Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1965/2023 05.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ”Azəriqaz” İstehsalat Birliyinə qarşı hesablanmış cərimənin ləğv edilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı cavabdeh ”Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Təbii X5nın pozulması haqqında” 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktı əsasında hesablanmış 7187,40 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin fevral ayının 28-də Salyan RQİİ-nin əməkdaşları iddiaçıya məxsus olan Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən çörək sexinə quraşdırılmış qaz sayğacını yoxlamaq üçün xətdən çıxartmışlar. Sayğaca Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında baxış keçirərkən guya korrektorun sönməsi nəticəsində arxivin pozulması, mexaniki hissədən keçən qaz sərfinin elektron hissədə qeyd edilməməsi səbəbindən bu barədə 28 fevral 2023-cü il tarixli ******* saylı akt tərtib etmişlər və həmin akta əsasən 7187,40 manat cərimə yazmışlar. Cavabdeh İB-nin X7 İstismar İdarəsinin nümayəndələri tərəfindən istixanaya yazılmış 28 fevral 2023-cü il tarixli ******* nömrəli “Təbii X5nın pozulması haqqında akt” və həmin akta əsasən hesablanmış 7187,40 manat cərimə qanunsuzdur. Qaz sayğacının yoxlanılması barədə aktdan da görünür ki, sayğac normal işlək vəziyyətdə olmuş, hesablayıcı mexanizmi işlək vəziyyətdə, yapışqan plomb və daxili impuls xəttləri normal olmuşdur. İddiaçı tərəfindən istehlak edilmiş qazın dəyəri həmişə vaxtlı-vaxtında ödənilmişdir. Təqdim olunan abonentin saldosundan görünür ki, son 3 ildə həmişə demək olar ki, eyni miqdarda qazdan istifadəyə görə pul ödənilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X5”nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi həyata keçirir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Cavabdehin nümayəndələri xx.xx.2022-ci il tarixdə baxış keçirərkən və akt tərtib edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”na əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğularına texniki baxış keçiriləcəyi barədə istehlakçıya 3 gün əvvəl rəsmi bildiriş göndərmək iddiaçının vəzifəsidir. Cavabdehin nümayəndələri tərəfindən isə texniki baxış keçiriləcəyi barədə heç bir rəsmi bildiriş təqdim edilməmişdir. Bundan əlavə cavabdehin nümayəndələri baxış keçirərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri pozmuşlar. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikası Konstitutsiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərinin təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci , 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3-cü maddəsinin müddəalarına əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4 və 1.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Məlumdur ki, 2010-cu il aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Fərmanda sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə yoxlama prosedurunda əsaslı yeniliklər təsbit olunmuşdur. İlk növbədə yoxlamaların yalnız müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməsinin mümkünlüyü vacib şərt kimi müəyyən edilmişdir. Bununla yanaşı, adıçəkilən sənəddə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi barədə məlumatın əldə olunmasını təmin edən vahid məlumat reyestrinin yaradılması tapşırılmış, onun aparılması isə Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementidir. Əsasnaməyə uyğun olaraq sahibkarlıq subyektlərində hər hansı yoxlamalar aparmaq səlahiyyətinə malik olan icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər yoxlamaları müəyyən edilmiş qaydada reyestrdə qeydiyyata alındıqdan sonra keçirə bilərlər. Faktiki olaraq hər hansı yoxlamanın aparılması üçün onun reyestrdə qeydiyyata alınması məcburidir. Bu müddəa yoxlamaların keçirilməsi ilə bağlı yeni tənzimləmə mexanizminin əsas xəttini təşkil edərək sahibkarların mənafelərinin qorunmasına dövlətin verdiyi əhəmiyyətin birmənalı təzahürüdür. Təcrübədə mövcud olan və müxtəlif adlar altında keçirilən yoxlamaların qeydiyyatından yayınma hallarının qarşısının alınması vacib amillərdən biridir. Bununla əlaqədar Əsasnamədə bütün yoxlama növləri (araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.) dəqiq sadalanmış və adından asılı olmayaraq onların hamısının reyestrdə qeydiyyata alınmasının təmin edilməsi vəzifəsi yoxlayıcı orqanların üzərinə qoyulmuşdur. Əsasnaməyə uyğun olaraq reyestr elektron formada aparılır və buraya yoxlayıcı orqanlar, sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər, habelə yoxlamalar barədə məlumatlar daxil edilir. Yoxlayıcı orqanlar növbəti il üzrə yoxlamaların keçirilməsi haqqında zəruri məlumatları, yəni yoxlanılan şəxsin adı, onun barəsində aparılan sonuncu yoxlama, yoxlamanın hüquqi əsası, predmeti, növü, müddəti, yoxlanılan dövr və s. məlumatları hər il 1 noyabr tarixinədək Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Bütün hallarda yoxlamaların qeydiyyata alınması üçün bu barədə məlumatlar, ən azı 1 iş günü əvvəl Ədliyyə Nazirliyinə təqdim edilməli və ya onlayn rejimində göndərilməlidir. Yoxlama 1 iş günü müddətində qeydiyyata alınır, ona vahid və təkrarlanmayan yoxlama kodu verilir. Aidiyyəti orqanın vəzifəli şəxsi yoxlamanın keçirilməsi üçün onun qeydə alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Hesab edirəm ki, bu müddəa sahibkarın hüquqlarının əlavə təminatı olaraq olduqca mütərəqqi və vacibdir. Əvvəla, həmin çıxarışın yoxlayıcı orqan tərəfindən təqdim edilməsi məcburidir. Çünki bu hüquq deyil, vəzifə kimi müəyyən olunur və bununla da həmin orqanın üzərinə öz tədbirinin qanunauyğun olduğunu sübuta yetirmək öhdəliyi qoyulur. Həmçinin, qeyd olunanlar yoxlamanın qanuni əsaslarla aparılması, buna ciddi dövlət nəzarətinin həyata keçirilməsi baxımından sahibkarda əminlik yaradır. Bu, sahibkara yoxlamanın qanunvericiliyə uyğun təşkil edilməsini qiymətləndirməyə və bundan asılı olaraq onun öz hüquqlarından istifadə etməsinə imkan verir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Hazırki iş üzrə yoxlayıcı orqan olan cavabdeh yoxlamanın keçirilməsi barədə hər hansı bir məlumat verməmiş və yoxlamanın keçirilməsi üçün onun qeydə alınması barədə reyestrdən çıxarışı təqdim etməmişdir. Qeyd edilən normativ aktların tələbləri cavabdeh tərəfindən təmin olunmamışdır. Qeyd olunanlar Cavabdeh İB-nin 28 fevral 2023-cü il tarixli ******* saylı aktın və 7187,40 manat cərimənin qanunsuz yazılmasının sübutudur. Mübahisənin məhkəməyədək həll olunması üçün cavabdehə pretenziya qaydasında müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə baxış iclasında iştirakını təmin etməmiş, həmçinin məhkəmə iclasında iştirak edə bilinməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsi və vəkilinin izahatına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2016-cı il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN ( **********) verilmişdir və o, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AMX-1808/22 nörməli müqavilənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “X5”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və qiraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “X5”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir; 4.1-ci bəndinə əsasən, İstehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir; 4.3-cü bəndinə əsasən, İstehlakçının qaz qurğuları 1 ədəd çörək bişirən sobadan, 1 ədəd su qızdırıcı qazandan, 1 ədəd şirniyyat sobasından, 1 ədəd su qızdırıcıdan, 1 ədəd qaz plitəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh Hacıqabul XS TQQ və SX-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tairxdə istehlakçı İddiaçı məxsus olan Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən qeyri-yaşayış sahəsində (çörək bişirmə sexində) təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və qeyri-əhali qaz sayğaclarının yoxlanması barədə SS № 29/1640- 14-11-3-5-44-1 nömrəli akta əsasən sayğacın korrektorunun sönməsi nəticəsində arxivin pozulduğu, mexaniki hissədən keçən 126.367 m3 qaz sərfinin elektron hissədə qeyd edilmədiyi müəyyən edilərək aktlaşdırlmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən G-100 markalı 80115679 №-li sayğacda korrektorun sönməsi ilə əlaqədar arxivlərin pozulması və mexaniki hissədən keçən 126367 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması nəticəsində itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 32670 m3 qazın məbləğinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı abonent saldosunun surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 7187,40 manat borc hesablanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh X7 istismar İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi xahiş edilmiş, əks təqdirdə həmin aktın məhkəmə qaydasında ləğv edilməsi barədə iddia qaldırılacağı ilə bağlı Cavabdehnə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/2-11- 10374/23 nömrəli məktubda qeyd edilmişdir ki, 2023-cü ilin fevral ayında “Sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestri”ndə Cavabdeh tərəfindən İddiaçı sahibkarlıq subyektində hər hansı yoxlamanın keçirilməsi barədə müraciət daxil olmamış və yoxlama qeydiyyata alınmamışdır. Məhkəmə, iş materiallarına əsasən müəyyən edir ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2022-ci il tarixli, AMX-1808/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə ilə rəsmiləşdirmişlər. Həmin müqavilənin şərtlərinə görə cavabdeh (Paylayıcı) iddiaçını (İstehlakçını) keyfiyyətli qazla təmin edir, iddiaçı isə istehlak etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı cavabdehin nümayəndələrinin xx.xx.2023-cü il tarixdə əvvəlcədən məlumat verilmədən, hər hansı bir xəbərdarlıq edilmədən ona məxsus olan çörək bişirmə sexində qanunsuz yoxlama keçirdiklərini və həmin qanunsuz yoxlama nəticəsində onun barəsində akt tərtib edilərək əsassız olaraq cərimə edildiyini, ona məxsus olan qeyri-yaşayış sahəsində keçirilmiş yoxlamaların qanunsuz olduğunu və buna görə də həmin yoxlamaların nəticəsində tərtib edilmiş akta əsasən hesablanmış borc məbləğinin (cərimənin) əsassız olduğunu iddia edir. İddiaçı öz tələbinin faktiki əsası kimi sayğacın cavabdehin özü tərəfindən quraşdırıldığı, onun tərəfindən sayğaca hər hansı bir müdaxilə edilmədiyi, əgər sayğacda qaz sərfiyyatının elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqlə əlaqədar hər hansı bir qüsur aşkar edilmişdirsə, bununla əlaqədar təqsiri olmadan cərimə edilməsinin qanunsuz olması hallarına istinad edir. İddiaçı istinad etdiyi halların sübutu kimi məhkəməyə cavabdeh tərəfindən tərtib olunmuş aktları və tələbnaməni təqdim etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməyərək iddia tələbinə münasibətini bildirməmiş, həmçinin iddia ərizəsinə qarşı etiraz verməmiş, iddianın əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, işdə olan sənədlərə, iddiaçının nümayəndəsinin izahatlarına və müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmə sorğusuna verilmiş cavab məktubunda qeyd olunan hallara əlaqəli şəkildə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş təbii X5nın pozulması haqqında aktda, qeyri-əhali qaz sayğaclarının yoxlanması barədə aktda və tələbnamədə aparılmış yoxlama zamanı sayğacda aşkar edilmiş qüsurların əmələ gəlməsində iddiaçının hər hansı bir təqsirinin müəyyən edildiyi barədə qeyd yoxdur. Əksinə adı çəkilən sənədlərin məzmunlarından görünür ki, iddiaçının istifadəsində olan sayğaca hər hansı bir kənar müdaxilə olmamışdır, sayğac işlək vəziyyətdə olmuş, sızma və ya digər bu kimi hallar aşkar edilməmişdir, sayğacın temperatur və təzyiq çeviriciləri və digər göstəriciləri normaldır. Bu sadalananlar birmənalı şəkildə sayğaca mexaniki kənar təsirin olmasını istisna edir. Aşkar edilmiş nöqsanların xarakteri nəzərə alındıqda, həmin nöqsanların sayğacın texniki qüsurları nəticəsində yarandığı barədə fikir yürütmək olar. Məhkəmə qeyd edir ki, sayğacda aşkar edilmiş qüsurların xarakterindən asılı olmayaraq, həmin qüsurların hansı şəraitdə və vasitə ilə baş verməsini, qüsurların kənar təsir və ya sayğacın texniki parametrlərində baş vermiş nasazlıqlar nəticəsində yarandığını aşkar etmək və bu halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İşdən görünür ki, cavabdeh tərtib etdiyi aktlarda sayğacda aşkar edilmiş qüsurları göstərsə də, həmin qüsurların hansı səbəbdən baş verməsini qeyd etməmişdir. Buna baxmayaraq aşkar edilmiş qüsurlar nəticəsində uçotdan kənarda qalmış qaz həcminin dəyəri heç bir əsas göstərilmədən iddiaçıya aid edilmişdir. Məhkəmə, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın əsaslılığı ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə və ya əlavə xəttdən istifadə və bu kimi başqa pozuntulara yol verildiyi aşkar edilmədiyi halda, cavabdehin özü tərəfindən quraşdırılmış və saz vəziyyətdə olan sayğacın qaz sərfini düzgün qeyd etməməsində iddiaçının hansı əsasla məsuliyyət daşımasını müəyyən etmək olmur. İddiaçıya məxsus olan qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın istifadə olunan qaz sərfini düzgün qeyd etməməsi əgər sayğacın texniki göstəricilərinə və ya sərfiyyatı ölçmə, qeydə alma gücünə görə baş verirsə bu halda qeydə alınmayan qaz sərfi ilə bağlı zərərin, həmin zərərin vurulmasında təqsiri müəyyən olunmayan istehlakçıdan tutulması qanuni və ədalətli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, zərərin təqsirsiz şəxsdən tutulması əvəzinə, ümumən qaz itkisinin qarşısının alınması məqsədi ilə istehlakçıların istifadə etdikləri qurğuların sərfiyyatına uyğun gələn sayğacların quraşdırılması, sayğacların işlək vəziyyətdə olmasına nəzarət edilməsi daha məqsədə uyğundur. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verməlidir. Həmin Qanunun 21.-ci maddəsinin 1-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın: 2.7-ci bəndinə əsasən, qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir; 3.1-ci, 3.1.5-ci və 3.1.10-cu bəndlərinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Məhkəmə, mübahisələndirilən aktın əsaslı olub-olmaması ilə əlaqədar əlavə olaraq qeyd edir ki, həmin akta əsasən uçotu aparılmayan qaz sərfiyyatının olması aşkar edilsə də, həmin qüsurun məhz cavabdeh tərəfindən edildiyi barədə məhkəməyə sübut təqdim olunmamışdır, sayğacın iddiaçının təqsirli hərəkəti və ya kənar müdaxilə nəticəsində yararsız vəziyyətə düşməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya məxsus çörək bişirmə sexində quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından, bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsaslı hesab edilə bilməz. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci bəndinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. “X5”nın 6.5-ci bəndində də göstərilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, sayğaca hər hansı bir şəkildə müdaxilə olduğu halda qaz paylayıcısı tərəfindən tərtib olunmuş müvafiq akt həmin müdaxilədə təqsirkar şəxslərin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara təqdim olunduqdan və təqsir həmin orqanların araşdırması nəticəsində müəyyən edildikdən sonra, paylayıcı tərəfindən istehlakçıya qarşı vurulmuş zərərin ödənilməsinə dair tələb irəli sürülə bilər. Baxılan işdə isə cavabdeh tərəfindən sayğaca müdaxilədə təqsirkar şəxs (şəxslərin) müəyyən edilməsi ilə bağlı qannvericiliklə tələb olunan hərəkətlərin yerinə yetirilməsi müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının təqsiri müvafiq qaydada aparılmış araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapmadığına görə, mübahisələndirilən akta əsasən iddiaçının üzərinə borc öhdəliyinin qoyulması tamamilə əsassızdır. Belələliklə məhkəmə, mübahisələndirilən aktın əsassız olduğu nəticəsinə gəlir və eyni zamanda aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin akt, onun tərtib olunması üçün əsas olmuş cavabdeh tərəfindən aparılmış yoxlamalar qanunsuz olduğuna görə, etibarsız hesab edilməlidir. Belə ki, iddiaçı sahibkarlıq subyekti olduğuna, təbii qazdan istifadəsi onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğuna görə, cavabdeh tərəfindən aparılan yoxlamalar, sahibkarlıq sahəsində aparılan yoxlamalara dair qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olmalıdır. Lakin, cavabdeh tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamalara dair imperativ normaların tələblərinə əməl edilməsinə dair sənəd məhkəməyə təqdim edilməmişdir, əlavə olaraq məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən Cavabdeh tərəfindən İddiaçı sahibkarlıq subyektində hər hansı yoxlamanın keçirilməsi barədə müraciətinin daxil olmadığı və yoxlamanın qeydiyyata alınmadığı müəyyən edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 5-ci, 5-1-ci və 5-2-ci-ci bəndlərinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “X5”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçıya qarşı hər hansı bir tələb irəli sürülə və onun barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Şərh olunanları yekunlaşdıraraq, sadalanan qanunvericilik aktı normalarına və işin faktiki hallarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan, həmin yoxlamaların nəticəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş “təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 7187,40 manat məbləğində cərimə silinsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1965/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1965/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver