Məhkəmə qərarları › İş №e-2-2(121)-79/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-79/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-79/2023 17.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – borcun silinməsi barəsində iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – 039682 nömrəli, xx.xx.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1716 manat borcun silinməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Sahibkarlara göstərilən diqqət və qayğının nəticəsi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Fəaliyyəti ilə əlaqədar da bütün vergi, kommunal və s. ödənişlərini həmişə vaxtlı vaxtında ödəmişdir. Lakin bəzi qurumların sahibkarların fəaliyyətinə süni əngəllər yaratması işlərində çətinliklər yaradır. Belə ki, fəaliyyət göstərdiyi obyektdə elektrik enerjisindən istifadə etdiyinə görə "xxxx" ASC-yə vaxtlı vaxtında ödənişlər etmişdir. Bir abonent kimi də öhdəliklərindən heç vaxtı boyun qaçırmamışdır. Lakin "xxxx" ASC-nin əməkdaşları xx.xx.2021-ci il tarixdə barəsində 039682 nömrəli qanunsuz akt tərtib edərək onu cərimə etmişdirlər. Həmin akta əsasən güya ona məxsus istirahət mərkəzinin sayğacının ekranında maqnit izləri aşkar edilmişdir. Sayğaca heç bir müdaxilə etməmiş və ya onun fəaliyyətinə maqnit və ya hər hansı vasitələrlə müdaxilə etməmişdir. Barəsində yazılan akt həqiqəti əks etdirmir. Çünki bu barədə X3 müraciət edəndə hər hansı bir sübut təqdim edə bilmədiklərindən məsuliyyəti bir-birlərinin üzərinə ataraq ona konkret heç bir cavab verə bilməmişdirlər. Əgər onlar bunu iddia edirlərsə, onda pozuntunu hər hansı vasitələrlə təsdiq edən sübutları həm də məhkəməyə təqdim etməlidirlər. Həqiqət isə ondan ibarətdir ki, həmin obyektin sayğacına heç kim baxış keçirməmiş, heç bir qanun pozuntusu, maqnit və ya başqa nöqsan aşkar edilməmişdir. Yox əgər doğrudan da obyektin sayğacına baxış keçirib akt tərtib ediblərsə, obyektin sahibi kimi ya onu, ya da oradan çalışan hər hansı şəxsi çağırıb aşkar etdikləri pozuntunu ona göstərməli və yerində akt tərtib edilməli idi. Əgər bütün bunlardan xəbəri yoxdursa, deməli bu yoxlamanı qanunların tələbi pozularaq, xəbərsiz, özbaşına və gizli şəkildə ediblər. Bu da ki, qanuni hesab edilə bilməz. Yuxarıda qeyd edilən haqsızlıqlar və Masallı elektrik şəbəkəsinin əməkdaşlarının özbaşınalıqları nəticəsində yazılmış bu cəriməni qanunsuz hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən əvvəl Mediasiya prosesini başlatmış, Lənkəran 1 saylı Mediassiya təşkilatında mediasiya prosesində cavabdeh təşkilat iştirak etmədiyindən ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə mediasiya arayışı verilmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən "xxxx" ASC tərəfindən tərtib edilmiş 039682 saylı xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən iddiaçıya məxsus obyektdə elektrik sayğacına baxış keçirilən zaman sayğacın ekranında maqnit izləri olması, ekran tablosunda (maqa) maqnit xəbərdarlığı yazısının olması məlum olmuşdur. Aktda həmçinin, elektrik sayğacının yenisi ilə əvəz edilməsi, laboratoriya şəraitində yoxlanılıb rəy verilməsi, itirilmiş enerjinin bərpasının təmin olunması qeyd edilmişdir. İşdən görünür ki, xx.xx.2021-ci il tarixli “qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər”ə əsasən hesabat aparılmış və hesablanmış 1716,39 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Lənkəran filialının 3-15-2-4/2-46/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində sözügedən obyekt "xxxx" ASC-nin məlumat bazasında **********5 kodu ilə Nümayəndə adına qeydiyyatdadır. Abonent cədvəli təhlil edilərkən məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixində abonentin hesabına 110,66 manat məbləğ "xxxx" ASC dövründə istifadə edilən “ETAİS” proqram bazasından keçirilmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları tərəfindən obyektin sayğacı yeni müasir tipli sayğacla əvəz olunmuş və “sayğac alınması və quraşdırması” adı ilə 138 manat məbləğ abonentin hesabına daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) 7.6-cı bəndinin 1-ci abzasının tələbinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində obyektin hesablaşma elektrik sayğacına baxış keçirilmiş və sayğacın ekranında maqnit izlərinin olması və ekran tablosunda maqnit xəbərdarlığı yazısının olması ilə əlaqədar 039682 nömrəli akt tərtib edilmişdir. Akta əsasən xx.xx.2021-ci il tarixində sayğac dəyişdirilmişdir. Çıxarılan sayğaca "xxxx" ASC-nin laboratoriyasında “AZS” möhürünün normal olması, sayğacın proqram əlavəsi oxunan zaman sayğaca maqnit vasitəsilə müdaxilə olunması barədə laboratoriya rəyi verilmişdir. 039682 nömrəli akta əsasən gücə görə 104 gün üçün yenidən hesablaşma aparılaraq dəyəri 1716,39 manat olmaqla 18191 kVts əlavə elektrik enerjisi sərfiyyatı abonentin hesabına daxil edilmişdir. Qaydaların 7.6-cı bəndinin 2-ci abzasının tələbinə əsasən, hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Qeyd edilənləri nəzərə almasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsinə etiraz etməmişdirlər. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASCnin əməkdaşları tərəfindən iddiaçıya məxsus olması bildirilən obyektin sayğacına baxış keçirilən zaman sayğacın ekranında maqnit izləri olması, ekran tablosunda (maqa) maqnit xəbərdarlığı yazısının olması aşkar edilmiş, sayğac yenisilə əvəz olunmuş və çıxarılan sayğac yoxlanılmaqdan ötrü laboratoriyaya göndərilmişdir. Buna görə də, 039682 saylı xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçıya 1716,39 manat məbləğində borc hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, elektrik sayğacının ekranında maqnit izləri olması, ekran tablosunda (maqa) maqnit xəbərdarlığı yazısının olması daxili qüsur nəticəsində pozulmuşdur. Yəni, sayğaca hər-hansı müdaxilə olmamış, sayğacın ekranında maqnit izlərinin olmasında, ekran tablosunda (maqa) maqnit xəbərdarlığı yazısının olmasında hər hansı neqativ halların aşkar edilməsi və istehlakçının təqsiri müəyyən edilməmişdir. Belə olan halda isə, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən müəyyən edilməli idi. Lakin iş materiallarında belə bir razılığın olması müəyyən olunmur. Yəni, "xxxx" ASC tərəfindən 1716,39 manat borc məbləği birtərəfli qaydada və qanunvericiliyin tələblərinə zidd olaraq, istehlakçının razılığı olmadan hesablanmışdır. Bundan başqa, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Həmin Qaydaların 10.18.9-cu bəndinə əsasən, elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə borcludur. İşdən də aydın olur ki, hazırki mübahisə enerji təchizatı müəssisəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent arasında elektrik enerjisindən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətdir. İddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıbaparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinin tələbinə görə, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Odur ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia isə təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 37,16 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 039682 saylı xx.xx.2021-ci il tarixli akt etibarsız hesab edilsin. "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 1716 manat məbləğində borc silinsin. 37,16 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar