Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-566/2025 11.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən 2022-ci ildə əsassız yazılmış 10259,02 manat borcun silinməsi və ödənilmiş 122 manat dövlət rüsumunun cavabdehdən tutularaq AZ69AİİB******************** saylı hesaba qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC şirkəti 2008-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisi kimi 6 saylı vergilər idarəsində qeydiyyatdadır. Şirkətə məxsus qanuni əsaslarla qaz xətti çəkilmiş və şirkət sayğacla təmin olunmuşdur. Sayğac isə şirkətin ərazisində deyil Cavabdeh İB-nin Lənkəran şəhərində yerləşən qaz paylayıcının ərazisində yerləşir. 17 ilə yaxındır ki, şirkət işlətdiyi qazın pulunu günə gün verir. Heç vaxt Cavabdeh İB-yə şirkətin borcu olmamışdır. Şirkətin aylıq ödənişlərinə də abonentin saldosunda da baxmaq olar. Qış aylarında şirkətin aylıq ödənişi 20000-26000 manat ödəniş edilmişdir. Şirkətin isə əvvəlki aylara heç vaxt borcu olmamışdır. Əsassız borc kimi 2022-ci ildə yazılmış 10259,02 manat borcun silinməsi barədə Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməyə məcbur qalmışdır. Borcun haradan yaranmasını Cavabdeh İB-nin əməkdaşlarından soruşduqda cavab verə bilmədilər. Şirkət yandırdığı qazın pulunu tam şəkildə ödəmişdir. Şirkətə hesablanmış borc qanunsuz və əsassızdır, heç bir qanuna istinad edilmədən yazılmış bir borcdur. Əsassız borcun silinməsi barədə Cavabdeh İB-nə dəfələrlə şifahi və yazılı pretenziya ilə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar.
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, üzürlü səbəbdən xx.xx.2025-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edə bilməmələrini nəzərə alaraq məhkəmə hazırlıq iclasını iştirakıları olmadan keçirilməsini və baxışa təyin edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, onlar, yəni iddiaçı tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu, iş materialları və cavabdeh tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Belə olduğu təqdirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilməli idi. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yəni yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd olunanların nəzərə alınması məhkəmədən xahiş olunur.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, 14 mart 2024-cü il tarixli təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında razılaşma protokolunu məcburiyyət qarşısında imzalamışdır, çünki imzalamayacağı təqdirdə ona qaz verilməyəcəyi bildirilmişdir. Belə olan halda hesab edir ki, razılaşma protokolu qanunsuzdur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verdi, eyni zamanda əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus obyektə aparılan yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmamışdır və Cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış 10259,02 manat borca dair tərtib edilmiş hər hansı akt mövcud deyildir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının sorğusuna isə, sorğuda qeyd olunan sənədlər mövcud olmadığı üçün cavab verilməmişdir. İddiaçı ilə cavabdeh arasında “təbii qazdan istifadəyə görə borcun ödənilməsi haqqında” Razılaşma protokolu imzalanmışdır və həmin razılaşma protokolu ilə "xxxx" ASC təbii qazdan istifadəyə görə Cavabdehnə 10258,67 manat məbləğində debitor borcunun olmasını qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xaiş etdi.
İddia ərizəsinə etiraz:
6. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC Cavabdeh 10259,02 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçı "xxxx" ASC Lənkəran şəhəri, M.Füzuli küçəsi ünvanında, X7 İstismar İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00000 saylı kodla abonent qeydiyyatındadır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.3-cü bəndinə əsasən, sənaye qaz qurğularından istifadə edən istehlakçılar əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərtilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamağı yerinə yetirməlidirlər. İstehlakçılar tərəfindən bu tələblərin yerinə yetirilməməsi qaz sayğacının istismar müddəti ərzində mexaniki hissələrinin aşınması, ölçü elementlərinin çirklənməsi (texniki amillər) nəticəsində normadan artıq xətalara yol verildiyi səbəbindən real istehlak olunmuş qaz həcminin qaz sayğaclarında uçotunun pozulması ilə nəticələnir. Belə olan halda, “Qazdan istifadə Qaydaları"nın 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.6-cı yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq vəzifəsi paylayıcının və 2.3.5-ci yarımbəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək öhdəliyi istehlakçının üzərinə qoyulmuşdur. Bu məqsədlə, Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinin Sənaye qaz sayğaclarına xidmət mərkəzi tərəfindən əhali və qeyri-əhali abonentlərinin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğaclarına texniki xidmət göstərilir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən çıxarılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Məlumdur ki, turbin TRZ və rotor RVG tipli qaz sayğacları təmizlənmiş qeyri-aqressiv və rəvan dəyişən axının kommersiya və ya texnoloji uçotu, o cümlədən qaz təchizatı sistemlərində, eləcə də sənaye qaz qurğularında istifadə edilən və ГОСТ 5542-2014 standartının tələblərinə cavab verən kimyəvi cəhətdən heterogen təbii qaz, həmçinin hava, azot və digər qeyri-aqressiv qazların həcminin ölçülməsi üçün nəzərdə tutulmuş ölçmə vasitəsidir. Bir çox hallarda layihəyə uyğun olaraq seçilmiş qaz sayğacı istehlakçılar tərəfindən layihə gücünə uyğun olmayaraq, həmçinin sayğacın minimal sərfölçmə qabiliyyətindən aşağı həddə (səviyyədə) istifadə olunur ki, belə olan halda da qazın sərfi xəta ilə hesablanır və ya sayğacdan qaz keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Digər tərəfdən, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Belə ki, ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən, təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0,25 %, qazın tərkibindəki azota görə 3,5 % və karbon qazına görə 4,0 % təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən qazdan istifadə qaydaları və qazın alqı-satqısı müqaviləsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsinə, eyni zamanda qaz sayğacının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə ölçmə metodikasına əsasən yerində texniki xidmət göstərilən sənaye tipli qaz sayğaclarının göstəricilərinə uyğun olaraq uçota alınmayan qaz həcminin hesablanması məqsədəuyğun hesab edilir. Göstərilənləri nəzərə alaraq, Lənkəran Kərpic ASC-yə 46632 m3 uçota alınmayan qazın həcmi müəyyən edilmişdir. Bununda məbləği 10259,04 manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin müddəalarını rəhbər tutaraq, "xxxx" ASC-nin borcunun silinməsi barədə iddiasının rədd edilməsini xahiş edir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8. İddiaçı "xxxx" ASC-yə məxsus abonent saldosundan görünür ki, Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-yə (abonent kodu **********00000) akt əsasında 2022-ci ilin dekabr ayında 10259,04 manat borc hesablanmışdır.
9. Cavabdeh tərəfindən verilmiş etirazdan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən uçota alınmayan qazın həcmi 46632 m3 olması müəyyən edilmişdir.
10. İş materiallaarında olan 14 mart 2024-cü il tarixli “təbii qazdan istifadəyə görə borcun ödənilməsi haqqında” Razılaşma protokolunun surətindən görünür ki, "xxxx" ASC təbii qazdan istifadəyə görə Cavabdehnə 10258,67 (on min iki yüz əlli səkkiz manat altmış yeddi qəpik) manat məbləğində debitor borcunun olmasını qəbul edir.
11. İş materiallarında olan pretenziya məktubundan görünür ki, "xxxx" ASC Cavabdehnə müraciət edərək, hesablanmış 10258,67 (on min iki yüz əlli səkkiz manat altmış yeddi qəpik) manat məbləğində borcun hüquqi əsasının olmadığını bildirmiş və quraşdırılmış qaz sayğacına görə **********00000 saylı abonent koduna əsassız hesablanmış borcun silinməsinə dair göstəriş verilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Lənkəran şəhərində yerləşən ASC X7 İstismarı İdarəsinin abonent bazasında **********00000 nömrəli kodla qeydiyyata alınmışdır. Təqdim edilən abonent saldosuna əsasən məlum olmuşdur ki, ASC-nin qaz təchizatı üçün xx.xx.2020-ci il tarixdə Elster tipli, G-650 markalı, 83043477 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Abonent saldosunun “Qalıq və Aktlar” hissəsinə əsasən 2022-ci ilin dekabr ayında 10259,04 manat məbləğində (46632 m3 ) təbii qazın hesabatı aparılmış və ASC-nin abonent saldosuna daxil edilmişdir. Təqdim olunan sənədlərdə qeyd olunan və ödənilməsi tələb olunan 10259,04 manat məbləğində uçotu pozulmuş qazın hesablanması ilə bağlı tərtib edilmiş müvafiq sənədlərin (“Qazdan istifadə Qaydaları”nın pozulması barədə tərtib edilmiş akt və digər əhəmiyyətli sayılan halların) olmadığı nəzərə alınaraq Filiala təqdim olunması ilə bağlı RQİİ-ə sorğu göndərilmiş, lakin RQİİ tərəfindən bu günə qədər hər hansı bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən sözügedən məsələ ilə bağlı mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. b) Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun:
1-ci maddəsinin 8-ci abzasına əsasən qaz paylayıcısı – alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 1-ci maddəsinin 13-cü abzasına əsasən istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. - 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir - 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. - 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. - 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 13-cü maddəsinin 8-1-hissəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 80 saylı, xx.xx.2011-ci il tarixli qərarının:
- 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. - 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 6.5-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. - 6.5-1-ci bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; - istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. - İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
17. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının:
- 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. - 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
18. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
- 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı:
Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsasən Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
22. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyərək, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.
23. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə tərəflər arasında Qaz paylayıcısı (cavabdeh) ilə sənaye qaz qurğusu istifadəçisi (iddiaçı) arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasındakı müqaviləyə əsasən Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
24. İş materiallarından göründüyü kimi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh tərəfindən 2022-ci ildə əsassız hesablanmış 10259,02 manat borcun silinməsini xahiş edir və tələbini onunla əsaslandırılır ki, cavabdeh tərəfindən aparılan yoxlama və hesablanmış 10259,02 manat borc qanunsuzdur. Cavabdeh isə iddia tələbinə etiraz edir və etirazı onunla əsaslandırır ki, iddiaçı tərəfindən “Qazdan istifadə Qaydaları" və həmin Qaydaların 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsi ilə müəyyən olunmuş vəzifələr yerinə yetirilməmiş, qaz sayğacı pasport göstəricilərinə uyğun istismar edilməmişdir. Eyni zamanda istinad olunur ki, iddiaçı ilə cavabdeh arasında “təbii qazdan istifadəyə görə borcun ödənilməsi haqqında” Razılaşma protokolu imzalanmışdır və həmin razılaşma protokolu ilə "xxxx" ASC təbii qazdan istifadəyə görə Cavabdehnə 10258,67 manat məbləğində debitor borcunun olmasını qəbul etmişdir.
25. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçı əsassız hesablanmış 10259,02 manat borcun silinməsini xahiş etdiyindən, cavabdeh isə iddia tələbinə etirazını iddiaçının “Qazdan istifadə Qaydaları" və həmin Qaydaların 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsi ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi, həmçinin qaz sayğacını pasport göstəricilərinə uyğun istismar etməməsinə istinad etdiyindən, hesablanmış 10259,02 manat borcun qanuniliyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
26. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən uçota alınmayan 46632 m3 qazdan istifadə nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən uçota alınmayan qazdan istifadə edildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki yuxarıda qeyd olunan normativ aktların tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
27. Eyni zamanda cavabdehin nümayəndəsinin izahatından və işdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, “Qazdan istifadə Qaydaları”nın pozulması barədə tərtib edilmiş akt və digər əhəmiyyətli sayılan hallar mövcud olmamışdır. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 80 saylı, xx.xx.2011-ci il tarixli qərarının və digər normativ aktların tələblərinə riayət etmək cavabdehin də vəzifəsidir.
28. Məhkəmə işin araşdırılan hallarına əsasən qeyd edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 29.Məhkəmə tərəflər arasında imzalanmış 14 mart 2024-cü il tarixli “təbii qazdan istifadəyə görə borcun ödənilməsi haqqında” Razılaşma protokoluna hüquqi qiymət verərək qeyd edir ki, həmin razılaşma protokolu əqddir və mülki qanunvericilikdə əqdlər üçün nəzərdə tutulmuş bütün məcburi göstərişlər və normativ tələblər razılaşma protokoluna da də şamil edilir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu kimi əsas tələblər barışıq sazişinin də etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri tələblərdir.
30. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, iddiaçı "xxxx" ASC iddiaçıya ünvanladığı pretenziya məktubda 10259,02 manat borcun qanuni əsasının olmadığını bildirib silinməsini xahiş etməklə, həmin məbləğin cavabdeh tərəfindən borc kimi qəbul edilməsini nəzərdə tutan 14 mart 2024-cü il tarixli “təbii qazdan istifadəyə görə borcun ödənilməsi haqqında” Razılaşma protokolunu da mübahisələndirmişdir. Belə ki, əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 14 mart 2024-cü il tarixli “təbii qazdan istifadəyə görə borcun ödənilməsi haqqında” Razılaşma protokolu etibarsızıdır və müvafiq hüquqi nəticəyə səbəb ola bilməz.
31. Qeyd olunan qənaətə gələrkən məhkəmə iddiaçının nümayəndəsinin izahatında qeyd etdiyi “borcun ödənilməsi haqqında razılaşma protokolunu məcburiyyət qarşısında imzalamışdır, çünki imzalamayacağı təqdirdə ona qaz verilməyəcəyi bildirilmişdir” sözlərini inandırıcı hesab etmişdir. Ona görə ki, iddiaçının həmin sözləri məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən təkzib edilməmişdir. Bundan başqa, 14 mart 2024-cü il tarixli “təbii qazdan istifadəyə görə borcun ödənilməsi haqqında” Razılaşma protokolunun 1.4-cü bəndində iddiaçının götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul etdiyi qeyd olunur. Bütün bunlar, həmçinin cavabdehin təbii inhisar subyekti olması nəzərə alındıqda ağlabatan mühakimə yolu ilə cavabdehin iddiaçıya qazın veriləcəyinin dayandırılacağını bildirməklə, sonununun iradə ifadəsini zədələmiş olduğu istisna edilmir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 10259,02 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyətinun abonent hesabından (abonent kodu **********00000) silinməlidir.
Məhkəmə xərcləri:
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 121 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir
Nəticə:
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən 2022-ci ildə əsassız hesablanmış 10259,02 (on min iki yüz əlli doqquz manat, iki qəpik) manat borc "xxxx" ASC-nin abonent hesabından (abonent kodu **********00000) silinsin və ödənilmiş dövlət rüsumuna görə 121,4 (bir yüz iyirmi bir manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin AZ69AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev