Məhkəmə qərarları › İş №e-2-2(121)-1508/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1508/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1508/2024 06.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şirvan Nəqliyyat" ASC-nin özəlləşdirilən tarixinə olan 12.476.61 manat (on iki milyon dörd yüz yetmiş altı min altmış bir qəpik) borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti qaydaları pozulmaqla məhkəməyə verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə və 35.2-ci maddəsinin birinci cümləsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı AZ 1012, ünvan 1ası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə də məhkəmə hesab edir ki, iddia cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilmədiyinə görə, ərazi aidiyyəti qaydaları pozulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Mülki Prosessual Məcəllənin 36-cı maddəsində nəzərdə tutulan iddiaçının seçməsinə görə aidiyyət halları aşkar edilmir. Belə ki, iddiaçı ilə cavabdeh təbii inhisar subyekti arasında sudan istifadə ilə əlaqədar yaranmış hazırki mübahisə üzrə münasibətlər istehlak münasibətləri hesab edilmədiyinə görə, həmin mübahisəyə dair iddianın Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilməsi mümkün deyildir. Qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarın 24-cü bəndində göstərilmişdir ki, “Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyrihökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır.” Məhkəmə, onu da qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədə, müqavilənin icra yeri barədə xüsusi şərt nəzərdə tutulmadığına görə Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsində göstərilən əsasla iddiaçının iddia ərizəsini müqavilənin icra yerinə görə verməsi imkanı da mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmçinin, yuxarıda ad çəkilən Plenum qərarının 24-cü bəndində qeyd olunmuşdur ki, “Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.” Beləliklə, məhkəmə yuxarıda şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, hazırki işin ərazi aidiyyətinin iddiaçının seçiminə görə müəyyən edilməsinə, eləcə də digər hallara (tərəflərin razılığı və ya müstəsna aidiyyət və s.) görə əsaslar olmadığına görə iş ərazi aidiyyətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş ümumi qaydaya uyğun olaraq hüquqi şəxsin ünvanının olduğu yerə görə verilə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcələnin 149-cu maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, iddia ərizəsində iddianın qiyməti (silinməsi tələb olunan borcun məbləği) dəqiq göstərilməmişdir. Bu isə iddia tələbinin aydın olmaması ilə yanaşı, iddia ərizəsinin verilməsinə görə ödənilməsi nəzərdə tutulan dövlət rüsumunun miqdarının düzgün müəyyən edilməməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Həmin Məcəllənin 112.5-ci maddəsinə əsasən, iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə əlavə olaraq digər bir pozuntuya hüquqi qiymət verərək qeyd edir ki, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə ilk olaraq pretenziyaya dair sənədin elektron qaydada cavabdehə çatdırılmasının üsul və qaydaları barədə mövcud qanunvericiliyin tələblərini xatırlatmaq məqsədi ilə qeyd edir ki, çatdırmanın üsulu (prosessual əsasları) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normaları ilə, qaydaları isə həmin prosessual normalarla birgə təhlil edilməsi vacib olan müvafiq qanunvericilik aktları ilə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2019-cu il 15 iyul tarixli 17-N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydaları ilə tənzimlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 10-1.1, 10-2.1 və 10-1.3-cü maddələrinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Qeyd olunan prosessual normaların tələblərindən görünür ki, kommersiya mübahisələrinə dair işlərdə pretenziya qaydasına əməl edilməsi vacib şərtdir və bu şərtə əməl olunması iddia ərizəsində qeyd olunmaqla bu barədə sənəd, yəni cavabdehə pretenziyaya dair sənədin verilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Bu sənədin cavabdehə verilməsi isə MPM-nin 150.2-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Bu son qeyd edilən prosessual normanın məzmunundan aydın olur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin pretenziyaya dair sənəd cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Göründüyü kimi, pretenziya qaydasına tam əməl edilməsi üçün bu barədə sənədin cavabdehin elektron kabinetinə göndərilməsi kifayət etmir, bu barədə, yəni göndərmə barədə məlumatın elektron qaydada cavabdehə çatdırılması da tələb olunur. Məhkəmə xatırladır ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, elektron sənədin istifadəsi və dövriyyəsi Azərbaycan Respublikası qanunvericiliyi və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir (26.1); Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir (27.1); tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır (27.2); Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir (27.4); Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, Göndərən bu barədə Alanı məlumatlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin edir (27.5). Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 13.6-cı bəndinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 511.2-ci maddələrində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2019-cu il 15 iyul tarixli 17-N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən ərizə, şikayət və digər sənədlərin (bundan sonra – sənəd) elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi bu Qaydalara uyğun olaraq həyata keçirilir; 3.2-ci bəndinə əsasən, İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir; 3.4-cü bəndinə əsasən, sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır; 3.5-ci bəndinə əsasən, sənədin qəbul edilməsi və qeydiyyatı İnformasiya Sisteminin istifadəçisinə İnformasiya Sistemi tərəfindən aşağıdakıları özündə əks etdirən elektron bildirişin göndərilməsi ilə təsdiq olunur: 3.5.1. bildirişi göndərən haqqında məlumatlar; 3.5.2. sənədin qəbul edilməsi tarixi və vaxtı; 3.5.3. sənədin qeydiyyatı tarixi və nömrəsi. Sadalanan normaların tələblərində görünür ki, elektron sənədin göndərilməsi, çatdırılması və çatdırmanın təsdiqi qanuna müvafiq qaydada həyata keçirilməlidir və elektron sənədi alandan həmin sənədi göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Müəyyən müddət ərzində təsdiqləmə olmadığı halda isə elektron sənədi göndərən bu barədə sənədi alanı məlumatlandırmalıdır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, baxılan işdə iddiaçı tərəfindən elektron sənədin göndərilməsi, çatdırılması və çatdırılmanın təsdiqinə dair yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hazırkı iddiaya ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu qərardadda göstərilmiş nöqsanlar aradan qaldırılmaqla aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması qərara alındığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.3cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 114, 149- 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 128 manat dövlət rüsumu (mədaxil qəbzi № **********) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar