Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1856/2023 18.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı – əsassız hesablanmış borcun silinməsi barəsində iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, portaldan çıxarışdan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ünvan 1 ünvanında qeydiyyatdadır. Halbuki, iddiaçı fərdi sahibkar olduğundan, bununla da, sudan istifadə etməsi onun şəxsi tələbatını ödəmək məqsədi daşımadığından, bu münasibətlər istehlak münasibətləri hesab edilmir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli, 18.09. 2020-ci il tarixli qərarının 24-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyrihökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Göründüyü kimi, qeyd edilən münasibətlər istehlak münasibətləri hesab edilmədiyindən, cavabdehin ünvanı Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmədiyindən, iş ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda Bakı şəhəri, Yasamal rayonu – Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərində göstərilmişdir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud ərizənin Şirvan Kommersiya Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, cavabdehin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Digər tərəfdən, tərəflər arasında bağlanmış hər hansı bir razılaşma (müqavilə) iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin ünvanın Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə olması, o cümlədən mövcud iddia ərizəsinin müqavilənin icra yerinə görə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilməsi müəyyən edilmədiyindən, iddiaçı hazırki iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etməkdə haqlı deyildir. İddiaçı mövcud ərizəsini cavabdehin ünvanının olduğu yerin yurisdiksiyasına aid olan kommersiya məhkəməsinə verməlidir. Buna görə də məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması müəyyən edilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı – əsassız hesablanmış borcun silinməsi barəsində iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1856/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1856/2023
18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver