Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-148/2026 28.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadından (hakim Namidar Misirzadə) iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ##.##.2026-cı il tarixə istifadə olunmuş təbii qaza görə yaranmış ümumilikdə 36.637,68 manat məbləğində əsas borcun və 199,91 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ilə MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyi, cavabdeh Cavabdeh qarşı hər hansı tələb irəli sürülməməsi səbəbindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Qərardaddan iddiaçı İddiaçı IB həmin şikayət verərək, Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilməklə məhz Cavabdeh, ona məxsus VÖEN vasitəsilə, pretenziya məktubu və iddia ərizəsinin surəti göndərilmiş, xəbərdarlıq müddəti ərzində ödəniş olmadığı üçün müvafiq qaydada məhkəməyə müraciət olunmuşdur. Iddia ərizəsinə əlavə etdikləri sənədlər də məhz Cavabdeh məxsusdur. Iddia ərizəsi tərtib olunarkən xahiş etdim hissəsində mexaniki səhv olaraq X2 adı qeyd olunmuşdur. Qeyd etdikləri kimi iddiaya əlavə olunan sənədlər, qazın alqı-satqısı müqaviləsi, pretenziya məktubunun surəti, abonent saldosu, qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı və s. məhz Cavabdeh məxsusdur. Iddia ərizəsində cavabdeh şəxsin kimliyi, onun ünvanı və rekvizitləri tam və doğru göstərilmişdir. Ərizənin “xahiş edirəm” hissəsində başqa şəxsin adının yazılması qeyd etdikləri kimi sırf mexaniki və texniki yazı xətası xarakteri daşıyır. Iddia ərizəsinin məzmunundan və qoşulmuş sənədlərdən tələbin məhz əsl cavabdehə qarşı yönəldiyi aydın görünür. Məhkəmə bu texniki səhvə görə iddianı geri qaytarmaq əvəzinə, Mülki Prosessual Məcələnin prinsiplərinə uyğun olaraq ilkin hazırlıq iclasında bu qeyri-dəqiqliyin iddiaçı tərəfindən düzəldilməsinə şərait yarada bilərdi. Belə ki, Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, prosessual müddəaların tətbiqi zamanı məhkəmələr tərəfindən həddindən artıq formalizmə (excessive formalism) yol verilməsi şəxslərin məhkəməyə müraciət etmək hüququnun pozulması kimi qiymətləndirilir. Maddi hüququn qorunması prosessual formalardan üstün tutulmalıdır. Iddia ərizəsindəki xəta işin mahiyyətinə təsir etməyən, asanlıqla düzəldilə bilən yazı xətası olduğu halda, məhkəmənin iddianı geri qaytarması həddindən artıq formalizm nümunəsidir. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməyərək, kommersiya işi ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Iddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-in 151.3-cü maddəsinə əsasən) geri qaytarılmadıqda icraata qəbul edilmiş hesab edilir. Iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd edilən Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə ki, hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (Mülki Prosessual Məcəllənin 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanının mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsindən görünür ki, iddiaçı mövcud iddia ərizəsinin elektron hissəsinə aid olan “giriş” hissəsində iş üzrə cavabdeh qismində Cavabdeh göstərdiyi halda, ona qarşı hər hansı bir tələb irəli sürməmişdir ərizənin nəticə hissəsində məhkəmədən tələb olunan hüquqi nəticə başqa şəxsə münasibətdə ifadə edilmişdir. Iddia ərizəsinin nəticə hissəsi məhz iddiaçının məhkəmədən hansı müdafiə üsulunu tətbiq etməsini xahiş etdiyini müəyyən edən əsas hissə olduğundan, həmin hissədə cavabdehdən fərqli şəxsin göstərilməsi cavabdehə qarşı irəli sürülən tələbin müəyyən edilməsinə mane olmuşdur. Xüsusi şikayətdə bu halın mexaniki yazı xətası olduğu göstərilsə də, məhkəmə kollegiyası hesab edir ki, prosessual sənəddə cavabdehin şəxsiyyətinə dair qeyri-müəyyənlik yaradan uyğunsuzluq sadəcə texniki yazı səhvi kimi qiymətləndirilə bilməz. Çünki iddia ərizəsinin nəticə hissəsində ifadə olunan tələb məhkəmə baxışının hədlərini müəyyən edir və məhkəmə iddiaçının irəli sürmədiyi tələbi öz təşəbbüsü ilə dəyişdirə və ya başqa məzmunda şərh edə bilməz. Iddia ərizəsinə əlavə edilmiş müqavilə, hesablaşma sənədləri və digər materiallar Cavabdeh aid olmuşdur. Lakin həmin sənədlər iddia ərizəsinin nəticə hissəsində irəli sürülmüş tələbin məzmununu əvəz etmir. Mülki prosessual qanunvericilik iddia ərizəsinin forma və məzmununa dair tələblərin məhz ərizənin özündə ifadə edilməsini tələb edir. Bu səbəbdən əlavə edilmiş sənədlər nəticə hissəsində mövcud olan ziddiyyəti aradan qaldırmır.a Beləki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən müəyyən olunur ki, göstərilən cavabdehə qarşı hər hansı bir tələb irəli sürülmədiyindən, iddia ərizəsi onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia ərizəsini icraata qəbul etmədən qaytarmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur, prosessual hüquq norması düzgün tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri öz təsdiqini tapmadığından şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Cahid Imanov Mahir Əsədli
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-148/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-148/2026
28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver