Məhkəmə qərarları › İş №e-2(3-6)-1355/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1355/2026

10.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1355/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli ##.##.2023-cü il tarixli çıxarışa əsasən cavabdeh cavabdeh1 icarəsində olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən 0,2465 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı barədə ##.##.2024-cü il tarixdə bağlanmış 3M-**** reyestr nömrəli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi, həmin torpaq sahəsinə görə ödədiyi 11.450 manat pulun - maddi ziyana görə 10.000 manatın cavabdeh1, 1450 manatın maddi ziyana görə, 2235 manat pulun əldən çıxmış faydaya görə, 125 manat pulun vəkil xidmətinə görə, 135 manat məhkəməyə ödənilən dövlət rüsumuna görə, 1055 manat mənəvi ziyana görə, cəmi 5000 manat pulun cavabdeh2, ümumilikdə 15.000 manat pulun müştərək qaydada cavabdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin əvvələrində iki qızına bir-birinin yanında fərdi yaşayış evi tikdirməkdən ötrü üç sot torpaq sahəsi almaq məqsədlə Sabunçu rayonunun Ramana Südçülük sovxozunda * №-li ev alqı-satqısı ofisi olan Seymur adlı maklerin ofisinə gəlmiş, söhbət zamanı Seymur adlı həmin makler Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində ev tikintisi üçün nəzərdə tutulan üç sot boş torpaq sahəsi olduğunu, istədiyi vaxt həmin torpaq sahəsini ona göstərə biləcəyini demiş və həmin torpaq sahəsinin qiymətini 11.450 manata razılaşmışlar. Həmin vaxt cavabdeh2 ona təklif etdiyi torpaq sahəsinə baxmaq üçün əraziyə aparmış və boş torpaq sahəsindəki bir ərazini ona göstərərək məhz bu torpaq sahəsinin 3 sot ərazi sahəsini razılaşdıqları qiymətə satacağını demişdir. cavabdeh2 11.450 manat pulu 2024-cü ilin fevral-mart aylarında 3-4 dəfəyə vermişdir. Həmin pulları ona verdiyini video görüntü ilə qeydə almışdır. Pulu verəndən 3 gün sonra həmin torpaq sahəsində ev tikintisi işlərinə başlaya biləcəyini bildirməsinə baxmayaraq, orada hər hansı bir tikinti işi aparmağa, ev tikintisi işlərinə başlamağına icazə və imkan verilməmişdir. Təxminən 10 aya yaxın müddətdir ki, cavabdeh2 aldadaraq notariusda ev tikdirmək üçün nəzərdə tutulmuş torpaq sahəsi adı ilə imza etdirdikləri torpağın alqı-satqı müqaviləsinin ləğv edilməsi, aldadaraq torpağa görə ödədiyi 11.450 manat pulu qaytarmasını tələb edir. Lakin cavabdehlər onu aldatmış, süründürərək verdiyi 11.450 manat pulu müxtəlif üsul və vasitələrdən istifadə edərək qaytarmaqdan imtina edirlər. Onu da qeyd edir ki, cavabdeh2 sözügedən torpaq sahəsini ona fərdi yaşayış evi tikdirmək üçün nəzərdə tutulmuş torpaq sahəsi adı ilə satmış, sonra isə onu aldadaraq notariusa aparıb tanımadığı bir şəxslə hansısa bir sənədə imza etdirmişdir. Savadsız olduğundan hüquqi yardım üçün vəkilə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, cavabdehlər ##.##.2024-cü il tarixdə Abşeron rayonunun * saylı notariat ofisində sözügedən 0,03 ha torpaq sahəsinin icarə hüquqlarının alqı-satqı müqaviləsinə imza etdirmişlər. Həmin müqavilədə qeyd olunur ki, satıcı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin * saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli ##.##.2023-cü il tarixli ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh1 icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,2465 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsinin icarə hüquqlarını alıcıya 10.000 manata satır. Sözügedən torpaq sahəsini cavabdehlər ev tikintisi aparmaqdan ötrü onun savadsızlığından və yaşının çox olmasından istifadə edərək aldadaraq satmışlar, halbuki həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Məhz həmin torpaq sahəsinin təyinatının kənd təsərrüfatı olmasını cavabdehlər gizlətmişlər və beləcə onu aldatmışlar. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır.

3. Cavabdehlər tərəfindən yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh1 (əvəzindən X1) ilə iddiaçı İddiaçı arasında ##.##.2024-cü il tarixdə Abşeron rayon * saylı notariat ofisində bağlanmış 3M-**** reyestr nömrəsi ilə təsdiq edilmiş torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən ödənilmiş 10.000 manat, müqavilədənkənar qaydada ödənilmiş 800 manat, 300 manat mənəvi zərərin əvəzi, 125 manat vəkil xidmət haqqı və 123 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11.348 manat (on bir min üç yüz qırx səkkiz) manat məbləğində pulun cavabdeh cavabdeh2 alınaraq, iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ahıl yaşda olması, tənha qadın olması, sağlamlığı, maddi vəziyyətinin aşağı olması halları nəzərə alınarsa, ona ev tikmək üçün torpaq əvəzinə, ev tikilməsinə icazə verilməyən kənd təsərrüfatı təyinatlı torpağın satılması iddiaçıda həyəcan, gərginlik, stress kimi neqativ emosiyalar yaratmaqla mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, iddiaçının mənəvi sarsıntı keçirməsi cavabdeh cavabdeh2 qanunsuz hərəkəti nəticəsində baş vermişdir. Lakin onun mənəvi ziyanın əvəzi olaraq tələb etdiyi 1055 manat yüksək həddə olmaqla işin hallarına uyğun deyil. Ona görə də, məhkəmə, həmin hissədə iddianı qismən təmin edərək, cavabdeh cavabdeh2 300 manat maddi zərərin tutulmasını işin hallarına və cavabdehin maddi vəziyyətinə uyğun hesab edir Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinadla əsasən əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

5. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il, e-*(***)-****/**** saylı qətnaməsinin iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsi və iddianın tam olaraq təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1 (əvəzindən X1) ilə iddiaçı İddiaçı arasında ##.##.2024-cü il tarixdə Abşeron rayon * saylı notariat ofisində bağlanmış 3M-**** reyestr nömrəsi ilə təsdiq edilmiş torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi tam qanuni əsaslarla bağlanmış, müqavilə bağlamazdan əvvəl İddiaçı hansı torpaq sahəsi barədə, hansı məqsədlərlə müqavilə bağladığını, torpağın təyinatı barədə tam olaraq məlumatlı idi. Belə olan halda şəxsin əqd bağlaması məqsədilə aldadılması halı mövcud olmur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

6. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

7. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli çıxarışdan görünür ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən 0,2465 ha torpaq sahəsi ##.##.2005-ci ildən 99 illik müddətə cavabdeh1 adına icarə hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

9. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin X1 ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**/*-h-***-***/**** saylı məktubundan görünür kı, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli çıxarışa əsasən, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən 0,2465 ha torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə etiraz edilmir.

10. ##.##.2024-cü il tarixdə Abşeron rayonu * saylı notariat ofisində bağlanmış 3M**** reyestr nömrəsi ilə təsdiq edilmiş torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən satıcı cavabdeh1 (etibarnamə üzrə nümayəndəsi X1) icarəsində olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən 0,2465 ha torpaq sahəsindən 0,03 torpaq sahəsinin icarə hüquqlarını alıcı İddiaçı 10.000 manata satmışdır.

11. Sabunçu RPİ-nin 14-cü PŞ-nin ##.##.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayət vermiş İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin həmin qərardan görünür ki, cavabdeh2 İddiaçı ümumilikdə 10.700 manat pul alıdğını etiraf etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

15. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və işdə olan bütün sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında iş üzrə nəticəyə gələ bilər. Hər bir sübut digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməli, məhkəmənin gəldiyi nəticə isə yalnız iş üzrə müəyyən edilmiş hallardan irəli gəlməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslandırılmış olmalı, qətnamədə müəyyən edilmiş hallar, həmin halları təsdiq edən sübutlar, eləcə də bir sübutun qəbul, digərinin isə rədd edilməsinin səbəbləri göstərilməlidir. İş materiallarından görünür ki, iddiaçı ## ###### 2024-cü il tarixdə bağlanmış torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsini, 11.450 manat pulun maddi ziyana görə 10.000 manatın cavabdeh1, 1450 manatın maddi ziyana görə, 2235 manat pulun əldən çıxmış faydaya görə, 125 manat pulun vəkil xidmətinə görə, 135 manat məhkəməyə ödənilən dövlət rüsumuna görə, 1055 manat mənəvi ziyana görə, cəmi 5000 manat pulun cavabdeh2, ümumilikdə 15.000 manat pulun müştərək qaydada cavabdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bağlanmış əqd yalnız qanunda nəzərdə tutulmuş etibarsızlıq əsaslarının mövcudluğu sübuta yetirildikdə etibarsız hesab edilə bilər. Etibarsızlıq barədə iddia qaldıran tərəf həmin əsasların mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün aşağıdakı hüquqi əhəmiyyət kəsb edən hallar ardıcıl araşdırılmalıdır. Birinci hal: Tərəflər arasında alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdırmı? -İş materiallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi qanunvericiliyin müəyyən etdiyi qaydada bağlanmış, tərəflər tərəfindən imzalanmış və notariat qaydasında təsdiq edilmişdir. Müqavilənin etibarlılığına dair forma tələblərinin pozulması müəyyən edilməmişdir. İkinci hal: Müqavilə bağlanarkən cavabdeh tərəfindən iddiaçı aldatılmışdırmı? -İş materiallarında cavabdehin(cavabdehlərin) iddiaçıya qəsdən həqiqətə uyğun olmayan məlumat verməsini və ya müqavilənin bağlanmasına təsir edən əhəmiyyətli halları bilərəkdən gizlətməsini təsdiq edən mötəbər və yol verilən sübutlar mövcud deyildir. İddiaçının izahatları və istinad etdiyi hallar aldatma faktının mövcudluğunu özlüyündə sübuta yetirmir. Üçüncü hal: Cavabdehin davranışı nəticəsində iddiaçının iradəsi qüsurlu formalaşmışdırmı? -Məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçı müqaviləni öz sərbəst iradəsi ilə bağlamışdır. İş materiallarında onun iradəsinin cavabdehin (cavabdehlərin) qəsdən aldatması nəticəsində formalaşdığını təsdiq edən hər hansı sübut yoxdur. Dördüncü hal: Aldatma ilə müqavilənin bağlanması arasında səbəbli əlaqə sübuta yetirilmişdirmi? - Aldatma faktı müəyyən edilmədiyindən həmin hal ilə müqavilənin bağlanması arasında səbəbli əlaqənin mövcudluğu da sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı aldatma olmasaydı müqaviləni bağlamayacağını və ya onu başqa şərtlərlə bağlayacağını təsdiq edən sübutlar təqdim etməmişdir. Beşinci hal: İddiaçı aldatma faktını sübuta yetirmişdirmi? -Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi həmin halları iddia edən tərəfin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı aldatma faktını, həmin aldatmanın onun iradəsinə təsirini və bununla əqdin bağlanması arasında səbəbli əlaqəni mötəbər və yol verilən sübutlarla təsdiq edə bilməmişdir (iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinə dair Notariat işində mübahisənin predmetini təşkil edən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olmasına dair sənədlər öz əksini tapmışdır). Altıncı hal: Alqı-satqı müqaviləsinin aldatma yolu ilə etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcuddurmu? - Məhkəmə kollegiyası hesab edir ki, aldatma faktı, iddiaçının iradəsinin aldatmanın təsiri altında formalaşması və həmin aldatma ilə əqdin bağlanması arasında səbəbli əlaqə sübuta yetirilmədiyindən, alqı-satqı müqaviləsinin aldatma yolu ilə etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hüquqi əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı müqavilənin bağlanması zamanı onun iradəsinin aldatma, hədə-qorxu, zor tətbiqi, ağır vəziyyətdən istifadə və ya qanunda nəzərdə tutulmuş digər halların təsiri altında formalaşmasını təsdiq edən kifayət qədər və mötəbər sübut təqdim etməmişdir. İş materiallarında olan sübutlar notariat qaydasında bağlanmış müqavilənin tərəflərin sərbəst iradə ifadəsi əsasında bağlandığını göstərir. Birinci instansiya məhkəməsi isə müqavilənin etibarsız hesab edilməsinə dair nəticəyə gələrkən hansı konkret hüquqi faktların müəyyən edildiyini, həmin faktların hansı sübutlarla təsdiq olunduğunu və niyə digər sübutların qəbul edilmədiyini qətnamədə kifayət qədər əsaslandırmamışdır. Bu isə qətnamənin əsaslandırılmışlıq tələbinə cavab vermədiyini göstərir.

18. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dispozitivlik prinsipini də pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 10.000 manat pul vəsaitinin məhz cavabdeh1 tutulmasını tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi qətnaməsinin nəticə hissəsində həmin məbləğin cavabdeh2 tutulmasına qərar vermişdir. Beləliklə, məhkəmə iddiaçının irəli sürdüyü tələbin subyektini dəyişmiş, iddia ərizəsində göstərilməyən şəxs barəsində hüquq və vəzifə müəyyən etmişdir. Məhkəmə mülki mühakimə icraatında tərəflərin irəli sürdükləri tələblərin hüdudlarından kənara çıxa bilməz. Dispozitivlik prinsipi məhkəməyə tərəfin iradəsini əvəz etmək və ya iddianın predmetini və ya subyektini dəyişmək səlahiyyəti vermir. Birinci instansiya məhkəməsinin bu prosessual pozuntusu qətnamənin qanuniliyinə bilavasitə təsir göstərmişdir.

19. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın Avropa İnsan Hüquqları Konvensiyası 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququ məhkəmədən yalnız formal deyil, həm də əsaslandırılmış və proqnozlaşdırıla bilən qərar qəbul edilməsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün Ruiz Torija v. Spain və Hiro Balani v. Spain işləri üzrə qərarlarında qeyd etmişdir ki, məhkəmələr tərəflərin işin nəticəsinə təsir göstərə biləcək əsas arqumentlərinə cavab verməli, qəbul etdikləri nəticələri kifayət qədər əsaslandırmalıdırlar. Qərarın motivasiyasının olmaması və ya daxili ziddiyyətlər ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna səbəb ola bilər. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsi-nin Anđelković v. Serbia və digər qərarlarında vurğulanmışdır ki, məhkəmə tərəflərin irəli sürmədiyi hüquqi nəticələri müəyyən etməklə onların prosessual hüquqlarını məhdudlaşdıra bilməz. Məhkəmə baxışı çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə uyğun aparılmalıdır. Həmçinin hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin ayrılmaz tərkib hissəsidir. Tərəflər məhkəmənin məhz onların irəli sürdükləri tələblər çərçivəsində mübahisəni həll edəcəyini gözləməkdə haqlıdırlar. Məhkəmənin iddia ərizəsində göstərilməyən şəxs barədə öhdəlik müəyyən etməsi bu prinsipə də uyğun gəlmir.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müqavilədənkənar qaydada ödənilmiş 800 manat və 300 manat mənəvi zərərin əvəzi olaraq pul vəsaitinin cavabdeh cavabdeh2 tutulmasına dair iddiaçının təmin edilmiş iddia tələbi də müstəqil hüquqi tələb kimi deyil, mübahisəli müqavilədən irəli gələn və onun hüquqi taleyindən asılı olan törəmə tələb kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından və iddiaçının öz izahatlarından müəyyən edilir ki, həmin 800 manat məbləğində pul vəsaiti tərəflər arasında mövcud olmuş hər hansı ayrıca borc, xidmət, tapşırıq, əsassız varlanma və ya digər müstəqil mülki-hüquqi münasibət çərçivəsində deyil, yalnız torpağın icarə hüququnun əldə edilməsi məqsədilə verilmişdir. İddiaçı da bu məbləğin qaytarılmasını ayrıca hüquqi əsasla deyil, məhz mübahisəli müqavilənin etibarsız hesab edilməsinin nəticəsi kimi tələb etmişdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığına dair normalarının məzmunundan görünür ki, restitusiya, yəni tərəflərin aldıqlarını qarşılıqlı qaydada geri qaytarması yalnız əqd etibarsız hesab edildikdə tətbiq olunan hüquqi nəticədir. Deməli, əqdin etibarsızlığı müəyyən edilmədikdə həmin hüquqi nəticələrin tətbiq edilməsi də mümkün deyildir. Məhkəmə kollegiyası yuxarıda göstərilən əsaslarla mübahisəli ## ###### 2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların sübuta yetirilmədiyi qənaətinə gəldiyindən, həmin müqavilə etibarlı hesab edilməlidir. Müqavilənin etibarlı olduğu halda isə onun əsasında və onun icrası ilə əlaqədar ödənilmiş pul vəsaitlərinin geri qaytarılması üçün hüquqi əsas yaranmır. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının tələb etdiyi 800 manat məbləğində pul vəsaiti formal olaraq müqavilədənkənar ödəniş kimi göstərilsə də, həmin ödəniş öz iqtisadi və hüquqi mahiyyətinə görə mübahisəli müqavilədən ayrılmazdır. Həmin məbləğin verilməsi müqavilədən kənar müstəqil hüquqi münasibətin deyil, məhz torpağın icarə hüququnun əldə olunması prosesinin tərkib hissəsi olmuşdur. Buna görə də həmin ödənişin hüquqi taleyi əsas müqavilənin hüquqi taleyindən ayrı qiymətləndirilə bilməz. Əks yanaşma eyni hüquqi münasibətdən irəli gələn ödənişlərin müxtəlif hüquqi rejimlərə tabe tutulmasına, hüquqi müəyyənlik prinsipinin pozulmasına və tərəflər arasında yaranmış vahid mülki-hüquqi münasibətin süni şəkildə hissələrə bölünməsinə gətirib çıxarardı. Bundan əlavə, iddiaçı 800 manatın qaytarılması üçün müqavilənin etibarsızlığından başqa hər hansı müstəqil maddi-hüquqi əsas göstərməmişdir. İş materiallarında həmin məbləğin borc kimi verilməsi, saxlanılması, əsassız əldə edilməsi və ya cavabdehin ayrıca öhdəliyinin yaranmasını təsdiq edən hallar müəyyən olunmur. Buna görə də bu tələbin müqavilədən asılı olmayan ayrıca tələb kimi təmin edilməsi üçün də hüquqi əsas mövcud deyildir.

22. Məhkəmə kollegiyası hesab edir ki, mülki hüquqda müqavilələrin sabitliyi, hüquqi müəyyənlik və müqavilələrin məcburiliyi prinsipləri mülki dövriyyənin əsasını təşkil edir. Qanunla müəyyən edilmiş etibarsızlıq əsasları sübuta yetirilmədiyi halda, tərəflərin sonradan müqavilənin icrası ilə əlaqədar etdikləri ödənişlərə istinad etməklə müqavilənin hüquqi nəticələrinin aradan qaldırılması yolverilməzdir. Bu baxımdan, müqavilənin etibarsız hesab edilməsinə dair tələbin rədd edilməsi iddiaçının həmin müqavilə ilə bağlı irəli sürdüyü mənəvi zərər və digər törəmə tələblərin də rədd edilməsini zəruri edir, çünki həmin tələblərin hamısı eyni hüquqi münasibətdən irəli gəlir və əsas tələbin hüquqi nəticəsindən asılıdır.

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları tam və obyektiv müəyyən etməmiş, sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, dispozitivlik, çəkişmə, tərəflərin prosessual bərabərliyi və əsaslandırılmış məhkəmə qərarı prinsiplərini pozmuşdur. Bu səbəbdən qətnamə ləğv edilməli, iddia tələbləri isə əsassız olduğundan təmin edilməməlidir.

24. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar