Məhkəmə qərarları › İş №e-2-2(121)-576/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-576/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-576/2024 14.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə və Cavabdeh Səttər qızının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh Səttər qızına qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı ”Azəriqaz” İstehsalat Birliyi Cavabdeh Səttər qızına qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Səftər qızından istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 17709,10 manat əsas borc məbləğinin və mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” xx.xx.2019-cu il tarixli AMX-7664/19 nömrəli müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və İddiaçınə 17709,10 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəfimizdən xx.xx.2023-cü il tarixdə elektron portal vasitəsilə pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.6-cı bəndinə əsasən cavabdehə mübahisənin həll olunması üçün ilkin mediasiya sesiyasında iştirak etmək üçün mediasiyaya dəvət məktubu göndərilmişdir. ”Azəriqaz” İB-nin və cavabdehin nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etsədə razılıq əldə olunmadığı üçün ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli MŞS/MT-028/2023/0220K nömrəli ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdeh Səttər qızının vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim etdiyi etirazda bildirmişdir ki, iddia tələbi üzrə iddia müddəti tətbiq edilməli və iddia ərizəsi rədd edilməlidir. Hazırki iddia tələbi üzrə iddia müddəti iddiaçı tərəfindən üzürsüz səbəbdən ötürülmüşdür. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh Səftər qızı ilə İddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli AMX-7664/19 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 7.2-ci bəndində tərəflərin qarşılıqlı razılığı əsasında müqavilənin müddəti 1 (bir) il müəyyən edilmişdir. Həmin müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Cavabdeh tərəfindən istixanada 2020-ci ilin aprel ayınadək qazdan istifadə olunaq ödənişlər edilmişdir. Sonuncu dəfə 2020-ci ilin mart ayında ödəniş olunmuş, 17709 manat 10 qəpik qalıq borc qalmışdır. Həmin müddətdən sonra Cavabdeh tərəfindən istixanda qazdan istifadə olunmamış, Azəriqaz İB ilə heç bir müqavilə bağlanmamışdır. İddiaçı borcla bağlı Cavabdeh heç bir bildiriş, hesab-faktura göndərilməyib. İddiaçı ilə bağlanmış müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə başa çatıb. İddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün AR MM-si ilə müəyyən edilmiş 3 illik iddia müddətində məhkəməyə müraciət etməmiş, iddia müddəti başa çatdıqdan sonra məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan əsasları nəzərə alaraq məhkəmədən İddiaçı Cavabdeh Səftər qızına qarşı istixanada təbii qazdan istifadəyə görə yaranmış 17709 manat 10 qəpik əsas borc məbləğinin və mediasiya sesiyası üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Səttər qızının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında iddiaçıya 17709,10 manat məbləğində borclarının olduğunu qəbul etdiyini, lakin borcun məhkəmə qaydasında tələb edilməsi üçün nəzərdə tutulmuş iddia müddətinin iddiaçı tərəfindən üzürsüz səbəbdən buraxıldığını bildrid və iddia müddəti tətbiq edilərək iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh Səttər qızı məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Səttər qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, işdə iştirak edən tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli AMX-7664/19 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Səttər qızı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və qiraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir; 7.1-ci bəndinə əsasən, bu Müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir; 7.2-ci bəndinə əsasən, bu Müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilir; 7.3-cü bəndinə əsasən, İstehlakçı bu Müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə və ya qanunvericilik aktlarına əsasən Paylayıcı tərəfindən təqdim edilən xidmətlər üzrə şərtlər dəyişmədikdə, Müqavilənin müddəti hər növbəti il üçün uzadılmış hesab olunur. Bu halda yeni Müqavilənin bağlanılması tələb olunmur; 7.4-cü bəndinə əsasən, İstehlakçı bu Müqavilənin vaxtından əvvəl ləğv edilmısi hüququnu özündə saxlayır. Lakin bu tərəfləri Müqavilə üzrə öhdəliklərin icra edilməsi məsuliyyətindən azad etmir. İş materiallarında olan Cavabdeh Səttər qızının abonent saldosunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Səttər qızına 17709,10 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli dəvəti ilə Salyan 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında Cavabdeh Səttər qızı işitrak etməmişdir. Həmin arayışdan və ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə, iş materiallarına əsasən müəyyən edir ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2019-cu il tarixli AMX-7664/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə ilə rəsmiləşdirmişlər. Həmin müqavilənin şərtlərinə görə iddiaçı (Paylayıcı) cavabdehi (İstehlakçını) keyfiyyətli qazla təmin edir, cavabdeh isə istehlak etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edərək cavabdehi təbii qazla fasiləsiz təmin etdiyini, lakin cavabdehin istifadə etdiyi qazın dəyərini tam şəkildə ödəmədiyini və nəticədə cavabdehin qazdan istifadəyə görə ödənilməmiş 17709,10 manat məbləğində borcunun qaldığını iddia edir. İddiaçı tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, abonentin saldosunda olan məlumatlara, həmçinin borcun ödənilməsi ilə əlaqədar cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbinə dair subyektiv hüququnun mövcudluğu və həmin hüququn cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulması iş materiallarında olan sənədlərlə tam sübut olunur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin şərtlərinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə aiddir. Lakin işdə olan cavabdehin abonent saldosunda olan məlumatlardan görünür ki, cavabdehin təbii qazdan istifadəyə görə iddiaçıya ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, təbii qazdan istifadəyə görə tələb olunan borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında və məhkəmə iclaslarında verdiyi izahatlarında təbii qazdan istifadəyə görə iddia ərizəsində göstərilən məbləğdə iddiaçıya borclu olduqlarını etiraf etmişdir, iddia tələbini iddia müddəti ötürüldüyünə görə qəbul etmədiklərini bildirmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, abonentin saldosunda olan məlumatları və cavabdehin nümayəndəsinin etirafını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən hesablanmış qazın dəyərinin şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş mübahisəsiz faktiki halları belədir ki, tərəflər arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək istehlakçını qazla təmin etmiş, lakin cavabdeh aldığı qazın dəyərini tam ödəməmişdir və nəticədə onun iddiaçıya 17709,10 manat məbləğində ödənilməmiş borcu qalmışdır. . Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh Səttər qızına qarşı 17709,10 manat məbləğində istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsinə dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi üzrə hüquqi qiymətləndirmə apararaq hesab edir ki, ərizə əsassızdır. Belə ki, cavabdeh iddia müddətinin tətbiqinə dair xahişini onunla əsaslandırmışdır ki, tərəflər arasında təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı əsasında 1 (bir) il müəyyən edilmişdir və müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Cavabdeh tərəfindən sonuncu dəfə 2020-ci ilin mart ayında ödəniş olunmuş, həmin müddətdən sonra Cavabdeh tərəfindən istixanda qazdan istifadə olunmamış, Azəriqaz İB ilə heç bir müqavilə bağlanmamışdır. İddiaçı borcla bağlı Cavabdeh heç bir bildiriş, hesab-faktura göndərilməmiş, müqavilənin müddətinin xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq iddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş 3 illik iddia müddətində məhkəməyə müraciət etməmiş, iddia müddəti başa çatdıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə müəyyən edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli AMX-7664/19 nömrəli müqavilənin 7.2-ci, 7.3-cü və 7.4-cü bəndlərinin birgə təhlilindən göründüyü kimi, müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilsə də, tərəflər razılaşmışlar ki, istehlakçı (cavabdeh) müqavilə müddətinin bitməsinə bir ay qalmış müqavilənin ləğv edilməsi barədə təşəbbüs göstərmədikdə və ya qanunvericilik aktlarına əsasən Paylayıcı tərəfindən təqdim edilən xidmətlər üzrə şərtlər dəyişmədikdə, müqavilənin müddəti hər növbəti il üçün uzadılmış hesab olunur və bu halda yeni müqavilənin bağlanılması tələb olunmur. Bununla yanaşı İstehlakçıya (cavabdehə) əlavə olaraq müqaviləni vaxtından əvvəl ləğv etməsi barədə hüquq tanınmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müqavilənin onun işitrakçılarının birinin təşəbbüsü ilə ləğv edilməsi, müqavilədən birtərəfli imtina edilməsi, həmçinin müqaviləyə xitam verilməsi barədə qarşı tərəfə və ya məhkəməyə müraciət edilməsi ilə bağlı heç bir hal aşkar edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab olaraq onlar tərəfindən müqavilənin ləğv edilməsi barədə hər hansı bir təşəbbüs göstərilmədiyini və ya hərəkət edilmədiyini bildirmişdir. İddiaçı isə yalnız xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiyaya dair təklif göndərərək yaranmış borcun ödənilməsinə dair mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında müqavilə münasibətləri davam etdiyinə görə həmin müqavilə üzrə yaranmış öhdəliyə dair tələblər üzrə iddia müddətinin axımının başlanmasından söhbət gedə bilməz. İddiaçının mediasiyaya dəvət təklifi müqavilədən imtina kimi qiymətləndirilsə belə, yenə də müddətin keçmədiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqinə dair cavabdehin nümayəndəsinin ərizəsi təmin edilməməli, mübahisə mahiyyəti üzrə tərəflərin müqavilə üzrə öhdəliklərinə qiymət verilməklə həll edilməlidir. Məhkəmə, iddianın mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı 143,13 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh Səttər qızından “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli AMX-7664/19 nömrəli müqaviləyə əsasən istehlak edilmiş təbii qaza görə yaranmış 17709,10 manat məbləğində borc məbləği və 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 17909,10 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 143,13 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh Səttər qızından tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar