Məhkəmə qərarları › İş №e-2-2(121)-86/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-86/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-86/2021 27.01.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı “xxxx” Şirkətinin cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Şirkəti cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, “xxxx” ASC tərəfindən “xxxx” Şirkətinə hesablanmış 2.777,84 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “xxxx” Şirkəti tərəfindən məhkəməyə iddia həcminin dəyişdirilməsi (artırılması) barədə ərizə ünvanlanaraq, məhkəmədən xxxx” ASC tərəfindən “xxxx” Şirkətinə hesablanmış 3.664,80 manat məbləğində borcun silinməsini xahiş edilmişdir. İddia ərizəsi və iddia həcminin dəyişdirilməsi (artırılması) barədə ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” Şirkəti bazar formasında işləməklə, 120 dən çox mağazanı sahibkarlara icarəyə vermişdir. Şirkət “xxxx” ASC ilə müqavilə bağlayaraq hər ay işlədilən aylıq enerji haqqını xxxx ASC-yə ödəmişdir. Lakin şirkətin transfarmatorunda olan ötürücü qutuda nazaslıq olduğundan və şirkətin bir hissəsinə işıq gəlmədiyindən iyun ayının əvvəllərində Asan Xidmət mərkəzində “xxxx” ASC-yə ərizə yazılaraq həmin nasazlığın aradan qaldırılmasını xahiş etmişdirlər. Bundan sonra “xxxx” ASC-in işçiləri xx xxxx 2020ci ildə şirkətin ərazisində yerləşən transformatorda olan sayğac uçot dəstinə baxış keçirmişlər, ******* kod nömrəli, 400 volt VVA trasformatorda sayğacın uçot dəsti olan qutuda 608466 saylı plombla möhürlənməsi akta qeyd edilmiş, həmin aktda əsasən isə, qeyd edilən sayğacın plombunun qırılması və boşluğun aradan qaldırılması və yenidən möhürlənməsi qeyd edilmişdir. Həmin akt əsasında möhür qırılmış, naqillərdə olan boşluq aradan qaldırılmışdır. Şirkət iyul ayı üçün istifadə etdikləri elektrik enerjisinin dəyəri olan 2.050 manat pulu xx.xx.2020-ci il tarixdə ödədikdən sonra, yenidən şirkətə bildiriş gələrək xx.xx.2020-ci il tarixə şirkətin guya 2.777 manat borcunun olması qeyd edilmişdir. Bunla bağlı X2 ilə əlaqə saxlayanda onlar bildirmişdirlər ki, naqillərdə boşluq olan vaxt həmin boşluğu aradan qaldıran zaman akt yazılmış, həmin akta əsasən şirkətə borc hesablanmışdır. Bundan sonra “xxxx” ASC-in X2 şirkətə xx.xx.2020-ci il tarixdə 3037 saylı xəbərdarlıq məktubu göndərərək şirkətin 2.777,84 manat borcunun olmasını və həmin pulu xx.xx.2020-ci il tarixə kimi ödənilməsini, əks halda xx.xx.2020-ci il tarixdə saat 12:00da elektrik enerjisinin verilməsinin dayandıracaqlarını bildirmişdirlər. xx.xx.2020-ci il tarixdə borc bildirişindən sonra 2.050 manat pulu ödədikdən sonra yenidən bir gün sonra xx.xx.2020-ci ildə şirkətə 2.777 manat borc hesablanmışdır. Əgər şirkətin borcu var idisə, nə üçün xx.xx.2020-ci il tarixdə həmin borcu şirkətə təqdim edilməmişdir. İşıq idarəsindən aldıqları sərfiyyat və ödəniş cədvəlinə nəzər yetirəndə görünür ki, həmin 3.664 manat artıq hesablanmış borc 033240 saylı akt əsasında yazılmışdır. Halbuki, qeyd edilən aktda hər hansı bir qüsur və müdaxilə qeyd edilməmişdir. “xxxx” ASC əsassız olaraq şirkətə borc hesablamışdır. Ona görə də, bütün bu sadalananları nəzərə alıb belə hesab edirlər ki, “xxxx” ASC tərəfindən hesablanmış 3.664,80 manat borc silinməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “xxxx” Şirkətinin və cavabdeh “xxxx” ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin iddiaçı “xxxx” şirkəti elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməklə, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il və xx.xx.2020-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, tərəfllər arasında elekrtik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, ********* saylı ödəniş vərəqindən görünür ki, “xxxx” şirkətindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək istifadə olunan elektrik enerjisinin haqqını təşkil edən 1.163,60 manat borcun ödənilməsi “xxxx” ASC tərəfindən tələb olunmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, ********* saylı ödəniş vərəqindən görünür ki, “X1 Qaydaları”nın pozulması haqqında Rİ 033240 saylı akta əsasən, “xxxx” şirkətinə hesablanmış 3.664,80 manat borc olmaqla, ümumilikdə 4.828,40 manat borcun ödənilməsi “xxxx” ASC tərəfindən tələb olunmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin 3037 saylı xəbərdarlıq məktubundan görünür ki, “xxxx” ASC tərəfindən “xxxx” şirkətinə xəbərdarlıq ünvanlanılaraq elektrik enerjisinin sərfiyyatına görə yaranmış 2.777,84 manat borcun ödənilməsi “xxxx” şirkətindən tələb olunmuş, əks halda “X1” Qaydalarının 9.13.5 bəndinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə, saat 12:00-da xəbərdarlıq edilmədən elektrik enerjisinin verilişinin dayandırılacağı barədə “xxxx” şirkəti məlumatlandırılmışdır. İş materiallarında olan “xxxx” ASC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 033240 saylı aktda qeyd edilmişdir ki, abonentin Asan Xidmətə ərizəsi əsasında obyektə məxsus sayğacın uçot dəstinə baxış zamanı məlum oldu ki, uçot dəsti yerləşən qutunun daxilində yerləşən naqillərin birində boşluq yaranmışdır. Qutuya vurulmuş 658466 saylı möhürdür. Abonentə məxsus ******* kod nömrəli kvA transformatorun 0,4 lı-luq çubuqları 6084621, 6084631, 608464 saylı möhürlərlə möhürlüdür. Sayğac uçot dəsti yerləşən qutu 608466 saylı möhürlə möhürlüdür. Sayğac uçot dəsti olan qutuya vurulmuş 608466 saylı möhür qırılıb, boşluq aradan qaldırılsın və yenidən möhürlənib abonentin nümayəndəsinə təhvil verilsin. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən və abunə haqqında məlumatın təsdiq edilmiş surətindən görünür ki, abonent “xxxx” şirkətinin elektrik hesabat sayğacının naqillərində qüsur yarandığı üçün şirkətə xx.xx.2020-ci il tarixli, Rİ 033240 saylı akta əsasən, 3.664,80 manat borc hesablanmışdır. İş materiallarında olan X1yə görə “xxxx” ASC ilə “xxxx” Şirkəti arasında tərtib olunmuş üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün tərəflər arasında qarşılıqlı üzləşmə aparılmış və “xxxx” şirkətinin xx.xx.2020-ci il tarixə olan borcunun miqdarı 4.738,79 manat müəyyən edilmişdir. Üzləşmə aktı yalnız “xxxx” ASC tərəfindən imzalanaraq mörlənmiş, “xxxx” Şirkəti tərəfindən imzalanmamış və möhürlənməmişdir. İş materiallarında olan “xxxx” şirkəti tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, “xxxx” şirkəti ona hesablanmış borcun silinməsini “xxxx” ASC-dən xahiş etmişdir. Məhkəmə müəyyən etdi ki, tərəflər arasında yaranmış mübahisə enerji təchizatı müəssisəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent arasında X1 qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş 033240 saylı aktdan göründüyü kimi cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə elektrik enerjisi uçotu və EEİ Qaydalarına riayət olunmasının yoxlanılması keçirilmiş və yoxlamanın (baxışın) nəticələri xx.xx.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Daha sonra isə həmin aktın məlumatları əsas götürülməklə iddiaçıya 3.664,80 manat borc hesablanmışdır. İddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış X1 qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1” Qaydalarının 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə bir daha qeyd edir ki, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər, lakin bu iş materiallarında öz təsdiqini tapmır. Digər tərəfdən, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 033240 saylı akt yalnız cavabdehin nümayəndələri tərəfindən imzalanmış və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. Ümumiyyətlə iş materiallarında olan və cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş hər-hansı sənəddə iddiaçının nümayəndəsinin imzası yoxdur. Bundan başqa, xx.xx.2020-ci il tarixli, 033240 saylı aktda qeyd olunmuşdur ki, abonentin Asan Xidmətə ərizəsi əsasında obyektə məxsus sayğacın uçot dəstinə baxış zamanı məlum oldu ki, uçot dəsti yerləşən qutunun daxilində yerləşən naqillərin birində boşluq yaranmışdır. Qutuya vurulmuş 658466 saylı möhürdür. Abonentə məxsus ******* kod nömrəli kvA transformatorun 0,4 lı-luq çubuqları 6084621, 6084631, 608464 saylı möhürlərlə möhürlüdür. Sayğac uçot dəsti yerləşən qutu 608466 saylı möhürlə möhürlüdür. Sayğac uçot dəsti olan qutuya vurulmuş 608466 saylı möhür qırılıb, boşluq aradan qaldırılsın və yenidən möhürlənib abonentin nümayəndəsinə təhvil verilsin. Göründüyü kimi, qeyd olunan aktda abonent tərəfindən hər-hansı qanunsuz hərəkətə yol verilməsi, kənar xəttin qoşulması, sayğaca müdaxilə edilməsi, enerji itkisinə yol verilən və digər neqativ halların aşkar edilməsinə dair hər-hansı hal müəyyən edilməmişdir. Sayğacın uçot dəsti yerləşən qutunun daxilində yerləşən naqillərin birində boşluğun yaranması nəticəsində isə sayğacın düzgün işləməməsi, sərfiyyatın düzgün aparılmaması, xronometraj aparılması, cavabdehə ziyan dəydiyinin müəyyən olunması və digər hallar da müəyyən edilməmişdir. Belə olan halda isə, yalnız naqillərin birində boşluğun yarandığı, bunun hansı nəticələrə gətirib çıxarmasına dair hər-hansı halın müəyyən olunmadığı və bunun iddiaçının iştirakı olmadan, yalnız cavabdeh təşkilatın nümayəndələri tərəfindən müəyyən edildiyi vəziyyətdə cavabdeh tərəfindən həmin akta əsasən iddiaçıya 3.664,80 manat borcun hesablanmasını məhkəmə əsassız hesab edir. Digər tərəfdən, xx.xx.2020-ci il tarixli qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərin surətindən görünür ki, itirilmiş enerjinin həcmi 60 kvt X 12 saat X 82 gün = 59.040 kvt.s, 59.040 – 18.320 = 40.720 kvt.s X 0,09 = 3.664,80 manat müəyyən edilərkən, hesabat müddətinin 84 gün qəbul edilmişdir. Lakin bu müddətin nəyə əsasən qəbul edildiyi, yəni nəyə görə məhz 82 gün ərzində hesabat aparıldığı və 1 saatlıq sərfiyyatın 60 kvt kimi qəbul edildiyi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “xxxx” ASC tərəfindən “xxxx” Şirkətinə (abunə kodu **********4 (**********61001)) hesablanmış 3.664,80 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxx” ASC tərəfindən “xxxx” Şirkətinə (abunə kodu **********4 (**********61001)) hesablanmış 3.664,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar