Məhkəmə qərarları › İş №e-2(3-6)-1488/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1488/2026

15.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1488/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Ramina Tağıyevanın iştirakı ilə, iddiaçı Japharov Ramizin (X1) Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində maddi zərərin əvəzi kimi 50.000 manat, mənəvi zərərin əvəzi kimi 100.000 manat tələb olunub. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 17.500 manat cavabdeh Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ramina Tağıyeva apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə, yəni mənəvi zərərin əvəzi kimi 17.500 manat tutulmasına aid hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunub, barəsində həbs qətimkan tədbiri seçilib, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmü ilə ona bəraət verilib və həbs qətimkan tədbiri ləğv edilib. Cinayət təqibi həyata keçirilərkən iddiaçı 1 il 5 ay 18 gün müddətində, yəni ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə saxlanılıb. Göründüyü kimi, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb, nəticədə isə mənəvi sarsıntı keçirib və iztirab çəkib. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 7-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 17.500 manat ödənilməsini qət etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar