Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1425/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 10.000 (on min) manat, mənəvi zərərə görə isə 100.000 (yüz min) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ## #### 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən qeydiyyatsız yaşadığı evə Suraxanı rayon 31-ci polis bölməsinin 7 nəfər mülki geyimli polis əməkdaşı daxil olaraq iddiaçını yatdığı çarpayıdan 31-ci polis bölməsinə aparmış, ona fiziki zor tətbiq etməklə və həyat yoldaşını da narkotik vasitə ilə yükləməklə hədələməklə üzərinə narkotik vasitə olan heroin “yükləyərək” ## #### 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlamış və ## #### 2024-cü il tarixdə həmin cinayət işi üzrə əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edərək ## #### 2024-cü il tarixdən barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasında saxlanılmışdır. İddiaçıya verilmiş ittihama görə İddiaçı # #### 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi külli miqdarda 4,225 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ## #### 2024-cü il tarixdə, saat 11:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsində yerləşən yaşadığı evin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PŞ-yə aparılmış və orada üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən “Davidoff” markalı siqaret qutusunun içərisində 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi külli miqdarda 4,225 qram olan tünd qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə ona edilmiş ittiham təsdiqini tapmadığından “Bəraət” hökmü çıxarılaraq barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və iddiaçı məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsində ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərarla barəsində çıxarılmış bəraət hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Apellyasiya məhkəməsinin həmin qərarından kassasiya protesti verilməmiş və hökm qanuni qüvvəsini almışdır. Heç bir əsas olmadan cinayət təqibinə məruz qalmış, ona verilmiş əsassız ittiham təsdiqini tapmamış, əsassız yerə ## #### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək 7 ay 21 gün müddətində qanunsuz həbsdə saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü ilə razılaşmayan dövlət ittihamçısı baraət hökmü çıxdıqdan sonra apellyasiya protesti verdiyi üçün barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmış, müflis olmuşdur. Himayəsində iki gözdən əlil anası olduğu üçün ciddi mənəvi və psixoloji sarsıntılar keçirmişdir. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı şəxsiyyəti alçaldılmış və uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yaranmış, qanunsuz saxlanıldığı 07 ay 21 gün müddətində mənəvi sarsıntı keçirmiş və ona vurulmuş mənəvi ziyana görə 100.000 manat pul tələb edir. İddiaçının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz fəaliyyəti nəticəsində, 07 ay 21 gün həbsdə saxlanılmağı, azadlıq hüququndan məhrum olmağı, ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi qaçılmazdır. Bu hərəkətlər iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməyini labüd etmişdir. Belə ki, baş vermiş hadisə nəticəsində iddiaçının həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması mübahisəsizdir.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə (hakim V.Musayeva) iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı vurulmuş mənəvi zərərə görə 8.000 (səkkiz min) manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qanunsuz və əsassız yerə istintaqa cəlb edilməsi, həbsdə saxlanılması nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə pul vəsaiti tutulmalıdır.
5. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən ona dəymiş maddi ziyana dair heç bir sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddia tələbinin bu hissəsi işin hər hansı halı ilə öz təsdiqini tapmır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
6. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da, məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Eyni zamanda, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Qeyd olunmalıdır ki, məhkəmənin mənəvi ziyanı həbsdə olmanın hər ayı üçün 8000 manat dəyərində hesablanması düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. İddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
10. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır; - 1097.1-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; - 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir; - 1101.2-ci maddəsinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
12. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin:
- 57.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; -58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; -58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
13. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:
-4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. -5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. -6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. -7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. -12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
15. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli qərarı:
- 4.45. ... təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101-ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilən Qanun) təşkil edəcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir. - 4.46. İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət). - 4.47. Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. - 4.50. Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. - 4.51. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. - 4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddianın təmin olunduğu hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir.
21. Həmin hökmdə istinad edilmiş “Şübhəli şəxsin tutulması haqqında” ## #### 2024cü il tarixli qərar və protokoldan görünür ki, İddiaçı Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, R X1 tərəfindən həmin tarixdə, saat 13:30-da müdafiəçisi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, * saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qərarın və protokolun məzmunundan görünür ki, İddiaçı azadlığının faktiki məhdudlaşdırıldığı ## #### 2024-cü il tarixdə, saat 11:10-dan tutulmuş hesab edilmişdir.
22. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2024cü il tarixli, *(***)-**/**** saylı qərarından görünür ki, İddiaçı barəsində əvvəli ## #### 2024cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
23. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair 1(101)- ****/**** nömrəli, ## ###### 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
24. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı qanunsuz və əsassız yerə törətmədiyi cinayət əməli ilə bağlı istintaqa cəlb edilmiş, barəsində cinayət işi ilə əlaqədar araşdırma aparılmış, ittiham aktı tərtib olunaraq prokurorluğa, daha sonra cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş və bu vəziyyət kifayət uzun müddət davam etmişdir. Sonradan iddiaçı İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir.
25. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi əsas dəlil ondan ibarətdir ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur.
26. Cavabdehin bu dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, “Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqinda” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli qərarının 4.46 və 4.47-ci bəndlərinə əsasən iddiaçıya vurulmuş zərər təhqiqat orqanı tərəfindən vurulduğuna görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır. Həmçinin, həmin qərarın 4.50 və 4.51-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir; bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir.
27. Göründüyü kimi, belə bir tələb üzrə cavabdehliyi Maliyyə Nazirliyi daşıdığından, iddiaçı ona qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin bununla bağlı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir.
28. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində göstərir ki, məhkəmənin mənəvi ziyanı həbsdə olmanın hər ayı üçün 8000 manat dəyərində hesablanması düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır.
29. Bununla bağlı məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçıya ödənilməli mənəvi ziyanın həcmi hər ay üçün deyil, ümumilikdə 8000 manat müəyyən edilmişdir.
30. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməldə təqsirləndirilərək, həbs olunmuş, rahatlığı əlindən alınmış, uzun müddət mənəvi iztirab çəkmiş, təqsiri olmadan çətin dönəmdən keçmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bütün diqqətəlayiq məqamları nəzərə alaraq iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini ümumilikdə 8000 manat müəyyən edərkən düzgün nəticəyə gəlmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov