Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-85/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı və cavabdeh Cavabdeh Istehsalat Birliyinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair ilk və cavabdeh Cavabdeh Istehsalat Birliyinin (bundan sonra – cavabdeh) iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – iddiaçı) qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. Işin halları
1. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Istehsalat Birliyi tərəfindən İddiaçı MMC-yə əsassız hesablanmış 344124,57 manat borcun silinməsi vəzifəsinin cavabdeh Cavabdeh Istehsalat Birliyinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunmasına, istifadə edilmiş və məhkəmədə mübahisələndirilən təbii qaza görə yaranmış 344124,57 manat debitor borcun İddiaçı ASC-dən tutularaq Cavabdeh IB-nin müvafiq bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsi ilə, ilk iddia təmin edilməmiş, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən istifadə olunmuş təbii qaza görə yaranmış 344124 manat 07 qəpik borc məbləğinin tutularaq Cavabdeh IB-nin hesabına köçürülçəsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, ilk iddianın təmin edilmədiyi hissədə və qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsini, ilkin iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, ilk iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh IB tərəfindən İddiaçı MMC-yə hesablanmış 227.694,49 manat borc silinmiş, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*- *(***)-**/**** saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində dəyişdirilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən istifadə olunmuş təbii qaza görə yaranmış 116.429,58 manat borc məbləğinin tutularaq, Cavabdeh IB-nin hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əlavə qətnamənin çıxarılmasını xahiş etmişdir.
7. Ərizə belə əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsində qətnamə qəbul edilərkən iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumları və digər xərclər barədə, yəni məhkəmə xərcləri haqqında məsələyə heç bir münasibət bildirilməmiş, habelə qətnamənin nəticə hissəsində hansı tələbin təmin edilməməsi tam olaraq göstərilməmişdir (qətnamənin nəticə hissəsində sadəcə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə qalan hissədə təmin edilməməsi qeyd edilmişdir. Ona görə də iş üzrə məhkəmə xərclərinə dair məsələlərin həllinə və təmin edilməyən tələblərin tam və aydın göstərilməsinə dair əlavə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, əlavə qətnamənin çıxarılmasından imtina edilmişdir. Həmin qərardaddan iş üzrə iddiaçı İddiaçı ASC şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
9. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-**/**** saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərardadı qismən, yəni məhkəmə xərcləri haqqında əlavə qətnamənin çıxarılması hissədə ləğv edilməsi, məhkəmə xərcləri haqqında əlavə qətnamə çıxarılması hissədə ərizəyə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün işin Gəncə Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında göstərmişdir ki, qarşı tərəfin məhkəmə xərcləri ilə bağlı ərizəsi təmin ediləcəyi halda onların tərəfindən də ödənilmiş dövlət rüsumunun tutulması məsələsi həll edilməlidir.
13. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** nömrəli qərardadı (hakim – Gülnaz Quliyeva) ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş əlavə qətnamənin çıxarılması haqqında ərizənin təmin edilməməsi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə ilk və iddiaçı Cavabdeh Istehsalat Birliyinin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə dair məhkəmə xərcləri haqqında əlavə qətnamənin çıxarılmasından imtina edilməsi qərara alınmışdır.
14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş və apellyasiya instansiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi bir hissədə dəyişdirilmiş, bir hissə üzrə də yeni qətnamə qəbul edilmişdir. Burada nəzərə alınmalıdır ki, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir (MPM maddə 119.6). Apellyasiya məhkəməsi öz qətnaməsində məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məsələləri həll etməzsə, o, MPM-nin 392-1-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işdə iştirak edən şəxslərin ərizəsi və ya öz təşəbbüsü ilə əlavə qətnamə çıxarmaqla bu məsələni həll edə bilər. Odur ki, məhkəmə xərcləri haqqında əlavə qətnamə çıxarılmasından imtina edilməli, iddiaçıya izah edilməlidir ki, bu barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edə bilər.
15. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.6, 229.1.1, 229.1.2, 229.1.3, 229.2, 229.3, 263-264, 268 və 392-1-ci maddələrinə istinadən əsaslandırmışdır.
16. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
17. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Qərardaddan şikayətinin dəlilləri
18. Şikayət qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi MPM-in 119.6cı maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. MPM-in 119.6-cı maddəsində göstərilir ki, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Qanunun tələbinə görə yuxarı məhkəmə instansiyası bölüşdürməni dəyişdirir, yəni bölüşdürmə mövcud olmuş, yuxarı məhkəmə yeni qətnamə qəbul edərkən, ləğv edilən qətnamədə aparılmış məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Bölüşdürmə olmadan onun dəyişdirilməsindən söhbət aparıla bilməz.
b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
19. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
22. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
23. Maddə 229.1. Iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə.
24. Maddə 229.2. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. Işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi işə baxmağa mane olmur. Əlavə qətnamə və ya əlavə qərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunur. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır.
25. Maddə 392-1. Apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi bu Məcəllənin 229-cu maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada çıxarılır.
26. Maddə 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. MPM-in 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, iş materiallarından müəyyən olunur ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılarkən Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, ilk iddia qismən təmin olunmuş, qarşılıqlı iddia üzrə tutulmalı olan borc məbləği dəyişdirilmiş və iş üzrə yeni hüquqi nəticə müəyyən edilmişdir. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi işi yeni baxışa göndərmədən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmiş və müəyyən hissədə yeni qətnamə qəbul etmişdir.
31. Bundan sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC tərəfindən məhkəmə xərcləri barədə əlavə qətnamənin çıxarılması haqqında ərizə verilmiş, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə həmin ərizənin təmin edilməsindən imtina olunmuşdur. Hazırkı şikayət də həmin qərardaddan verilmişdir.
32. Şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası qətnaməni dəyişdirərkən məhkəmə xərclərinin bölgüsünü də dəyişdirməlidir. Şikayət edən tərəf hesab etmişdir ki, apellyasiya instansiyası tərəfindən məhkəmə xərcləri bölüşdürülmədiyindən birinci instansiya məhkəməsi əlavə qətnamə qəbul etməli idi.
33. Məhkəmə həmin dəlillərlə razılaşmayaraq aşağıdakı halları qeyd edir.
34. Belə ki, Azərbaycan Respublikası MPM-in 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya öz təşəbbüsü ilə həmin maddədə nəzərdə tutulmuş hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Həmin maddənin 229.1.3-cü bəndinə görə məhkəmə xərcləri haqqında məsələ həll edilmədikdə əlavə qətnamə çıxarılması mümkündür.
35. Lakin, qeyd olunan norma əlavə qətnamənin yalnız həmin qətnaməni qəbul etmiş məhkəmə tərəfindən çıxarıla bilməsini nəzərdə tutur. Başqa sözlə, əlavə qətnamə institutu konkret məhkəmə aktında mövcud olan natamamlığın aradan qaldırılmasına xidmət edir və həmin natamamlığı aradan qaldırmaq səlahiyyəti də müvafiq məhkəmə instansiyasına məxsus olur.
36. Hazırkı işdə isə iş üzrə yekun hüquqi nəticə apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə formalaşdırılmışdır. Həmin qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, tərəflərin maddi-hüquqi vəziyyəti yenidən müəyyən edilmiş, iddia tələblərinin təmin olunma həcmi dəyişdirilmişdir. Belə olan halda məhkəmə xərclərinin yekun bölgüsü məsələsi də məhz apellyasiya instansiyası məhkəməsinin səlahiyyət dairəsinə aid olmuşdur.
37. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Həmin normanın mənasına görə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirildikdə məhkəmə xərcləri ilə bağlı yekun hüquqi qiymət də yuxarı instansiya məhkəməsi tərəfindən verilməlidir.
38. Şikayət verən tərəfin “bölüşdürmə aparılmadığından dəyişdirmədən söhbət gedə bilməz” barədə mövqeyi isə hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Belə ki, MPM-in 119.6cı maddəsinin məqsədi məhkəmə aktının nəticəsində tərəflərin vəziyyəti dəyişdiyi halda məhkəmə xərclərinin də həmin nəticəyə uyğun şəkildə müəyyən edilməsini təmin etməkdən ibarətdir. Bu halda məhkəmə xərclərinin əvvəlki instansiyada bölüşdürülüb-bölüşdürülməməsi deyil, yekun məhkəmə aktını qəbul etmiş instansiyanın həmin məsələni həll etməli olması hüquqi əhəmiyyət kəsb edir.
39. Məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə məhkəmə xərcləri ilə bağlı məsələ həll edilməmişdirsə, həmin məsələ üzrə əlavə qətnamənin çıxarılması barədə müraciət də məhz həmin instansiya məhkəməsinə edilməlidir. Birinci instansiya məhkəməsinin apellyasiya qaydasında dəyişdirilmiş məhkəmə aktı üzrə sonradan əlavə qətnamə qəbul etməsi prosessual hüququn instansiyalılıq prinsipinə zidd olardı.
40. Hazırkı halda birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, əlavə qətnamənin çıxarılması ilə bağlı səlahiyyətin apellyasiya instansiyası məhkəməsinə aid olduğunu əsaslı şəkildə müəyyən etmişdir.
41. Eyni zamanda, MPM-in 392-1-ci maddəsinin mənasına görə də apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə yol verilmiş natamamlıqları əlavə qətnamə qəbul etməklə aradan qaldıra bilər. Bu baxımdan birinci instansiya məhkəməsinin ərizəçiyə məhz apellyasiya instansiyası məhkəməsinə müraciət etmək hüququnu izah etməsi də qanunvericiliyin tələblərinə uyğundur.
42. Yuxarıda göstərilənləri nəzərə alaraq, apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları hərtərəfli araşdırmış, tətbiq edilən hüquq normalarını düzgün müəyyən etmiş və prosessual qanunvericiliyin tələblərinə uyğun qərardad qəbul etmişdir.
43. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
44. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.
45. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.
46. Azərbaycan Respublikası MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir.
47. Məhkəmə qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir.
48. Ona görə də, MPM-in 402-ci maddəsinə əsasən, hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
49. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 119.6, 229.1, 263, 264, 398, 399, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.