Məhkəmə qərarları › İş №e-2-2(121)-445/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-445/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-445/2021 27.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh “X10 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh “X10 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına qarşı – təbii qaza görə yaranmış borcun tutulması barəsində iddiasına dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadə etdiyinə görə yaranmış 65.716,13 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ******************** hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı ilə “X10 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 29.01.2020ci il tarixli, AKX-0775/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Ağcabədi rayonu, Taxta körpü qəsəbəsində yerləşən “X10 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı İddiaçı İB-nin Tərtər RQİİ-nin Ağcabədi xidmət sahəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilənin bəndlərinə əsasən üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh “X10 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı müqavilə üzrə irəli gələn öhdəliklərinə əməl etməmişdir. Belə ki, İddiaçı Tərtər X7 İdarəsinin Ağcabədi xidmət sahəsinin nümayəndələri tərəfindən qeyri-əhali istehlakçısı “X11 Sanayi və Ticarət A.Ş”nin Azərbaycan Respublikasındakı filialına məxsus G-400 markalı 80129651 nömrəli qaz sayğac üzərinin oxunması ilə bağlı baxış keçirən zamanı qaz sayğacından qaz keçdiyi, lakin elektron və mexaniki hissə qeydə almadığı müəyyən olunmuşdur. Bu səbəbdən 12.03.2020-ci il tarixdə “X11 Sanayi və Ticarət A.Ş”nin Azərbaycan Respublikasındakı filialına məxsus G-400 markalı 80129651 nömrəli qaz sayğacı xəttdən çıxarılmış Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasında texniki baxış keçirilmiş və ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, pər kiplənmiş, gövdənin daxilində daş parçaları aşkarlanmışdı. Pərlərin dişlərinin bəziləri qırılmış və ekranda “ERR” işarəsi olmuş, arxivlərə əsasən elektron hissədə qaz həcmi fasilələrlə qeydə alınmışdır. İtirilmiş qazın bərpası məqsədilə 28.01.2020-ci il tarixdə quraşdırılmış 80129651 nömrəli sayğacın arxivinə əsasən işləmədiyi 33 günlük üçün hesabat aparılmaqla 329769 m qaz həcmi hesablanmışdır. Tarif Şurasının qərarına uyğun olaraq 329769 m x 0,20 qəpik = 65.953,80 manat itirilmiş qaz hesablanmışdır. “X10 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının İddiaçı Tərtər RQİİ-nin Ağcabədi xidmət sahəsinə 65.716,73 (altmış beş min yeddi yüz on altı manat, yetmiş üç qəpik) manat məbləğində debitor borcu yaranmışdır. Həmin müqavilənin 2.3.1-cı bəndinə əsasən istehlakçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 24.09.1996-cı il tarixli, 494 saylı Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1996-cı il tarixli, 163 saylı Qərarına əsasən plan üzrə aylıq nəzərdə tutulmuş qazın dəyərini əvvəlcədən, yəni hər ayın 1,10 və 20-si tarixlərindən gec olmayaraq “Təchizatçı”nın hesabına və ya “Təchizatçı” göstərən ünvana ödəməlidir. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən sayğacının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi hüquqi şəxslər daşayır. Göstərilən borcun ödənilməsinin təmin edilməsi və qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə Birliyin Tərtər RQİİ tərəfindən “X10 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına 06.07.2020-ci il tarixli, SOCAR**********30490075X00288 saylı pretenziya məktubu təqdim olunsada də hazırkı vaxta kimi borc ödənilməmişdir. Məktubda yaranmış borcun 10 (on) gün müddətində Birliyin müvafiq bank hesabına ödənilməsinin vacib hesab edildiyi, borcun ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı və yaranmış borcdan əlavə məhkəmə xərclərinin tələb ediləcəyi bildirilmişdir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mütəxəssis – Energetika Nazirliyinin Enerji X1 İmişli filialının nümayəndəsi Feyzulla İbadullayev məhkəmə iclasında verdiyi izahatında qeyd etdi ki, təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Ağcabədi rayonu, Taxta Körpü ərazisində yerləşən “X11 Sanayi və Ticarət Anonim Şirkəti”nə (bundan sonra-Şirkət) məxsus G-400 markalı rotor tipli 80129651 nömrəli qaz sayğacı 05.11.2019-cu il tarixində quraşdırılmış və İddiaçı ilə Şirkət arasında 29.01.2020-ci il tarixində AMX-0775/20 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanmış və Tərtər RQİİ-nin 06.02.2020-ci il tarixli telefonoqrammasına əsasən Ağcabədi Xidmət Sahəsinin (bundan sonra - XS) tərəfindən qaz xətti qaz təchizatı mənbəyinə birləşdirilmiş və istehlakçının istifadəsinə verilmişdir. Ağcabədi XS-nin nümayəndələri tərəfindən 12.03.2020-ci il tarixində qaz sayğacının oxunması üçün baxış zamanı, sayğacdan qazın keçdiyini, lakin sayğacın mexaniki və elektron hissəsinin keçən qazı qeydə almadığı müəyyən olunmuşdur. Bu səbəbdən 12.03.2020-ci il tarixində ******* nömrəli akta əsasən G-400 markalı rotor tipli 80129651 nömrəli qaz sayğacı çıxarılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmiş və əvəzinə müvəqqəti olaraq 13.03.2020ci il tarixində ******* nömrəli akta əsasən G-400 markalı, 80108854 nömrəli, elektron və mexaniki göstəricisi ******* m3 olan qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacına Metrologiya Departamentinin laboratoriyasında 14.04.2020-ci il tarixli SS 29/1640-00601 nömrəli akta əsasən texniki baxış keçirilmiş, sayğacın daxilinin çirkli olduğu, gövdənin daxilində daş parçalarının aşkarlandığı, sayğacın pərinin fırlanmadığı, pərin bəzi dişlərinin qırıldığı, ekranda “ERR” işarəsinin olduğu, təzyiq borusu yoxlanılarkən sızmanın olmadığı, temperatur və təzyiq çeviricisinin normal olduğu, lakin elektron göstəricisi olan Vt mexaniki göstəricisindən 767 m3 çox olduğu və arxivlərə əsasən elektron hissədə qaz həcminin nizamsız fasilələrlə qeydə alındığı barədə yekun qərar verilmişdir. Qaz sayğacının yoxlanılması aktına əsasən, Ağcabədi XS-nin nümayəndələri tərəfindən “Qazdan istifadə qaydalarının pozulması haqqında” 30.04.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş və həmin akta əsasən Tərtər RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən dəymiş ziyanın bərpasına dair 30.04.2020-ci il tarixli tələbnaməyə əsasən 33 gün müddətinə 65953,80 manat (33 x 9993 m3 = 329769 m3) məbləğində hesabat aparılmışdır. Müəyyən edilmişdir ki, Şirkətə məxsus qaz sayğacı fevral ayı üzrə aylıq sərfiyyat aktına əsasən 06 fevral 2020-ci il tarixindən - 12 mart 2020-ci il tarixinə kimi 33 gün ərzində elektron göstəricisi 4147 m3, mexaniki göstəricisi 1522 m3 olmaqla qeydə almışdır. Əvəzləyici qaz sayğacı quraşdırıldıqdan sonra, 13 mart 2020-ci il tarixindən 08 aprel 2020-ci il tarixinədək olan 26 gün müddətinə aylıq qaz sərfiyyat aktına əsasən elektron göstəricisi 259826 m3 (259826 m3 : 26 gün = 9993 m3), mexaniki göstəricisi 145652 m3 olmuşdur. Tərtər RQİİ tərəfindən Şirkətin mart ayı üzrə əvəzləyici qaz sayğacı vasitəsilə istifadə etdiyi aylıq sərfiyyata üyğun olaraq, əvvəlki sayğacın normal işləmədiyi 33 gün müddəti ücün 65716,73 manat məbləğində hesabat aparılmış və borcun ödənilməsi tələbi ilə 06.06.2020-ci il tarixli SOCAR**********30490075X00288 nömrəli məktubla Şirkətə müraciət (pretenziya) ünvanlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 3 nömrəli əlavəsinin 2.2-ci bəndinin (qazpaylayıcının vəzifələri) 2.2.6-cı yarımbəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək qaz paylayıcının vəzifələrinə aid edilmişdir. Həmşinin, qaydaların 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Araşdırmanın yekun nəticəsi olaraq, qaz sayğacının kipləşməsi nəticəsində Şirkətin 06 fevral 2020-ci il tarixindən - 12 mart 2020-ci il tarixinə kimi 33 gün olmaqla təbii qaza görə hesablanmış 65.716,73 manat məbləğində qalıq borcunun ödənilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə tərəflərin və mütəxəssisin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 yanvar 2020-ci il tarixli, AMX-0775/20 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına məxsus müəssisəni qazla təmin etməyi, istehlakçı “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan 13.03.2020-ci il tarixli ******* nömrəli akta əsasən, çıxarılmış G-400 markalı rotor tipli 80129651 nömrəli qaz sayğacının əvəzinə müvəqqəti oalraq G- 400 markalı, 80108854 nömrəli, elektron və mexaniki göstəricisi ******* m3 olan qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan 21.04.2020-ci il tarixli SS 29/1640-00601 nömrəli akta əsasən, qaz sayğacına Metrologiya Departamentinin laboratoriyasında texniki baxış keçirilmiş, sayğacın daxilinin çirkli olduğu, gövdənin daxilində daş parçalarının aşkarlandığı, sayğacın pərinin fırlanmadığı, pərin bəzi dişlərinin qırıldığı, ekranda “ERR” işarəsinin olduğu, təzyiq borusu yoxlanılarkən sızmanın olmadığı, temperatur və təzyiq çeviricisinin normal olduğu, lakin elektron göstəricisi olan Vt mexaniki göstəricisindən 767 m3 çox olduğu və arxivlərə əsasən elektron hissədə qaz həcminin nizamsız fasilələrlə qeydə alındığı barədə yekun qərar verilmişdir. İş materiallarında olan qaz sayğacının yoxlanılması aktına əsasən, Ağcabədi XS-nin nümayəndələri tərəfindən “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının əməkdaşı “Əzizov Vüsal” adlı şəxsin iştirakı ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.04.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş və həmin akta əsasən Tərtər RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən dəymiş ziyanın bərpasına dair 30.04.2020-ci il tarixli tələbnaməyə əsasən 33 gün müddətinə 65.953,80 manat (33 x 9993 m3 = 329769 m3) məbləğində hesabat aparılmışdır. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının (abonent kodu **********00031) 65.953,80 manat borcu vardır. İş materiallarında olan İddiaçı “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına ünvanladığı 06.07.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının təbii qazdan istifadəyə görə 01.07.2020-ci il tarixə yaranmış 70.621,77 manat məbləğində borcunun 10 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 18.02.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Energetika Nazirliyinin Enerji X1 İmişli Filialının rəyindən görünür ki, araşdırmanın yekun nəticəsi olaraq, qaz sayğacının kipləşməsi nəticəsində Şirkətin 06 fevral 2020-ci il tarixindən - 12 mart 2020-ci il tarixinə kimi 33 gün olmaqla təbii qaza görə hesablanmış 65.716,73 manat məbləğində qalıq borcunun ödənilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ilə cavabdeh “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmişdir və nəticədə hazırda cavabdehin İddiaçınə 65.716,73 manat borcu vardır. Bununla yanaşı, Ağcabədi XS-nin nümayəndələri tərəfindən qaz sayğacının yoxlanılması aktına əsasən “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının əməkdaşı “Əzizov Vüsal” adlı şəxsin iştirakı ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.04.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən sayğacının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi hüquqi şəxslər daşıyır. Həmin Qaydaların 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə hesab edir ki, “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının 06 fevral 2020-ci il tarixindən 12 mart 2020-ci il tarixinə kimi 33 gün olmaqla təbii qaza görə hesablanmış 65.716,73 manat məbləğ İddiaçınə ödənilməlidir. Ona görə də iddia təmin edilməli, cavabdeh “X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından 65.716,73 manat borc tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə uyğun olaraq öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “X10 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialından 65.716,73 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 65.746,73 (altmış beş min, yeddi yüz qırx altı manat, yetmiş üç qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar