Məhkəmə qərarları › İş №e-2(3-10)-491/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-491/2026

12.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-491/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X2 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərimov Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5389.50 manat dəymiş ziyanın, 50 manat mediasiya xərcinin və 23.9 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ## #### 2024-cü il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. ##.##.2024- ##.##.2024-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 5389,50 (beş min üç yüz səksən doqquz manat 50 qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsəməsi və şəxsi ehtiyaclarına xərcləməsi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 5389,50 (beş min üç yüz səksən doqquz manat 50 qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Odur ki, məhkəmədən cavabdeh Cavabdeh 5389,50 (beş min üç yüz səksən doqquz manat 50 qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23,9 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1 iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ## #### 2024-cü il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. ##.##.2024-##.##.2024-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 5389.50 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 5389.50 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir.Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, xxxx MMC-də satış nümayəndəsi işləmişdir. Lakin iddiaçıya məxsus əmlakları mənimsəməmişdir. İddiaçı tərəfindən tərtib edilmiş təhvil-təslim aktından məlumatı olmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.

5. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2(046)-2305/2025 (Hakim İ.Fəttahov) nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, iddiaçı İddiaçı MMCnin cavabdeh Cavabdeh 5389.50 manat maddiz ziyanın, 50 manat mediasiya xərcinin və ödənilmiş 23.9 manat dövlət rüsumunun alınması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMC şirkətində satış nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh işlədiyi müddət ərzində intizam xətasına yol verdiyini və İddiaçı MMC-yə 5389.50 manat maddi ziyan vurulduğunu iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Tədqiq edilmiş sübutlardan görünür ki, xxxx firmasının auditi X4, bölgə müdiri X1 iştirakı ilə keçirilmiş maddi məsul şəxs Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqlarının ##.##.2024-##.##.2024-cü il tarixlərdə aparılmış yoxlamanın yekununa dair akt “maddi məsul şəxs” Cavabdeh tərəfindən imzalanmamışdır. Göründüyü kimi xxxx MMCnin əməkdaşları tərəfindən Cavabdeh təhkim edilmiş müştərilərin qalıq borclarına dair akt Cavabdeh tərəfindən imzalanmadığından, iddiaçının qeyd dəymiş ziyanı cavabdehdən tələb etməsi əsassızdır.

8. Belə ki, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi cavabdeh Cavabdeh tərəfindən xxxx MMC-yə 5389.50 manat maddi ziyan vurulduğuna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

9. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, cavabdeh Cavabdeh 5389.50 manat maddiz ziyanın, 50 manat mediasiya xərcinin və ödənilmiş 23.9 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı MMC-nə verilməsi barədə tələbi rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” və “b” bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan iddiaçı İddiaçı MMC apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə prosesinin gedişatında Cavabdeh iddia tələbini qismən qəbul etmiş, tələb olunan maddi ziyan məbləğinin 3000 manatadək olan hissəsini etiraf və qəbul etmişdir. Məhkəmə iclasının fasiləsiz videoaudio yazısı bunu təsdiq edir.

13. Eyni zamanda bildirirlər ki, sübut qismində, ##.##.2024-cü il tarixli “Vurulmuş zərərin təsdiqlənməsi barədə” Akt, ##.##.2024-cü il tarixli, *** saylı “Borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair” Akt, “Tam maddi-məsuliyyət haqqında” ##.##.2024-cü il tarixli müqavilə və tərəfə göndərilmiş teleqram məhkəmə icraatı materiallarına ##.##.2025-ci il tarixdə əlavə edilmişdir.

14. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarına istinad etsə də, iş materiallarında olan sübutları nəzərə almamış və hesab etmişdir ki, guya onlar tərəfindən iddia tələbində göstərilənləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməyib.

15. Odur ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddianın tam həcmdə təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 36.95 manatın cavabdehdən iddiaçının xeyrinə tutulnması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kolegiyasının ## #### 2026-cı il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 10-cu maddəsinin ç bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; 200-cü maddəsinə əsasən tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən ərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyator Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə nəzərə almamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

27. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında ##.##.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh Cavabdeh iddiaçı təşkilatda şatış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin ## #### 2024-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. ##.##.2024-##.##.2024-cü il tarixlərdə cavabdehin fəaliyyəti yoxlanılarkən 5389.50 manat məbləğində çatışmazlıq aşkar edilmiş və iddiaçı təşkilata cavabdeh tərəfindən qeyd olunan məbləğlərdə ziyan vurulması müəyyən olunmuşdur. İddiaçı İddiaçı MMC cavabdeh tərəfindən işlədiyi dövr ərzində şirkətə vurduğu 5389.50 manat maddi ziyanın ödənilməsini tələb etmiş, cavabdeh isə iddianı qismən qəbul etmiş, birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iddiaçı təşkilata təxminən 2500-3000 manat civarında borcunun olduğunu etiraf etmişdir.

29. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə prosesinin gedişatında Cavabdeh iddia tələbini qismən qəbul edərək, tələb olunan maddi ziyan məbləğinin 3000 manatadək olan hissəsini etiraf və qəbul etməsi, məhkəmə iclasının fasiləsiz videoaudio yazısının bunu təsdiq etməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli hazırlıq iclasının protokolu, eləcədə video-audio yazısına baxış keçirilərkən müəyyən olunmuşdur ki, məhkəmə iclasında cavabdeh iddiaçı təşkilata təxminən 2500-3000 manat civarında borcunun olduğunu etiraf etmiş, lakin birinci instansiya məhkəməsi bunu diqqətə almamış və bu istiqamətdə hər hansı araşdırma aparmamışdır.

32. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı təşkilata 3000 manat məbləğində borcunun olmasını etiraf etdiyi təqdirdə, birinci instansiya məhkəməsinin iddiaçı təşkilatın ona maddi ziyan vurulduğuna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməməsi əsası ilə iddianın tam rədd edilməsinə dair gəldiyi nəticə işin hallarına uyğun olmamış, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

34. Məhkəmə kollegiyası ümumilikdə apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 3000 manat məbləğində maddi ziyanın və 23.9 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutulmasına aid hissədə iddianı rədd edərkən düzgün nəticəyə gəlməmişdir.

35. Belə ki, cavabdeh özü iddiaçı təşkilata 3000 manat məbləğində borcunun olduğunu etiraf etmiş, belə olan təqdirdə iddiaçı təşkilatın həmin məbləğdə maddi ziyanın vurulmasına dair əlavə sübut təqdim etməsinə zərurət qalmır, lakin iddiaçı həmin məbləğdən artıq təşkilata ziyan dəyməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

36. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən, yəni iddianın rədd edilmiş 3000 manatına və 23.9 manat ödənilmiş dövlət rüsumuna aid hissədə ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş 3000 manat məbləğində maddi ziyan və 23.9 manat ödənilmiş dövlət rüsumuna aid hissələrdə ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi cavabdeh Cavabdeh 3000 manat məbləğində pul vəsaitinin və 23.9 manat ödənilmiş dövlət rüsumunun tutulması hissələrində təmin edilsin. Cavabdeh Cavabdeh 3000 manat məbləğində pul vəsaiti və 23.9 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar