Məhkəmə qərarları › İş №e-2-2(121)-1824/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1824/2025

04.08.2025 · Sair işlər - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1824/2025 04.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən 1500 manat əsas və təmir xərclərinin görülməsi üçün 3020 manat, 870 manat maddi ziyan, 2000 manat mənəvi ziyan olaraq, ümumilikdə 7390 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC 06 yanvar 2025-ci il tarixdə aralarında müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən icarəçi İddiaçı icarə haqqını tam şəkildə vaxtında ödəməyi öhdəsinə götürür. İcarə predmeti “İcarəçi” tərəfindən onun əsas təyinatı dəyişdirilmədən maşın yuma sexi məqsədi ilə istifadə olunmaq üçün icarəyə götürülür. İcarə müqaviləsi üzrə aylıq icarə haqqı yanvar ayının birindən etibarən 500 manat (ƏDV ilə birlikdə) manat təşkil edir. İcarə haqqı “İcarəçi” tərəfindən “İcarəyə verənə” hər ayın 10-dək köçürmə və ya nağd ödənilir. İcarə müqaviləsi imzalandığı andan qüvvəyə minir və müqaviləyə əsasən 06 ay müddətinə bağlanır və 30 iyun 2025-ci il tarixdə bitir. İcarəyə verən "xxxx" MMC-yə təhvil verildiyi zaman icarə predmetinin bütün çatışmamazlıqları barədə “İcarəçini” xəbərdar edir. İcarə verənin öhdəlikləri müqavilə ilə müəyyən edilmiş icarə haqqının “İcarəçi” tərəfindən vaxtında və tam ödənilməsini tələb etmək və icarə predmetindən təyinatı üzrə və texnikitəhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına riayət etməklə istifadə olunmasını “İcarəçı”dən tələb etməkdən ibarətdir. Cavabdeh "xxxx" MMC müqavilə öhdəliklərinin şərtlərini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdehlə müqavilə bağlanmış və yuxarıda qeyd edilən Bakı şəhəri Nəsimi rayonu, X4 küçəsi 2A ünvanında yerləşən 80 kv. metr olan qeyri yaşayış sahəsini icarəyə verilmişdir, həmin qeyri yaşayış sahəsində maşın yuma məntəqəsi fəaliyyət göstərmişdir. Maşın yuma sexi tam boş şəkildə iddiaçıya icarəyə verilmişdir və həmin avto-yuma iddiaçının tərəfindən təmir edilərək su sayğacları, turbalarla təchiz edilmiş, elektrik işləri görülmüş, maşın yuma üçün aparat quraşdırılmış və məntəqə fəaliyyətə başlamışdır. Bundan sonra qanunla müəyyən edilmiş qaydada müqavilə şərtinə uyğun olaraq vaxtında ödənişlər edilsə də, bir neçə ay sonra cavabdeh iddiaçıdan icarə obyektindən təcili çıxmasını tələb etmişdir. Bundan sonra cavabdeh maşın yuma sexinə gələn maşınları mühafizəçi tərəfindən tapşırıq verərək içəri buraxmadı və bir neçə gün bildirildi ki, avto-yuma məntəqəsinin icarə haqqı qaldırılır və həmin avtoyuma məntəqəsinin başqa şəxslərə verilməsini və həmin ərazinin başqa şəxslər tərəfindən icarəyə verilməsini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehlə danışıqlar aparılması üçün görüşmək istədiyini bildirsə də, cavabdeh görüşməkdən imtina etmişdir. Daha sonra iddiaçı həmin ünvanda işlərə nəzarət edən Musa adlı şəxslə görüşərək izah etmişdir ki, müqavilənin vaxtı bitməmişdir. Müqavilə şərtləri var və müqavilənin vaxtı bitdikdən sonra çıxacağını bildirmişdir. Cavabdeh isə qeyd etmişdir ki, könüllü çıxmasa elektrikin və suyun kəsiləcək onda məcbur çıxacaqsan. Həmin günün sabahı günü avto-yuma məntəqəsinə gələn avtomaşınlar qərəzli olaraq buraxılmadı. Onu da qeyd edir ki, maşın yuma məntəqəsinə təmir xərcləri görülmüşdür. Kafel metlaqların alınması, təmiri, usta pulu 1200 manat və elektrik işlərinin görülməsi 500 manat, su çəkilməsi və turbaların quraşdırılması 500 manat və 470 manat aparatın yük maşını ilə gətirilərək quraşdırılması, 400 manat aparatın yük maşını ilə aparılması xərcləri görülmüşdür. Ən əsası isə cavabdehə müqavilə əsasında 500 manat yazılmasına baxmayaraq hər ayda cavabdehə müqavilədən kənar 1000 manat icarə haqqı ödənilmişdir. Bu günə kimi müqavilə qüvvədə olduğu halda cavabdeh avto yuma məntəqəsinə müştəriləri bilərəkdən qərəzli olaraq buraxmamış, nəticədə həm maddi, həm də mənəvi ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı (İcarəçi) İddiaçı ilə cavabdeh (İcarəyə verən) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin drektoru X2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli “Subicarə müqaviləsi”nin: 1-cibəndinə əsasən, İcarəyəverən "xxxx" MMC-nin drektoru X1, icarəçi İddiaçı AA******* Vöen № ********** Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 2 A ünvanında yerləşən 80 m2 qeyri yaşayış sahəsini icarəyə verməyi. İcarəçı isə icarənı qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhtəsinə götürür. 2-ci bəndinə əsasən, İcarə predmeti “İcarəçi” tərəfindən onun əsas təyinatı dəyişdirilmədən maşın yuma sexi məqsədi ilə istifadə olunmaq üçün icarəyə götürülür. 3-cü bəndinə əsasən, İcarə Müqaviləsi üzrə aylıq icarə haqqı yanvar ayının 1-dən etibarən 500 (beş yüz) manat (ƏDV ilə birlikdə) təşkil edir. 4-cü bəndinə əsasən, İcarə haqqı “İcarəçi” tərəfindən “İcarəyə verən”ə hər ayın 10dək nağd yolu ilə ödəniləcək. 5-ci bəndinə əsasən, İcarə müqaviləsi imzalandığı andan qüvvəyə minir, 6 (altı) ay müddətinə bağlanır və xx.xx.2025-ci il tarxdə bitir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2025-ci il tarixli “Subicarə” müqavilə” əsasında ödənilməmiş 7390 manat pul vəsaitinin 10 təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə, iş materiallarında olan sənədlərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (icarə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, cavabdeh tərəfindən onun icarəsində olan qeyri-yaşayış sahəsinin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün iddiaçının subicarəsinə verilməsinə, iddiaçının isə icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının cavabdehə ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2024-cü il tarixli “Subicarə haqqında” müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin təmirinə və təyinatına uyğun istifadə edilməsi üçün müvafiq şərait yaradılmasına müəyyən vəsait xərclədiyini, bir müddət sahədən istifadə etdikdən sonra cavabdehin icarə müddəti bitmədən qanunsuz olaraq onu icarə obyektindən çıxardığını, nəticədə ona maddi və mənəvi ziyan vurulduğunu iddia edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddiaya qarşı münasibətini bildirməmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar və zərərin əvəzinin ödənilməsinə dair tələbin hüquqi əsaslarına dair müvafiq müddəalar təşkil edir. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında qeyriyaşayış sahəsinin subicarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə icarə müddətinin 6 ay olaraq razılaşdırıldığı, iddiaçının icarə obyektindən cavabdeh tərəfindən 2025-ci ilin aprel ayından çıxarıldığı işin mübahisəsiz hallarıdır. İşin mübahisəli hallarını isə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi zərərə məruz qalması barədə iddiaçının tələbi təşkil edir. Məhkəmə, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin məhkəmə iclaslarında iştirak etməməsini, həmçinin cavabdehin iddia tələbinə münasibətini bildirməməsini nəzərə alaraq qeyd edir ki, mübahisə işdə olan sübut qismində təqdim edilmiş sənədlərin və iddiaçının məhkəmə iclaslarında verdiyi şifahi izahatların qiymətləndirilməsi yolu ilə həll edilməlidir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həlli üçün ilk növbədə mübahisəyə tətbiq ediləcək maddi hüquq normalarının müəyyən edilməsi və baxılan işin faktiki hallarının həmin normaların tələblərinə əsasən qiymətləndiriılməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 676.0, 676.0.1, 676.0.2 və 676.0.3-cü maddələrinin birgə tələblərinə görə, kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşyanın əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması və üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün kirayəyə verən məsuliyyət daşıyır. Həmin Məcəllənin 680.1-ci maddəsinə əsasən, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. Həmin Məcəllənin 680.2-ci maddəsinə əsasən, kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 686-cı maddəsinə əsasən, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Həmin Məcəllənin 687-ci maddəsinə əsasən, yaşayış otağını kirayəyə verənə müqavilənin ləğvi müddətini gözləmədən müqaviləni qanunda göstərilən əsaslardan savayı, başqa əsaslarla ləğv etmək hüququ verən razılaşmanın qüvvəsi yoxdur. Həmin Məcəllənin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Həmin Məcəllənin 691.1-ci maddəsinə əsasən, torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: 691.1.3. kirayə haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə. Həmin Məcəllənin 692.1-ci maddəsinə əsasən, kirayəyə verən bu Məcəllənin 692.4-cü maddəsinin müddəalarını gözləmək şərti ilə yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini yalnız o halda ləğv edə bilər ki, bu hüquq münasibətlərinə xitam verilməsində onun əsaslı marağı olsun. Məhkəmə, əmlak kirayəsi münasibətləri üzrə bəzi məsələləri tənzimləyən yuxarıda sadalanan maddi hüquq normalarının birgə təhlilini apararaq qeyd edir ki, icarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifələrinə icarə obyektinin təyinatına uyğun istifadəsinə yararlı vəziyyətdə icarəçiyə təhvil vermək və bütün icarə müddətində icarəçinin icarə obyektindən istifadəsinə mane olmamaq aiddir. İcarəyə verənin yalnız qanunda nəzərdə tutulmuş müstəsna hallarda icarə münasibətlərinə birtərəfli qaydada xitam verə bilər ki, bu halda da yenə qanunla müəyyən edilmiş qaydalara əməl edilməsi zəruridir. Əks halda müqavilə öhdəliklərinin lazımi qəydada icra edilməməsi halı baş verir ki, bu da mülki hüquq pozuntusuna və kontragentə ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququnu yaratmış olur. Həmçinin, icarəçi çəkdiyi zəruri xərclərin və kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini icarəyə verəndən tələb etmək hüququ vardır. Bu zaman icarəyə verənin adı çəkilən xərclərin əvəzini ödəmək vəzifəsi Mülki Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Məhkəmə, təhlil edilən maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin müəyyən edilmiş faktiki hallarını qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəyə verənin vəzifələrini pozaraq qanunsuz şəkildə icarəçini icarə obyektindən çıxarmaqla icarə münasibətlərinə xitam vermişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh qanunda göstərilən əsaslar olmadan və yenə qanunla müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl etmədən birtərəfli qaydada icarə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam vermişdir. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, icarəçinin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini icarəyə verənin ödəmək vəzifəsi ilə bağlı özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəalar o halda tətbiq edilə bilər ki, icarə hüquq münasibətlərinə qanuni əsaslarla və qanunla müəyyən edilmiş qaydada xitam verildiyi müəyyən olunsun. İcarə hüquq münasibətlərinə, baxılan işdə olduğu kimi, qanunsuz və əsassız şəkildə xitam verildiyi halda isə öhdəliyin icra edilməməsi faktı baş vermiş olur ki, bu vəziyyətdə öhdəliyin icra edilməməsi nəticəsində zərərə məruz qalmış şəxsin həmin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, baxılan işdə iddiaçının tələbinin əsası vurulmuş ziyanın əvəzinin ödənilməsi barədədir və həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir. Buna görə də, iddianın uğurluluğu işin faktiki hallarının qeyd olunan maddi hüquq normalarında nəzərdə tutulan dispozisiya şərtlərini ödəməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi zərərçəkmiş şəxsin əmlakında mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərlə əmələ gələn ziyanın aradan qaldırılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntusu nəticəsində mülki məsuliyyətin əsaslarını müəyyən edən maddi hüquq normalarının dispozisiyalarından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin yaranması və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki hüquq məsuliyyətinin yaranması üçün vacib ünsürlərdən birini təşkil edir. Əgər mülki hüquq məsuliyyətinin müəyyən edilməsi zamanı, mülki hüququn təqsir prezumpsiyasına görə hüquqa zidd əməlin törədilməməsini sübut etmək yükü borclunun üzərinə düşürsə, zərərçəkən zərər vurulması faktını, həmin faktla zərər formasında nəticə arasında səbəbli əlaqənin olmasını və zərərin həcmini (miqdarını, məbləğini) sübuta yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, baxılan işdə iddiaçı cavabdehin hüquqa zidd əməli nəticəsində zərərə məruz qalmasına, həmin zərərin həcminə dair halları sübut etməklə mükəlləf olmasına baxmayaraq, həmin sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı icarə obyektinə ümumilkdə cəmi 3890 manat məbləğində xərc qoyduğunu iddia etsə də, bu xərcləri əsaslandıra bilməmişdir. Buna görə də, iddia tələbi vurulmuş maddi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə, həmçinin iddia tələbinin “2000 manat mənəvi ziyanın ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında şərh olunan hüquqi mövqeyinə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən fiziki və mənəvi sarsıntıların keçirilməsinə, cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının iddia etdiyi mənəvi ziyan arasında səbəbli əlaqənin olmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin iddiaçı ona cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun “mənəvi ziyan dəyməsinə dair” tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Buna görə də, iddiaçının iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə, iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, mübahisələndirilən müqavilədən görünür ki, onun qüvvədə olduğu müddət 2025-ci ilin iyun ayında bitmişdir. Buna görə də, artıq qüvvədə olma müddəti bitmiş müqavilənin ləğvinin tələb edilməsi əsassızdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı icarə haqqının və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi əsassızdır və buna görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar