Məhkəmə qərarları › İş №e-2(3-1)-150/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №e-2(3-1)-150/2026

07.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2(3-1)-150/2026 07.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI (Açar sözlər: əldən çıxmış fayda tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X3 ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları 1. II. Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil cavabdeh Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 27774.70 (iyirmi yeddi min yeddi yüz yetmiş dörd manat yetmiş qəpik) manat məbləğində əldən çıxmış fayda, 174 (yüz yetmiş dörd) manat ödənilmiş dövlət rüsumu və 520 (beş yüz iyirmi) manat vəkilə ödənilmiş xidmət haqqının cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı təqsirləndirilən şəxs (mülki cavabdeh) Cavabdeh qarşı qaldırdığı mülki iddia qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli hökmü ilə Cavabdeh vurulmuş maddi ziyana görə 215.000 (iki yüz on beş min) manat və dövlət rüsumu kimi ödənilməmiş 30 (otuz) manat, ümumilikdə 215.030 (iki yüz on beş min otuz) manat pul vəsaitinin tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı İddiaçı ödənilməsi hökm olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmü qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Həmin hökm icra olunmamışdır. Beləliklə, 2023cü ildən bugünki günə kimi məhkəmənin qanuni qüvvəsini almış hökmünün 215.030 (iki yüz on beş min otuz) manat hissəsi hələ də icra edilməmiş qalmışdır. Həmin hökm 2 il 7 ay ərzində icra edilməmişdir. Cavabdeh Cavabdeh ilə X2 birgə nigahda olmaqla iddiaçıya zərər onların birgə nikah dövründə vurulmuş və cavabdehlər ünvan 1 ünvanında yerləşən əmlaklarını sataraq ailə üzvləri arasında bölüşdürmüşlər. Borcun ödənilməsindən yayındırılması üçün bütün əməliyyatları gizli həyata keçirmişlər. Hazırda da əmlakın satışından əldə etdikləri 616.000.00 (altı yüz on altı min manat 00 qəpik) manat vəsait hesabına borcun ödənilməsini təmin etmək istəmirlər. Təbiidir ki, keçmiş 2 il 7 aylıq müddətdə qətnamə ilə verilməli olan pul vəsaiti vaxtında icra edilmədiyindən iddiaçı müvafiq gəlirlərdən məhrum olmuşdur. Bu isə tələbkara münasibətdə maddi ziyana səbəb olmuşdur. 215030 AZN (borc) x 5% = 10751.5 : 12 ay = 895.958333 x 31 ay ( 2 il 7 ay) = 27774.70 AZN. Odur ki, verilməli olan pul məbləğinin inflyasiya nəticəsində alıcılıq dəyərinin düşməsi və əldən çıxmış fayda formasında iddiaçıya dəymiş ziyanın cavabdehlərdən tutulmasını tələb etmək zərurəti yaranmışdır.

4. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın rədd olunması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil ##.##.2026-cı il tarixdə məktub ünvanlanmış və iddiaçı tərəfindən bu halları təsdiqləyən sübutların məhkəməyə təqdim olunması bildirilmişdir. Lakin iddiaçının vəkili və nümayəndəsi Vəkil bu halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmiş, ümumiyyətlə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi əsasında hansı icra tədbirlərinin görüldüyü, həmin tədbirlərin nəticələri, cavabdehin icranı üzürsüz səbəbdən həyata keçirməməsini, icradan yayınmaq üçün əmlakını özgəninkiləşdirməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tələbi təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilməməlidir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

6. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin *(*- **)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, məhkəmə yalnış olaraq hesab etmişdir ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil bu halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmiş, ümumiyyətlə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi əsasında hansı icra tədbirlərinin görüldüyü, həmin tədbirlərin nəticələri, cavabdehin icranı üzürsüz səbəbdən həyata keçirməməsini, icradan yayınmaq üçün əmlakını özgəninkiləşdirməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.” Hazırkı iddiada sübutlar qanuni qüvvəyə minmiş hökm və icra vərəqəsidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsini sübut etmək üçün qanunvericilikdə xüsusi sənəd tərtib edilməsi nəzərədə tutulmamışdır. Bu halda qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edildiyini sübut etmək cavabdehin üzərinə düşür. Eyni zamanda məhkəmə öz təşəbbüsü ilə icra işini tələb edə və məhkəmə aktının icra vəziyyətini icra işindən müəyyən edə bilərdi. Cavabdehin icranı üzürsüz səbəbdən həyata keçirməməsini, icradan yayınmaq üçün əmlakını özgəninkiləşdirməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməməsi ilə bağlı qeyd olunmuşdur ki, məhkəmə aktı icra edilməmişdir. Məhkəmənin məhkəmə aktının icrasının üzrlü-üzrsüz səbəblərdən olması fikri ilə razılaşmırlar. Qanunvericilikdə bu müddəanı tənzimləyən norma nəzərdə tutulmamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə məsuliyyət müəyyən edir. Burda əsas məsələ məhkəmə aktının qərəzli şəkildə icra edilməməsidir, yəni şəxsin üzrlü və ya üzrsüz səbəbdən aktı icra etməməsi bu halda müəyyən edilə bilər. Mülki qanunvericilikdə aktın icra edilməməsi tələbkara dəymiş zərər və əldən çıxmış faydadır. Hesab edirlər ki, bu halda üzrlü və üzrsüz səbəbin müəyyən edilməsinə ehtiyac yoxdur. Onlar məlumat üçün məhkəmənin diqqətinə çatdırmışlar ki, cavabdeh Cavabdeh ilə X2 birgə nigahda olmaqla iddiaçıya zərər onların birgə nikah dövründə vurulmuş və cavabdehlər ünvan 1 ünvanında yerləşən əmlaklarını sataraq ailə üzvləri arasında bölüşdürmüşlər. Borcun ödənilməsindən yayındırılması üçün bütün əməliyyatları gizli həyata keçirmişlər. Hal-hazırda da əmlakın satışından əldə etdikləri 616.000.00 (altı yüz on altımin manat 00 qəpik) manat vəsait hesabına borcun ödənilməsini təmin etmək istəmirlər. Icra icraatının gedişi, görülmüş icra tədbirləri və onların nəticələri barədə məlumat Ədliyyə Nazirliyinin Icra Xidmətinə tərəfindən icra işi ilə bağlı ərizələr ünvanlansa da, icra işi nəticəsiz qalmışdır. Bununla belə, məhkəmə iş üzrə icraatın gedişində bu barədə rəsmi sorğu göndərməmiş, sadəcə sübutun olmamasını iddianın rədd edilməsi üçün əsas kimi götürmüşdür. Bu, məhkəmənin işi hərtərəfli araşdırmaq vəzifəsinin yerinə yetirilməməsi deməkdir. Iddia ərizəsində göstərilmiş hallar, o cümlədən cavabdehin ailə üzvlərinin daşınmaz əmlakı (evi) icra vərəqəsi qüvvədə olan dövrdə satması və əldə edilən vəsaiti öz aralarında bölüşdürməsi icradan yayınma niyyətinin mövcudluğuna açıq şəkildə işarə edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil və cavabdeh Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Apellyasiya baxışı zamanı cavabdehin cəza çəkdiyi müəssisənin müəyyən olunması və məhkəmə iclasları barədə məlumatlandırılması məqsədilə müvafiq sorğular verilmiş və məlum olmuşdur ki, iş üzrə cavabdev Cavabdeh hazırda Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor qəsəbəsində yerləşən Müalicə Müəssisəsində müalicə alır. Məhkəmə bildirişi həmin şəxsə təqdim olunması üçün Müalicə Müəssisəsinə göndərilmiş və tərəfə təqdim olunaraq bu barədə müvafiq imza etdirilməklə qəbz kollegiyaya təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı münasibət bildirilməmiş, məhkəmədə iştirakının təmin olunması üçün vəsatət verilməmişdir. Eyni zamanda iş üzrə iddiaçının vəkili-nümayəndəsi Vəkil kollegiyanın ünvanına ərizə göndərərək eyni vaxtda Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə iclasında iştirak edəcəyindən hazırkı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası həmin vəsatətlə bağlı qeyd edir ki, hazırki mülki işin apellyasiya qaydasında baxılması ilə bağlı məhkəmə iclasının təyini barədə məhkəmə bildirişi tərəflərə Gəncə Apellyasiya Məhkəməsinin ictraatında olan işdən daha əvvəl-yəni ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə göndərilmişdir. Bu səbəbdən də kollegiya iddiaçının vəkilinümayəndəsi Vəkil vəsatətini üzrlü hesab etməmişdir. Iddiaçı İddiaçı isə məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir.

10. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən adıçəkilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir .

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. V. Apellyasiya baxışının hədləri

21. 34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. 35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının qiymətləndirməsi

24. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

25. Belə ki, iş materiallarının araşdırılması nəticəsində məhkəmə kollegiyası müəyyən etmişdir ki, iş üzrə mübahisəsiz hallar ondan ibarətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2023-cü il tarixli hökmü ilə hazırkı iş üzrə cavabdeh Cavabdeh 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hökmlə zərərçəkmiş şəxs-mülki iddiaçı İddiaçı təqsirləndirilən şəxs-mülki cavabdeh Cavabdeh qarşı mülki iddiası qismən təmin edilərək sonuncudan 215.000 manat maddi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 215.030 manat pul vəsaitinin tutulub İddiaçı ödənilməsi hökm edilmiş, həmin hökm qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir.

26. Iddiaçı hazırkı tələbi ilə həmin pul vəsaitinin vaxtında əldə edilməməsi nəticəsində 2 il 7 ay müddətinə 27.774,70 manat məbləğində əldən çıxmış faydanın, 174 manat dövlət rüsumunun və 520 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutulmasını tələb etmişdir.

27. Iş üzrə mübahisəli hallar isə 215.030 manat məbləğində pul vəsaitinin hökm əsasında faktiki olaraq hansı müddətdə və hansı həcmdə icra edilməməsi, icra sənədi üzrə hansı icra tədbirlərinin görüldüyü və onların nəticələrinin nədən ibarət olması, cavabdehin icranı üzrsüz səbəbdən həyata keçirməməsi və ya icradan yayınmaq məqsədilə əmlakını özgəninkiləşdirməsi, habelə məhz həmin hallar nəticəsində iddiaçının 27.774,70 manat məbləğində real və konkret əldən çıxmış fayda əldə etmək imkanından məhrum olması, tələb olunan məbləğlə iddiaçının məruz qaldığını bildirdiyi zərər arasında səbəbli əlaqənin mövcudluğunun sübuta yetirilib-yetirilməməsindən ibarətdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gələrkən iş üzrə sübutetmə yükünün bölüşdürülməsi və iddia tələbinin hüquqi və faktiki əsaslarının sübuta yetirilməsi ilə bağlı düzgün mövqedə olmuşdur.

29. Belə ki, mülki mühakimə icraatının əsas prinsiplərindən biri tərəflərin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etmələri, başqa sözlə, hər bir tərəfin öz hüquqi mövqeyinin əsasını təşkil edən faktların mövcudluğunu sübut etmək vəzifəsini daşımasıdır. Hazırkı işdə iddiaçı 27.774,70 manat məbləğində əldən çıxmış faydanın tutulmasını tələb etdiyindən, ilk növbədə həmin faydanın əldə edilməsinin real və konkret imkanının mövcudluğunu, bu imkanın cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində aradan qalxdığını, zərərin məhz cavabdehin təqsirli davranışı ilə bağlı olduğunu, zərərin miqdarını və həmin məbləğin hesablanmasının obyektiv və yoxlanıla bilən meyarlara əsaslandığını sübut etməlidir.

30. Kollegiya qeyd edir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf edən ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli məhkəmə qərarında ifadə olunmuş hüquqi mövqeyə görə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

32. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

33. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

34. Iddiaçı tələbinin əsasını təşkil edən mühüm hallardan biri kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün 2 il 7 ay müddətində icra edilmədiyini, cavabdehin icradan yayındığını və bunun üçün əmlakını özgəninkiləşdirdiyini irəli sürmüşdür. Lakin yuxarıda da qeyd olunan sübutetmə ilə bağlı mövqeyə əsasən belə halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında icra sənədinin icra məmuruna təqdim edilməsi, icra icraatının başlanılması, borcluya könüllü icra üçün müddət verilməsi, borclunun həmin müddətdə öhdəliyini yerinə yetirməməsi, borclunun əmlakının müəyyən edilməsi və ya axtarılması, həmin əmlaka həbs qoyulması, əmlakın qiymətləndirilməsi, satışa çıxarılması, icra tədbirlərinin nəticəsiz qalması və ya digər məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə məlumatlar və bunları təsdiq edən sənədlər təqdim edilməmişdir.

35. Məhkəmə kollegiyası tərəfindən elektron məhkəmə informasiya sistemində də iş üzrə müvafiq araşdırma aparılmış, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında verilmiş icra vərəqəsinin icra vəziyyəti, icra icraatının başlanılıb-başlanılmaması, icra prosesində hansı tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb edən məlumatlara rast gəlinməmişdir. Bu hal xüsusi əhəmiyyət daşıyır, çünki iddiaçının əldən çıxmış fayda tələbinin faktiki əsası kimi istinad etdiyi “hökmün 2 il 7 ay ərzində icra edilməməsi” və “cavabdehin icradan yayınması” barədə nəticəyə gəlmək üçün əvvəlcə icra sənədinin taleyinin və icra prosesində faktiki olaraq nələrin baş verdiyinin müəyyən edilməsi zəruridir.

36. Iddiaçı həmin halların mövcudluğunu sübut etmək imkanına malik olduğu halda, bu imkanlardan istifadə etməmişdir. Iddiaçı məhkəmədə peşəkar vəkillə təmsil olunmuş, ona işin faktiki hallarının araşdırılması, müvafiq sənədlərin əldə edilməsi, aidiyyəti orqanlara sorğular verilməsi və həmin sənədlərin məhkəməyə təqdim edilməsi üçün kifayət qədər prosessual imkan verilmişdir. Buna baxmayaraq, iddiaçının vəkil-nümayəndəsi həmin icra sənədi üzrə icra məmuru tərəfindən hansı tədbirlərin görülməsi və nəticədə borcun əgər tutulmamışdırsa niyə tutulmaması barədə hər hansı sənəd və ya digər mötəbər sübut təqdim edilməmişdir.

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, tərəfin sübutetmə vəzifəsi, ilk növbədə, onun öz tələbinin əsasını təşkil edən faktiki halları müəyyənləşdirməsini və həmin halları təsdiq edən sübutları əldə edərək məhkəməyə təqdim etməsini nəzərdə tutur. Iddiaçı sübutları müstəqil qaydada əldə edə bildiyi halda onların əldə olunması və məhkəməyə təqdim edilməsi istiqamətində hər hansı tədbir görmədən, ümumi şəkildə həmin sübutların məhkəmə tərəfindən toplanmasını gözləyə bilməz. Məhkəmənin sübutların əldə edilməsinə yardım göstərməsi isə tərəfin ilkin sübutetmə vəzifəsini aradan qaldırmır və tərəfin öz prosessual vəzifəsini məhkəmənin üzərinə keçirməsinə əsas vermir.

38. Əgər tərəf müvafiq sübutun müstəqil qaydada əldə edilməsinin mümkün olmadığını hesab edirsə, bu halda həmin sübutun hansı orqanda və ya şəxsdə olduğunu, onun iş üçün hansı əhəmiyyət daşıdığını, sübutun özünün nəyi təsdiq etdiyini və onu müstəqil qaydada əldə etməsinə mane olan konkret səbəbləri göstərməklə məhkəməyə əsaslandırılmış vəsatət verməli və sübutun tələb edilməsini xahiş etməlidir. Lakin hazırkı işdə iddiaçı tərəfindən belə prosessual mexanizmdən də istifadə edilməmişdir. Başqa sözlə, iddiaçı bir tərəfdən tələbinin əsasını təşkil edən faktların mövcudluğuna istinad etmiş, digər tərəfdən isə həmin faktları təsdiq edən sübutları özü axtarıb əldə etmək, aidiyyəti orqanlara sorğular vermək və ya belə sübutların müstəqil qaydada əldə edilməsinin mümkünsüzlüyünü əsaslandırmaq əvəzinə onların məhkəmə tərəfindən araşdırılmasını gözləmişdir.

39. Halbuki sübutetmə vəzifəsi daşıyan tərəf əvvəlcə öz sərəncamında olan və müstəqil qaydada əldə edə biləcəyi sübutları müəyyən etməli, onları toplamalı və məhkəməyə təqdim etməli, yalnız obyektiv səbəblərdən bunu edə bilmədiyi halda həmin səbəbləri konkretləşdirərək məhkəmənin yardımından istifadə etməlidir. Hazırkı işdə isə iddiaçı tərəfindən bu ardıcıllığa əməl edilməmiş, tələbin faktiki əsasını təsdiq edən sübutların əldə edilməsi və təqdim olunması istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilməmişdir.

40. Hətta iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ## ### 2026-cı il tarixdə iddiaçının vəkil-nümayəndəsinə məktub ünvanlayaraq iddianın əsasını təşkil edən halları təsdiq edən sübutların məhkəməyə təqdim edilməsini təklif etmiş, lakin iddiaçı tərəfindən həmin halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

41. Vurğulanmalıdır ki, məhkəmənin tərəflərin sübutetmə vəzifəsini onların əvəzinə həyata keçirməsi məhkəmənin obyektiv və qərəzsiz arbitr statusu ilə uzlaşmır. Məhkəmənin tərəflərdən birinin təqdim etməli olduğu ilkin sübutları onun əvəzinə axtarması, həmin tərəfin prosessual mövqeyini formalaşdırması və ya sübutetmə fəaliyyətini bütövlükdə öz üzərinə götürməsi prosessual tərəflərin bərabərliyi və çəkişmə prinsipinə xələl gətirə bilər. Buna görə də məhkəmənin sübutların tələb edilməsində yardım göstərmək səlahiyyəti tərəfin öz sübutetmə vəzifəsindən azad edilməsi kimi qiymətləndirilə bilməz.

42. Iddiaçının digər tələbinin yalnız hökm üzrə müəyyən edilmiş 215.030 manat pul vəsaitinin uzun müddət ərzində ödənilməməsi faktına və həmin məbləğin 5 faiz göstəricisinə vurulması əsasında aparılmış hesablamaya əsaslandırılması öz-özlüyündə əldən çıxmış faydanın mövcudluğunu sübut edən kifayət qədər və mötəbər əsas kimi qəbul edilə bilməz. Çünki pul öhdəliyinin vaxtında icra edilməməsi ilə əlaqədar olaraq kreditorun birmənalı şəkildə konkret məbləğdə əldən çıxmış fayda əldə etdiyi nəticəsinə gəlmək mümkün deyildir. Əldən çıxmış faydanın tələb edilməsi üçün sadəcə pul vəsaitinin əldə edilməməsi deyil, həmin vəsaitdən istifadə edilməklə müəyyən gəlirin əldə edilməsinin real, konkret və ağlabatan imkanının mövcudluğu, həmin imkanın məhz cavabdehin davranışı nəticəsində itirilməsi və itirilmiş gəlirin məbləğinin obyektiv məlumatlarla müəyyən edilməsi də tələb olunur.

43. Apellyasiya şikayətində iddiaçı tərəfindən cavabdehin məhkəmə aktını icra etməməsinin üzrlü və ya üzrsüz səbəblərdən olmasının müəyyən edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə aktının qərəzli olaraq icra edilməməsinə görə məsuliyyət müəyyən edildiyi, buna görə də hazırkı mübahisə üzrə cavabdehin məhkəmə aktını üzrlü və ya üzrsüz səbəbdən icra edib-etməməsinin araşdırılmasına ehtiyac olmadığı və məhkəmə aktının icra edilməməsinin özünün tələbkara dəymiş zərər və əldən çıxmış faydanın yaranması üçün kifayət etdiyi bildirilmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin sübutların təqdim edilməməsi ilə bağlı gəldiyi nəticə apellyasiya şikayətində təqdim edildiyi kimi, məhkəmə aktının icra edilməməsinin mütləq şəkildə üzrlü və ya üzrsüz səbəbdən baş verməsinin mülki məsuliyyətin ayrıca və müstəqil şərti kimi müəyyən edilməsinə əsaslanmamışdır. Əksinə, məhkəmə iddiaçının əldən çıxmış fayda tələbinin əsasını təşkil edən faktiki halların, o cümlədən icra sənədi üzrə real vəziyyətin, icra tədbirlərinin nəticələrinin, cavabdehin icradan yayındığı barədə iddianın və məhz cavabdehin davranışı nəticəsində iddiaçının konkret gəlirdən məhrum olması hallarının sübuta yetirilmədiyini müəyyən etmişdir. Iddia tərəfinin də qeyd etdiyi kimi qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktının qərəzli olaraq icra edilməməsinə görə məsuliyyət müəyyən etmişdir.

45. Işin apellyasiya baxışı zamanı cavabdehin cəzasını çəkib-çəkməməsi və ya hansı cəzaçəkmə müəssisəsində olması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu ünvanlanmış, cavab məktubunda qeyd olunmuşdur ki, cavabdeh Cavabdeh hazırda Bakı şəhəri, Böyük-Şor qəsəbəsi ərazisində yerləşən Müalicə müəssisəsində saxlanılır.

46. Beləliklə, qeyd olunan məlumatlardan görünür ki, cavabdeh Cavabdeh məhkəmə aktında müəyyən edilmiş öhdəliyi şəxsi iradəsindən asılı olmayan səbəbdən, o cümlədən hazırda azadlıqdan məhrum etmə ilə əlaqədar müvafiq müəssisədə saxlanılması səbəbindən icra edə bilməməsi ehtimalı mövcuddur. Bu hal isə özlüyündə cavabdehin qüvvəyə minmiş məhkəmə aktını qərəzli şəkildə icra etməməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas vermir.

47. Iddiaçının “bütün əməliyyatların borcun ödənilməsindən yayınmaq üçün gizli həyata keçirilməsi” barədə mövqeyi də konkret sübutlarla təsdiq edilməmişdir. Məhkəmə mülahizə və ehtimal əsasında cavabdehin müəyyən hərəkətə məhz icradan yayınmaq məqsədilə yol verdiyi qənaətinə gələ bilməz. Tərəfin irəli sürdüyü faktiki halın hüquqi nəticə doğurması üçün həmin halın iş üzrə mövcud və mötəbər sübutlarla təsdiq edilməsi tələb olunur.

48. Apellyasiya şikayətində cavabdehin ailə üzvlərinin daşınmaz əmlakı icra vərəqəsinin qüvvədə olduğu dövrdə satması və əldə edilmiş vəsaiti öz aralarında bölüşdürməsi də icradan yayınma niyyətinə “açıq şəkildə işarə edən” hal kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil də sübut edilmədiyindən qəbul edilə bilməz.

49. Belə ki, daşınmaz əmlakın satılması faktı ilə həmin əmlakın məhz icra vərəqəsi üzrə öhdəliyin icrasından yayınmaq məqsədilə satılması faktı arasında birmənalı əlaqə mövcud deyildir. Əmlakın icra vərəqəsinin qüvvədə olduğu dövrdə özgəninkiləşdirilməsi müəyyən faktiki haldır, lakin həmin halın hüquqi qiymətləndirilməsi üçün satışın konkret şəraiti, əmlakın kimə məxsus olması, satışın hansı tarixdə və hansı qiymətə həyata keçirilməsi, satışdan əldə edilmiş pul vəsaitinin kim tərəfindən alınması, həmin vəsaitin sonrakı taleyi, cavabdehin həmin əməliyyatda iştirakı və ən əsası, əməliyyatın məqsədinin icradan yayınmaq olması barədə sübutların araşdırılması zəruridir.

50. Apellyatorun “əldə edilən vəsaiti öz aralarında bölüşdürmüşlər” barədə mövqeyi də yalnız iddia ərizəsində irəli sürülmüş mülahizə olaraq qalır. Bu halın təsdiqi üçün alğı-satqı müqaviləsi, ödəniş sənədləri, bank əməliyyatları, pul vəsaitinin hərəkətini göstərən sənədlər və digər mötəbər sübutlar təqdim edilməli idi. Eyni qaydada, satışdan 616.000 manat vəsait əldə edildiyi və həmin vəsaitin borcun ödənilməsinə yönəldilmədiyi barədə dəlillər də müvafiq sübutlarla təsdiq olunmalıdır.

51. Nəticə etibarilə, birinci instansiya məhkəməsi iddiaçının tələbini təsdiq edən kifayət qədər, aidiyyəti, mümkün və mötəbər sübutların təqdim edilmədiyi qənaətinə gəlməkdə haqlı olmuş, iş üzrə sübutların qiymətləndirilməsi zamanı prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən, iddia tələbinin əsasını təşkil edən halları təsdiq edən yeni və ya mötəbər sübutlarla əsaslandırılmadığından, şikayətin təmin edilməsi üçün hüquqi əsas müəyyən edilmir.

52. Kollegiya son olaraq apellyasiya şikayətinə əlavə olunmuş yeni sübutlarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddənin məzmunundan da göründüyü kimi, apellyasiya instansiyası yalnız birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olmayan sübutları qəbul edir.

53. Tədqiq olunmuş iş materiallarından aydın olur ki, işin birinci instansiya mərhələsində məhkəmə hazırlıq iclasları keçirilmiş, tərəflərə sübutlarla bağlı vaxt verilmiş, iddiaçı peşəkar vəkillə təmsil olunmasına baxmayaraq apellyasiya şikayətinə əlavə edilmiş həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəbləri barədə hər hansı əsaslandırma verilməmiş, onların vaxtında təqdim edilməsinin iddiaçıdan asılı olmayan səbəblərdən mümkün olmaması iş materialları ilə təsdiq edilməmişdir.

54. Iş materiallarına nəzər salan zaman həmçinin aydın olmuşdur ki, işə baxan hakim tərəfindən iddiaçının vəkil-nümayəndəsi Vəkil məktub ünvanlanmış, məktubda (səh.99) iddiaçı tərəfindən verilən iddia ərizəsində cavabdehin 2 il 7 aylıq müddətdə qətnamə ilə verilməli olan pul vəsaitini vaxtında icra etmədiyindən müvafiq gəlirlərdən məhrum olduğu qeyd edilsə də, həmin məbləğin üzrsüz səbəbdən icra edilməməsini təsdiq edən hər hansı sübut, cavabdeh barədə çıxarılmış hökmün icrası vəziyyəti, iddia olunan əmlakın satılmasını və borcdan yayınılmasını təsdiq edən hər hansı sübutun iddia ərizəsinə əlavə edilmədiyi göstərilmiş, həmin sübutların ## ### 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasınadək məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

55. Lakin iddiaçının vəkil-nümayəndəsi tərəfindən qeyd olunan məktubla bağlı birinci instansiya məhkəməsinə hər hansı yeni sübut təqdim edilməmiş, yalnız vahid məhkəmə təcrübəsinin təmin edilməsi ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnamələrinin surəti məhkəməyə təqdim olunmuşdur.

56. Bu baxımdan, apellyasiya şikayətinə əlavə edilmiş sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin obyektiv olaraq mümkün olmadığını təsdiq edən hər hansı mötəbər məlumatın mövcudluğu müəyyən edilmir. Tərəfin sübutları birinci instansiya məhkəməsində təqdim etmək imkanına malik olduğu halda, həmin sübutları apellyasiya instansiyasına təqdim etməsi Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində nəzərdə tutulmuş istisnanın tətbiqi üçün əsas ola bilməz.

57. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyasında yeni sübutların qəbul edilməsi üçün yalnız həmin sübutların mövcudluğu kifayət etmir. Belə sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin işdə iştirak edən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığının əsaslandırılması və bunun müvafiq sübutlarla təsdiq edilməsi tələb olunur. Hazırkı iş üzrə isə belə hallar müəyyən edilməmişdir.

58. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, eyni zamanda qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz.

59. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

61. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq onun özünə aid edilməlidir.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar