Məhkəmə qərarları › İş №e-2-2(121)-3704/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3704/2024

26.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3704/2024 26.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı şikayətin təmin olunması, məhkəmə qərardadı əsassız hesab olunmaqla ləğv olunması barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin müddətin bərpasından imtina barədə xx.xx.2024 tarixli, e-2-2(121)-38/24 saylı qərardadının ləgv olunması barədə şikayətin təmin olunması, məhkəmə qərardadı əsassız hesab olunmaqla ləğv olunmasın xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçrirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin formasından görünür ki, ərizə iddia icraatı qaydasında tərtib olunmuşdur və ərizədə mübahisə tərəfləri iddiaçı kimi qeyd olunmuşdur. Lakin ərizənin məzmunundan aydın olur ki, tələb məhkəmə tərəfindən verilmiş qərardaddan şikayət ilə əlaqədardır. Elektron qaydada məhkəməyə təqdim edilmiş ərizədə icraatın növü iddiaçı tərəfindən iddia icraatı seçilsə də, ərizədə tələb olaraq Şirvan Kommersiya Məhkəməsinin müddətin bərpasından imtina barədə xx.xx.2024 tarixli, e-2-2(121)-38/24 saylı qərardadının ləgv olunması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur, bununla da ərizənin tərtibatında uyğunsuzluğa yol verilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı ərizədə göstərilən tələbə iddia icraatında baxıla bilməz. Belə ki, iddia icraatı qaydasında məhkəməyə verilən iddia ərizəsində iddiaçının cavabdehə qarşı yönələn tələbi göstərilməlidir. Bu tələb əmlak və ya qeyri-əmlak xarakterli olmasından asılı olmayaraq tələbin yönəldiyi şəxs tərəfindən həyata keçirilməli olan fəaliyyətlə əlaqədar olmalıdır. Bununla da müəyyən olunur ki, ərizə məzmun etibarilə konkret bir cavabdehə qarşı iddia icraatında qaldırılmış iddia olmayıb, məhkəmə qərarından verilən şikayətdir. Beləliklə məhkəmə müəyyən edir ki, ərizə, iddia ərizəsinin forma və məzmununa dair mülki prosessual qanunvericilikdə nəzərdə tutulan normalara uyğun tərtib edilmədiyinə görə məhkəmənin icraatına götürülməməli və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinin tələbinə görə ərizədə, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3) göstərilməlidir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə ərizənin məhkəmə icraatı mümkün deyildir. Buna görə də ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı şikayətin təmin olunması, məhkəmə qərardadı əsassız hesab olunmaqla ləğv olunması barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar