Məhkəmə qərarları › İş №e-2-2(121)-1014/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1014/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1014/2020 30.11.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə X1 cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 cavabdeh “xxxx” ASC-yə qarşı – hesablanmış 17953,23 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Böyük Xocavar kəndində xx.xx.1965-ci ildə anadan olmuş və faktiki olaraq göstərilən ünvanda yaşayır. Onun həyətində özünə məxsus dülgər sexi var, üç işçisi var və orada taxta işlərinə aid işlər görürlər. Lənkəran regional 6 saylı X9 VÖEN almaqla qeydiyyatdadır və sadə vergi ödəyicisidir. Ona məxsus olan sexinə 400 kv-lıq transformator quraşdırılmışdır. Həmin sexə sayağac isə “xxxx” ASC-nin Masallı EŞ-nin əməkdaşları tərəfindən qoyulmuşdur. O, hər ay həmin sexdə işlətdiyi elektrik enerjisinə görə 350 manat, maksimum 400 manat işıq pulu ödəmişdir. Lakin xx.xx.2020-ci i tarixdən sonra işıq pulu yazan Nicat Cəfərov adlı işıq idarəsinin əməkdaşı işıq pulunu yazarkən 17.953 manat 23 qəpik borcunun olduğunu bildirmişdir. O isə ona bildirmişdir ki, hazırda pandemiya ilə əlqədar Masallıda karantin rejimi tətbiq edildiyindən o, işləmir, işçiləri də işə gəlmir, lakin bundan əvvəl işlədiyi dövürdə o, elektrik enerjisinə görə 350-400 manat işıq pulu ödədiyini ona bildirmişdir. Daha sonra sahə nəzarətçisi Faiq adlı şəxs gəlmiş və sayağaca baxıb öz fikrini bildirmişdir ki, elekrik sayağacı dayanmadan fırlanır, sayağac düz işləmir, sabah labaratoriyadan adam gətirər baxar. xx.xx.2020-ci il tarixdə labaratoriya işçləri F.Abbasov, N.Abdullazadə, E.Ağayev və qardaşı Raci Məmmədov o olmaya-olmaya sayağaca baxış keçirmişlər. Baxış zamanı bütün işıqları söndürüb bir tək mator işlədərək 2 klovatlıq 1400 abarodluq mator 5 dəqiqəyə 50 manatlıq elektrik enerjisi işlətmişdir. Belə olan halda labarotoriyanın əməkdaşları sayağacın düzgün işləmədiyinə görə dəyişdirilməli və yenisi ilə əvəz olunmasını demişlər. Həmin vaxtdan bir müddət keçəndən sonra işıq idarəsi 2020-ci ilin aprel ayında ona məxsus olan sayağacı dəyişdirmişdir. Eyni zamanda, ona bildirmişlər ki, “hər ay nə qədər ödəniş edirsən elə də ödəniş et, bu borc sayılmır və adına yazılmayacaq”, həmin vaxtda o, tələb edirdi ki, sayağacı niyə tez gətirmirlər, o, buna görə işlərini rahat görə bilmir. Elektrik şəbəkəsinin əməkdaşları onun iştirakı olmadan sayağacı söküb yenisi ilə əvəz edərkən heç bir möhür qoyuluşu aparılmasını təmin etmədən açıb, sayağacı qara torbasız və möhürsüz Faiq müəllimin 07 markalı maşınına alıb aparmış və bildirmişdir ki, daha narahat olmasın. O, təzə sayağacın ödənişini edərkən Faiq müəllimdən soruşmuşdur ki, bu təzə sayağaca köçürmə etsin, ona demişdir ki, hələ onun aktı gəlməyib, gəlsin sonra elə edərlər. Lakin bu günə kimi onlar onu yola verərək aldatmışlar, məlumat verməmişlər ki, ona məxsus olan sayağacı Bakıya labaratoriyaya göndərmişlər, sonra onlar ona 1 vərəq olan akt təqdim edib bildirmişlər ki, 17953.23 manat pulu ödəməlisən, əks halda işığını kəsəçəklər. “xxxx” ASC-nin əməkdaşları xx.xx.2020-ci il tarxili 033223 saylı aktına əsasən abonentə məxsus 3 fazalı elektrik sayağacının göstərici rəqəmləri qarışmasını, sayağacın özbaşına elektrik enerjisi qeyd etməsini yazmışlar. Bu isə onu sübut edir ki, o, sayağaca heç bir müdaxilə etməmiş, sayağacın möhrü üzərində olmuşdur. Lakin, buna baxmayaraq “xxxx” ASC-nin Masallı EŞ-in işçiləri onun işlətmədiyi elektrik enerjisinin pulunu əsassız olaraq onun üzərinə borc kimi yazaraq ondan tələb edirlər. Onların fikrincə guya o, 17.953 manatlıq elektrik enerjisini 2020-ci ilin fevral ayından 2020-ci ilin iyul ayına kimi işlətmişdir. Halbuki, işıq idarəsi amperamaj cihazı ilə onun obyektinin elektrik yükün ölçməli, sonra onun borcunun olub-olmamasını müəyyən etməlidi idilər. İşıq idarəsinin işçiləri ona hər ay pul ödəməsini dediklərindən o da hər ay işıq idarəsinə müəyyən məbləğlərdə işıq pulu ödəmiş, xx.xx.2020-ci ildə 350 manat, xx.xx.2020-ci ildə 180 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 400 manat və xx.xx.2020-ci ildə 100 manat, cəmi 1230 manat işıq puluda ödəmişdir. Hesab edir ki, cavabdeh təşkilat onun obyektinə gələn elektirik yükünü omperamaj cihazı ilə yoxlamadan ona artıq həddə borc yazdığından qeyd edilən 17.953 manat borc silinməlidir. İddiaçı iddia tələbini dəyişərək, cavabdeh tərəfindən tərtib olunmuş 033223 saylı aktın ləğv edilməsi və akt əsasında hesablanmış 18672,75 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 məhkəməyə teleqramla müraciət edərək, iddiasını müdafiə etdiyini bildirmiş, işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən “xxxx” ASC tərəfindən tərtib edilmiş AKT R № 033223 saylı xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektin sayğacına baxış keçirilən zaman sayğacın göstərici rəqəmlərinin bir-birinə qarışdığı müşahidə edilmiş, sayğac yenisilə əvəz olunmuş və çıxarılan sayğac yoxlanılmaqdan ötrü laboratoriyaya göndərilməsi qərara alınmışdır. İşə əlavə edilən “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 196940 saylı, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, AKT R № 033223 saylı akta əsasən sayğac yeni tam elektron tipli sayğacla əvəz olunmuşdr. Çıxarılan sayğacın göstəricisi 369888,7 olmuşdur. İş materiallarına əlavə olunan “Sayğacların və cərəyan transformatorlarının yoxlanması”na dair 186844 saylı, xx.xx.2020-ci il tarixli protokolunun surətindən görünür ki, sayğac laboratoriya yoxlamasından keçirilmişdir. Yoxlama zamanı “sayğacın normal buraxılan xəta ilə işləməsi, təkrar istismara yararsız olması” aşkar olunmuşdur. Sayğacın göstəricisi 369888 olmuşdur. İş materiallarından görünür ki, cavabdeh iddiaçıya 3036 saylı xəbərdarlıq məktubu göndərmişdir. Məktubda istifadə etdiyi elektrik enerjisinin sərfiyyatına 17953,23 manat borcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icra vərəqinin surətindən görünür ki, AKT R № 033223 saylı xx.xx.2020-ci il tarixli akt əsasında satış sahəsi üzrə tələb olaraq qərar qəbul edilmişdir: təklif olunan baxış aktı (sayğac laboratoriya tərəfindən 207475 kvt.s daxil edilmişdir). İşdə olan “Abunə haqqında” hesabdan çıxarışdan görünür ki, X8 məxsus qüsurlu sayğacın son göstəricisi olan 369888 abonentin dövriyyəsinə xx.xx.2020-ci il tarixində daxil edilməklə, onun hesabına 181 gün üçün 18672,75 manat dəyərində elektrik enerjisi əlavə edilmişdir. Əvvəlki sayğac isə sonuncu dəfə xx.xx.2020-ci il tarixində oxunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi X4 Agentliyi Lənkəran filialının iddiaçıya ünvanladığı AERA-24-584/20 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının şikayəti ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, X6 əməkdaşları tərəfindən ona məxsus obyektin sayğacına baxış keçirilən zaman sayğacın göstərici rəqəmlərinin bir-birinə qarışdığı müşahidə edilmiş, sayğac yenisilə əvəz olunmuş və çıxarılan sayğac yoxlanılmaqdan ötrü laboratoriyaya göndərilmişdir. Laboratoriyanın rəyinə əsasən sayğac istismara yararsızdır. Abonent dövriyəsi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində sayğac oxunan zaman sayğacın göstəricisi 3599 kVt/s, xx.xx.2020-ci il tarixdə sayğacın göstəricisi 207475 kVt/s olmuşdur. Buda sayğac mexaniziminin istismara yararsız olduğuna əsas verir. Laboratoriyanın mövcud sayğacın istismara yararsız olduğu barədə verdiyi rəyə baxmayaraq sayğacın üzərindəki faktiki rəqəmi abonentin hesab bazasına daxil etməklə 18672.75 manat dəyərində sərfiyyat hesablanmışdır. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələbi pozulmuşdur. Qayda pozuntusu ilə bağlı onlar tərəfindən X13 Təchizatı və Satış idarəsinin rəhbərliyinə 24/E-084 nömrəli xx.xx.2020-ci il tarixli göstəriş verilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35ci bəndinin tələbinə əsasən tərəflər qarşılıqlı razılaşma əldə edə bilmədikləri təqdirdə bilavasitə məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Energetika Nazirliyi X4 Agentliyi Lənkəran filialının AERA-24-739/20 saylı, xx.xx.2020-ci il tarixli məktublarından (mütəxəssis rəylərindən) görünür ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X2 filialına daxil olmuş “Masallı rayonu, Böyük Xocavar kənd sakini X7 iddiası ilə əlaqədar keçiriləcək məhkəmə iclasında mütəxəssisin iştirak etməsi barədə” müraciətlə ilə bağlı Agentliyin Lənkəran filialında araşdırma aparılmışdır. X7 obyektinə məxsus sənədlər onlar tərəfindən təhlil edilərkən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində abonentə aid elektrik sayağacında yaranmış qüsurla əlaqədar 033223 nömrəli akt tərtib olunmuşdur. Aktda sayağacın açıq-aşkar düzgün işləmədiyi, belə ki, rəqəmlərin qarışdığı, öz başına yük qeyd etdiyi göstərilmişdir. Buna baxmayaraq həmin qüsurlu sayğacın son göstəricisi 369888 abonentin dövriyyəsinə xx.xx.2020-ci il tarixində daxil edilməklə, onun hesabına 181 gün üçün 18672,75 manat dəyərində elektrik enerjisi əlavə edilmişdir. Halbuki, əvvəlki sayğac sonuncu dəfə xx.xx.2020-ci il tarixində oxunmuş, qüsur aşkar olunduqdan sonra xx.xx.2020-ci il tarixində isə həmin sayğac yenisi ilə əvəz olunmaqla qüsur aradan qaldırılmışdır (89 gün). Eyni zamanda, obyektə məxsus abunə dövriyyəsi təhlil edilərkən görünür ki, onun qüsur yaranmamışdan əvvəl və ya yeni sayğac quraşdırıldıqdan sonrakı dövrdəki günlük sərfiyyatı sayğacın son göstəricisindən yaranmış 89 gün üçün 18672,75 manat dəyərindəki sərfiyyatdan nəzərəçarpan dərəcədə fərqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndinin tələbinə əsasən bildirilir ki, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerji təchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün (89 gün üçün) yenidən hesablaşma aparmalıdır (əgər əvvəlki sayğacın qüsurlu olduğunu və sayğaca müdaxilə alının aşkar olmadığı nəzərə alınsa, hesabat abonentin aylar üzrə sərf etdiyi enerjiyə uyğun, yəni 232,83 : 32 * 89 = 647,55 manat kimi aparılaraq daha məqsədə uyğun olar). İşə mütəxəssisin iştirakı olmadan baxılması xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, “xxxx” ASCnin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektin sayğacına baxış keçirilən zaman sayğacın göstərici rəqəmlərinin bir-birinə qarışdığı müşahidə edilmiş, sayğac yenisilə əvəz olunmuş və çıxarılan sayğac yoxlanılmaqdan ötrü laboratoriyaya göndərilmişdir. Buna görə də, AKT R № 033223 saylı xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçıya 18672,75 manat məbləğində borc hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçıya məxsus elektrik sayğacının göstərici rəqəmlərinin birbirinə qarışması daxili qüsur nəticəsində pozulmuşdur. Yəni, sayğaca hər-hansı müdaxilə olmamış, sayğacın istismara yararsız vəziyyətə gəlməyində istehlakçının təqsiri müəyyən edilməmişdir. Belə olan halda isə, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən müəyyən edilməli idi. Lakin iş materiallarında belə bir razılığın olması müəyyən olunmur. Yəni, “xxxx” ASC tərəfindən 18672,75 manat borc məbləği birtərəfli qaydada və qanunvericiliyin tələblərinə zidd olaraq, istehlakçının razılığı olmadan hesablanmışdır. Bundan başqa, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Həmin Qaydaların 10.18.9-cu bəndinə əsasən, elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X4 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə borcludur. İşdən də aydın olur ki, hazırki mübahisə enerji təchizatı müəssisəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent arasında elektrik enerjisindən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətdir. İddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıbaparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinin tələbinə görə, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Odur ki, iddia “akt ləğv edilməsi” hissəsində əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. “Borcun silinməsi”nə dair iddia tələbi isə qismən əsaslıdır. Ona görə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, qüsurlu sayğacın son göstəricisi olan 369888 abonentin dövriyyəsinə xx.xx.2020-ci il tarixində daxil edilməklə, onun hesabına 181 gün üçün 18672,75 manat dəyərində elektrik enerjisi əlavə edilmişdir. Halbuki, sayğac sonuncu dəfə xx.xx.2020-ci il tarixində oxunmuş, qüsur aşkar olunduqdan sonra xx.xx.2020-ci il tarixində (89 gün) isə həmin sayğac yenisi ilə əvəz olunmaqla qüsur aradan qaldırılmışdır. Buna görə də, 89 gün üçün yenidən hesablaşma aparmalıdır, yəni, əvvəlki sayğacın qüsurlu olduğunu və sayğaca müdaxilə alının aşkar olmadığı nəzərə alınmaqla, hesabat abonentin aylar üzrə sərf etdiyi enerjiyə uyğun 647,55 manat (belə ki, 232,83 : 32 * 89 = 647,55 manat) kimi aparılmalıdır. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndinə əsasən, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və X10 Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin Qaydaların 8.35-ci bəndinə əsasən, enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X4 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Belə olan halda, məhkəmə hesab edir ki, hesabat düzgün aparılmamış və iddiaçıya elektrik enerjisindən istifadəyə görə 18025,20 manat (18672,75-647,55=18025,20 manat) məbləğində artıq borc hesablanmışdır. Odur ki, X4 Agentliyinin rəyi nəzərə alınmaqla iddia bu hissədə qismən təmin edilərək, həmin akt əsasında artıq hesablanmış 18025,20 manat borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “xxxx” ASC tərəfindən tərtib edilmiş AKT R № 033223 saylı xx.xx.2020-ci il tarixli akt ləğv edilsin. Həmin akt əsasında “xxxx” ASC tərəfindən X8 hesablanmış 18025,20 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar