Məhkəmə qərarları › İş №e-2-2(121)-1355/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1355/2021

13.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1355/2021 13.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) mülkiyyət hüququnun tanınması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 27 iyul 2001-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı "xxxx" ASC-yə satılması və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində "xxxx" ASC-nin mülkiyyət hüquqlarının tanınması və dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə növbəti ərizə ünvanlayaraq, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində "xxxx" ASC-nin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizələr onunla əsaslandırılmışdır ki, Cavabdeh – "xxxx" firmasının hüquqi varisi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 oktyabr 2000-ci il tarixli icarə müqaviləsinə əsasən, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya subicarəyə verilmiş, daha sonra 27 iyul 2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh qeyri-yaşayış sahəsini əldə edərək bankın mülkiyyətinə keçirilməsi və əmlakın ona təhvil verilməsi üzrə öhdəliyi yerinə yetirməyi, bank isə bunun müqabilində cavabdehə həmin dövrə olan manat ekvivalentində 118 milyon manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqaviləyə əsasən, iddiaçı qeyriyaşayış sahəsinin əldə edilməsi ilə bağlı öz adından, lakin iddiaçının hesabına və onun mənafeyi üçün əqdlər bağlamaq yolu ilə hüquqi hərəkətləri, qeyri-yaşayış sahəsinin bankın mülkiyyətinə verilməsi üçün isə onun banka satılması və təhvil verilməsi ilə bağlı hüquqi və faktiki hərəkətləri icra etməli idi. Lakin cavabdeh tərəfindən müqavilənin bir hissəsi icra edilmiş, yəni qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmişdir. İddiaçı isə qeyriyaşayış sahəsinin əldə edilməsi üçün 31.07.2001-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdehə müqavilə üzrə razılaşdırılmış pul vəsaitini ödəmişdir. Müqavilə bankın tapşırığı ilə sonradan əldə edilmiş qeyri-yaşayış sahəsinin bankın mülkiyyətinə verilməsi ilə bağlı hissədə cavabdeh tərəfindən icra edilməmişdir. Qeyri-yaşayış sahəsi subicarəyə verildiyi 01.10.2000-ci il tarixindən hal-hazırki tarixədək iddiaçının Kürdəmir filialı Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşir, həmin əmlak qeyd edilən tarixdən iddiaçının faktiki sahibliyində və istifadəsində olmuş, həmçinin iddiaçı tərəfindən müvafiq vergilər ödənmişdir. Bundan əlavə, iddiaçı nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs olduğu üçün ona məxsus olan əmlaklar barəsində müvafiq hesabatlar, o cümlədən hər il “Dövlət təsisatının balansında olan dövlət əmlakının siyahısı” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş və həmin siyahıda 2001-ci ildən bugünədək qeyri-yaşayış sahəsi iddiaçının balansında olan əmlak qismində göstərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-2(106)-68/2020 nömrəli qətnaməsi və Ali Məhkəmənin 16 mart 2021-ci il tarixli, 2-2(102)-64/2021 nömrəli qərarında da əmlakın iddiaçının qanuni sahibliyində və istifadəsində olması faktı öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanmasında əsas məqsəd cavabdeh tərəfindən qeyri-yaşayış sahəsini öz adından, lakin iddiaçının mənafeyi üçün əldə etməklə bankın mülkiyyətinə keçirilməsini təmin etməkdən ibarət idi. Cavabdeh, iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti (31.07.2001-ci il tarixli ödəniş tapşırığına əsasən həmin dövrə olan manat ekvivalentində 118 milyon manat məbləğində) hesabına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə bağladığı 23 avqust 2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 12 fevral 2004-cü il tarixində isə qeyri-yaşayış sahəsinə dair həmin dövlət orqanı tərəfindən verilən 001571 nömrəli şəhadətnamə almış və qeyri-yaşayış sahəsini öz mülkiyyətinə keçirmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçı ilə bağladığı müqaviləyə əsasən, qeyriyaşayış sahəsinin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı öhdəliyini icra etməmişdir. Beləliklə, cavabdeh aşkar formada müqavilə öhdəliklərini pozmaqla, bankdan həmin əmlakın dəyəri qismində əldə etdiyi pul vəsaitindən öz mənafeyi üçün istifadə etmiş və qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu əldə etdikdən sonra onun qanunvericiliklə müəyyən edilmiş qaydada bankın xeyrinə özgəninkiləşdirilməsi üzrə öhdəliyini icra etməmişdir. Bu hallar məhkəmə qərarları ilə də sübut edilmişdir. Xüsusi olaraq qeyd edilir ki, Şirvan Apellyasiya Məhkəməsi iddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olduğunu müəyyən etmiş, müqavilə üzrə iddiaçının öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdehin əmlakın iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı öz vəzifəsini icra etmədiyini təsdiq etmişdir. Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin icra edilməməsi "xxxx" ASC-ni tam mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum edilməklə, onun maraqlarına ziyan vurmuşdur və iddiaçı əmlakla bağlı mülkiyyət hüquqlarının qeydə alınmasını həyata keçirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin 12.10.2021-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndələri X5 və X2 iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizələrin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmənin 12.10.2021-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatları dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 27 sentyabr 2000-ci il tarixli, 2416 saylı icarə müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 389,61 m2 təşkil edən Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin sərəncamında olan qeyri-yaşayış sahəsinin xidmət məqsədilə icarəçinin müddətli istifadəsinə verir. Müqavilənin 3.1-ci bəndinə əsasən, icarə müqaviləsinin müddəti 15.09.2000-ci il tarixdən 31.12.2000-ci il tarixədək müəyyən edilir. İş materiallarında olan “subicarəyəverən” "xxxx" Firması ilə “subicarəçi” "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir rayon filialı arasında bağlanmış 01 oktyabr 2000-ci il tarixli icarə müqaviləsindən görünür ki, 27 sentyabr 2000-ci il tarixli, 2416 saylı dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 389,61 m2 təşkil edən Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin sərəncamında olan qeyri-yaşayış sahəsinin xidmət məqsədi ilə “subicarəçi”nin müddətli istifadəsinə verir. Müqavilənin 3.1-ci bəndinə əsasən, icarə müqaviləsinin müddəti 01.10.2000-ci il tarixdən 31.12.2000-ci il tarixədək müəyyən edilir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış 27 iyul 2001-ci il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Firmasına məxsus binanın "xxxx" ASC-yə satılması barədə tərəflər razılığa gəlmişlər. Müqaviləyə əsasən, "xxxx" ASC 118.000.000 manat (KAZM) pulun "xxxx" Firmasının hesabına köçürülməsi, "xxxx" Firması isə pulu aldıqdan sonra binanın "xxxx" ASC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşlər. İş materiallarında olan 31.07.2001-ci il tarixli, 52 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı tərəfindən "xxxx" Firmasının hesabına 27 iyul 2001-ci il tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.000.000 manat pulun köçürülməsinə dair ödəniş tapşırığı verilmişdir. İş materiallarında olan icarəyə verilmiş əmlakın 23 avqust 2001-ci il tarixli, 96 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyri-yaşayış sahəsi 33.344.000 manata (KAZM) alıcı "xxxx" Firmasına satılmışdır. İş materiallarında olan dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001571 saylı şəhadətnamədən görünür ki, 12.02.2004-cü il tarixdə "xxxx" Firmasına ünvan 3 ünvanında ikimərtəbəli binada yerləşən, ümumi sahəsi 375,8 m2 qeyri-yaşayış sahəsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən, həmin 375,8 m2 qeyriyaşayış sahəsi alıcının ("xxxx" Firmasının) toxunulmaz mülkiyyətidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ünvanlanmış 31.05.2021-ci il tarixli pretenziya məktubunun surətində qeyd olunmuşdur ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 27 iyul 2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsini bankın mülkiyyətinə verilməsi öhdəliyini götürmüşdür. Müqavilə üzrə həmin öhdəlik hazırki tarixədək icra edilməmişdir. Qeyd edilənlərə əsasən müvafiq alqı-satqı müqaviləsinə əsasən öhdəliyin icra edilməsi, bunun üçün zəruri olan bütün hüquqi və faktiki hərəkətlərin edilməsinin 7 gün ərzində təmin olunması Cavabdeh MMC-dən xahiş edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-2(106)-68/2020 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə, iddiaçı "Könüİ-Z” MMC-nin nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Şirvan İnzibati-lqtisadi Məhkəməsinin 09 dekabr 2019cu il tarixli, e-2-2(086)567/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi - "xxxx" ASC-nin (Kürdəmir filialının) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən iddiaçı "Könüİ-Z” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin "xxxx" ASC tərəfindən "Könüİ-Z” MMC-yə təhvil verilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2-2(102)-64/2021 saylı qərarının surətindən görünür ki, həmin qərar ilə, iddiaçı "Könüİ-Z” MMC-nin nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-2(106)-68/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddiaya etiraz və iddia müddətinin tətbiqi barədə 14.09.2021 tarixli ərizədə qeyd edilir ki, iddiaçı tərəfindən qaldırılan iddia ziddiyyətlidir. İddiaçı bir yandan iddia edir ki, cavabdeh 27 iyul 2001-ci ildə alqı-satqı müqaviləsi bağlayıb və bu müqavilə əsasında qeyri-yaşayış binasını ona satıb, digər tərəfdən tələb olaraq məhkəmədən cavabdehin üzərinə əmlakın satılması vəzifəsinin qoyulmasını istəyir və eyni zamanda Mülki Məcəllənin 390-cı maddəsinə istinad edərək cavabdehin alqı-satqı müqaviləsinin bağlanmasına məcbur edilməsini istəyir. Halbuki, “Müqavilə azadlığı” xaraktercə dispozitiv hüquq olan Mülki hüququn ən əsas prinsiplərindən biridir, (maddə 6.1.5) Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Cavabdeh nə Kürdəmir şəhəri, H.Əİiyev prospekti 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə bağlı müqavilə bağlayıb, nə də bu əmlakın satılması barədə müqavilə bağlamaq öhdəliyinin üzərinə götürməsinə dair müqavilə bağlayıb. İddiaçının istinad etdiyi 27 iyul 2001-ci il tarixli müqaviləyə gəldikdə isə həmin müqavilənin predmeti göstərilməyib va bu müqavilənin Kürdəmir şəhəri, H.Əİiyev prospekti 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid edilməsi bir neçə səbəbdən mümkün deyil. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliklərin əmələ gəlməsinin əsaslarından biri müqavilədir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə isə müqavilələr əqdlərin iki formasından biridir (ikitərəfli və ya çoxtərəfli əqddir). Müqavilələrdən hər hansı öhdəliyin yarana bilməsi üçün müqavilələr Mülki Məcəllə və digər qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Çünki Mülki Məcəllənin 390.2-ci maddəsi deyir ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 337.1-ci maddəyə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır və bu Məcəllənin 337.3-cü maddəsinə görə isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Mülki Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Bu Məcəllənin 329.1-ci maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Qanunvericilik (Mülki Məcəllə) etibarsızlığın iki növünü fərqləndirir: mübahisə edilən və əhəmiyyətsiz. Mülki Məcəllənin əqdin etibarsızlığını mübahisələndirilə biləcəyini qeyd etdiyi hallarda mübahisə edilən əqdlər olur. Əgər Mülki Məcəllə imperativ qaydada müqavilənin etibarsız və ya əhəmiyyətsiz olduğunu qeyd edibsə, o zaman belə müqavilələr məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq əhəmiyyətsizdir və belə müqavilələrlə bağlı məhkəmələr yalnız etibarsız əqdin nəticələrinin tətbiq edilməsi barədə tələblərə baxa bilər. İddiaçının istinad etdiyi 27 iyul 2001-ci il tarixli müqaviləyə gəldikdə isə, bu müqavilə ümumiyyətlə notariat qaydasında təsdiq edilməyib, ona görə də həmin müqavilə etibarsızdır (əhəmiyyətsizdir) və bu müqavilədən hər hansı öhdəlik yaranmıyıb. Bundan əlavə, 27 iyul 2001-ci il tarixli müqavilənin Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanda yerləşən qeyri yaşayış sahəsinə aid etmək mümkün deyil. Çünki həmin vaxt "xxxx" firmasının mülkiyyətində belə bina olmayıb. Həmin binanı "xxxx" firması dövlət əmlakı kimi 27 sentyabr 2000-ci ildə icarəyə götürmüşdür. 23 avqust 2001-ci ildə icarəyə götürdüyü binanı satın alması ilə bağlı Dövlət Əmlak Komitəsi ilə müqavilə imzalamışdır. Yalnız 12 aprel 2004-cü ildə həmin əmlakın pulunu ödəyərək dövlət əmlakına mülkiyyət hüququ əldə etmişdir. Mülki Məcəllənin 146.2-ci maddəsinə görə isə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin Mülki Məcəllənin 391-ci maddəsinə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Beləliklə göründüyü kimi, iddiaçının istinad etdiyi 27 iyul 2001-ci il tarixli müqavilə etibarsız olub və bu müqavilənin heç bir hüquqi nəticəsi olmadığı üçün ondan hər hansı öhdəlik yaranmayıb. Bu səbəbdən iddiaçının iddiası əsassızdır. İddiaçının cavabdehin məcburi müqavilə bağlamağa məcbur edilməsinə gəldikdə isə bu tələb qanunsuzdur. Bundan əlavə iddiaçı cavabdehə qarşı 27 iyul 2001-ci il tarixli müqavilə üzrə öhdəliklərinin icra edilməsini tələb edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bu Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi 27 iyul 2001-ci ildə bağlanmış müqavilə üzrə öhdəliklərin icrasını tələbi üçün qanunvericilik 6 illik iddia müddəti müəyyən etsə də, iddiaçı 20 ildən sonra belə tələb irəli sürüb. Bu səbəbdən bu tələbə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Göstərilənə əsasən məhkəmədən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsinə dair iddiasının təmin edilməməsi xahiş olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddianın dəqiqləşdirilməsinə münasibət və iddia müddətinin tətbiqi barədə 27.09.2021 tarixli ərizədə qeyd edilir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsinə dair iddia qaldırmış, məhkəmədən Cavabdeh tərəfindən 27 iyul 2001-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhər, H.Əliyev prospekti 14 ünvanda yerləşən qeyri yaşayış sahəsinin iddiaçı "xxxx" ASC-yə satılması və mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Kürdəmir şəhər, H.Əliyev prospekti 14 ünvanda yerləşən qeyriyaşayış sahəsinin üzərində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun tanınmasını və dövlət qeydiyyatının alınması ilə bağlı qətnamə qəbul edilməsin xahiş etmişdir. İddiaçı tələbini Mülki Məcəllənin 336.1-ci maddəsi ilə əsaslandırmışdır. Həmçinin iddiaçı Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 21-ci maddəsinə əsaslanmışdır. Mülki Məcəllənin 139-1.1.4-ci maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 21-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrində hüquqların məhkəmə aktı əsasında aparıla bilməsinin mümkünlüyünü müəyyən edir. Hazırkı mübahisədə irəli sürülən tələb məhz daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydiyyatının aparılmasının əsasını təşkil edəcək məhkəmə aktının qəbul edilməsinə yönəldiyindən həmin normalar tələbin hüquqi əsasını təşkil edə bilməz və özü-özlüyündə belə məhkəmə aktının qəbul edilməsi üçün əsas ola bilməz. Daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydiyyatının aparılmasının əsasını təşkil edəcək məhkəmə aktının qəbul edilməsinin əsası olaraq istinad edilə biləcək norma kimi iddia tələbində yalnız Mülki Məcəllənin 336.1-ci maddəsi görünür. Mülki Məcəllənin 336.1-ci maddəsinə görə, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Cavabdeh hesab edir ki, Mülki Məcəllənin 336.1-ci maddəsi bu münasibətlərə tətbiq edilməyən normadır. Bu maddənin məzmunundan görünür ki, bu norma tərəflərin üzərinə əqdlərin dövlət qeydiyyatına alınması ilə bağlı öhdəlik qoyulduğu hallara aid edilir. Bu da, normanın dövlət reyestrində qeydə alınmalı olan bəzi daşınar əşyalara şamil edilir. Məsələn, avtomobil, gəmilərin, qiymətli kağızların və şairələrin alğı-satqısı. İddiaçı və cavabdeh arasında mübahisənin predmetini daşınmaz əmlaka dair alqı-satqı münasibətləri təşkil edir. Daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi isə tərəflərin iştirakı ilə dövlət qeydiyyatına alınmalı müqavilə deyil, notariat qaydasında bağlanmalı olan müqavilədir. Belə müqavilənin bağlanması satıcının üzərinə hüquqların qeydə alınması ilə bağlı hər hansı öhdəlik qoymur. Bu səbəbdən, cavabdehin hüquqları dövlət reyestrində qeydə aldırmaqdan boyun qaçırması kimi qeyd olunan normanın hipotezasında nəzərdə tutulan faktiki hallar hazırki mübahisədə mövcud deyil. Belə olan halda, bu normanın tələbləri bu münasibətlərə tətbiq edilə bilməz. Digər tərəfdən iddiaçı mülkiyyət hüququnun tanınması barədə tələb irəli sürür ki, iddiaçı bu hüquqların yaranmasının qanunda nəzərdə tutulan hər əsasını əsaslandırmır. Mülki Məcəllədə məhkəmə tərəfindən mülkiyyət hüququnun tanınması üçün bir sıra əsaslar nəzərdə tutulub. (Məsələn Mülki Məcəllənin 178.6 və ya 180.3-cü maddələri). Bundan əlavə əvvəlki iddiaya etirazda iddiaçının istinad etdiyi müqavilənin etibarsızlığı yetərincə əsaslandırılmışdır. Etibarsız əqdən doğan (əslində doğmayan) hüquqları dövlətin qeydiyyatına alınması barədə iddia tələbi əsassızdır. Bu etibarsız əqdə məhkəmə qərarı ilə etibarlılıq donu geyindirmək cəhdindən başqa bir şey deyil. Cavabdeh hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılıb. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İddiaçı 20 ildən sonra cavabdehə qarşı hər hansı tələb irəli sürüb. Bu səbəbdən bu tələbə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Göstərilənə əsasən məhkəmədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsinə dair iddiasının təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə müəyyən etdi ki, 27 sentyabr 2000-ci il tarixli, 2416 saylı icarə müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşənqeyri-yaşayış sahəsi 15.09.2000-ci il tarixdən 31.12.2000-ci il tarixədək "xxxx" Firmasına icarəyə verilmiş, "xxxx" Firması isə həmin qeyri-yaşayış sahəsini 01 oktyabr 2000-ci il tarixli icarə müqaviləsinə əsasən, 01.10.2000-ci il tarixdən 31.12.2000-ci il tarixədək "xxxx" ASC-nin Kürdəmir rayon filialına subicarəyə vermişdir. Daha sonra "xxxx" ASC ilə "xxxx" Firması arasında 27 iyul 2001-ci il tarixli, alqı-satqı müqaviləsi bağlanılmış, tərəflər "xxxx" Firmasına məxsus binanın "xxxx" ASC-yə satılması barədə razılığa gəlmişlər. Müqaviləyə əsasən, "xxxx" ASC 118.000.000 manat (KAZM) pulun "xxxx" Firmasının hesabına köçürülməsi, "xxxx" Firması isə pulu aldıqdan sonra binanın "xxxx" ASC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı tərəfindən "xxxx" Firmasının hesabına 27 iyul 2001-ci il tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.000.000 manat pulun köçürülməsinə dair 31.07.2001-ci il tarixli, 52 saylı ödəniş tapşırığı verilmişdir. Bundan sonra, 23 avqust 2001-ci il tarixli, 96 saylı alqı-satqı müqaviləsi ilə sözügedən qeyriyaşayış sahəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 33.344.000 manata (KAZM) alıcı "xxxx" Firmasına satılmış, "xxxx" Firmasına bununla bağlı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001571 saylı şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən, ünvan 3 ünvanında ikimərtəbəli binada yerləşən, ümumi sahəsi 375,8 m2 qeyriyaşayış sahəsi "xxxx" Firmasının (Cavabdeh MMC-nin) toxunulmaz mülkiyyətidir. "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə 31.05.2021-ci il tarixli pretenziya məktubu göndərilərək, tərəflər arasında bağlanılmış 27 iyul 2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, öhdəliyin icra edilməsi, bunun üçün zəruri olan bütün hüquqi və faktiki hərəkətlərin edilməsinin 7 gün ərzində təmin olunması Cavabdeh MMC-dən xahiş edilmiş, daha sonra məhkəməyə müraciət edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-2(106)-68/2020 saylı qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, binanın satılmasına dair pul məbləğinin ödənildiyi, pul məbləğinin firmanın hesabına köçürüldüyü təkzib edilməmişdir, binanın satılması barədə ilkin müqavilənin bağlanılması və pul məbləğinin iddiaçının hesabına köçürülməsindən sonra münasibətlər dəyişmişdir (9-cu səhifə, 11-ci abzas). Tərəflərin niyyəti əmlakın gələcəkdə alqı-satqısı barəsində olmuşdur. Bu, başa çatmamış alqısatqı müqaviləsi kimi qiymətləndirilməlidir (10-cu səhifə, 4-cü abzas). İddiaçı öz öhdəliyini yerinə yetirməməsi səbəbindən tərəflər arasında sonradan alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir (10-cu səhifə, 5-ci abzas). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanılmış 27 iyul 2001-ci il tarixli, alqı-satqı müqaviləsinin “ilkin müqavilə” olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. İşin hallarından görünür ki, tərəflər arasında 27 iyul 2001-ci il tarixli, ilkin alqı-satqı müqaviləsindən sonra əsas müqavilə bağlanılmamışdır. Bununla bağlı tərəflər məhkəməyə hər-hansı sübut təqdim etməmişlər. Əsas müqavilə bağlanılmadan isə Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ mövcud olmadığından, mövcud olmayan mülkiyyət hüququ məhkəmə tərəfindən tanına da bilməz. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun tanınması tələb edilən Kürdəmir şəhəri, H.Əliyev prospekti (Azadlıq küçəsi) 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 12.02.2004-cü il tarixli, 001571 saylı şəhadətnaməyə əsasən, "xxxx" Firmasının (Cavabdeh MMC-nin) toxunulmaz mülkiyyətidir. Başqa sözlə, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh MMC-nin mülkiyyətidir. Belə olan halda isə, eyni bir qeyri-yaşayış sahəsinə dair eyni vaxtda 2 fərqli şəxsin tam (paylı deyil) mülkiyyət hüquqlarının olması mümkün deyildir. Yəni iddia bu əsasa görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən, 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizələr təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehin dəlillərini əsaslı hesab edərək, hesab edir ki, iddia müddəti ötürüldüyünə görə də iddia təmin edilməməlidir. Belə ki, tərəflər arasında ilkin alqı-satqı müqaviləsi 27 iyul 2001-ci il tarixdə bağlanılmışdır. Qanunvericiliyin tələbinə görə, əgər ilkin müqavilədə müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Bunu nəzərə alaraq, iddiaçı onun hüququnun pozulduğunu ən geci 27 iyul 2002-ci il tarixdə bilmiş və ya bilməli olmuşdur. Lakin hazırki iddia ərizəsi ilə məhkəməyə bundan təqribən 19 il sonra müraciət etməklə, iddia müddətini ötürmüşdür. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iddia Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinin tələblərinə görə, iddia müddətinin şamil edilmədiyi tələb hesab edilə bilməz. Belə ki, həmin norma mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə aiddir. Hazırki iddia isə pozuntunun aradan qaldırılması ilə bağlı deyil, mülkiyyət hüquqlarının tanınması ilə bağlıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinin hazırki işə heç bir aidiyyəti yoxdur. Belə ki, Mülki Məcəllənin 336.1-ci maddəsinə əsasən, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. İş materiallarından göründüyü kimi, Cavabdeh MMC hər-hansı hüququnun dövlət qeydiyyatına alınmasından boyun qaçırmamışdır ki, digər tərəf olan "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət etmiş olsun. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar