Məhkəmə qərarları › İş №e-2(3-10)-481/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-481/2026

19.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-481/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İsmayılova Könül Abid qızına qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh İsmayılov Könül Abid qızına qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh İsmayılova Könül Abid qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh İsmayılova Könül Abid qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanışı olan cavabdeh İsmayılova Könül Abid qızı ondan (iddiaçıdan) 1 ay müddətində qaytarmaq şərti ilə borc pul istəmiş və tərəfindən ## ### 2024-cu il tarixində 3500 (üç min beş yüz) manat və ## ### 2024-cü il tarixində 550 (beş yüz əlli) manat, ümumilikdə 4050 (dörd min əlli) manat pul cavabdehə məxsus olan karta (kartın nömrəsi 5239151511527932) göndərilmişdir. Bundan sonra cavabdeh borc pulun qaytarılmasında bəhanələr gətirmiş, borcun qaytarılmasından yayınmışdır. Bununla bağlı cavabdehlə aralarında coxsaylı telefon zəngləri və vatsap yazışmaları olmuş, lakin bu günə qədər tərəfindən cavabdehə verilmiş borc pul geri qaytarılmamışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 331.1, 739.1, 739.2, 442, 422.1, 443.1-ci maddələrinə istinad edərək, cavabdeh İsmayılova Könül Abid qızından 4050 (dörd min əlli) manat pulun və 60.5 (altmış manat əlli qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı həmçinin məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində cavabdehdən nəğd vəsait almadığını, cavabdeh tərəfindən onun (iddiaçının) kartına göndərilən məbləğlərin borcla bağlı deyil, mühasibatlıq xidməti göstərməsinə görə 30, 40 manatlar olduğunu göstərmişdir.

4. Cavabdeh İsmayılova Könül Abid qızı məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində iddiaçı tərəfindən verilmiş iddianın əsassız olduğunu, iddiaçının iddia ərizəsində göstərdiyi məbləği qaytardığını, iddiaçının mühasib olduğunu, onun səhvi ucbatından ona (cavabdehə) vergi tərəfindən 16 000 manat vergi borcunun yazıldığını bildirmişdir. Cavabdeh İsmayılova Könül Abid qızı həmçinin məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində iddiaçıya ödənişlərin bir qismini bank yolu ilə qalan məbləği isə nağd qaydada təqdim etdiyini göstərmişdir.

5. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh İsmayılov Könül Abid qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabdeh İsmayılova Könül Abid qızından 3014 (üç min on dörd) manat pul və 50.14 (əlli manat on dörd qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə qaytarmaq şərti ilə ##.##.2024-cü il tarixdə 3500 (üç min beş yüz) manat, ##.##.2024-cü il tarixdə 550 (beş yüz əlli) manat olmaqla, ümumilikdə 4050 (dörd min əlli) manat pul verilmişdir. Cavabdeh iddiaçıdan aldığı puldan cəmi 1036 (bir min otuz altı) manatını hissəhissə qaytarsa da, qalan məbləği qaytarmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə ilk növbədə iddiaçı tərəfindən 4050 (dörd min əlli) manat pulun verilməsi ilə bağlı sübutlara qiymət verərək, qeyd edir ki, həmin məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə verilməsi iş materiallarında olan qəbzlərlə təsdiq edilir, həmçinin həmin hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

9. Məhkəmə iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş səs yazıları və vatsap yazışmaları ilə bağlı qeyd edir ki, həmin səs yazıları və vatsap yazışmaları mötəbər sübut kimi qəbul edilə bilməz.

10. Belə ki, həmin səs yazılarının cavabdehə aid olması, həmçinin vatsap yazışmalarının aparıldığı möbil nömrənin cavabdehə məxsus olması iş materiallarından müəyyən edilmir. Vatsap yazışmalarını əks etdirən görüntülərdən yazışmaların hansı mobil nömrə ilə aparıldığı da müəyyən edilmir.

11. Bundan başqa, məhkəmə cavabdeh tərəfindən iddiaçının kart hesabına müxtəlif vaxtlarda köçürülmüş cəmi 1036 (bir min otuz altı) manat vəsaitin mühasibatlıq hesabatının aparılması ilə bağlı olması barədə iddiaçının göstərdiyi xüsusata da qiymət verərək, qeydi edir ki, iddiaçı tərəfindən həmin halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə belə nəticəyə gəlir ki, həmin məbləğ 4050 (dörd min əlli) manat vəsaitdən qaytarılmışdır.

12. Məhkəmə cavabdehin iddiaçı tərəfindən ona verilmiş 4050 (dörd min əlli) manat vəsaitin bir qismini nəğd şəkildə qaytarması ilə bağlı hala da qiymət verərək, qeyd edir ki, cavabdeh tərəfindən həmin halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

13. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdeh tərəfindən ididaçıya bank köçürmələri yolu ilə ümumilikdə 1036 (bir min otuz altı) manat vəsaitin qaytarıldığı təsdiqini tapır.

14. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən 3014 (üç min on dörd) manat pulun alınıb iddaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır.

15. İddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınıb iddiaçıya verilməlidir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1 və 1091.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan cavabdeh İsmayılova Könül Abid qızı apellyasiya şikayəti vermişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, o, borcun bir hissəsini kart vasitəsi ilə, digər hissəsini isə nağd şəkildə qaytarmışdır. Belə ki, aralarında bağlanmış şifahi müqaviləyə əsasən o, borcu nağd qaydada qaytaracaqdı, ancaq işində problemlər olduğu üçün borcu 1 ay sonra qaytara bilməmişdir. 2-3 ay sonra borcu hissə-hissə qaytarmağa (kart hesabına) başlamış, daha sonra isə təkid etdiyi, ailə üzvlərini təhdid və təhqir etdiyi üçün qalan məbləği də nağd qaydada görüşüb özünə təqdim etmişdir.

19. İddiaçı tərəfindən cavabdehin ona 4050 manat borcu olmasını sübut edən mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə yalnız iddiaçının dediklərini əsas götürüb qətnamə çıxarmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərdən də görünür ki iddiaçıya ödəniş etmiş, ancaq məhkəmə iddiaçının məhkəməyə yalan bəyan etməsini nəzərə almamışdır.

20. Odur ki, Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı İddiaçı və İsmayılova Könül Abid qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilmiş hissəsində qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(039)-1640/2025 nömrəli qətnaməsinin əsaslılığını həmin hissələrdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqına” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

31. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixdə 3500 (üç min beş yüz) manat, ##.##.2024-cü il tarixdə 550 (beş yüz əlli) manat olmaqla, ümumilikdə 4050 (dörd min əlli) manat məbləğində borc pul verilmiş, lakin cavabdeh iddiaçıdan aldığı puldan cəmi 1036 (bir min otuz altı) manatını hissə-hissə qaytarsa da, qalan məbləği qaytarmamışdır.İddiaçı pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borcun bir hissəsini kart vasitəsi ilə, digər hissəsini isə nağd şəkildə qaytarması, iddiaçı tərəfindən cavabdehin ona 4050 manat borcu olmasını sübut edən mötəbər sübutlar təqdim edilməməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan «xxxx» ASC-yə aid **************** saylı kartın surətindən görünür ki, həmin kart İsmayılova Könül Abid qızına məxsusdur. 34.İşdə olan “Leobank”a aid ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, ödəyici İddiaçı tərəfindən 523915******** saylı kart hesabına 3500 (üç min beş yüz) manat pul köçürülmüş və bu köçürmə üçün 69.99 (altmış doqquz manat doxsan doqquz qəpik) manat komissiya tutulmuşdur.

35. İşdə olan “Leobank”a aid ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, ödəyici İddiaçı tərəfindən 523915******** saylı kart hesabına 550 (beş yüz əlli) manat pul köçürülmüş və bu köçürmə üçün 11 (on bir) manat komissiya tutulmuşdur.

36. İşdə olan “X3» Açıq Səhmdar Cəmiyyəti və “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə plastik kart hesabına dair sorğuya cavab məktublarından və əlavə edilmiş CD disklərdən görünür ki, müvafiq olaraq İsmayılova Könül Abid qızına məxsus 523915******** saylı kart hesabından İddiaçı məxsus 409858********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 240 manat, ##.##.2024-cü il tarixdə 90 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 40 manat, ##.##.2024-cü il tarixdə 40 manat, ##.##.2024-cü il tarixdə 30 manat, ##.##.2024-cü il tarixdə 30 manat, ##.##.2024-cü il tarixdə 30 manat, ##.##.2024-cü il tarixdə 15 manat, ##.##.2024-cü il tarixdə 58 manat, ##.##.2024-cü il tarixdə 238 manat və İsmayılova Könül Abid qızına məxsus 523915******** saylı kart hesabından İddiaçı məxsus 416973********** saylı kart hesabına ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ümumilikdə 1036 (bir min otuz altı) manat vəsait köçürülmüşdür.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 4050 manat məbləğində pul vəsaitinin borc olaraq verilməsi iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi bank kartlarına köçürmə ilə bağlı qəbzlərlə təsdiq edildiyi halda, cavabdeh tərəfindən həmin borcun iddiaçıya tam olaraq qaytarılmasına dair heç bir sübut təqdim edilməmişdir.

38. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Cavabdeh tərəfindən isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil edə biləcək sübutlar təqdim edilməmişdir.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh İsmayılova Könül Abid qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. 42 Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh İsmayılova Könül Abid qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh İsmayılova Könül Abid qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar