Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1474/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 221.3cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni ##.##.2023-cü il tarixdən hesablanması, İddiaçı faktiki olaraq cəzasını çəkib qurtardığından məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbirinin «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməsi və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökm yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarları).
2. Hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə görə Bakı şəhəri ** saylı Vəkil bürosunun hesabına ##.##.2023- ##.##.2025-ci il dövründə ümumilikdə 1270 manat ödəniş edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi və fiziki zərərə görə 44.000 manat, maddi ziyan görə 50.000 manat olmaqla, cəmi 94.000 məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2023-cü il tarixində Suraxan RPİ nin müstəntiqi X14 tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ##.##.2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 178.2.4 və 221.3-cü maddələrinə tövsif olunmuş və o, Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan olunmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanı tərəfindən ona görə ittiham verilmişdir ki, guya o, aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, torpaq üzərində mülkiyyət və icarə hüququnu pozmuş, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunun sağ hissəsi ünvanında (39T X:423622; Y:******* nömrəli koordinantlar) yerələşən Dövlət mülkiyyətində olan torpaq sahəsinin 15 kv.m hissəsində 2023-cü il yanvar ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan qeyri-yaşayış obekti inşa etdirərək Dövlətin qanunla müəyyən edilmiş hüquqlarını pozub mühüm ziyan vurmaqla guya özbaşına tutmuşdur. Bundan başqa, o, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib 2023-cü il yanvar ayının ortalarında saat 16 radələrində Məmmədov İbiş Cəlil oğlunun tikinti materialları satışı ilə məşğul olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Quşçuluq massivi ərazisində, «Ticarət mərkəzi»nin yaxınlığında yerləşən obyektə gedərək üzərində olan orden və medalları da nümayiş etdirməklə özünü hakimiyyət nümayəndəsi kimi təqdim edib və həmin ərazilərə nəzarət etməsini deyərək, əvvəlcə obyekti boşaltmasını tələb etmiş, sonra isə İbiş Məmmədovu aldadıb obyektdə qalıb işləməsi müqabilində guya «rəhbərliyə» çatdırması üçün ondan 15.000 manat pul istəyib, 10.000 manatı həmin ünvanda İ.C.Məmmədovdan ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, ##.##.2023-cü il tarixində saat 17 radələrində Məmmədov İbiş Cəlil oğlunun tikinti materialları satışı ilə məşğul olduğu «Ticarət mərkəzi»nin yaxınlığında yerləşən həmin obyektə gedərək qalıb işləməsi müqabilində İbiş Məmmədovdan əvvəlcə dələduzluq yolu ilə ələ keçirdiyi 10.000 manat puldan əlavə 5.000 manatı da verməsini tələb etmiş, sonuncunun isə həmin yerin şəhid ailəsinə məxsus olmasını, bu səbəbdən də bir az güzəşt etməsini deməsindən sonra özünün qanunsuz hərəkətlər etdiyi halda, əsaslı səbəb olmadan Məmmədovun ünvanına, şəhidin ruhuna ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək İbiş Məmmədovun üstünə hücum çəkib üzərində olan qara dəstəkli 12-13 sm tiyəsi olan mətbəx bıçağından silah qismində istifadə edərək onun sol ayağından bir dəfə, əşyaların arasında olan vintaçanı götürdükdən sonra isə sağ və sol qolunun yuxarı ətraflarından və vintaçanın arxası ilə başından bir neçə dəfə qəsdən vurub sağlamlığına sol baldırın yuxarı 1/3-nin iç səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası; başın ənsə nahiyəsinin sağ yan səthinin sıyrığı; sol bazunun orta 1/3-nin ön səthinin və bayır səthinin sağ bazunun orta 1/3-nin bayır səthinin əzilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamığına yüngül zərər vuraraq qərəzli hərəktlər, yəni xuliqanlıq etmişdir. Həmin hərəkətləri ilə o, Azərbaycan Respublikası CM-nin 178.2.4, 188.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs kimi barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti dəfələrə uzadılmış, həmin qərarlardan müdafiəçisi tərəfindən verilən apelyasiya şikayətləri təmin edilməmiş və iş üsrə istintaq başa çatandan sonra - ##.##.2023-cü il tarixdə ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. *(***)-**/**** saylı cinayət işinə hakim Nərminə Rzayevanın sədrliyi ilə baxılaraq 16 ay məhkəmə baxışı davam etdirilmiş və nəhayət ##.##.2024-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.3-cü maddələri ilə bəraət hökmü çıxarılmış, lakin o, CM-nin 188.1 maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək cəzasını çəkməsi ilə bağlı məhkəmə zalında həbsdən azad edilmişdir. Hökmdə həmçinin göstərilir ki, ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protesi və zərəçəkmiş və müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmiş, məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmış və hökm qanuni qüvvəyə minmişdir. O, bəraət aldığı tarixədək ümumilikdə 01 il 09 ay 24 gün müddəti ərzində qanunsuz olaraq ailəsindən, cəmiyyətdən təcrid olunmaqla normal mülki dövriyyə şəraitində əldə edə biləcək hər hansı gəlirlərdən məhrum olmuş, yüksək narhatçılıq, nigarançılıq və məyusluq keçirmişdir. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində onun hüquqları kobud şəkildə pozulmuş, ona külli miqdarda maddi və mənəvi zərər dəymiş və o, mənəvi iztirablar çəkmiş, işgüzar nüfuzuna, ailəsinin nüfuz və etibarına təsəvvür edilə bilməyəcək dərəcədə xələl gətirilmişdir. Həyat yoldaşı X9 o, həbs olunandan sonra uğradıqları haqsızlığa, keçirdiyi mənəvi sarsıntılara görə beyninə qan sızmasından ##.##.2024-cü il tarixində vəfat etmişdir. Ona və ailəsinə dəymiş maddi, fiziki və mənəvi ziyan dövlət büdcəsindən ödənilməlidir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində həbsdə olduğu müddətdə ailə üzvləri onun yanına gedib gəlmək üçün qohumlarından küllü miqdarda borc pul götürmüşdür. Xüsusi ilə qeyd etmək istəyir ki, həbsdə olduğu müddətdə mənəvi sarsıntı keçirmiş, depressiyaya düşmüş, dövlətə qarşı olan etimadın, habelə pozulan mənəvi tarazlığının yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsi olaraq dəymiş maddi ziyana (əldən çıxmış fayda) münasibətdə həbsdə keçirdiyi hər ay üçün (cəmi 22 ay) 2.000 manat olmaqla 44.000 manat mənəvi, 50.000 manat (makler kimi əldə edəcəyi gəlirlər, vəkil xərcləri (##.##.2023 cü il tarixli, *** saylı müqavilə ilə 200 manat, 13 sentyabr 223-cü il tarixli, *** saylı müqavilə ilə 200 manat, ## ###### 2025-ci il tarixli, EM-***VK-****/** saylı müqavilə ilə 320 manat və ## ### 2025-ci il tarixli, EM-***VK-*****/** saylı müqavilə ilə 520 manat Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına onun müdafiəsi üçün pul köçürülmüşdür cəmi 1.240 manat), ailə üzvlərinin maddi tələbatının ödənilməsi, kommunal xərclər, onun yanına həftəlik gətirilən sovqatlar və sair xərclər) maddi ziyan vurulmuşdur.
5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək belə əsaslandırmışdır ki, iş materiallarından, habelə iddia ərizəsindən göründüyü kimi iddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən müvafiq cinayət prosesini həyata keçirən orqanlara qarşı deyil, iddiaçıya vurulmuş ziyanla heç bir əlaqəsi olmayan Maliyyə Nazirliyinə yönəltmişdir. Halbuki, iddia taləbi Mülki Prosessual Məcəllənin tələblərinə görə cavabdehə yönəldilməlidir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd olunanlara əsasən bildirilir ki, həmin iddia tələbi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı yönəldilməli olmadığından, habelə iddia tələbi üzrə Maliyyə Nazirliyi tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunsuz hərəkət və hərəkətsizliyə yol verilmədiyindən rədd edilməlidir. Belə ki, iddia tələbi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında qanunvericilikdən irəli gəldiyindən, Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli ** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında əsasnamə"də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, praktikada fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda "müvafiq icra hakimiyyati orqanı" qismində, Maliyyə Nazirliyi müəyyən edilməmişdir. Buna görə da hesab edilir ki, iddiaçıya dəymiş ziyan buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyati dövlət orqanı (qurumu) tərəfindən ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarnı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı çıxış etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərərı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında əsasnama"nin İ ci bəndinin tələblərindən irəli gələrək hər il Qanunla təsdiq olunan və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə icrası tətbiq olunan, konkret sərancamçısı və təyinatı müəyyən edilən vəsaitin (dövlət büdcəsinin vəsaitinin) kassa icrasını (həmin sərəncamçıların sifarişi əsasında təyinatı üzrə ödənişini, yəni vəsaitin sərəncamçı orqanlara, qurumlara, təşkilatlara məliyyələşdirilməsini) təmin edən mərkəzi icra hakimiyyati orqanıdır. Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaradır və hesab edilir ki, bu işə aidiyyati orqanlar (qurumlar) cəlb olunmalıdır. Digər tərəfdən sözügedən praktikada bu tipli məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyati vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" ##.##.2008-ci il tarixli * nömrəli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibatdə təmin edilə bilməz.
6. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia qismən təmin edilmiş, vurulmuş mənəvi zərərə görə 3.000 manat, maddi ziyana görə 1.270 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010) **/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə iddiaçı İddiaçı CM-nin 178.2.4-cü və 221.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin hissələrdə bəraət verilmiş, yalnız CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsə də, o, ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinə qədər həbsdə saxlanılmışdır. Göründüyü kimi məhkəmə hökmü ilə müəyyən edilmiş müddətdən 25 gün (təxminən 1 ay) artıq əsassız yerə həbsdə saxlanılmışdır.
9. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı İddiaçı törətmədiyi cinayət əməllərində ittiham edilərək həbsdə saxlanılması, istintaqa cəlb edilməsi işin mübahisəsiz halıdır.
10. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, iddiaçı İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar qismən əsaslıdır.
11. Bununla da iddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı maddi və mənəvi ziyan vurulmuşdur. Məhkəmə iddiaçının 25 gün (təxminən 1 ay) əsassız yerə həbsdə saxlanılmasını nəzərə alaraq bu hissədə 1.000 manat, 178.2.4-cü və 221.3-cü maddələrlə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verildiyindən, qanunsuz olaraq həmin maddələr üzrə cinayət təqibinə məruz qaldığına görə bu hissədə 2.000 manat olmaqla, bütün digər diqqətəlayiq məqamları nəzərə alaraq, cəmi ödənilməli mənəvi ziyanın həcmini 3.000 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
12. Məhkəmə göstərilən nəticəyə gələrkən oxşar işlərlə bağlı mənəvi zərərin kompensasiya məbləğinin müəyyən edilməsinə dair vahid məhkəmə təcrübəsinə əsaslanmışdır və hesab etmişdir ki, təyin edilən mənəvi zərərin məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə təcrübəsinə (iddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** nömrəli, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə Ali Məhkəmənin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə Ali Məhkəmənin ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli, iddiaçı X7 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə, Bakı şəhəri Qaradağ rayon Prokurorluğuna qarşı iş üzrə ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli, iddiaçı X8 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və qeyrilərinə qarşı iş üzrə ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli qərarları) uyğundur.
13. Qeyd olunan qərarlarda həbsdə saxlanan aylar üzrə 1.000 manat məbləğdə ödəniş edilməsi qərara alınmışdır.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı barəsində istintaqın düzgün aparılmaması, əməlinə düzgün hüquqi qiymət verilməməsi nəticəsində sonuncunun hüquqları pozulmuşdur. Lakin nəzərə alınmalıdır ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 221.3-cü maddələri üzrə barəat almış olsa da, həmin Məcəllənin 188.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli olmuşdur. Lakin iddiaçının təqsirli olmadığı təqdirdə məsuliyyətə cəlb edilmiş olduğu maddələr barəsində bəraət verildiyini nəzərə alıb, məhkəmə sonuncunun prosessual məcburiyyət tədbirlərinə əsassız olaraq məruz qaldığını əsas götürməklə, iddiaçıya vurulmuş mənəvi ziyana görə 2.000 manat məbləğində pul vəsaitinin ödənilməsini ədalətli hesab edir.
15. Bundan başqa, o, məhkəmə müdafiəsinin təmin edilməsi üçün vəkillə müqavilə bağlamış, bunun üçün 1.270 manat ödəniş etmişdir. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi qismən təmin edilməli, iddiaçının hüquqi müdafiəsinin təmin edilməsinə sərf etdiyi 1.270 manat pul vəsaiti tutularaq ona ödənilməlidir.
16. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddaçının qeyd etdiyi məqamlardan olan həyat yoldaşının o həbs olunandan sonra məhz uğradıqları haqsızlığa, keçirdiyi mənəvi sarsıntılara görə beyninə qan sızmasından ölməsi faktını təsdiq edən dəlillər məhkəməyə təqdim edilməmiş, həmçinin baş verənlərlə həmin hadisə arasında səbəbli-əlaqənin olduğu müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
17. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 3.000 manat, maddi ziyana görə 1.270 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçı İddiaçı ödənilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1101.1, 1101.2-ci, Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6.1, 7, 12-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin «Koinq Almaniyaya qarşı», «Artiko İtaliyaya qarşı», «Younq, Cames və X11rşı» qərarlarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qətnamədən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddiaya qarşı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquqmühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məfhumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Məhkəmə tərəfindən iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 3.000 manat məbləğində pul vəsaitinin ödənilməsi ağlabatan və ədalətli deyildir. Həmçinin qeyd edilir ki, maddi sübut qismində təqdim edilmiş vəkillə bağlanan müqavilədə 520 manat hüquqi yardım üçün haqqın ödəndiyi aydın olur, lakin məhkəmə tərəfindən bu məbləğ əsassız olaraq 1.270 manat məbləğində müəyyən olunmuşdur. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Həmçinin qeyd edir ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Yuxarıda sadalananlardan görünür ki, məhkəmə işə mahiyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə qətnaməsinin nəticə hissəsi Mülki Məcəllə, Mülki Prosessaul Məcəlləsi, “Büdcə sistemi haqqında”Azərbaycan Respublikasının Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68, II hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
25. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
26. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun: Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. ... 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: ... 1) bəraətverici hökm çıxarıldıqda yaranır. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
28. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** №-li ##.##.2025-ci il tarixli Qərarı: 4.45. Təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101-ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edəcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir 4.47. Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. 4.48. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının sözügedən normalarla əhatə olunmayan digər qanunsuz əməllərindən irəli gələn zərərə görə isə Azərbaycan Respublikasının məsuliyyəti yalnız həmin orqanların vəzifəli şəxslərinin bu əməlləri təqsirli olaraq törətməsi sübuta yetirildiyi halda yaranır. Məsələn, təhqiqat və ya ibtidai istintaq orqanının vəzifəli şəxsinin vəzifəsindən sui-istifadə etməklə, barəsində cinayət təqibi aparılan şəxsə işgəncənin verilməsində təqsirliliyi, onu qanunsuz tutması və ya digər şəxslərin ölkədən çıxışına qadağanın qanunsuz qoyulması qanuni qüvvəsini almış məhkəmə hökmü və ya digər qərarla təsdiq olunduqda, Azərbaycan Respublikası şəxsə bu əməllə vurulmuş zərərə görə məsuliyyət daşıyacaqdır. 4.50. Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. 4.51. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. 4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməli, həmin məbləğ 1.000 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. İş materiallarına əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4. və 221.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, o, yalnız Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. İddiaçının ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinə qədər həbsdə saxlanıldığı nəzərə alınaraq o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Beləliklə də iddiaçı ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixədək, yəni 25 gün müddətinə qanunsuz olaraq həbsdə saxlanılmışdır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» ## ### 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 25 gün müddətinə qanunsuz azadlıqdan məhrum edilməsi, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olması, həyat yoldaşının vəfat etməsinin onun qanunsuz həbsdə olduğu dövrə təsadüf etməsi, mənəvi sarsıntı keçirməsinə görə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlsə də, mənəvi zərərin məbləği ilə bağlı hissədə səhv nəticəyə gəlmişdir.
37. Birinci instansiya məhkəməsi bu hissədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 25 gün (təxminən 1 ay) əsassız yerə həbsdə saxlanılmaqla yanaşı, qanunsuz olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü və 221.3-cü maddələri üzrə cinayət təqibinə məruz qalmışdır.
38. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçının 25 gün müddətində qanunsuz həbsdə saxlanılması həm ona təyin edilmiş cəza müddətinin faktiki həbsdə saxlanıldığı müddətdən az olması, həm də onun barəsində sonradan bəraət verildiyi Cinayət Məcəlləsinin 178.2.4-cü və 221.3-cü maddələri üzrə əsassız olaraq cinayət təqibinin aparılması ilə bağlı olmuşdur.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddiaçının həbsdə saxlanıldığı müddətə görə ona dəymiş mənəvi zərərin məbləğinin 1.000 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır.
40. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən həm cinayət işi üzrə, həm də hazırki iş üzrə hüquqi yardımın göstərilməsi üçün ümumilikdə 1.270 manat məbləğində vəsait vəkil bürosuna ödənilmişdir. Kollegiya həmin vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
41. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin # ###### 2009-cu il tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
42. Beləliklə, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
43. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Bununla belə, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
44. Kollegiya həmçinin hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin baxılmamış saxılanılması və ya iş üzrə icraata xitam verilməsi üçün mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil.
45. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova