Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-130/2023 14.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı – təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 67.201 manat əsas borc məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” xx.xx.2020-ci il tarixli AMX-3536/20 nömrəli müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2022-ci il tarixinə İddiaçınə 67201 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəfimizdən xx.xx.2022-ci il tarixli 01İR/13-64 saylı məktubla, eyni zamanda xx.xx.2022-ci il tarixdə elektron portal vasitəsilə pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 noyabr 2020-ci il tarixli, AMX-3536/20 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı qazla təmin etməyi, istehlakçı Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh 67.201 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 67.201 manat məbləğində borcunun 3 gün müddətində İddiaçı hesabına ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli, MŞİH-19792 nömrəli arayışın surətindən görünür ki, İddiaçı tərəfindən 400 manat mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan Energetika Nazirliyinin Enerji X1 İmişli Filialının rəyində qeyd edilmişdir ki, Cavabdeh məxsus istixana kompleksi İmişli rayonu Qaradonlu-İmişli avtomobil yolunun sağ tərəfində fəaliyyət göstərir və balans mənsubiyyəti sərhədi İmişli şəhəri, M.Əzizbəyov küçəsində yerləşən İmişli qaz paylayıcı məntəqənin kollektorundan təyin edilmişdir. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, İddiaçı İB-nin X5 İstismar İdarəsilə (bundan sonra – Salyan RQİİ) Cavabdeh arasında xx.xx.2022-ci il tarixində debitor borcun hissə-hissə ödənilməsi barədə “Razılaşma protokolu” imzalanmışdır. Abonent saldosuna əsasən 2022-ci ilin noyabr ayında 34.865.82 manat (istifadə olunmuş qaz 67998.06 kub metr) dəyərində istifadə olunan qaza görə istehlakçı tərəfindən 51500 manat (34865,8 + 16634,2=51500 manat), 2022-ci ilin dekabr ayında 16500 manat və 2023-cü ilin yanvar ayında 10000 manat dəyərində ödəniş olunmuşdur. İstehlakçının xx.xx.2023-cü il tarixinə qalıq borcu 58.591 manat təşkil edir. Bundan sonra İddiaçı İB tərəfindən Cavabdeh qarşı istixanada təbii qazdan istifadəyə görə yaranmış 67.201 manat dəyərində borcun tələbinə dair xx.xx.2022-ci il tarixində Şirvan Kommersiya Məhkəməsində iddia qaldırılmışdır. Toplanmış materiallara əsasən məlum olmuşdur ki, istehlakçı Cavabdeh tərəfindən adına açılmış abonent kodunun (**********00034) "xxxx" MMC-nin direktoru X2 adına keçirilməsinə və onunla təbii qazın alqı-satqı müqaviləsinin bağlanmasına dair xx.xx.2022-ci il tarixində ərizə ilə İddiaçı İB-nə müraciət olunmuş və həmin ərizə “Asan Xidmət” mərkəzində natariat qaydada təsdiq olunmuşdur. Bundan sonra qaz paylayıcısı ilə ("xxxx" MMC) sənaye qaz qurğusu istifadəçisi arasında xx.xx.2022-ci il tarixində AMX-4604 nömrəli müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmişdir və nəticədə hazırda cavabdehin İddiaçınə 58.591 manat borcu vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə tədqiq olunan iş materiallarına əsasən hesab edir ki, abonentin saldosuna əsasən cavabdeh tərəfindən 2022-ci ilin noyabr ayında 34.865.82 manat (istifadə olunmuş qaz 67998.06 kub metr) dəyərində istifadə olunan qaza görə 51.500 manat (34865,8 + 16634,2=51500 manat), 2022-ci ilin dekabr ayında 16.500 manat və 2023-cü ilin yanvar ayında 10.000 manat dəyərində ödəniş edildiyindən Cavabdeh 02 fevral 2023-cü il tarixinə kimi təbii qaza görə hesablanmış 58.591 manat məbləğ İddiaçınə ödənilməlidir. Ona görə də iddia qismən təmin edilməli, Cavabdeh 58.591 manat borc tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, məhkəmə hesab edir ki, 400 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 291,06 manat dövlət rüsumunun 265,77 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 58.591 manat borc və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat olmaqla, ümumilikdə 58.991 (əlli səkkiz min doqquz yüz doxsan bir) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 265,77 (iki yüz altmış beş manat, yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-130/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-130/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver