Məhkəmə qərarları › İş №e-2-2(121)-2204/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2204/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2204/2022 13.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı – təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – istixanada təbii qazdan istifadəyə görə yaranmış 25959,2 manat məbləğində əsas borcun, 200 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” AMX-306/19 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Sabirabad rayonu Məmişlər kəndində yerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2021-ci il tarixinə iddiaçıya 25959,2 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İlkin mediasiya sesiyasında iştirak üçün iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən mediator X2 hesabına 200 manat məbləğində ödəniş edilmişdir. Hazırki iş üzrə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu 167,88 manat təşkil edir. Mediasiya sesiyasında isə 200 manat dövlət rüsumu ödənilmişdir İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən, yəni 11138,2 manat hissəsində qəbul edərək, qalan hissəsini qəbul etmədiyini bildirdi. Məhkəmədən iddianı qismən, yəni 11138,2 manat məbləğində borcun ondan tutulması hissəsində təmin olunması, iddianın qalan hissəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iş üzrə tərəflər arasında AMX-306/19 saylı, xx.xx.2019-cu il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. Müqavilə(lər)yə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş abonent saldosu(ları)ndan görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00064 olan Cavabdeh qeydiyyata alınmışdır. Şabirabad rayonu Məmişlər kəndi ünvanında qaz sayğacı quraşdırılmışdır. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2021-ci il tarixdə pretenziya məktubu göndərmişdir. Həmin məktubla ona məxsus qeyri-yaşayış sahəsində təbii qazdan istifadəyə görə xx.xx.2022-ci il tarixə yaranmış 25959,20 manat məbləğində borcunun 3 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X5 filialının xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Sabirabad rayonu, Məmişlər kəndində yerləşən Cavabdeh məxsus istixanada təbii qazdan istifadə olunması üçün qaz paylayıcısı ilə istehlakçı arasında xx.xx.2019-cu il tarixli AMX-306/19 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır. İstixananın qaz təchizatı sayğacla müəyyən olunmuş borcun ödənilməməsi səbəbindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müxtəlif vaxtlarda qapayıcı plomb vasitəsilə 4 dəfə dayandırılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixində 54/1415 nömrəli akt tərtib olunaraq istixananın qaz xəttinin üzərindəki bağlayıcıya 20055281 nömrəli plomb vurulmaqla qaz təchizatı dayandırılmışdır. Aktda G160 markalı 21780376 nömrəli qaz sayğacının mexaniki göstəricisi 156917 m3, elektron göstəricisi 164689 m3 dayandırılma səbəbi razılaşma protokoluna əsasən müəyyən olunmuş sərfiyyatdan əlavə olaraq 1500 manat məbləği ödəmədiyi qeyd olunmuşdur. İstixananın qaz təchizatı xx.xx.2021-ci il tarixində növbəti dəfə qaynaq vasitəsilə dayandırılmış, 54/283 nömrəli akt tərtib olunmuşdur. Aktda qazın dayandırılma səbəbi 32188,8 manat borc məbləğinin ödənilməməsi, istixananın qaz xəttinin üzərində quraşdırılmış G160 markalı 21780376 nömrəli qaz sayğacının mexaniki göstəricisi 217760 m3, elektron göstəricisi 238794 m3 qeyd olunmuşdur. Azəriqaz İB-nin xx.xx.2022-ci il tarixli, 01553 nömrəli müraciətinə əsasən Cavabdeh məxsus istixananın qaz xəttinin üzərində quraşdırılmış G160 markalı rotor tipli 21780376 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına aparılması məqsədilə çıxarılmış, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Aktda qaz sayğacının mexaniki göstəricisi 217759 m3, elektron göstəricisi 238795 m3, eləcə də korrektorun (sayğacın elektron hissəsinin) nömrəsi (1********), sayğacın üzərindəki flyansdan eləcə də termoyuvadan çıxarılan plombların nömrələri qeyd olunmuşdur. Qaz xəttinin üzərində müvəqqəti qaz sayğacı quraşdırılmamış və qaz təminatı bərpa olunmamışdır. Bundan sonra G160 markalı qaz sayğacına İddiaçı İB-nin Metrologiya Departamenti tərəfindən xx.xx.2022-ci il tarixli SS 29/1640-01553-5 nömrəli akta əsasən laboratoriyada texniki baxış keçirilmiş, aktda sayğacın daxilinin çirkli olduğu, implus ötürücüsünün daxildə olduğu, hesablama mexanizminin işlədiyi, sonuncu rəqəminin diyircəyinin sıçrayışla işlədiyi, termoyatağın gövdənin üzərində aşkar olunmadığı qeyd olunmuşdur. Həmçinin aktda xx.xx.2021-ci il tarixindən 05 07.2022-ci il tarixinədək olan dövrdə saatlıq arxivə əsasən maksimal mütləq təzyiqin P= 1,03 bar olduğu və qaz həcminin qeydə alınmadığı qeyd |olunmuşdur. Yoxlamanın nəticəsi olaraq, minimal sərfiyyatda sayğacın xətasının normaya uyğun olmadığı, batareya və təzyiq çeviricisinin tələb olunduğu barədə qərar verilmişdir. Abonent saldosuna əsasən, xx.xx.2021-ci il tarixinə istixananın qaz sayğacının mexaniki göstəricisi 156917 m3, elektron göstəricisi 164689 m3 və borc məbləğinin isə 17367,8 manat olduğu müəyyən olunur. Borcdan 6229,2 manat məbləği akta əsasən yaranmışdır. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarxinədək G160 tipli qaz sayğacının göstəricilərinin saldoya təkrar daxil edildiyi, iyun ayında isə sayğac göstəricilərinin oxunduğu, mexaniki göstəricinin 217759 m3, elektron göstəricinin 238795 m3 və qaz sərfiyyatınin 74105 m3 məlum olmuşdur. Bu qaz sərfiyyatı barədə xx.xx.2021-ci il tarixli, 146 nömrəli sərfiyyat aktı abonentə təqdim olunmuşdur. Sayğac göstəricilərinin fərqi 74105 m3 dəyəri 14821 manat məbləği saldoya daxil edilmiş və xx.xx.2021-ci il tarixinə 32188,8 manat ümumi borc məbləği yaranmışdır. Saldoda 2022-ci ilin dekabr ayında bu borcdan 6229,6 manat məbləğin ödənildiyi və ya silindiyi görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qaydaların 5.5-ci bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Yekun olaraq, qaz təchizatının dayandırılması barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli 54/283 nömrəli aktdan, qaz sayğacının çıxarılması barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan, qaz sayğacının laboratoriyada yoxlanılması zamanı tərtib olunmuş xx.xx.2022-ci il tarixli SS 29/1640-01553-5 nömrəli aktdan və xx.xx.2021-ci il tarixli, 146 nömrəli sərfiyyat aktından sayğacın mexaniki göstəricisinin 217759 m3, elektron göstəricisinin 238795 m3 olduğu məlum olur. 11138,2 (17367,8 - 6229,6) manat məbləği sayğacla müəyyən olunmuş sərfiyyatın dəyərinə uyğun yaranmışdır və 14821 manat məbləğinin sayğacla müəyyən olunduğunu dəqiqləşdirmək üçün elektron hissəsinin (180900197 nömrəli korrektorun) yaddaş arxivi məlumatlarının xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün (qaz sərfi barədə aylıq, günlük məlumatlar) təqdim olunması məqsədəuyğun hesab edilir. İşə əlavə olunmuş cavabdehin iddiaya etirazından görünür ki, iddia tələbini 11138.20 manat hissəsini qəbul edir, 14821 manat hissəsini qəbul etmir. O, Sabirabad rayonu ərazisində yerləşən istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğulur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmişdir. 2020-ci ilin oktyabr ayında istixanaya qaz açılmışdır. 2020-ci ilin oktyabr-dekabr ayları ərzində 9687,80 manat dəyərində qazdan istifadə etmiş, 9497 manat ödəniş etmişdir. İstixanada əkilən şitillər xəstəlik səbəbindən korlanmışdır. Bu səbəbdən xeyli miqdarda ziyana məruz qalmışdır. İddiaçı X1 idarəsinin nümayəndələri onun hesabında yaranmış borcun ödənilməsini tələb edirdilər. Böyük məbləğdə ziyan etdiyi üçün borcu ödəyə bilməmişdir. İddiaçı İB nümayəndələri tərəfindən 2020-ci ilin dekabr ayında istixananın qazı kəsilmişdir. İstixananın qazı kəsilərkən hesabında 17367,80 manat borc olmuşdur. Borcun 6229,60 manat hissəsi cərimə olmuş və həmin cərimə 2021-ci ilin dekabr ayında hesabından silinmişdir. Onun iddiaçıya 11138,20 manat borcum qalmışdır. İddiaçı tərəfindən 2021-ci ilin iyun ayında onun hesabına 14821 manat əsassız borc yazılmışdır. İddiaçı həmin borcun sayğaca əsasən hesablandığını bildirir. Qeyd etdiyi kimi onun istixanasının qazı 2020-ci ilin dekabr ayında kəsilmişdir. Sayğac istixanadan uzaq məsafədə yerləşir. İddiaçının işçiləri ayda 3-4 dəfə sayğaca baxırlar, göstəricisini qeyd edirlər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabat cədvəlindən görünür ki, 2021-ci ilin yanvar ayından 2021-ci ilin iyun ayına qədər sayğacın göstəricisi 156917 olmuşdur. Amma iyun ayında sayğac göstəricisini 217760 qeyd etmişlər. Əgər o, 14821 manat qaz işlətmişdisə, onda iddiaçının işçiləri hər ay sayğaca azı 4-5 dəfə baxdığı halda 5 ay ərzində həmin borcu niyə qeyd etməmişdilər. İstixanada aprel ayından etibarən qazdan istifadə olunmur, əgər həmin qazı o, istifadə etmişsə, iyun ayında 14821 manat dəyərində qazı necə işlədə bilərdi. Qeyd etdikləri iddiaçın iddia tələbinin 14821 manat borcun tələb olunması hissəsində əsassız olmasını təsdiq edir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrini rəhbər tutaraq məhkəmədən İddiaçı iddia tələbinin 14821 manat hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı təbii qazdan istifadəyə görə yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə(lər)yə əsasən cavabdeh təbii qazdan fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər)yə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə müqavilə(lər) əsasında təbii qazdan fasiləsiz istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə(lər)yə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrini isə tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X5 filialının iş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, sayğacın mexaniki göstəricisinin 217759 m3, elektron göstəricisinin 238795 m3 olduğu məlum olur. 11138,2 (17367,8 - 6229,6) manat məbləği sayğacla müəyyən olunmuş sərfiyyatın dəyərinə uyğun yaranmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən 14821 manat məbləğində borcun sayğacla müəyyən olunmasına dair hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, təbii qazdan istifadə nəticəsində yaranmış 11138,2 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, iddiaçı tərəfindən yol verilmiş səhvə görə cavabdeh məsuliyyət daşımadığından, cavabdeh istifadə olunmuş qaza görə iddiaçı qarşısında məsuliyyət daşımır. Odur ki, iddiaçının cavabdehdən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də, iddia bu hissədə qismən təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Lakin, iddia tələbi qismən təmin edilməli olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 80 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia isə qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 167,88 manat dövlət rüsumunun 60 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 11138,2 manat məbləğində borc, 80 manat mediyasiya xərci, cəmi 11218,2 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 60 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar