Məhkəmə qərarları › İş №e-2-2(123)-63/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-63/2025

13.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-63/2025 13.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 10 yanvar 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin mümkün sayılmaması və aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 03/02 nömrəli protokoldan görünür ki, hərrac nəticəsində sözü gedən əmlak Kapital Bank tərəfindən alınaraq mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri” X2 ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020ci il tarixli Qərarının 11-ci bəndində qeyd edildiyi kimi "O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndinə əsasən "...məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.”. Həmin Qərarın14-cü bəndində qeyd edildiyi kimi "Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.”. Eyni zamanda həmin Qərarın 16-cı bəndinə əsasən "işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən birbiri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır.”. Digər tərəfdən Qərarın 18-ci bəndində qeyd edildiyi kimi, "işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.”. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. İş materiallarının əlaqəli təhlili zamanı aydın olur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə əsasən mübahisənin kommersiya məhkəməsinə aidiyyəti üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri, yəni icraatda olan mübahisənin kommersiya məhkəməsinə adiyyəti üzrə qanunvericiliklə müəyyən edilmiş hər üç şərt eyni vaxtda mübahisə üzrə mövcud deyil və buna görə də məhkəmə belə hesab edir ki, mübahisə üzrə tərəflər sahibkarlıq statusuna malik olsalar belə, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna yol vermir. Hazır ki, iddianın predmeti cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi olduğundan məhkəmə hesab edir ki, bu da kommersiya fəaliyyətindən irəli gələn mübahisə deyildir. Belə ki, iddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, cavabdehlərin həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamaları onun mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə əsaslı maneə yaratmışdır ki, bu da özlüyündə mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olmasını istisna etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından, məhkəmə tərəfindən işin məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı istifadə hüququnun itirilməsi tələbi barədə iddia materialları məhkəmə adiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildiyi) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildiyi) 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar