Məhkəmə qərarları › İş №e-2-2(121)-367/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-367/2025

27.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-367/2025 27.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı "xxxx" Firmasının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Firmasının Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Firması Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15887 manat pulun, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 137.65 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 250 manat pulun tutularaq iddiaçı "xxxx" firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" firması Ağdaş şəhərində yerləşməklə şirniyyat məhsulları istehsalı ilə məşğul olur. Cavabdeh həmin firmadan nisyə şirniyyat məhsulları alaraq Respublikanın müxtəlif rayonlarında satışını həyata keçirmiş və aldığı puldan həm özünə qazanc götürmüş, həm də Orelay firmasından almış olduğu şirniyyatın pulunu geri qaytarmaq öhdəliyi götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş və almış oduğu şirniyyatın pulunu geri qaytarmamışdır. İddiaçı cavabdehdən öhdəliyini hayata keçirməyi tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmış, xx.xx.2023-cü il tarixə 17894 manat borcu qalmış, bununla bağlı cavabdeh Orelay firmasının qanuni təmsilçisi X1 yazılı izahat təqdim etmiş və həmin izahatda 17.894 manat borcu öz öhdəsinə götürərək ayda ***-**** manat arası geri qaytarmağı öz üzərinə götürmüşdür. Daha sonra pulun 1512 manatını ödəmiş və sonra ödəməni dayandırmış, bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş və cavabdehlə şifahi qaydada razılaşdıqdan sonra qalıq borcun borc müqaviləsi ilə razılaşdırılmasını və bununla bağlı tərəflər arasında 25 avqust 2023-cü il tarixdə borc müqaviləsi bağlanaraq qalıq 16382 manat pulu hissə-hissə geri qaytarmaq barədə razılığa gəlmiş və 25 avqust 2023-cü il tarixdə Cavabdeh və iddiaçının qanuni təmsilçisi X2 arasında borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc verən 16.382 manat məbləğində pul vəsaitini borc alana verir, borc alan isə həmin pulu geri qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən borcalan borc məbləğindən 1000 manat xx.xx.2023-cü ildən ödəmək şərti ilə xx.xx.2025-ci ilədək tam həcmdə geri qaytarmalıdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr bir qayda olaraq danışıqlar vasitəsi ilə həll edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunveriliciliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılır. Həmin müqavilənin 6.3cübəndinə əsasən müqavilə tərəflər arasında tam razılaşmanı təşkil edir və borc münasibəti ilə əlaqədar bütün əvvəlki yazılı və şifahi razılaşmalardan üstündür. Cavabdeh 25 avqust 2023-cü il tarixdən bu günə kimi yalnız xx.xx.2023-cü il tarixdə həmin borcdan 300 manat və xx.xx.2023-cü il tarixdə 195 manat olmaqla iddiaçının təqdim etdiyi 4169 7388 7321 9491 nömrəli kart hesabına cəmi 495 manat pul ödəmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Firmasının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2008-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" Firmasının direktoru X2 ilə Cavabdeh arasında bağlanmış 25 avqust 2023-cü il tarixli borc müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən borc verən 16382 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra borc adlandırılacaq) borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürür. 2.2.1-ci bəndinə əsasən, borc məbləğindən 1000 manat xx.xx.2023-cü ildən ödəmək şərti ilə xx.xx.2025-ci ilədək tam həcimdə geri qaytarmaq. 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və borc alan tərəfindən borcun tam həcmdə borc verənə geri qaytarıldığı günədək qüvvədə qalır. İş materiallarında olan izahatdan görünür ki, Cavabdeh "xxxx" Firmasının ərazidə satışını təmin etdiyi müddətdə şirkətə 17894 manat borcu yaranmışdır. Bu borcu öz öhdəsinə götürüb, ayda ***-**** manat arası şirkətə geri qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, 25 avqust 2023-cü tarixli müqaviləyə əsasən Cavabdeh almış olduğu mallara görə 15887 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "xxxx" Firmasına ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir . Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi və cavabdeh tərəfindən təhvil alınmış mallara görə iddiaçının bank hesabına cəmi 495 manat məbləğində pul vəsaitinin köçürüldüyü işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 15887 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların dəyərini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, cavabdehin izahatına, borc müqaviləsinə və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, , iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 15887 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 15887 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 15887 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğısatqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, göstərilmiş hüquqi yardım xidmətinə görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 250 manat məbləğində vəsait cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" Firmasının Cavabdeh qarşı pul tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 15887 manat məbləğində əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 250 manat və ödənilmiş 137,65 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 16274,65 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Firmasına ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar