Məhkəmə qərarları › İş №e-2-2(121)-1282/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1282/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1282/2021 15.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş 08 sentyabr 2020-ci il tarixli, NDQ 007828 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən (nümayəndəsi vasitəsilə) iddianın dəyişdirilməsi barədə ərizə təqdim edilərək, "xxxx" ASC tərəfindən tərtib olunmuş 08.09.2020-ci il tarixli, NDQ 007828 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkardır. Ağcabədi rayonu, Hüsülü kəndində özünə məxsus mağaza işlədir (kod: **********00865) və VÖEN-i də vardır. Mağazanın elektrik sayğacı onun adınadır və sayğac küçədə quraşdırılmışdır. Hər ay həmin sayğacın göstəricisinə uyğun enerjinin dəyərini ödəyir. Cavabdehin nümayəndəsinin ona verdiyi sərfiyyat haqqında bildirişdə borcunun çox olduğunu görmüş, Ağcabədi İşıq İdarəsində bununla maraqlandığı zaman, ona "xxxx" ASC-nin əmədaşlarları tərəfindən 1.227 manat cərimə edildiyi bildirilmiş, ona 08 sentyabr 2020-ci il tarixli, NDQ 007828 saylı aktın surətini vermişlər. Aktda yazılmışdır ki, guya mağazanın elektrik sayğacı yanmış, obyektin elektrik sayğacı şəbəkəyə birbaşa qoşulmuşdur. Əslində belə bir şey olmamış, o hər ay sayğac göstəricisinə uyğun ödəniş etmişdir. Aktın harada və necə yazılmasından onun heç bir məlumatı olmamışdır. Ona görə də, ona yazılan cərimə qanunsuzdur, məhkəmə qaydasında ləğv edilməlidir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin və iddianın dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrinin və mütəxəssisin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.02.2021-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, iddiaçının elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı tərəflər arasında elekrtik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 08.09.2020-ci il tarixli, 007828 saylı aktda qeyd edilmişdir ki, EEİQ-ə uyğun sayğaca baxış keçirən zaman məlum oldu ki, sayğac yanıb. Obyektdəki elektrik işlədiciləri şəbəkəyə birbaşa qoşulub. Ölçmə zamanı xətdən axan yük 6,4 kvt, qoyulmuş güc sayğacın nominalına əsasən, 13,2 kvt təşkil edir. Nəticədə obyektə yeni elektrik sayğacının quraşdırılması tələb edilmişdir. İş materiallarında olan 14.09.2020-ci il tarixli sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə aktda qeyd olunmuşdur ki, həmin akta əsasən, abonentin adına olan sayğac yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan 24.09.2020-ci il tarixli texniki sahələr üzrə tələblərdən görünür ki, 29.09.2020-ci il tarixli, 007828 saylı akta əsasən 1.227,10 manat borc hesablanmışdır. İş materiallarında olan MXİ 0501 saylı, 11.06.2021-ci il tarixli razılaşma protokolundan görünür ki, akta görə aparılmış hesabata yenidən baxılmış, abonentin 805 manat ödənişini nəzərə alaraq, 423 manat azalma verilmişdir. Protokol iddiaçı (onun nümayəndəsi) tərəfindən imzalanmamışdır. İş materiallarında olan abunə haqqında məlumatın surətindən görünür ki, abonent İddiaçı NDQ 007828 saylı akta əsasən, **********71072 saylı abunə kodu üzrə 1.227,06 manat borc hesablanmış, MXİ 0501 saylı protokola görə 423 manat azalma verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziyadan görünür ki, mağazaya tərtib olunmuş 08 sentyabr 2020-ci il tarixli, NDQ 007828 saylı aktı ləğv edərək, hesablanmış 1.301 manat borc məbləğinin 5 gün ərzində silinməsi "xxxx" ASC-dən xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin iddia ərizəsinə etirazında qeyd olunmuşdur ki, Cavabdeh ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə, xidməti ərazidə reyd keçirərkən, 08 sentyabr 2020-ci il tarixdə İddiaçı məxsus ticarət obyektinin (market) enerji təsərrüfatına baxış keçirmişlər. Baxış zamanı onlar həmin obyektin sayğacının yanması, obyektdəki elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulmasını aşkar etmişlər. Bu isə “EEİQ”-in 8.17-ci, həmçinin “EQQQ”nın İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Qaydaların tələbinə əsasən, İddiaçı məxsus ticarət obyektinə (market) 08 sentyabr 2020-ci il tarixli, 007828 saylı akt tərtib olunmuşdur. Akt komissiyası tərəfindən iddiaçıya 6,4 kvt x 12 saat x 188 gün - 804 kvts = 13.634 kvts x 0,09 man= 1.227,10 manat məbləğində əlavə ödəniş hesablamaqla müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. İddiaçı AR Energetika Nazirliyinin Enerji X2 müracət etmiş, bununla əlaqədar onun barəsində aparılan hesabata yenidən baxılmışdır. 6,4 kvt x 12 saat x 126 gün - 743 kvts = 8.934 kvts x 0,09= 804,06; 13.634 kvts- 8.934 kvts = 4.700 kvts; 4.700 kvts x 0,09 man= 423 manat. Belə ki, EEİQ-in 8.17-ci bəndində göstərilir ki, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə, əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Tərtib olunmuş 08 sentyabr 2020-ci il tarixli, 007828 saylı akta əsasən, obyektin elektrik sayğacı yenisi ilə əvəz olunmuş, çıxarılan sayğaca rəy verilməsi zərurəti yarandığından iddiaçının iştirakı ilə 14 sentyabr 2020-ci il tarixli, 208683 saylı istehlakçıların sayğacların yoxlanması, quraşdırılması və dəyişdirilməsi üzrə akt tərtib edilmişdir. Elektrik sayğacına rəy verilməsi 20 sentyabr 2020-ci il tarixə təyin olunmuş və bu barədə yoxlamada iştirak etmək üçün iddiaçıya xəbərdarlıq edilmişdir. Lakin iddiaçı yoxlamada iştirak etməmiş, araşdırma zamanı məlum olmuşdur ki, sayğac işləmir, texniki səbəbdən yanıb, üst və alt qapaq birləşmə yerindən əriyib, Bu barədə sayğacların və cərəyan transformatorlarının yoxlanması barədə 20 sentyabr 2020-ci il tarixli, 193492 saylı protokol tərtib olunmuşdur. EEİQ-in 7.6-cı bəndində göstərilir ki, istehlakçının, təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qeyd olunduğu kimi, qüvvədə olan EEİQ-in tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq işləmə saatlarını və 3 illik müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də, aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan EEİQ-in 8.17-ci bəndindən görünür ki, (o cümlədən iddiaçı) tərəfindən həmin bənddə nəzərədə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq, elektrikqəbuledicilərinin qoyulmuş gücü nəzərə alınmaqla elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı tarix əsas götürülməklə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. Bu hüququ həyata keçirərkən enerji təchizatı müəssisəsi hesablaşma müddəti olaraq əvvəli qeyd olunan tarixdən olmaqla sonu Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti üçün müəyyən edilmiş həddi aşa bilməz. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı 08 sentyabr 2020-ci il tarixli, 007828 saylı akt ilə rəsmiləşdirilmişdir. Bu halda yenidən hesablaşma aparmaq enerji təchizatı müəssisəsinin nəinki hüququdur, hətta borcudur. Beləliklə, iddiaçı "xxxx" ASC-yə 804,06 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına riayət olunmasına görə məsuliyyət daşıyır. Bundan başqa EEİQ-in 9.4-cü bəndinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin 12-ci bəndində qeyd edilir ki, hesablaşma elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür. Müqavilədən görünür ki, İddiaçı bu barədə öhdəlik götürmüşdür. Enerji daşıyıcıları strateji təyinatlı məhsullardır və ondan düzgün istifadə edilməsi dövlət maraqları ilə bilavasitə bağlıdır. Beləliklə, qeyd edilənlər İddiaçı iddia tələbinin əsassız olduğunu, buna görə də barəsində əməkdaşları tərəfindən tərtib edilmiş müvafiq aktın qanuni və əsaslı olduğunu təsdiq etdiyindən həmin tələblərə etiraz edir və hesab edirlər ki, tələb məhkəmə tərəfindən təmin olunmamalıdır. İş materiallarında olan mütəxəssis rəyində qeyd olunmuşdur ki, "xxxx" ASC-nin Aran RETSİ-yə göndərilmiş əlavə məlumatların öyrənilməsi və müvafiq sənədlərin təqdim olunması ilə bağlı sorğuya əsasən, təqdim olunan sənədlərdən abonent dövriyyəsi üzrə şikayətçinin elektrik enerjisinə görə (abonent kodu **********71072) qeyri-yaşayış sahəsinin 24.05.2021-ci il tarixinə 1.454,88 manat məbləğində ümumi borcu olmuşdur. Borcun 1.227,06 manat məbləği 08.09.2020-ci il tarixli, 007828 nömrəli akta əsasən aparılan hesabata, 74,02 manat məbləği sayğac dəyişmə protokoluna əsasən quraşdırılan yeni sayğacın dəyərinə, qalan 153,62 manat məbləği isə elektrik enerjisinin sayğacla müəyyənləşən dəyərinə uyğun yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" ASC-nin Nəzarət Departamentinin əməkdaşları tərəfindən şikayətçinin qeyri-yaşayış sahəsinin çölündə quraşdırılmış hesablaşma elektrik sayğacına baxış keçirilmiş, 1 fazlı ********** zavod nömrəli elektrik hesabat sayğacının yanması, şəbəkəyə birbaşa qoşulması, sayğacdan keçən gücün Psay.= 0 kVts olması, qoşulmuş gücün 6,4 kVt olması barədə 08.09.2020-ci il tarixli, NDQ 007828 nömrəli akt tərtib edilmişdir. Aktda abonentin özünü təqdim etməməsi və aktı imzalamaqdan imtina etməsi qeyd edilmiş, sayğacın yenisi ilə əvəz olunması tələbi qoyulmuşdur. Yanmış sayğac 14.09.2020-ci il tarixində sayğac dəyişmə protokoluna əsasən yenisi ilə əvəz olunmuşdur. Laboratoriyada çıxarılmış sayğacın termik səbəbdən yanması, üst və alt qapaq birləşmələrinin əriməsi barədə 20.09.2020-ci il tarixli, 193492 nömrəli sayğacların yoxlanılması protokolu tərtib edilmişdir. Protokolda abonentin sayğacın yoxlanılmasında iştirak etmədiyi barədə qeyd aparılmışdır. Akta əsasən gücü 6,4 kVt götürülməklə, işlədicilərin işi 12 saat olmaqla, 188 gün müddətinə 19.09.2020-ci il tarixində 13.634 kVts itirilmiş elektrik enerjisi, dəyəri 1.227,06 manat məbləğində hesabat aparılmışdır. Hesablanmış məbləğ və yanmış elektrik sayğacının yenisi ilə əvəz olunmasına görə 74,20 manat məbləğində sayğac dəyəri abonent hesabına daxil edilmişdir. Müəyyən edilmişdir ki, aktda 08.09.2020-ci il tarixində sayğacın göstəricisinin oxunmadığı qeyd olunsa da, dövriyyə üzrə 13.09.2020-ci il tarixində sayğac 25.525 kVts göstərici ilə oxunmuş, 30 gün müddətinə 168 kVts aylıq sərfiyyat qeydə alınmışdır. Sayğacın dəyişdirilməsi və sayğacın yoxlanması protokolunda sayğacın son göstəricisi 23.414 kVts göstərilmişdir. Dövriyyə üzrə bu göstərici isə 08.07.2019-ci il tarixində qeydə alınmışdır və bu tarixdən sayğac dəyişdirilən 14.09.2020ci il tarixinədək sayğac göstəriciləri oxunmuş və abonent hesabına daxil edilmişdir. Akta və protokolda abonent tərəfindən pozuntuya yol verilməsi barədə heç bir qeyd yoxdur və digər sübutedici faktlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən, abonentin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə abonentin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 8.16-cı bəndinə əsasən, abonentin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən, uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qeyd olunanlara əsasən, Qaydaların 7.6-ci bəndinə əsasən sayğacın zədələnməsində abonentin təqsiri sübuta yetirilmədiyi və abonentin təqsiri olmadan uçot müvəqqəti pozulduğu üçün hesabata Qaydaların 8.16-cı bəndinə əsasən yenidən baxılması və sayğac dəyərinin silinməsi məqsədə uyğun hesab edilmişdir. 15.09.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş X5 izahatında bildirmişdir ki, təqdim olunmuş sənədlər tərəflərindən təhlil olunarkən, tərtib olunmuş aktda qeyri-müəyyənliyin olması aşkar olunmuşdur. Belə ki, akt tərtib olunarkən, sayğac göstəricisinin oxunmadığı qeyd olunmuşdur. Lakin sonradan sayğac dəyişmə protokolunda sayğacın göstəricisi qeyd olunmuşdur - 23.414 kvt. Digər tərəfdən, 08.09.2020-ci il tarixdə akt tərtib olunmuş, buna baxmayaraq, sayğacın gösrəticisi 13.10.2020-ci il tarixdə - 25.515 kvt olmuşdur. Ona görə də qeyri-müəyyənlik vardır. Borcun hesablanmasında abonentin təqsiri yoxdur, orta günlük sərfiyyat nəzərə alınmaqla, EEİQ-in 8.16-cı bəndinə əsasən, maksimum 30 gün müddətinə hesablana bilərdi. Kənar xəttin mövcudluğunu təsdiq edən hər-hansı məlumat yoxdur. Ona görə də akt qanuni deyildir. Məhkəmə müəyyən etdi ki, İddiaçı Ağcabədi rayonu, Hüsülü kəndində özünə məxsus mağaza işlədir. Mağazaya quraşdırılmış sayğac yanmış, "xxxx" ASC tərəfindən iddiaçı barəsində 08.09.2020-ci il tarixli, 007828 saylı akt tərtib olunmuş, 14.09.2020-ci il tarixdə sayğac yenisi ilə əvəz olunmuşdur. Bundan sonra, 08.09.2020-ci il tarixli, 007828 saylı akta əsasən 1.227,06 manat borc hesablanmışdır. Daha sonra sözügedən akt üzrə hesablanmış borc məbləğinə 423 manat azalma verilmişdir. Hazırda mübahisələndirilən akt üzrə iddiaçıya hesablanmış borc 804,06 manat (1.227,06 – 423) təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının Ağcabədi rayonu, Hüsülü kəndində özünə məxsus mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıbaparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə” Qaydalarının 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə bir daha qeyd edir ki, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər, lakin bu iş materiallarında öz təsdiqini tapmır. Digər tərəfdən, cavabdeh tərəfindən tərtib olunmuş 08.09.2020-ci il tarixli, 007828 saylı akt yalnız cavabdehin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş, yalnız onlar tərəfindən imzalanmış, iddiaçının və ya onun nümayəndəsinin iştirakı təmin olunmamış və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. Bundan başqa, 08.09.2020-ci il tarixli, 007828 saylı aktda qeyd olunmuşdur ki, sayğac yanıb, obyektdəki elektrik işlədiciləri şəbəkəyə birbaşa qoşulub. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sayğacın korpusu yansa da, mexanizmi işlək vəziyyətdə olmuşdur. Göründüyü kimi, sayğacın korpusunun yandığı, lakin mexanizminin işlədiyi halda, 08.09.2020-ci il tarixli, 007828 saylı akta əsasən dəymiş ziyanın hesablanması qanunsuz olmuşdur. Mexanizmin işlədiyi vəziyyətdə ümumiyyətlə ziyanın dəyməsi mümkün deyildir. Obyektdəki elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulmasına dair hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, bununla bağlı cavabdehin nümayəndəsinə müvafiq sübutların məhkəməyə təqdim olunmasının təklif olunmasına, o cümlədən videogörüntülərin və fotoşəkillərin məhkəməyə təqdim olunması ilə bağlı sorğu verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə o cümlədən qeyd edir ki, 08.09.2020-ci il tarixli, 007828 saylı akta əsasən iddiaçıya 1.227,06 manat borc hesablanarkən, dəymiş ziyan 188 gün üçün hesablanmışdır ki, bunun da heç bir əsası yoxdur. Belə ki, iş materiallarından və cavabdehin nümayəndəsinin izahatından müəyyən olunur ki, 14.08.2020-ci il tarixdə cavabdehin nümayəndələri tərəfindən sözügedən sayğaca baxış keçirilmiş, sayğac yanmamış və işlək vəziyyətdə olmuşdur. Mübahisələndirilən akt isə 08.09.2020-ci il tarixdə, yəni bundan 25 gün sonra tərtib olunmuşdur. Buradan belə qənaətə gəlmək olar ki, cavabdeh ən çoxu 25 gün ərzində dəymiş ziyan hesablaya biləcəyi halda, heç bir əsaslandırma olmadan ziyanı 188 gün üçün hesablamışdır. Bundan başqa, iş materiallarında olan mütəxəssis rəyi ilə və 15.09.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş X5 izahatı ilə də 08.09.2020-ci il tarixli, 007828 saylı aktın qanunsuz olduğu öz təsdiqini tapır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 08.09.2020-ci il tarixli, 007828 saylı akt əsasında iddiaçıya 1.227,06 manat borc hesablansa da, MXİ 0501 saylı protokola görə həmin borca 423 manat azalma verilmişdir. 08.09.2020-ci il tarixli, 007828 saylı akt əsasında iddiaçıya hesablanmış borc 804,06 manat (1.227,06 – 423) təşkil edir. “Elektrik Enerjisindən istifadə” Qaydalarının 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib edilmiş 08 sentyabr 2020-ci il tarixli, NDQ seriyalı 007828 saylı akt ləğv edilməli və həmin akt əsasında İddiaçı hesablanmış 804,06 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 08 sentyabr 2020-ci il tarixli, NDQ seriyalı 007828 saylı akt ləğv edilsin və həmin akt əsasında İddiaçı hesablanmış 804,06 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar