Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(4-12)-466/2026 24.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq müəyyən etdi. I. İddia tələbi
1. İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB Şəmkir Regional qaz istismarı İdarəsinin Tovuz XS-i tərəfindən 14 dekabr 2023-cü il tarixli ******* nömrəli aktın ləğv olunması və 1512.00 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
III. Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
4. Məhkəmə qeyd edir ki, İddiaçı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəsə də, həmin məbləği Gəncə Kommersiya Məhkəməsinin deyil, Tovuz Rayon Məhkəməsinin hesabına ödəmişdir.
5. Bundan əlavə, iddiaçı yalnız iddia ərizəsini məhkəməyə təqdim etməklə kifayətlənmiş, tələbin təsdiq edən heç bir sübutlarını, ləğv olunmasını xahiş etdiyi aktı və borcun olmasını təsdiq edən saldonu iş materiallarına əlavə etməmişdir.
6. Bununla yanaşı, iddiaçı iddia ərizəsinə ərizə əlavə edərək, hal-hazırda ona məxsus olan obyektdə qazın kəsildiyini, qazın müvəqqəti fəaliyyətinin bərpası ilə əlaqədar iddianın təmin tədbiri ilə bağlı qərardad çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə həmin ərizəyə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair” Təlimata əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildiyi vaxtdan (iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində) asılı olmayaraq, məhkəmədə 16 nömrəli indekslə qeydə alınır.
8. Göründüyü kimi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ayrıca icraatda verilir və həmin ərizənin iddia ərizəsinin daxilində verilməsi yolverilməzdir.
IV. Məhkəmənin gəldiyi nəticə
9. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
10. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər.
11. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından xx.xx.2026-cı il tarixli qəbzə əsasən Tovuz Rayon Məhkəməsinin hesabına ödənilmiş 41 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı :
İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu İddiaçı tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əbülfəz Məmmədli