Məhkəmə qərarları › İş №e-2-2(121)-1197/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1197/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1197/2024 29.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı ”Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 11792,94 manat əsas borc məbləğinin və mediasiya sesiyası üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” xx.xx.2019-cu il tarixli AMX-8748/19 nömrəli müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2023-cü il tarixə İddiaçınə 11792,94 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli AMX-8748/19 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və qiraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir. İş materiallarında olan Cavabdeh abonent saldosunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 11792,94 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2024-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “Ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. Məhkəmə, iş materiallarına əsasən müəyyən edir ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2019-cu il tarixli AMX-8748/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə ilə rəsmiləşdirmişlər. Həmin müqavilənin şərtlərinə görə iddiaçı (Paylayıcı) cavabdehi (İstehlakçını) keyfiyyətli qazla təmin edir, cavabdeh isə istehlak etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edərək cavabdehi təbii qazla fasiləsiz təmin etdiyini, lakin cavabdehin istifadə etdiyi qazın dəyərini tam şəkildə ödəmədiyini və nəticədə cavabdehin qazdan istifadəyə görə ödənilməmiş 11792,94 manat məbləğində borcunun qaldığını iddia edir. İddiaçı tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, abonentin saldosunda olan məlumatlara, həmçinin borcun ödənilməsi ilə əlaqədar cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbinə dair subyektiv hüququnun mövcudluğu və həmin hüququn cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulması iş materiallarında olan sənədlərlə tam sübut olunur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin şərtlərinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə aiddir. Lakin işdə olan cavabdehin abonent saldosunda olan məlumatlardan görünür ki, cavabdehin təbii qazdan istifadəyə görə iddiaçıya ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, təbii qazdan istifadəyə görə tələb olunan borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, abonentin saldosunda olan məlumatları və iş üzrə müəyyən edilmiş digər halları nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən hesablanmış qazın dəyərinin şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək istehlakçını qazla təmin etmiş, lakin cavabdeh aldığı qazın dəyərini tam ödəməmişdir və nəticədə onun iddiaçıya 11792,94 manat məbləğində ödənilməmiş borcu qalmışdır. . Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı 11792,94 manat məbləğində istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsinə dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə, iddianın mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı 125,38 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh istehlak edilmiş təbii qaza görə yaranmış 11792,94 manat məbləğində borc və 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 11992,94 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 125,38 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar