Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1458/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İntiqam qızının cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun və mənəvi zərərin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı İntiqam qızının, vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı İntiqam qızının cavabdeh Cavabdeh qarşı “pulun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Leobank vasitəsilə edilmiş ##.##.2024-cü il tarixli avtorizasiya kodları 827836, 063784 və ****** nömrəli əməliyyat qəbzlərinin surətlərindən görünür ki, göndərən İddiaçı tərəfindən ümumilikdə 3.000 manat pul mobil aplikasiya üzərindən “xxxx” ASC-nə məxsus 416973******** nömrəli kart hesabına göndərilmişdir.
2. Mpay ödəniş terminalı vasitəsilə ##.##.2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat qəbzinin surətindən görünür ki, “xxxx” ASC-nə məxsus 416973******** nömrəli kart hesabına cəmi 2.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.
3. Suraxanı RPİ-nin ##.##.2024-cü il tarixli cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, Qy/s ev 2 mənzil 14-də yaşayan X7 ##.##.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, ##.##.2024-cü il tarixdə Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, Qy/s ev 2 mənzil 14-də yaşayan qızı Təranə ev təmiri etdirmək üçün dəllala 5.000 manat pul göndərməsi, lakin aldadılmasını bildirməsi barədə müraciəti 33-cü PB-də * saylı hadisələr kitabında 442 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün ##.##.2024-cü il tarixdən icraata daxil olmuşdur. Daxil olan məlumatla əlaqədar olaraq İddiaçı İntiqam qızı 33-cü PB-nə ərizə ilə müraciət edərək əvvəllər tanımadığı Cavabdeh kimi tanıdığı şəxs ona Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 2 mərtəbəli həyət evini ona satacağını bildirib razılaşaraq ilkin olaraq beh kimi evin təmirinə görə ondan 5000 manat pul istədiyini və həmin pulları hissə-hissə Y.Günəşli qəsəbəsində yerləşən Bol marketin içərisində olan aparat vasitəsilə göndərdiyini, lakin Cavabdeh pulları aldıqdan sonra evin alqı-satqısı üçün natariat kontorunda olan zaman evin sənədlərinin olmadığı məlum olmuşdur. Bundan sonra İddiaçı pullarını geri istədikdə bilərəkdən pulları qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. İddiaçı İntiqam qızı ərizəsində yazdıqlarını izahatında təsdiqləmişdir. İddiaçı İntiqam qızının ərizəsi əsasında izahatı alınan Nərimanov A.Neymətulla küçəsi, ev 47B, mənzil 53-də qeydiyyatda olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi H.Əjdərov küçəsi ev 53də yaşayan Cavabdeh 5000 manat pulu beh olaraq alınmasını, evə xərclədiyini və hal hazırda pulu qaytarmağa imkanının olmadığını bildirmişdir. Araşdırma zamanı toplanmış materialda CM-nin 178-ci maddəsinin tərkibi müəyyən edildiyindən material üzrə istintaq araşdırması zərurəti yaranmışdır. Odur ki, toplanmnış material Azərbaycan Respublikası maddəsinin tələblərinə əsasən Suraxanı RPi-nin IŞ-nə göndərilməlidir.
4. Cavabdeh Suraxanı RPİ-nin 33-cü PB-də verdiyi izahatında bildirmişdir ki, ##.##.2024-cü ildə özünə məxsus olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əjdərov küçəsində yerləşən 2 mərtəbəli 5 otaqlı evi 67.500 manata İddiaçı İntiqam qızına razılaşmışdırlar. İddiaçı 5.000 manat məbləğində behi ona vermiş və evin təmirinə xərcləməsini istəmişdir. O da həmin pulu evin təmirinə xərcləmişdir. Alqı-satqıya gedən zaman evin çıxarışı olmadığı üçün notariat kontorunda alqı-satqı aparılmamışdır. Bundan sonra İddiaçı və atası İntiqam Cəbrayılov indan verdikləri 5.000 manatı geri istəmişdirlər. O isə onlara evi nə vaxt başqa şəxsə satsa, ondan sonra pulu onlara geri qaytaracağını, yoxsa imkanının olmadığını bildirmişdir. Onlar isə buna razı olmamışdırlar. Evin çıxarışının olmadığını əvvəlcədən onlar bilirdilər. Hazırda pulu qaytarmaq imkanı yoxdur.
5. Notarial qaydada təsdiq edilmiş Cavabdeh tərəfindən müvafiq olaraq “xxxx” ASCnə, “Azəriqaz” İB-nə və “xxxx” ASC-nə ünvanlanmış ##.##.2024- cü il tarixli ərizələrin surətlərindən görünür ki, o, öz adına olan abunə kodu: 090501800100013 olan işıq sayğacının, abunə kodu: 100423000001402 olan qaz sayğacının və abunə kodu: 0140214300010 olan su sayğacının X4 adına qeydiyyata alınmasına razıdır, etiraz etmir.
6. İddiaçı nümayəndəsi tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, ümumilikdə 14.200 manat məbləğin 5 iş günü ərzində qaytarılmadığı təqdirdə, məhkəməyə müraciət ediləcəkdir.
7. Cavabdeh Cavabdeh məhkəməyə təqdim edilmiş bir ədəd CD diskdə olan Whats APP Audio 2025-10-06 at 19:12:40 adlı faylda olan səs yazısından müəyyən edilir ki, kişi cinsinə məxsus şəxs Təranə adlı şəxsə bildirir ki, “Ramizə səs atmısan, pulu istəyirsən, mən bilsəydim siz camaatın başına bu işi açacaqsız, qabağa düşməzdim, siz mənə dediz ki, bələdiyyə sənədi ilə ev tap, tapdıq, verdik sizə, özünüz də 5000 manat pul verdiz, əgər istəmirdiz niyə verdiz?.... və.s”
8. Pul Pal ödəniş terminalı vasitəsilə edilən ödəniş əməliyyatının qəbzinin surətindən görünür ki, İddiaçı İntiqam qızı tərəfindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil 500 manat ödəniş etmişdir.
9. Hökumət ödəniş portalı vasitəsilə edilmiş ##.##.2025-ci il tarixli ********** saylı qəbzə əsasən, İddiaçı İntiqam qızı tərəfindən iddia ərizəsinin verilməsinə görə 132,60 manat dövlət rüsumu ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı İddiaçı İntiqam qızı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 5.000 manatın 2 misli olan 10.000 manat məbləğin, 700 manat darvaza üçün verilmiş pulun, mənəvi zərərə görə 3.000 manat məbləğin, 500 manat vəkil üçün ödənilmiş xidmət haqqının və ödənilmiş 133 manat dövlət rüsumunun tutularaq İddiaçı İntiqam qızının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı İntiqam qızı bacısının yoldaşı vasitəsilə 2024-cü ilin mart ayında Cavabdehlə tanış olmuş, onlara hər sənədi qaydasında olan ev satacağını bildirmişdir. Evə baxış keçirildikdən sonra Cavabdeh həmin evi alqı-satqı müqaviləsindən sonra yaşayışa tam təmirli olması üçün təcili 5.000 manat məbləğin beh kimi verilməsini bildirmişdir. Cavabdeh onlara təqdim etdiyi evi almaq üçün beh kimi 5.000 manat məbləğində pul istəmişdir, iddiaçı həmin pulu notariusda verəcəyini bildirsə də, Cavabdeh evi “notariusda adına keçirəndə gedərlər” ifadəsi ilə notariusda müqavilə bağlanmasından imtina etmişdir. Həmçinin də həmin evin həyətinin darvazası üçün də 700 manat almışdır. Cavabdeh alınacaq evin bütün sənədlərinin qaydasında olduğunu, 5.000 manatı göndərdikdən sonra ev alqı-satqısı üçün notariusa gediləcəyini bildirmişdir. Təcili evə köçürülmək zərurəti yarandığından 5.000 manat və 700 manat ona hissə-hissə göndərilmiş (##.##.2024 və ##.##.2024-cü il tarixlərində), daha sonra notariusa gedilərkən evin ancaq Balaxanı bələdiyyəsinin sərəncamı olduğunu və əlavə çıxarışının olmadığını bildirərək təqdim edə bilməmişdir. Bundan sonra İddiaçı tərəfindən Cavabdeh satışın baş tutmadığını və verilən pulun geri qaytarılması tələb edilsə də, hər dəfə evi satacağı təqdirdə pulu qaytarılcağını və hazırda həmin pulu xərclədiyini bildirmişdir. Bundan sonra aidiyyəti polis orqanına müraciət edilmiş, şəxsin izahatı alınmış, orda izahat verərkən pulu qəbul etdiyini və qaytarmadığını etiraf etmişdir. Lakin bir müddət sonra polisdən verilən şifahi məlumata əsasən, mülki məsələ olduğundan işin rədd edildiyi bildirilmişdir. Bu hadisədən sonra Cavabdehlə əlaqə saxlanılmağa çalışılsa da, pulu qaytaracağını və şikayət edilməməsini bildirdi, daha sonra həmin nömrə nə zənglərə, nə də mesajlara cavab vermədi. İddiaçı həmin pulun qaytarılması üçün neçə dəfə cəhd etsə də, müsbət cavab alınmamış, həmçinin həmin vaxtdan bu yana ev ala bilməmiş, pulu aldığı atası vəfat etmiş, yaranmış bu xoşa gəlməz hal üzrə dərin sarsıntı keçirmişdir.
12. Cavabdeh Cavabdeh iddia tələbinə etiraz ünvanlayaraq, iddianın əsassız və qərəz məqsədli olmasını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, evin sənədləri barədə cavabdeh iddiaçı İddiaçı və anasına yalan danışmamışdır. Əvvəldən demişdir ki, evin sənədi bələdiyyə sənədidir. Əgər onları aldatsaydı, polis onu həbs edərdi. Əksinə polis işi araşdırandan sonra cinayət işi başlamadı. İddiaçının bacısının qaynı Qəzənfər kişi də öz səsi ilə təsdiq etmişdir ki, onlar əvvəldən bilirdilər ki, evin sənədi bələdiyyə sənədidir. Qəzənfərin səs yazısını məhkəməyə təqdim etmişdir. X3 da öz ərizəsində qeyd etmişdir ki, o, ev barədə hamıya demişdir ki, evin sənədi bələdiyyə sənədidir. İddiaçı və ailə üzvləri evin sənədi ilə tanış olandan sonra ona 5.000 manat beh verdilər ki, evi alırlar. Behin cavabdehə verilməsini özləri də etiraf ediblər. Behi verəndən sonra evə yeni darvaza alıb gətirdilər, qapıların açarlarını dəyişdirdilər. Heç kim evin sənədləri ilə tanış olmadan beh vermir. Evi satmaqdan cavabdeh imtina etməmişdir. Bu faktı notariusda iddiaçının anasının adına yazdığı notarial ərizələr də sübut edir. İddiaçı və anası Solmaz Cəbrayılova notarisun içində ikən son anda evi almaqdan imtina etdilər. Qeyd etdiyi notarial ərizələr də bunu bir daha sübut edir. Cavabdehdə olan məlumata görə onlar tərəfdən imtinanın səbəbi başqa yerdə ev almaqla bağlı olmuşdur. İddiaçı və ailəsi cavabdehi dələduz adlandırmaqla onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu qohum-qonşu arasında ləkələmişdir. Xəstə olduğuna görə cavabdehə çox əsəbləşmək olmaz. İddiaçı və ailəsi beh verib, evi bir neçə aylığa öz adlarında saxlamasaydılar, cavabdeh evi başqa müştəriyə satardı və bu qədər əsəbləşməzdi. İddiaçı tərəf evin sənədləri barədə yalan dediyini sübut edə və ortaya heç bir fakt qoya bilmir. Bundan başqa, bildirmişdir ki, 33-cü polis bölməsində verdiyi izahatda o, xəstə olduğu üçün ev satıdldıqdan sonra pulu qaytaracağını bildirsə də, lakin həmin vaxt bunun nəticələrini bilməmiş, bilməmişdir ki, beh əgər alıcı tərəfindən pozularsa, verilmiş beh məbləği satıcıda qalmalıdır. Bunu sonradan hüquqşünas tanışı ona demişdir. Bundan başqa, bildirmişdir ki, iddiaçı tərəfindən darvaza üçün verilmiş 700 manat pulun 500 manatını o, iddiaçıya qaytarmışdır. Lakin iddiaçı bunu məhkəmədən gizlətmişdir. Qalıq qalan 200 manatı isə darvazının quraşdırılması üçün usta xərclərinə və s. ödəmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 5.200 manat pul vəsaiti, 500 manat vəkilə ödənilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın tutularaq iddiaçı İddiaçı İntiqam qızının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X1)
14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında olan daşınmaz əmlakın alqı-satqısına dair razılaşma üzrə iddiaçı tərəfindən cavabdehə verilmiş 5.000 manat və 700 manat pul məbləğləri beh ödənişi deyil, avans ödənişidir. Odur ki, beh müqaviləsinin kim tərəfindən və hansı əsasdan pozulmasının müəyyən edilməsinə ehtiyac yoxdur. İş materiallarından da görünür ki, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı beh yalnız tərəflər arasında bu barədə yazılı və notarial qaydada təsdiq edilmiş razılaşma mövcud olduqda beh kimi qiymətləndirilə bilər. Belə razılaşma olmadıqda, tərəflərdən birinin digər tərəfə verdiyi pul vəsaiti, tərəflərin iradəsindən və onu “beh” adlandırmasından asılı olmayaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.3-cü maddəsinə əsasən avans ödənişi hesab edilir. Verilmiş məbləğ avans kimi qiymətləndirildikdə, daşınmaz əmlakın alqı-satqısı baş tutmadığı halda, tərəflərdən hansının müqavilənin bağlanmasından imtina etməsinin hüquqi əhəmiyyəti yoxdur və həmin avans məbləği onu alan şəxs tərəfindən geri qaytarılmalıdır. Bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsində nəzərdə tutulmuş behin iki mislinin tutulması barədə hüquqi nəticələr tətbiq edilmir. Bu baxımdan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaiti beh deyil, avans xarakteri daşıyır və daşınmaz əmlakın alqı-satqısı baş tutmadığından həmin məbləğin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması qanuni və əsaslıdır.
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.2-ci, 385.1-ci, 386.1-ci, 329.2-ci, 329.3-cü, 433.3-cü, 442-ci, 445.2-ci, 491.1-ci, 491.2-ci, 491.3-cü, 492.1-ci, 492.2-ci, 1096.1ci, 1099.1-ci, 1112-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, 121.1-ci, 124.1-ci, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iddiaçı İddiaçı İntiqam qızı izahatında bildirir ki, onlara notariusda məlum olmuşdur ki, ev bələdiyyə sənədlidir və alqı-satqısı aparıla bilməz. Notarius onlara izah etmişdir ki, ev bələdiyyə sənədi əsasında şəxsin adınadır. Bunu öyrəndikdən sonra iddiaçı evi almaqdan imtina etmişdir. İddiaçı məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasında cavabdeh Cavabdeh izahatında bildirir ki, birinci instansiya məhkəməsində hər iki tərəf verilmiş pulun beh olduğunu qəbul etsə də, məhkəmə pulu avans kimi qiymətləndirmişdir. Qarşı tərəf bildirir ki, evin bələdiyyə sənədli olmasından xəbərdar olmayıblar. Lakin cavabdeh bu məlumatın əsassız olduğunu sübut edən səs yazılarını iş materiallarına əlavə etmişdir. İddiaçı tərəfin bu barədə məlumatı olmaya-olmaya həyət qapısı qoydurması, divar kağızı alması inandırıcı deyildir. İzahatının sonunda cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir; 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır; 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır; 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Hazırkı işin faktiki hallarına əsasən tərəflər arasında şifahi razılıq olmuşdur ki, cavabdehə özünə məxsus Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 2 mərtəbəli həyət evini iddiaçıya satacaqdır. İddiaçı bildirir ki, bu məqsədlə cavabdehə ilkin olaraq 5.000 manat beh və daha sonra 700 manat əlavə olaraq evin həyətinin darvazasını düzəltmək üçün pul vermişdir. Cavabdeh isə bunu həm polisdə verdiyi izahatında, həm də məhkəmədə verdiyi izahatlarında təsdiq etmişdir. Daha sonra evin alqı-satqısı baş tutmadığı üçün iddiaçı pulun qaytarılmasını cavabdehdən tələb etmişdir. İddiaçı bildirir ki, evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair sənədin (çıxarışın) olmadığını alqı-satqıya gedən zaman notariusda öyrənmişdir. Cavabdeh isə ona əvvəlcədən evin çıxarışının olduğunu bildirdiyi üçün evi almağa razı olmuşdur. Çıxarış olmadığı üçün evi almaqdan imtina etmişdir. Cavabdeh isə bildirir ki, evin sənədinin ancaq bələdiyyə sərəncamından ibarət olduğunu iddiaçı əvvəlcədən bilmişdir. İddiaçı son anda notariusda evi almaqdan imtina etmişdir.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, bağlanmış müqavilənin predmeti daşınmaz əmlak olmuşdur. Beh haqqında razılaşma da daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlıdır. Mülki Məcəllənin tələblərinə əsasən, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Lakin tərəflər arasında bağlanmış müqavilə notariat qaydasında təsdiq edilməmişdir. Mülki Məcəllənin 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
29. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflər müqaviləni bağlayarkən qanunvericiliyin tələblərinə riayət etmədiyinə və tərəflər arasında olan şifahi razılaşma üzrə evin alqı-satqısı sonradan baş tutmadığından verilmiş məbləği avans kimi qiymətləndirməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
31. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şiakayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.