Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-99/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə Açar sözlər: borcun silinməsi Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdeh “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Işin halları
1. ## #### 2025-ci il tarixli RQ ****** nömrəli aktda qeyd edilmişdir ki, EEIQ-nə uyğun olaraq elektirik sayğacına baxış keçirən zaman elektrik sayğacının üzərinə xüsusi maqnit qoyularaq elektrik sayğacı dövrədən kənarlaşdırıldığı məlum olmuşdur.
2. ##.##.2026-cı il tarixdə çıxarılmış abonentin saldosundan görünür ki, abonentə hesablanmış 18375 manat borc ##.##.2025-ci il tarixdə saldoya daxil edilmişdir.
3. Gəncə şəhər prokurorluğunun ***-xid-** nömrəli məktubundan görünür ki, "xxxx" ASCnin Qərb RETSI-nin Gəncə elektrik şəbəkəsindən Gəncə şəhər prokurorluğuna daxil olmuş material əsasında araşdırma aparılır. Qeyd olunan material üzrə yekun qərar qəbul edilməmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı X3 cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2021-ci il tarixli icarə müqaviləsinə əsasən istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abanent kodu 20000400051) hesablanmış 18375 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iddiaçı X3 əsl iddiaçı İddiaçı ilə əvəz edilmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ## ###### 2021-ci il tarixdə İddiaçı ilə icarə müqaviləsi bağlayaraq ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüş və həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Iddiaçının və ya mülkiyyətçinin xəbəri olmadan ## #### 2025-ci il tarixdə “xxxx” ASCnin əməkdaşları tərəfindən ünvan 2 ünvanda olan işıq sayğacına müdaxilə edildiyi üçün həmin ünvana aid işıq sayğacının dəyişdirilməsinə dair akt tərtib edilmiş və qeyd olunan ünvana elektrik enerjisini ötürən kabel şəbəkədən ayrılmışdır. Bununun səbəbini dəqiqləşdirmək üçün “xxxx” ASC-yə müraciət etdikdə, onlara həmin ünvanda elektrik sayğacının dəyişdirilməsi və əlavə olaraq 18375 manat borcun hesablanmasına dair aktın tərtib edildiyi və hesablanmış borc tam ödənilməyənədək gərginliyin verilməsinin bərpa edilməyəcəyi bildirilmişdir. Iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir və cavabdehin nümayəndələri tərəfindən hər ay sayğaca baxış keçirilirdi. Eyni zamanda sayğac qıfıl altında deyil və istənilən şəxs tərəfindən istənilən zaman sayğaca baxış keçirilməsi mümkündür. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğaca müdaxilənin olduğu qeyd edilmişdir. Lakin həmin müdaxilə kim tərəfindən edildiyi isə qeyd edilməmişdir. Eyni zamanda yoxlayıcı orqanın vəzifəli şəxsi tərəfindən aparılacaq yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı mülkiyyətçiyə və ya icarəçiyə təqdim etməmişdir. Bununla da cavabdeh tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən yoxlama qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Yəni cavabdeh tərəfindən aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilir.
7. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi iddia ərizəsinə etiraz verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iş üzrə toplanmış sənədlərlə təsdiq olunur ki, ## #### 2025-ci il tarixdə "xxxx" ASC-nin Qərb RETSInin əməkdaşları tərəfindən Gəncə şəhəri, Pərviz Səmədov 50 ünvanda yerləşən Sağlamlıq mərkəzinin 20000400051 abunə kodu əsasında quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, obyektə məxsus elektrik enerjisinin sərfiyyatını qəsdən azaltmaq, enerji resurslarının talanması məqsədi ilə obyekt üçün nəzərdə tutulmuş zavod nömrəsi 1033001138 olan, tipi 6850 M olan sayğacın baxış şüşəsinin üzərində bir ədəd maqnit qoyulması faktı aşkar edilmişdir. Aşkar edilmiş enerji pozuntularına dair "X8 Qaydaları" tələbinə uyğun olaraq əməkdaşları tərəfindən AKT R****** saylı ## #### 2025-ci il tarixli akt tərtib olunmuşdur. Tərtib olunmuş həmin akta əsasən 70 gün dəyəri 18375 manat məbləğində hesabat aparılmışdır. Sayğac uçot dəstinə baxış keçirilən zaman video çəkiliş aparılmış və sayğacın baxış şüşəsinin üzərinə yapışdırılmış bir ədəd maqnit maddi sübut kimi götürülmüşdür. Toplanılmış sənədlərə əlavə olunmuş EEIQ-nın pozulmasına dair tərtib olunmuş akta əsasən "xxxx" ASCnin nəzdində fəaliyyət göstərən aktlar üzrə komissiya tərəfindən haqqında 70 gün üçün hesabat dövrü verilmiş sərfiyyat (147000 kvts.s x 0,125) nəzərə alınmaqla dəyəri 18375 manat təşkil edən 147000 kvt.s miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Hesabat obyekti qidalandıran güc transformatorun S=250 kVA gücünə uyğun aparılmışdır.
8. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Gülnaz Quliyeva) iddia təmin edilərək, ## #### 2025-ci il tarixli AKT RQ ****** nömrəli akta əsasən ## #### 2025-ci il tarixli icra vərəqi əsasında iddiaçı İddiaçı hesablanmış 18375 (on səkkiz min üç yüz yetmiş beş) manat borc məbləğinin 200166662003502 (***********) nömrəli abonent hesabından silinməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 7.6, 7.7, 8.2, 8.4, 8.17-1 və 8.17-2-ci bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 4.2.1-ci maddəsinə, “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 26-cı maddəsinə, “Elektroenergetika haqqında” Qanununun 19.16-cı maddəsinə, həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh “xxxx” ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ## #### 2025-ci il tarixdə “xxxx” ASC-nin X2 Təchizatı və Satışı Idarəsinin struktur tərkibində fəaliyyət göstərən X5 (Gəncə EŞ) əməkdaşları tərəfindən Gəncə şəhəri,Pərviz Səmədov 50 ünvanında yerləşən Sağlamlıq mərkəzi 20000400051 abunə kodu əsasında quraşdırılmış abonentlərin elektrik enerjisindən istifadə qaydalarının tələblərinə riayət edib-etməmələrini araşdırmaq məqsədi ilə istehlakçıların sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Baxış zamanı sayğacın baxış şüşəsinin üzərində bir ədəd maqnit qoyulması faktı aşkar edilmişdir. Elektrik sayğacı obyektin daxilində yerləşir, baxış keçirilən zaman video çəkiliş aparılmış və məhkəməyə təqdim edilmişdir. Aşkar olunmuş enerji pozuntularına dair əməkdaşları tərəfindən abonent haqqında “EEIQ”-nın tələbinə uyğun olaraq ## #### 2025 ci il tarixli, AKT R № ****** saylı akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Bundan sonra aşkar olunmuş enerji pozuntuları ilə bağlı əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Qərb RETSI-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən iddiaçıya 70 gün üçün dəyəri 147000 kvt.s təşkil edən miqdarında elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Hesabat, obyekti qidalandıran transformatorun S=250 kVA gücünə uyğun aparılmışdır. Tərəflərindən təqdim edilmiş rəsmi sənədlərlə təsdiq olunur ki, ## #### 2025 ci il tarixdə “xxxx” ASC-nin Qərb RETSI-nin struktur tərkibində fəaliyyət göstərən Gəncə EŞ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində, abonentlərin elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əməl edib-etməmələrinə dair onların yaşayış evlərinə, obyektlərinə quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Baxış zaman müəyyən edilmişdir ki, elektrik sayğacın üzərinə “maqnit” qüsuru faktı aşkar edilmişdir. Məhz aşkar edilmiş enerji pozuntuları ilə bağlı əməkdaşları tərəfindən iddiaçı barəsində “EEIQ”-nın tələbinə uyğun olaraq ## #### 2025-ci il tarixli, AKT R № ****** saylı akt tərtib edilmişdir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin obyektə ## #### 2025-ci il tarixdə “Qərb“ RETSI - əməkdaşları baxış keçirən zaman məlum olmuşdur ki, obyektə məxsus elektrik enerjisinin sərfiyyatını qəsdən azaltmaq, enerji resurslarının talanması məqsədi ilə obyekt üçün nəzərdə tutulmuş zavod nömrəsi1033001138 olan, tipi 6850M olan sayğacın baxış şüşəsinin üzərinə yapışdırılmış bir ədəd maqnit sübüt kimi götülmüş və Gəncə şəhər prokurorluğuna təhvil verilmişdir. Bundan əlavə, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydiyyata alınması barədə çıxarış məhkəməyə təqdim etmələrinə baxmayaraq, qətnamədə qeyd olunur ki, yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, “xxxx” ASC-nin əməkdaşları aylıq baxış keçirdikləri zaman aşkarlamışlar ki, Gəncə şəhəri Nizami rayonu Pərviz Səmədov 50 ünvanındakı qeyri-yaşayış sahəsində yerləşən sayğaca müdaxilə olunub. Lakin həmin müdaxilənin kim tərəfindən edildiyi qeyd olunmamışdır. Qarşı tərəf elektrik enerji sərfiyyatını azaltmaq məqsədilə sayğacın üzərinə böyük maqnit yerləşdirmişdir. Maqnit götürüləndən sonra elektrik dövriyyələrinə baxılarkən enerji sərfiyyatında xeyli fərq yarandığı müəyyən olunmuşdur. Buna görə də ## #### 2025-ci il tarixdə akt tərtib olunmuş və hesablanmış borc ödənilməyənədək gərginliyin verilməsinin bərpa edilməyəcəyi bildirilmişdir. Tərtib olunmuş həmin akta əsasən 70 gün üçün dəyəri 18375 manat olan hesabat aparılmışdır. Işin araşdırılması ilə bağlı Gəncə Şəhər Prokurorluğuna da müraciət olunmuşdur. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, elektrik enerjisinin talanması ilə bağlı şəhər prokurorluğunda aparılan araşdırmanın nəticəsi barədə məlumatı yoxdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, sayğaca müdaxilə olunubsa bu əvvəlcə müvafiq orqan tərəfindən müəyyən olunmalıdır, sonra həmin enerjiyə münasibətdə cavabdeh təşkilat müəyyən bir bir hesabat aparmalıdır. ## #### 2025-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri obyektdəki sayğaca baxış keçirmiş, sayğaca müdaxilə edilməsi məzmununda akt tərtib etmişlər. Bunun nəticəsində iddiaçının abonent hesabına 18375 manat borc hesablanmışdır. Lakin, həmin aktın surəti iddiaçıya təqdim edilməmişdir. Iddiaçıya borc məbləğinin hansı pozuntular əsasında hesablandığı məlum deyidlir. Sayğac üzərində cihaz quraşdırılmamışdır. Yoxlama zamanı ümumiyyətlə iddiaçının iştirakı təmin edilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
«Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu
17. Maddə 13.8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
18. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları» 1.1-ci bənd. Elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 7.11-ci bənd. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Işin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində onun adına qeydə alınmış elektrik sayğacından istifadə edir. “xxxx” ASC-nin əməkdaşları tərəfindən ## #### 2025-ci il tarixdə abonent İddiaçı obyektinə verilən elektirik sayğacı ilə bağlı yoxlama keçirilmişdir. Bu zaman sayğacın üzərinə xüsusi maqnit qoyularaq elektrik sayğacının dövrədən kənarlaşdırıldığı əsas göstərilməklə RQ ****** saylı akt tərtib edilmişdir. Həmin akt əsasında da iddiaçının abonent hesabına 18375 manat borc hesablanmışdır. Iddiaçı həmin borcun qanunsuz hesablandığını əsas göstərərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
30. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
31. Belə ki, «Elektroenergetika haqqında» ## ##### 2023-cü il № ***-VIQ Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://eqanun.az/framework/54210" \o "Azərbaycan Respublikasının Energetika Nazirliyi" \t "_blank" orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
32. Hazırkı işdə cavabdeh təşkilat tərəfindən sayğaca müdaxilə aşkar edilməsi barədə aktın bir nüsxəsinin hüquqi qiymət verilməsi üçün Gəncə şəhər prokurorluğuna göndərilməsi müəyyən edilsə də, lakin istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması barədə həmin orqan tərəfindən müvafiq qərar qəbul edilməmişdir. Hazırkı məqamda, cavabdeh təşkilatın elektrik enerjisi itkisinə məruz qaldığını əsas göstərməklə dəymiş ziyanın əvəzi qismində iddiaçının abonent hesabına borc hesablanması hər hansı hüquqi əsasa söykənmir. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.