Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1385/2023 11.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı istehlak edilmiş təbii qaza görə yaranmış borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı ”Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 24065,94 manat əsas borc məbləğinin və mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” xx.xx.2021-ci il tarixli AMX-5657/21 nömrəli müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2023-cü il tarixə İddiaçınə 24065,94 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə xx.xx.2023-cü il tarixdə elektron portal vasitəsilə pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.6-cı bəndinə əsasən cavabdehə mübahisənin həll olunması üçün ilkin mediasiya sesiyasında iştirak etmək üçün mediasiyaya dəvət məktubu göndərilmişdir. ”Azəriqaz” İB-nin nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etsədə cavabdeh iştirak etməmiş və Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli MŞS/MT- 028/2023/0075K nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2023-cü il tarixli “iddia həcminin artırılması” barədə ərizə ilə müraciət edərək, Cavabdeh istixanada təbii qazdan istifadə etdiyinə görə ümumilikdə 29084,44 təbii qazdan istifadəyə görə yaranmış əsas borc məbləğinin və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2023-cü il tarixli etiraz ərizəsi ünvanlayaraq, İddiaçı İB-nin iddia tələbini 24245.32 manat hissəsində qəbul etdiklərini, 4839.12 manat hissəsində qəbul etmədiklərini nəzərə alaraq, məhkəmədən İddiaçı İB-nin iddia tələbinin 4839.12 manat hissədə təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbinin 1159,2 manat hissəsini iddiaçının nümayəndələri tərəfindən yazılmış 22 dekabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış cərimə, 3564 manat hissəsini iddiaçının nümayəndələri tərəfindən yazılmış 27 aprel 2023-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış cərimə təşkil edir. İddiaçının nümayəndələri tərəfindən yazılmış 22 dekabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və həmin akt əsasında hesablanmış 1159.2 manat cərimə, 27 aprel 2023-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və həmin akt əsasında hesablanmış 3564 manat cərimə qanunsuzdur. Belə ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur, Salyan rayonu Yolüstü kəndində yerləşən həyətyani sahədə tərəvəz məhsulları yetişdirmək və satışını təşkil etmək üçün istixana quraşdırmışdır. İstixanaya qanuni əsaslarla qaz xətti çəkmiş və xx.xx.2019-cu il tarixdə qaz sayğacı quraşdırmışdır. İddiaçının nümayəndələri təxminən 22 dekabr 2021-ci il tarixdə istixanaya quraşdırılmış qaz cihazına və qaz sayğacına baxış keçirərək bütün işlərin qaydalara uyğun aparılmasını təsdiq edərək istixanaya qazın verilməsinə icazə vermişlər və “Qazın alqı-satqısı barədə” müqavilə bağlamışdırlar. Cavabdeh qanuni əsaslarla istixanada qazdan istifadə edərək dəyərini ödəmiş, Covid-19 pandemiyası ilə əlaqədar istehsal etdiyi məhsulların satışında müəyyən çətinliklər yaranmış və İddiaçınə təbii qazdan istifadəyə görə müəyyən borcu qalmışdır. xx.xx.2022-ci ildə debutor borcun ödənilməsi haqqında “Razılaşma Protokolu” imzalanmışdır. xx.xx.2023-cu il tarixdə iddiaçının nümayəndələri istixanaya gedərək baxış keçirmişlər və heç bir irad bildirmədən akt yazmağa başlamışlar. Onlar istixanada olan qaz cihazının saatlıq qaz sərfinin sayğacın qaz buraxma gücündən artıq olduğunu bildirmişlər. Cavabdeh onlara etiraz edərək akta imza atmamışdır. Sonradan verilən bildirişdə 4839.12 manat cərimə yazıldığı görülmüşdür. İddiaçının nümayəndələri 22 dekabr 2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə istixanaya baxış keçirərkən və akt tərtib edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdurlar. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini istifadə etdikləri qaz sərfiyyatının dəyərinin ödənilməsi hissəsində qəbul etdiklərini, təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib olunmuş aktlara əsasən hesablanmış ümumilkdə 4839.12 manat məbləğində olan cərimə məbləğlərinin ödənilməsi hissəsində qəbul etmədiklərini bildirmişdir. İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, cavabdehin etiraz ərizəsinə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2019-cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Salyan rayonu, Yolüstü qəsəbəsi ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AMX-5657/21 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və qiraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir; 4.1-ci bəndinə əsasən, İstehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir; 4.3-cü bəndinə əsasən, İstehlakçının qaz qurğuları 1 ədəd su qızdırıcıdan, 2 ədəd isitmə sobasından ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli debitor borcun ödənilməsi haqqında “Razılaşma Protokolu”nun surətindən görünür ki, İddiaçı Salyan RQİİ-nin rəisi X3 və Cavabdeh həmin protokolu imzalayaraq razılaşmışlar ki, xx.xx.2021-ci il tarixli, AMX- 5657/21 nömrəli müqavilə üzrə istifadə edilmiş təbii qaza görə Cavabdeh xx.xx.2022-ci il tarixə olan borcu 14460.80 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı Salyan RQİİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tairxdə istehlakçı Cavabdeh məxsus olan Salyan rayonu, Yolüstü kəndində yerləşən qeyri-yaşayış sahəsində (istixanada) təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin istixanada işlətdiyi qaz cihazlarının sərfiyyatının istixanaya quraşdırılmış qaz sayğacından keçən maksimal qaz sərfiyyatını keçdiyi, qaz sayğacının sərfiyyata uyğun olmadığı müəyyən edilərək aktlaşdırlmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı Salyan RQİİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tairxdə istehlakçı Cavabdeh məxsus olan Salyan rayonu, Yolüstü kəndində yerləşən qeyri-yaşayış sahəsində (istixanada) təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və istixanada quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi müəyyən edilərək aktlaşdırlmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən G-6 markalı qaz sayğacının maksimal qaz sərfi 10 m3 \saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 16200 m3 qazın məbləğinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh abonent saldosunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 29.084,44 manat məbləğində (24245.32 manat istehlak olunmuş təbii qaza görə borc, 4839.12 manat təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində tərtib edilmiş aktlara əsasən ödənilməsi tələb olunan məbləğ olmaqla) borc hesablanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, AMX-5657/21 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə əsasən yaranmış borcun pretenziyanın alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçınə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan “Ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. Məhkəmə, iş materiallarına əsasən müəyyən edir ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2021-ci il tarixli, AMX-5657/21 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə ilə rəsmiləşdirmişlər. Həmin müqavilənin şərtlərinə görə iddiaçı (Paylayıcı) cavabdehi (İstehlakçını) keyfiyyətli qazla təmin edir, cavabdeh isə istehlak etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edərək cavabdehi təbii qazla fasiləsiz təmin etdiyini, lakin cavabdehin istifadə etdiyi qazın dəyərini tam şəkildə ödəmədiyini və nəticədə cavabdehin qazdan istifadəyə görə ödənilməmiş 24245.32 manat borcunun qaldığını, həmçinin cavabdehin istifadə etdiyi qurğuların müqavilə şərtlərinə uyğun olmaması səbəbi ilə qaz sərfiyyatının düzgün hesablanmadığı və eləcə də qaz sayğacına kənar müdaxilə edildiyi üçün tərəflərindən tərtib edilmiş aktlara əsasən cavabdehdən ümumilikdə 4839.12 manat tutulmalı olduğunu iddia edir. İddiaçı tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, razılaşma protokoluna, qaz sayğacının yoxlanılmasının nəticələrinə dair və tərəflərindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara, tələbnaməyə, abonentin saldosunda olan məlumatlara, həmçinin borcun ödənilməsi ilə əlaqədar cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Cavabdeh isə iddia tələbini 24245.32 manat istifadə olunmuş qaza görə borc hissəsində qəbul edir, lakin 4839.12 manat təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı hesablanmış məbləği qəbul etmədiyini bildirərək, öz etirazının əsası kimi iddiaçı tərəfindən ona məxsus olan qeyri-yaşayış sahəsində keçirilmiş yoxlamaların qanunsuz olduğunu və buna görə də həmin yoxlamaların nəticəsində tərtib edilmiş aktlara əsasən hesablanmış borc məbləöinin də əsassız olduğunu iddia edir. Məhkəmə, iddia tələbinin istifadə olunmuş təbii qaza görə hesablanmış 24245,32 manat məbləğində borcun cavabdeh tərəfindən etiraf edildiyini və bu borc məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığını nəzərə alaraq hesab edir ki, yalnız işin mübahisəli halını təşkil edən keçirilmiş yoxlamaların qanuniliyi və həmin yoxlamalar zamanı aşkar edilmiş təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış borc məbləğinin əsaslılığı ilə bağlı xüsusatlar araşdırılmalı və həmin məsələlərə hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh barəsində təbii qazdan istifadə qaydalalarının pozulması haqqında iddiaçı tərəfindən iki sayda akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli ******* nömrəli akt cavabdehin ona məxsus olan istixanada işlətdiyi qaz cihazlarının sərfiyyatının istixanaya quraşdırılmış qaz sayğacından keçən maksimal qaz sərfiyyatını keçdiyi, qaz sayğacının sərfiyyata uyğun olmadığı əsası ilə, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt isə istixanada quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi əsası ilə tərtib edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən tərəflər cavabdehə məxsus olan istixanada 1 ədəd su qızdırıcıdan, 2 ədəd isitmə sobasından istifadə edilməsi və istifadə olunacaq qazın sərfiyyatının iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə quraşdırılmış G-6 markalı, 28259827 nömrəli, üzərindəki plombun nömrəsi ********* olan Elster markalı sayğac vasitəsi ilə hesablanacağı barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndələri tərəfindən keçirilmiş yoxlama nəticəsində cavabdehin ona məxsus olan istixanada işlətdiyi qaz cihazlarının sərfiyyatının istixanaya quraşdırılmış qaz sayğacından keçən maksimal qaz sərfiyyatını keçdiyi, qaz sayğacının sərfiyyata uyğun olmadığı müəyyən edilərək, bu barədə akt tərtib edilmiş və həmin akta əsasən cavabdehə 1275,12 manat məbləğində borc hesablanmışdır. Adı çəkilən aktdan görünür ki, cavabdeh tərəfindən sayğaca müdaxilə, sayğacdan kənar əlavə xəttdən istifadə olunması və ya digər pozuntulara yol verilməsi aşkar edilməmişdir. Məhkəmə, xx.xx.2022-ci il tarixli aktın əsaslılığı ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən sayğaca hər hansı bir müdaxilə və ya əlavə xəttdən istifadə və bu kimi başqa pozuntulara yol verildiyi aşkar edilmədiyi halda, iddiaçının özü tərəfindən quraşdırılmış və saz vəziyyətdə olan sayğacın qaz sərfini düzgün qeyd etməməsində cavabdehin hansı məsuliyyət daşımasını müəyyən etmək olmur. Cavabdehə məxsus olan qeyri-yaşayış sahəsində (istixanada) quraşdırılmış sayğacın istifadə olunan qaz sərfini düzgün qeyd etməməsi əgər sayğacın texniki göstəricilərinə və ya sərfiyyatı ölçmə, qeydə alma gücünə görə baş verirsə bu halda qeydə alınmayan qaz sərfi ilə bağlı zərərin, həmin zərərin vurulmasında təqsiri müəyyən olunmayan istehlakçıdan tutulması qanuni və ədalətli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, zərərin təqsirsiz şəxsdən tutulması əvəzinə, ümumən qaz itkisinin qarşısının alınması məqsədi ilə istehlakçıların istifadə etdikləri qurğuların sərfiyyatına uyğun gələn sayğacların quraşdırılması, konkret olaraq baxılan işdə isə cavabdehin sahibkarlıq subyekti olması, istifadə etdiyi qazın məişət ehtiyacları üçün nəzərdə tutulmaması kimi hallar nəzərə alınaraq təchizatçı tərəfindən sənaye təyinatlı qaz qurğularının quraşdırılması daha məqsədə uyğundur. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verməlidir. Həmin Qanunun 21.-ci maddəsinin 1-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.7-ci bəndinə əsasən, qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir; 3.1-ci, 3.1.5-ci və 3.1.10-cu bəndlərinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Məhkəmə, xx.xx.2023-cü il tarixli aktın əsaslı olub-olmaması ilə əlaqədar qeyd edir ki, həmin akt üzrə istixanada quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi göstərilsə də, həmçin müdaxilənin məhz cavabdeh tərəfindən edildiyi barədə məhkəməyə sübut təqdim olunmamış, sayğacın cavabdehin təqsirli hərəkəti və kənar müdaxilə nəticəsində yararsız vəziyyətə düşməsi iddiaçı tərəfindən məhkəmə iclasında sübuta yetirilməmişdir. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, cavabdehə məxsus istixanada quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından, bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt əsaslı hesab edilə bilməz. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci bəndinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində də göstərilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, sayğaca hər hansı bir şəkildə müdaxilə olduğu halda qaz paylayıcısı tərəfindən tərtib olunmuş müvafiq akt həmin müdaxilədə təqsirkar şəxslərin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara təqdim olunduqdan və təqsir həmin orqanların araşdırması nəticəsində müəyyən edildikdən sonra, paylayıcı tərəfindən istehlakçıya qarşı vurulmuş zərərin ödənilməsinə dair tələb irəli sürülə bilər. Baxılan işdə isə iddiaçı tərəfindən sayğaca müdaxilədə təqsirkar şəxs (şəxslərin) müəyyən edilməsi ilə bağlı qannvericiliklə tələb olunan hərəkətlərin yerinə yetirilməsi müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin təqsiri müvafiq qaydada aparılmış araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapmadığına görə, mübahisələndirilən akta əsasən cavabdehin üzərinə borc öhdəliyinin qoyulması tamamilə əsassızdır. Belələliklə məhkəmə, hər iki aktın əsassız olduğu nəticəsinə gəlir və eyni zamanda aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin aktlar, onların tərtib olunması üçün əsas olmuş iddiaçı tərəfindən aparılmış yoxlamalar qanunsuz olduğuna görə, həm də qeyri-qanuni sayılmalıdırlar. Belə ki, cavabdeh sahibkarlıq subyekti olduğuna, təbii qazdan istifadəsi onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğuna görə, iddiaçı tərəfindən aparılan yoxlamalar, sahibkarlıq sahəsində aparılan yoxlamalara dair qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olmalıdır. Lakin, iddiaçı tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamalara dair imperativ normaların tələblərinə əməl edilməsinə dair sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 5-ci, 5-1-ci və 5-2-ci-ci bəndlərinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi iddiaçı tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə cavabdehə qarşı hər hansı bir tələb irəli sürülə və onun barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Şərh olunanları yekunlaşdıraraq, sadalanan qanunvericilik aktı normalarına və işin faktiki hallarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan, həmin yoxlamaların nəticəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlara əsasən hesablanmış 4.839,12 manat borc cavabdehdən tutulmamalıdır. Məhkəmə, iddianın mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı 162,74 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh istehlak edilmiş təbii qaza görə yaranmış 24.245,32 manat borc və 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 24.445,32 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 162,74 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1385/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1385/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver