Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-420/2024 02.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı ”Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 12332,50 manat əsas borc məbləğinin və mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh (“Eti market”) arasında bağlanmış 13 fevral 2020-cı il tarixli, AMX1019/20 saylı “Qaz paylayıcısı sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2023-cü il tarixinə İddiaçınə 13194,20 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 12528,00 manat məbləğində dəymiş ziyanın və sayğac vasitəsilə istifadə olunmuş 666,20 manat borcun ödənilməməsi olmuşdur. Yuxarıda qeyd olunan təbii qazın alqı-satqı müqaviləsinin bəndləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 03 iyul 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən Reyestrdə qeydiyyata alınmaqla X3 İstismarı İdarəsinin əməkdaşları tərəfindən 23 iyun 2022-ci il tarixdə Cavabdeh məxsus “Eti market” istehsalat sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Aparılan yoxlama zamanı abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsi halı aşkarlanmışdır. Hadisə yerinin fotoşəkili çəkilmış və video çəkiliş aparılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 iyun 2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən “İtirilmiş qazın bərpası üzrə” 50112 m olmaqla 12528,00 manat məbləğində dəymiş ziyan hesablanmış və Cavabdeh “Eti market”in **********00009 saylı abonent hesabına daxil edilmişdir. Cavabdeh tərəfindən 12528,00 manat borc ödənilməmiş qalmışdır. Dəymiş ziyanın hesabatı istehsalat sahəsində istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfiyyatına uyğun olaraq aparılmışdır. İstehsalat sahəsində olan qaz işlədicilərindən Kombinin maksimal saatlıq qaz sərfi 3,5 m saat, orta günlük iş rejimi 24 saat, hesabat müddətdi 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3,2 m saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, Sac ayağının maksimal saatlıq qaz sərfi 1,5 m saat, orta günlük iş rejimi 24 saat, hesabat müddətdi 90 gün, PQ-2-nin (restoran tipli) maksimal saatlıq qaz sərfi 2,2 m saat, orta günlük iş rejimi 24 saat, hesabat müddətdi 90 gün, PQ-2-nin (məişət tipli) maksimal saatlıq qaz sərfi 0,6 m saat, orta günlük iş rejimi 24 saat, hesabat müddətdi 90 gün, Təndirin maksimal saatlıq qaz sərfi 2m saat, orta günlük iş rejimi 24 saat, hesabat müddətdi 90 gün, Sac altının maksimal saatlıq qaz sərfi 2,2 m saat, orta günlük iş rejimi 24 saat, hesabat müddətdi 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 50112 m miqdarında (12528,00 manat məbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. Bundan başqa, Cavabdeh tərəfindən sayğac vasitəsilə istifadə olunmuş 666,20 manat debitor borc ödənilməmiş qalmışdır. İddiaçı Lənkəran RQİİ tərəfindən 13194,20 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AMX-1019/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 fevral 2020-cı il tarixli, AMX1019/20 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və qiraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir; 4.1-ci bəndinə əsasən, İstehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir; 4.2-ci bəndinə əsasən, qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir; 4.3-cü bəndinə əsasən, İstehlakçının qaz qurğuları 2 ədəd kombi aparatından ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tairxdə istehlakçı Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində (“Eti market”) təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilərək aktlaşdırlmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edildiyi üçün hesablanmış 50112 m3 qazın məbləğinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”ın surətindən görünür ki, İddiaçı İB tərəfindən sahibkarlıq fəaliyyəti subyekti Cavabdeh barəsində xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində müvafiq yoxlamanın aparılması barədə məlumat reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh abonent saldosunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 13194,20 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2020-cı il tarixli, AMX1019/20 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqaviləyə əsasən istifadə edilmiş təbii qaza görə yaranmış 666,20 manat borcun və sayğacdankənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu üçün hesablanmış 12528 manat maddi ziyanın, cəmi 13194,20 manat məbləğində pul vəsiaitinin 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçınə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarına əsasən müəyyən edir ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair razılıq əldə olunmuşdur və həmin razılığı onlar 13 fevral 2020-cı il tarixli, AMX1019/20 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə ilə rəsmiləşdirmişlər. Həmin müqavilənin şərtlərinə görə iddiaçı (Paylayıcı) cavabdehi (İstehlakçını) keyfiyyətli qazla təmin edir, cavabdeh isə istehlak etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edərək cavabdehi təbii qazla fasiləsiz təmin etdiyini, lakin cavabdehin istifadə etdiyi qazın dəyərini tam şəkildə ödəmədiyini və nəticədə cavabdehin qazdan istifadəyə görə ödənilməmiş 666,20 manat məbləğində borcunun qaldığını, həmçinin cavabdehin sayğacdankənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə üçün tərəflərindən tərtib edilmiş aktlara əsasən cavabdehdən 12528 manat məbləğində maddi ziyanın tutulmalı olduğunu iddia edir. İddiaçı tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, qaz sayğacının yoxlanılmasının nəticələrinə dair və tərəflərindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara, tələbnaməyə, abonentin saldosunda olan məlumatlara, həmçinin borcun ödənilməsi ilə əlaqədar cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Məhkəmə hesab edir ki, iddiaçının hər iki əsasla irəli sürdüyü pul tələbinə dair subyektiv hüququnun mövcudluğu və həmin hüququn cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulması iş materiallarında olan sənədlərlə tam sübut olunur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin şərtlərinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə aiddir. Lakin işdə olan cavabdehin abonent sakdosunda olan məlumatlardan görünür ki, cavabdehin təbii qazdan istifadəyə görə iddiaçıya ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, təbii qazdan istifadəyə görə tələb olunan borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, abonentin saldosunda olan məlumatları və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən hesablanmış qazın dəyərinin şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Beləliklə məhkəmə, borc qalığı kimi tələb olunan 666,20 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi ilə əlaqədar məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək istehlakçını qazla təmin etmiş, lakin cavabdeh aldığı qazın dəyərini tam ödəməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsinə dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə, iddia tələbini cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi hissəsində də əsaslı hesab edir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı Lənkəran RQİİ-nin mütəxəssisləri tərəfindən 23 iyun 2022-ci il tarixdə Lənkəran Xidmət Sahəsi üzrə abonentlərin qaz təsərrüfatına baxış keçirilən zamanı ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan qeyri-yaşayış sahəsində (“Eti” marketdə) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdankənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlanmış və bu barədə akt tərtib edilmişdir. Aşkar edilmiş hadisə nəticəsində təbii qaz itkisi aidiyyatı komissiya tərəfindən müvafiq təlimata uyğun olaraq hesablanmış və İddiaçı İB-nin Lənkəran RQİİ-nə 12528,00 maddi ziyan dəyməsi müəyyən edilmişdir. Bundan sonra tələbnamə ilə cavabdehdən hesablanmış 50112 m3 qazın məbləğinin ödənilməsi tələb edilmişdir. Eyni tələb cavabdehə ünvanlanmış pretenziya məktubunda da irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, qanunsuz xətt çəkilməsi barədə müvafiq akt tərtib olunmasına, bu barədə cavabdehə tələbnamə və pretenziya təqdim edilməsinə baxmayaraq cavabdeh buna etirazını bildirməmiş, vurulmuş ziyanla bağlı aktı mübahisələndirməmişdir. Məhkəmə şərh olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən sayğacdan kənar xətt çəkilərək təbii qazdan qanunsuz istifadə edilməsi faktı işdə olan sənədlərlə, o cümlədən foto və video görüntülərlə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə məxsus olan qeyri-yaşayış sahəsində yoxlama aparılarkən sahibkarlıq sahəsində aparılan yoxlamalara dair qanunvericiliyin tələblərinə əməl edilərək yoxlama barədə məlumatın vaxtında və lazımi qaydada müvafiq reyestrdə qeydiyyata alınması təmin edilmişdir. Məhkəmə göstərilənləri yekunlaşdıraraq bu qənaətə gəlir ki, iddia tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi hissəsində də əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-2-ci maddəsinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qanunun 6-cı maddəsinin 2-ci bəndinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.7-ci bəndinə əsasən, qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir; “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində də göstərilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Məhkəmə, iddianın mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə və qanunsuz hərəkətlərə yol verdiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı 129,58 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 13194,20 manat borc və 205 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 13399,2 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 129,58 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-420/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-420/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver