış keçirilib, kənar xətt və digər qanunsuz hallar axtarılıb. Onun təsərrüfatında heç bir kənarlaşma aşkar olunmayıb. 12.03.2021-ci il tarixdən 13.03.2021-ci il tarixə keçən gecə "Azərqaz" X3 X9 İdarənin əməkdaşlarının icazəsiz və qanunsuz həyətinə daxil olaraq istixanaya tərəf getdiklərini görmüşdür. O gecə olduğu və həyət qismən qaranlıq olduğu üçün soruşmuş ki, kimsiz, həyətində nə işiniz var. Cavabında qaz idarəsinin işçiləri olduqlarını və həyətində istixananı qazla təchiz edən təsərrüfatında yoxlama keçirdiklərini bildirdilər. O onlardan buna müvafiq icazənin mi, hansısa bir qərarın mı, göstərişinmi olduğunu soruşduqda onlar cavabında - ağsaqqal narahat olma standart prosedur qaydadır və heç bir problemin olmadığı qeyd etdilər. Bir neçə gün sonra ona məlum oldu ki, Salyan RQİİ-nin əməkdaşları qanunsuz olaraq "Təbii X4 pozulması haqqında” ******* saylı 13.03.2021-ci il tarixli akt tərtib etmişlər. O buna dair müvafiq sənədləşməni tələb etmiş. Lakin, ona heç bir sənəd təqdim edilmədi. RQİİ-nin müxtəlif vəzifəli şəxslərin qəbulunda olmuş. Onlar bəhanələrlə ona sənədlərin verilməsinə maneəçilik törədirdilər. Nəhayət, may ayının əvvəli sənədlər təqdim edildi. Sənədlər hazır tikili vəziyyətdə idi və ******* saylı aktdan, tələbnamədən, abonentin saldosundan, iki ədəd A4 formatlı kağız üzərində əks edilmiş fotoşəkildən ibarətdir. Aktda qüsur kimi "sayğacdan kənar şlanq boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə edilir” qeyd edilmişdir. Yoxlamanın keçirilmə və aktın da guya tərtib edilmə vaxtı kimi saat 11-50 qeyd edilmişdir. Əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin şəkildə olan sayğac onun sayğacı deyil. Belə ki, faktiki saşğacının nömrəsi 40384901 olmasına baxmayaraq foto üzərində sayğacın nömrəsi 51 başlayır 66 ilə bitir. Bundan başqa guya sayğacdan kənar qazdan istifadə halını təsdiq edən heç bir sübut, o cümlədən fotoşəkil, videoçəkiliş mövcud deyil. Əlavə edilmiş tələbnamə isə adları göstərilən şəxslər tərəfindən imzalanmamışdır. Bu tamamilə qanunsuz bir aktdır. Çünki, həmin tarixdə, yəni Salyan RQİİ-nin əməkdaşları sayğaca və digər qaz avadanlığına şəxsən onun iştirakı ilə baxış keçirmişlər. Bu zaman heç bir qüsur aşkar edilməmişdir və qaz idarəsinin işçiləri sayğacın üstündən müəyyən qeydlər götürərək əlavə heç bir söz demədən həyətini tərk etmişlər, İştirakı ilə heç bir akt tərtib edilməmişdir. Buna görə də aktda onun guya imza etməkdən imtinasına dair qeyd həqiqətə uyğun deyil. Onlar gedərkən 13.03.2021-ci il tarix saat gecə 02-00 radələri olardı. Akt əsasında tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair 13.03.2021-ci il tarixli tələbnamədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.201l-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "X4 “ 6.5-ci bəndinə istinad edilmişdir. Lakin, bu qanunsuzdur. Belə ki, həmin bənddə qeyd edilmişdir ki, “qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcı qanunsuz xətli dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir". Bəndin tələbindən göründüyü kimi, əgər sayğacdan kənar xətt varsa o dərhal ləğv edilməlidir. Lakin, bu tələbnamənin özündən göründüyü kimi tələbnamədə icra olunacaq tədbirlər qrafasında sayğacdan kənar qeyriqanuni qaz xətti ləğv edilsin kimi göstəriş vardır. Tələbnaməni də Salyan RQİİ-nin rəisi təsdiq edib. Lakin, faktiki həmin yoxlama zamanı rəis orda olmamış və adıda Təbiii qazdan istifadə qavdalarının pozulması haqqında” ******* saylı 13.03.202l-ci il tarixli aktda qeyd edilməmişdir. Belə çıxır ki, guya Salyan RQİİ-nin əməkdaşları həyətində sayğacdan kənar xətti aşkar ediblər, ona toxunmayıblar. Sonra Salyan şəhərində yerləşən idarələrinə gedərək müvafiq sənədləşmədən sonra göstərilən tələbnamə tərtib edilmiş və tələbnamədə də qanunsuz xəttin ləğv edilməsinə dair göstəriş öz əksini tapmışdır. Bu hal aktın qanunsuz olaraq tərtib edilməsini bir daha sübut edir. Tələbnamə ilə ona 90 gün üçün 49680 kub metr əlavə sərfiyyat hesablanmışdır. Hətta kənar xətdən istifadə edilsəydi, hesabat cihazlara uyğun şəkildə aparılmalı idi. Faktiki istixanada 5 ədəd cihaz vardır. Bunlardan dörd ədədi sadə qızdırıcı, biri isə qazanxana “L" tipli su qızdırıcısıdr. Bu cihazlar texniki şərtdə göstərilmişdir. Tələbnamədə isə qanunsuz və əsassız olaraq 11 cihaz göstərilmişdir və hesabat da bunların sayına görə aparılmışdır. Əgər cihazıların sayı texniki şərtə uyğun deyil idisə, yoxlayıcılar onu qüsur kimi aktda qeyd etməli idilər. Cavabdehin nümayəndələri tərəfindən onun həyətində heç bir qazdan oğuluq faktı aşkar edilməyib. Onlar ona məlum olmayan səbəbdən əsassız bir akt tərtib edib, cərimə yazıblar. O heç vaxt oğurluq qaz işlətməmiş, yalnız sayğacla qaz işlətmişdir. Buna görə də “Təbii X4 pozulması haqqında" ******* saylı 13.03.202l-ci il tarixli akt qanunsuzdur və ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X7 məhkəmə iclasında izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair AMX-6515/19 nörməli, 12.10.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh (paylayıcı) ilə İddiaçı (istehlahkçı) arasında bağlanmış müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan “Təbii X4 pozulması haqqında” 13.03.2021-ci il tarixli, ******* saylı akta əsasən, sayğacdan kənar şlanq boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilmişdir. İş materiallarında olan 13.03.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən hesabat müddəti 90 gün olmaqla 13.03.2021-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın həcmi 49.680 m3 müəyyən edilərək, hesablanmış borc məbləğinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2021-ci ilin may ayı üzrə akta əsasən 9.936 manat borc hesablanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş video görüntünü əks etdirən diskə baxış zamanı görünür ki, iddiaçıya məxsus sayğac işlək vəziyyətdədir və heç bir kənar müdaxilə yoxdur. İş materiallarında olan cavabehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş video görüntünü əks etdirən diskə baxış zamanı görünür ki, iddiaçıya məxsus sayğaca gecə vaxtı baxış keçirilmiş, o cümlədən sayğaca qara rəngli rezin boru keçirilərək hasarın o biri tərəfində olduğu görünür. Lakin, video görüntüdən həmin qara rəngli rezin borunun iddiaçıya məxsus istixanaya qoşulması müəyyən olunmur. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X2 Filialının təqdim etdiyi rəydə qeyd edilmişdir ki, Salyan RQİİ-nin nümayəndələri tərəfindən sayğacdan kənar şlanq boru vasitəsilə qazdan qeyri-qanuni istifadə edildiyi barədə 13.03.2021-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Aktda istixanada qaz qurğuları olaraq 10 ədəd dəmir soba və 1 ədəd su qızdırıcı istifadə olunduğu göstərilmişdir. Aktda istehlakçının aktı imza etməkdən imtina etməsi barədə qeydiyyat aparılmışdır. Akta əsasən 13.03.2021-ci il tarixli, dəymiş ziyanın bərpasına dair tələbnamə ilə hesabat aparılmış və 10 ədəd dəmir sobanın hər birinin qaz sərfi 2 m3/saat, su qızdırıcının qaz sərfi 3 m3/saat, qurğuların iş iş rejimi 24 saat, hesabat müddəti 90 gün nəzərə alınaraq ümumilikdə 49680 m3 itirilmiş qazın həcmi, dəyəri 9936 manat olmaqla borc hesablanaraq istehlakçıya məxsus istixananın qaz hesabına daxil edilmişdir. İstixananın abonent saldosuna və təqdim olunan bildirişlərə əsasən 28.02.2021-ci il tarixində sayğac göstəricilərinin oxunduğu məlum olur. İstixananın Cavabdeh İB tərəfindən qazlaşdırılması üçün verilmiş 4887 nömrəli 16.10.2017-ci il tarixli texniki şərtin sorğu blankında 1 ədəd qaz sərfi 7 m3/saat olan su qızdırıcı, 2 ədəd qaz sərfi 1,4 m3/saat olan soba qeyd olunmasına baxmayaraq istixanada ümumilikdə 4 ədəd qeyri standart qızdırıcı soba və 1 ədəd qeyri standart su qızdırıcı quraşdırılmışdır. Bununla da vətəndaş tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.13, 3.4.1-ci yarımbəndlərinin tələbləri pozulmuşdur. “Təbii X4 pozulması haqqında” 13.03.2021-ci il tarixli ******* nömrəli akta qazdan qanunsuz istifadə halı ilə bağlı foto və videoyazı əlavə olunmuşdır. Vidioyazıda istixananın sayğacının işlədiyi, vətəndaşın evinin yaxınlığında yerləşən ******* nömrəli sayğacın giriş qaz xəttindən birbaşa birləşdirilməklə istixanaya doğru rezin boru çəkildiyi görünür. Qeyd olunan sayğac 2021 -ci ilin fevral ayında 13957 m3 göstərici ilə oxunmuş, aylıq sərfiyyat 763 m3 qeydə alınmışdır. Lakin, rezin borunun istixananın qaz şəbəkəsinə qoşulub qoşulmadığı, istixanada bu zaman hansı qaz qurğularından və neçə ədədinin istifadə olunduğu müəyyən olunmur. Digər tərəfdən layihə sənədinə əsasən su qızdırıcının qaz sərfinin 7 m3/saat, sobaların qaz sərfiyyatının, hər bir soba üçün üçün 1,4 m3/saat olduğu halda, hesabatda sobaların qaz sərfiyyatının 2 m3/saat, su qızdırıcının qaz sərfiyyatının 3 m3/saat nəyə görə götürüldüyü və sayğac göstəricilərinin 01.03.2021-ci il tarixində oxunmasına baxmayaraq nə üçün hesabatın 90 gün müddətinə aparıldığı aydın deyil. İstixanada qazdan qanunsuz istifadə tam sübuta yetirildiyi halda qurğularının qaz sərfinin qızdırıcı sobalar üçün 1,4 x 10 x 24 saat x12 gün = 806,4 m3, su qızdırıcının qaz sərfinin 7 x 24 saat x 12 gün =2016 m3 olar. Sayğacın oxunduğu 01.03.2021 -ci il tarixindən gündən akt tərtib olunan 13.03.2021-ci il tarixinədək qurğuların qaz sərfi 4032 + 2016= 6048 m3 x 0,2 manat, dəyəri 1209,6 manat hesablanması məqsədəuyğun hesab edilir. Məlumat üçün bildiririk ki, “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun ( bundan sonra-Qanunun) 3-cü maddəsinin 5-2-ci hissəsinə əsasən Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Bu Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Nəticə olaraq, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) halı ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görüldüyü halda hesabatın yuxarıda qeyd olunan kimi aparılması məqsədə uyğundur. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacına Cavabdeh nümayəndələri tərəfindən təbii X4 pozulması halları yoxlanılmış, bundan sonra iddiaçı barəsində 13.03.2021-ci il tarixli, ******* saylı təbii X4 pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən, 13.03.2021-ci il tarixli tələbnamə ilə itirilmiş qazın həcmi 49.680 m3 müəyyən edilmiş və nəticədə 2021-ci ilin mart ayında iddiaçıya 9.936 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçının və iddiaçının nümayəndələrinin iştirakı ilə məhkəməyə təqdim edilmiş video görüntüləri əks etdirən disklərə baxış keçirilərkən iddiaçıya məxsus sayğaca qara rəngli rezin borunun keçirilərək hasarın o biri tərəfində olduğu, lakin, video görüntüdən həmin qara rəngli rezin borunun iddiaçıya məxsus istixananın qaz şəbəkəsinə qoşulması müəyyən olunmamışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, 30.06.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, itirilmiş qazın həcmi nominal qaz sərfi 6 m3 , orta günlük iş rejimi 12 saat olmaqla cəmi 6.408 m3 müəyyən edilərkən, hesabat müddəti 90 gün qəbul edilmişdir. Lakin bu müddətin nəyə əsasən qəbul edildiyi, yəni nəyə görə məhz 90 gün ərzində hesabat aparıldığı müəyyən olunmur. O cümlədən saldodan göründüyü kimi, aktın tərtib edildiyi 30.06.2020-ci il tarixdən əvvəlki 90 gün (təqribən 3 ay) ərzində iddiaçı tərəfindən mütəmadi olaraq qazdan istifadə edilmiş və müəyyən ödənişlər aparılmışdır. Lakin yuxarıda qeyd olunan 90 günlük hesabat müddəti üzrə hesablama aparılarkən, iddiaçının həmin müddətdə istifadə etdiyi qazın həcmi və dəyəri nəzərə alınmamışdır. Yəni, ən azından hesabat aparılarkən, əgər dəymiş ziyan mövcuddursa, iddiaçı tərəfindən həmin dövrdə istifadə edilmiş qazın həcmi və dəyəri ümumi dəymiş ziyandan çıxılmalı, bundan sonra dəymiş ziyan müəyyən edilməli idi. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur – istixana işlədir. Bu, iş materialları və cavabdeh tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə eyni zamanda cavabdehin diqqətinə çatdırır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş 13.03.2021-ci il tarixli, ******* saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 9.936 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə dövlət rüsumunun məbləği 119,36 manat olduğundan, dövlət rüsumu ilə əvəzləşdirilmiş 100 manat mediasiya xərci və 10.64 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “təbii X4 pozulması haqqında” ******* saylı, 13.03.2021-ci il tarixli akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 9.936 manat borc İddiaçı abonent hesabından (abonent kodu **********00250) silinsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 (bir yüz) manat və 10.64 (on manat altmış dörd qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar