Məhkəmə qərarları › İş №e-2-2(121)-3587/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3587/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3587/2025 13.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-ti tərəfindən xx.xx.2018-ci ildə mənə borc kimi hesablanmış və abonenet saldosuna daxil edilmiş 2.578.68 manat məbləğin silinməsi öhtəliyinin cavabdeh "xxxx" ASC-ti üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məkəmədən xahiş etmişdir. Məhkəmə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı vergi ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə qeydiyyata alınaraq ona VÖEN: ********** verilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 2 fevral 2005ci il tarixli, 18№-li qərarının 1.1-ci bəndinə əsasən məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı mənasını ifadə edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasına əsasən, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Sadalanan normaların tələbini nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında və AR MPM-nin 36.9-cu maddəsində nəzərdə tutulan mənada istehlakçı, eyni zamanda “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 2 fevral 2005-ci il tarixli, 18№-li qərarının 1.1-ci bəndində nəzərdə tutulan məişət abonenti deyil. Qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarın 24-cü bəndində göstərilmişdir ki, “Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyrihökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır.” Məhkəmə, qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin iddia ərizəsinə əlavə edilmədiyi görünür. Bu isə, müqavilənin icra yerini müəyyən etməyə imkan vermir. Belə olduqda isə, hazırki işin ərazi aidiyyətinin iddiaçının seçiminə görə müəyyən edilməsinə, eləcə də digər hallara (tərəflərin razılığı və ya müstəsna aidiyyət və s.) görə əsaslar olmadığına görə iş ərazi aidiyyətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş ümumi qaydaya uyğun olaraq hüquqi şəxsin ünvanının olduğu yerə görə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə və 35.2ci maddəsinin birinci cümləsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış hüquqi şəxs haqqında məlumatlardan görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı Şəhəri Nəsimi Rayonu, Abbasqulu Ağa Bakıxanov, Ev 13-dür. İddiaçı isə, O, Bakı şəhəri, Xətai Rayonu, Sarayevo Küçəsi, Ev 38, Mənzil 28 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar