Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-31/2021 08.04.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "Cavabdeh2" MMC-yə qarşı təsisçi protokollarını, vergi və maliyyə hesabatlarını, müəssisənin gəlirlərini və xərclərini təsdiq edən müvafiq sənədlərin nüsxələrinin alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı xx xxxxx 2021-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, 2017-ci ildən 2021-ci ilin mart ayınadək Cavabdeh1 MMC-nin və 2018-ci ildən 2021-ci ilin mart ayına qədər Cavabdeh2 MMC-nin bütün dövrlər ərzində təsisçi protokollarını, vergi və maliyyə hesabatlarını, müəssisənin gəlirlərini və xərclərini təsdiq edən müvafiq sənədlərin bir nüsxələrinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 15.1 və 15.16-cı maddələrinə əsasən vergi ödəyicisinin vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq hüququ vardır. 16.1.3 və 16.1.6-cı maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq və bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. 24.0 və 24.0.9-cu maddələrinə əsasən vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək vergi orqanlarının vəzifəsidir. 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan) … yer üzrə vergi orqanlarında uçota alınır. 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Qanun normalarının məzmunundan göründüyü kimi iddiaçı təsisçisi olduğu Məhdud Məsuliyyətli Cəmiyyətlərə aid iddia ərizəsində sadalanan müvafiq sənədlərin alınması üçün Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə müraciət etməklə həmin sənədləri əldə edə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, xx xxxx 2021-ci il tarixli iddia ərizəsinə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehlər tərəfindən alınmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, iddia ərizəsinin surətinin cavabdeh şəxslərin ünvanına göndərilməsi onun rəsmi qaydada təqdim edilməsi demək deyildir. İddia ərizəsinin rəsmi qaydada verilməsini təsdiq edən hal işdə iştirak edən digər şəxslər tərəfindən həmin tarixə uyğun olan, imzalanmış qəbzin və ya sənədin kötüyünün ərizəyə əlavə edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0 və 150.0.7-ci maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Prosessual qanunvericiyilin qeyd olunan imperativ tələblərindən göründüyü kimi, həmin sənədlər iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilmədiyindən, həmçinin iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh müəssisələr tərəfindən alınmasının təsdiq edilməsinə dair sənədlər təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, işin baxılmasına mane olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması iddiaçıya izah olunmalıdır. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1 və 4.1ci maddələr) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də İddiaçı tərəfindən elektron ödəniş sistemi vasitəsilə xx.xx.2021-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "Cavabdeh2" MMC-yə qarşı təsisçi protokollarını, vergi və maliyyə hesabatlarını, müəssisənin gəlirlərini və xərclərini təsdiq edən müvafiq sənədlərin nüsxələrinin alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Elektron ödəniş sistemi vasitəsilə xx.xx.2021-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-31/2021
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-31/2021
08.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver