Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-273/2024 03.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 28 fevral 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ”Kapital Bank” ASC-yə məxsus Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 256.6 kvadratmetr, 221.8 kvadratmetr yaşayış, 34.8 kvadratmetr köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılması; cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 ”Kapital Bank” ASC-yə məxsus Kəngərli rayonu, Qarabağlar kəndində 0.2516 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 256.6 kvadratmetr, 221.8 kvadratmetr yaşayış, 34.8 kvadratmetr köməkçi sahəsən ibarət olan fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat xərcin, dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsində İddiaçı ASC-nin (bundan sonra Bank adlanacaq) Kəngərli Rayon filialı 26 may 2023-cü il tarixli hərracın yekunları barədə protokol və eyni tarixli əmlakların alqı-satqısı barədə müqavilə əsasında Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 256.6 kvadratmetr, 221.8 kvadratmetr yaşayış, 34.8 kvadratmetr köməkçi sahədən ibarət olan fərdi yaşayış evini alaraq, tam mülkiyyət hüququ əldə etdiyini (Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin 02 avqust 2023-cü il tarixli, **********61-10301 reystr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış), ilkin olaraq iş kommersiya mübahisəsi olduğuna görə razılıq əldə olunması məqsədilə Mediasiya Şurasına müraciət olunduğunu, lakin hər hansı bir razılıq əldə olunmadığını, X2 tərəfindən 26 dekabr 2023-cü il tarixli, K-1909 saylı X3 iştirak edlməməsi barədə arayışın verildiyini və arayışın əslinin iddia ərizəsinə əlavə edildiyini, hal-hazırda cavabehlərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus mənzildə yaşaması və qeydiyyatda qalmasının bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyini və bankın mülkiyyətində olan mənzilin üzərində sərbəst sərəncam vermək hüquqlarını pozduğunu, bu səbəbdən cavabdehlərin bankın mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməli olduğunu, iddiaçının tələbinin əsaslandırdığı sənədlərin mülkiyyət çıxarışı olduğunu, hərracın yekunları haqqında protokolun və alqı-satqı müqaviləsinin olduğunu bildirmişdir. Cavabdeh4 18 mart 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iş üzrə İddiaçı ASCnin Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək Kəngərli rayonunun, Qarabağlar kəndi ərazisində yerləşən 0.2373 ha torpaq sahəsindəki 256,6 kv.m yaşayış sahəsindən, 221,8 kv.m yaşayış, 34,8 kv.m. köməkçi sahədan ibarət fərdi yaşayış evinin boşaldılaraq İddiaçıa təhvil verilməsini və mediasiya xərci olaraq ödənilmiş 50 manatın, dövlət rüsumu olaraq ödənilmiş 50 manat rüsumun cavabdehden tutulmasını tələb etdiyini, mübahisələndirilən yaşayış evi üzrə əmlakın cavabdehin 2011-ci ildə İddiaçıdan 4 il müddətinə götürülmüş 30.000 manat vəsait hesabına inşa edildiyini, kredit borcu vaxtında ödənilmədiyindən borcverənin (kreditorun) təşəbbüsü ilə 2 dəfə 19 fevral 2016-cı il ve 29 aprel 2016-cı ildə hərraca çıxarıldığını, alıcısı olmadığından hərracın baş tutmadığını, hər iki hərrac barədə elanın müvafiq olaraq “Şərq qapısı” qəzetinin xx.xx.2016-ci il tarixli, 15 saylı ve xx.xx.2016-ci il tarixli 70 saylı nömrələrində dərc edildiyini, iddiaçının mübahisələndirilən əmlaka xüsusi mülkiyyət hüququnu 26 may 2023-cü ildə həmin əmlak üzrə keçirilən 3-cü hərracın nəticəsində əldə etdiyinin iş materiallarından göründüyünü, həmin əmlak üzrə üçüncü hərracın keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 Oktyabr 2014-cü il tarixli Qərarına zidd olduğunu və özlüyünde heç bir hüquqi nəticə doğura bilməyəcəyini, həmin qərarın əsaslandırıcı hissəsində aydın ifadə olunduğunu - “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ile əlaqədar Konstitusiya Məhkəməsinin Plenumunda “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətinin 25 faiz az olmayan qiymətinə almaq imkanının yalniz bir dəfə verildiyinin qeyd edildiyini, “İpoteka haqqında” qanunun 43.8-ci maddəsinin hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratdığını, habelə ipoteka saxlayanın öz hüquqlarından vaxtında istifadə etmək hüququnu yaratdığını, “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq ve maraqlarının pozulmasına gətirib çıxaracağını, Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Plenum Qərarına görə: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracın keçirilməsi həmin qanuna zidd hesab edilməli olduğunu, qərarın dərc edildiyi gündən qüvvəyə mindiyini, qərarın qəti olduğunu, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməyəcəyini qeyd edib, iddiaçi İddiaçı ASC-nin Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən 256,6 kv.m yaşayış sahəsi ve 221.8 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahəsinə xüsusi mülkiyyət hüququna aid çıxarışı qanunu pozmaqla əldə etdiyindən, həmin çıxarışa istinadən verilmiş iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 24 may 20024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında əmlakların Naxçıvan MR İnzibati-iqtisadi Məhkəməsinin qərarı əsasında hərraca çıxarılaraq hərracdan alındığını, həmin əmlakların Bankın mülkiyyətinə keçdiyini, hal-hazırda Bankın mülkiyyətində olduğunu, bankın istifadə etmək hüququnun qarşı tərəf yaşadığından məhdudlaşdırıldığını, iddia ərizələrində adını qeyd etdikləri vətəndaşların həmin evdən çıxarılması və istifadə hüquqularının itirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı çıxışında ödənişlərin ödənilməməsi səbəbindən bu mərhələyə gəlib çıxdıqlarını qeyd edərək iddialarının təmin olunmasını, fərdi yaşayış evinin bankın mülkiyyətində olduğundan və ondan səmərəli istifadə edə bilmədiyindən iddia ərizəsində adları şəkilən şəxslərin fərdi yaşayış evindən çıxarılmasını və istifadə hüquqlarının itirilməsini xahiş etmişdir. Cavabdeh4 27 mart 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında 2016-cı il tarixdə iki dəfə auksion keçirildiyini, onların üçüncü auksionu 23 may 2023-cü il tarixdə keçirdiklərini, sahibkara müraciət etmədiyini, sahibkara deyilməmiş bankın özünün öz iştirakı ilə birdə Auksion Mərkəzinin iştirakı ilə keçirdiyini, əmlakın birini 17850 manata, bugünkü məhkəmədə olan əmlakı da 10837 manata aldıqlarını, onların üçüncü dəfə auksionu vətəndaşın xəbəri olmadan, vətəndaşa məlumat vermədən keçirdiklərini, Auksion Mərkəzi nə marağla bu işə girdiyini bilmədiyini, həmçinin 24 may 20024cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında onların evlərinin alınmasında 3 dəfə auksion keçirildiyini, üçüncü auksionun qanuna zidd olduğuna görə onun öz etirazını bildirdiyini, burada bir neçə saxtalıq olduğunu, əmlakının alınması ilə bağlı haqsızlıq olduğuna dair bir neçə sübutlar olduğunu, saxtalıq olduğunu, onun buna heç cür razılıq verə bilməyəcəyini, ailəsinin də övladlarının da hamısının məhkəməyə teleqram ünvanladıqlarını, etiraz ərizlərini göndərdiklərini, banka neçə dəfə müraciət etdiyini, bəlkə iyirmi dəfə müraciət edərək “Siz mənə az-az ödəməyə imkan verin” dediyini, çünki əvvəlcə işləmədiyini, indi məhkəmənin bitirilməsini, üzərinə öhdəlik götürüb hissə-hissə ödəməsini bildirmişdir. Cavabdeh4 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı izahatında bu qədər saxta işlər görüldüyünü, tərəfin xeyrinə qərar verilə biləcəyini? onun oğlu Elvinin heç bu proseslərdə iştirak etmədiyini, auksionun düzgün keçirilmədiyini, 1 və 2-ci auksionda iştirak etdiyini, 3 və 4-cü auksionda onun və ailəsinin iştirak etmədiyini, proseslərin hamısının saxta olduğunu bildirmişdir. Cavabdeh4 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı çıxışında pulun ödənilməməsinin səbəbinin onların başlarına oyun açmaları olduğunu, onların bu zülümləri çəkə-çəkə gəldiyini, bir il yarımdır ki, hissə hissə ödəməsini üçün onlara yalvardığını, qəbul etmədiklərini, bötüv halda ödəməsini istədiklərini, qanunları kobudcasına pozaraq onun əmlakını aldıqlarını qeyd edib qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb, onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarında olan: Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Naxçıvan MR, Kəngərli rayon, Qarabağlar Kəndində yerləşən fərdi yaşayış evi İddiaçı ASCnin adına rəsmiləşdirilmişdir. “Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakların açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları” barədə protokoldan aydın olur ki, 26 may 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Hərracların təşkili üzrə Auksion Mərkəzində keçirilən hərrac nəticəsində İddiaçı ASC qalib (alıcı) kimi müəyyən olunmuş, həmçinin Kəngərli rayon, Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinin son qiymətinin 17850 (on yeddi min səkkiz yüz əlli) manat olmuşdur. Eyni zamanda həmin protokolun: 8-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən bu protokol müqavilə qüvvəsinə malikdir. 9-cu bəndindən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.8-ci maddəsinə əsasən bu protokol alıcının yeni mülkiyyətçisi kimi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab edilən sənəddir. 26 may 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə müqavilənin 7-ci maddəsindən görünür ki, satılan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi bağlandığı andan, sərəncam vermək hüququ isə əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Həmin müqavilənin: 6-ci bəndindən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.4 maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-11/2015 saylı, 09 aprel 2015-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Cavabdeh4 06 yanvar 2015-ci-ci il tarixə İddiaçı ASC Kəngərli rayon filialına olan 30.000 (otuz min) manat əsas və 4676,67 (dörd min altı yüz yetmiş altı manat altmış yeddi qəpik) manat faiz borcu, cəmi 34.676,67 (otuz dörd min altı yüz yetmiş altı manat, altmış yeddi qəpik) manat məbləğində kredit borcu, xx.xx.2015-ci il tarixdən etibarən öhdəliyin tam icra olunacağı günədək əsas borca illik 6 faiz dərəcəsi olmaqla hesablanacaq faizlər və 30 manat dövlət rüsumu Cavabdeh4 tutularaq İddiaçı ASC-nin Kəngərli Rayon Filialının xeyrinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə tutma ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ Cavabdeh4 məxsus Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində ümumi sahəsi 256,6 kv.m, yaşayış sahəsi 221,8 kv.m, köməkçi sahəsi 34,8 kv.m olan müstəqil qiymətləndirici tərəfindən 27000 manat məbləğində qiymətləndirilən fərdi yaşayış evinə və Cavabdeh3 məxsus Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində mülkiyyətində olan 0.2373 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50.31 kv.m yaşayış, 211.61 kv.m köməkçi sahədən ibarət müstəqil qiymətləndirici tərəfindən 22500 manat məbləğində qiymətləndirilən fərdi yaşayış evinə yönəldilməsi və həmin girov əmlakların açıq hərracda satılıb kredit borcunun ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Kəgərli rayon, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256.60 kv.m olan fərdi yaşayış evində qeydiyyatdadır. Təqdim olunmuş sübutlara əsasən, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində mülkiyyətində olan 0.0270 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində həqiqətən tam mülkiyyət hüququna malikdir. Belə ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-11/2015 saylı, 09 aprel 2015-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh4 tərəfindən kredit borcu ödənilmədiyi təqdirdə kredit borcu ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməli və həmin əmlaklar açıq hərracda satılıb kredit borcu ödənilməlidir. Cavabdeh4 tərəfindən kredit borcu ödənilmədiyindən, 26 may 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Hərracların təşkili üzrə Auksion Mərkəzində keçirilən hərrac nəticəsində İddiaçı ASC tərəfindən ipoteka ilə yüklü edilmiş həmin əmlaklar satın alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.2-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan maddələrə əsasən işin halları qarşılıqlı şəkildə təhlil edildikdə müəyyən olunur ki, hərracın nəticələrinə dair “Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakların açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları” barədə protokol Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Göründüyü kimi, qanunverici işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən mötəbər sübutlarla məhdudlaşdırır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə hesab edir ki, İddiaçı ASC Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində mülkiyyətində olan 0.0270 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılmasını tələb etməyə subyektiv hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində isə qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Buradan belə məlum olur ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.1-ci maddəsinə əsasən, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Ona görə də Mülki Məcəllənin qeyd edilən maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Hazırki iş üzrə araşdırılan hallardan məlum olur ki, mübahisə predmeti olan Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində mülkiyyətində olan 0.0270 ha torpaq sahəsində yerləşən ibarət fərdi yaşayış evinin İddiaçı ASC-nin mülkiyyətində olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı ASC-yə məxsus Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində olan 0.0270 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün onların həmin fərdi yaşayış evinə olan hüquqlarının itirilməsi qənaətindədir. Həmçinin məhkəmə 18 mart 2024-cü il tarixdə Cavabdeh4 tərəfindən elektron qaydada məhkəməyə ünvanlanmış etiraza münasibətdə qeyd edir ki, cavabdeh tərəf etirazda, kreditorun təşəbbüsü ilə 2 dəfə 19 fevral 2016-cı il ve 29 aprel 2016-cı ildə hərraca çıxarıldığını, alıcısı olmadığından hərracın baş tutmadığını, hər iki hərrac barədə elanın müvafiq olaraq “Şərq qapısı” qəzetinin xx.xx.2016-ci il tarixli, 15 saylı ve xx.xx.2016-ci il tarixli 70 saylı nömrələrində dərc edildiyini, iddiaçının mübahisələndirilən əmlaka xüsusi mülkiyyət hüququnun 26 may 2023-cü ildə həmin əmlak üzrə keçirilən 3-cü hərracın nəticəsində əldə etdiyini, həmin əmlak üzrə üçüncü hərracın keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 Oktyabr 2014-cü il tarixli Qərarına zidd olduğunu və özlüyündə heç bir hüquqi nəticə doğura bilməyəcəyini əsas götürərək qanunu pozmaqla əldə edilmiş Çıxarışa istinadən verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etməsinə baxmayaraq məhkəmə tərəfindən cavabdehə ipoteka predmeti olan əmlak üzərində hərracın hansı qaydada keçirilməsinin və həmin əmlak üzərində əldə edilmiş çıxarışın qanuna uyğun olub-olmamasının hazırkı iş üzrə mübahisə predmetinə aid olmadığını, hərracın keçirilməsi qaydalarına etirazı olduğu təqdirdə həmin məsələnin həlli üçün müvafiq məhkəmə orqanlarına müraciət edə biləcəyi izah edilmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, Mülki Prosessual Məcəllənin 106-cı maddəsinin tələblərinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə, hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Göründüyü kimi, qanunverici işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən mötəbər sübutlarla məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə görə isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mediasiya prosesi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən və cavabdeh tərəf mediasiya prosesində üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçının ödədiyi 50 (əlli) manat məbləğində İMS xərci cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin ediləcəyindən iş üzrə İddiaçı ASC-nin iddia ərizəsi verilərkən ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Belə ki, mediasiya xərcinin əhatə etdiyini və iddiaçının ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumu iddia təmin edilməsinə uyğun olaraq cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 İddiaçı ASC-yə məxsus Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256.6 kv.m olan, 221.8 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmalı, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 İddiaçı ASC-yə məxsus Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256.6 kv.m olan, 221.8 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilərək xitam verilməli, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat məbləğində ödənilmiş ilkin mediasiya sessiyası xərci cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddiaçını ödəməkdən azad edildiyi və dövlət büdcəsinə ödənilməli olan 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 İddiaçı ASC-yə məxsus Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256.6 kv.m olan, 221.8 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılsın. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 İddiaçı ASC-yə məxsus Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256.6 kv.m olan, 221.8 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilərək xitam verilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və iddiaçı tərəfindən 50 (əlli) manat məbləğində ödənilmiş ilkin mediasiya sessiyası xərci cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi və dövlət büdcəsinə ödənilməli olan 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-273/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-273/2024
03.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver