Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1578/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Çağlar İsmetin cavabdeh “X2 Güç Sistemleri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X4 Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X4 Xidməti Milli Gəlirlər Baş İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öhdəliyinin qoyulması Hakimlər X15 (sədrlik edən və məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı Çağlar İsmetin, onun nümayəndəsi və vəkili vəkil2, Cavabdeh “X2 Güç Sistemleri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili vəkil1, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş Üzrə Mərkəzi Filialının nümayəndəsi İsgəndərov Samir Bayramoviçin iştirakı ilə, İddiaçı Çağlar İsmetin cavabdeh “X2 Güç Sistemleri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X4 Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X4 Xidməti Milli Gəlirlər Baş İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı Çağlar İsmet tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X2 Güc Sistemleri Sanayi ve Ticaret Anonim Şirketi Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əsasnaməsinə əsasən Cavabdeh Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (bundan sonra cavabdeh) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına, bu Əsasnaməyə əsasən fəaliyyət göstərir. Cavabdeh qeyri-müəyyən müddətə yaranır. Türkiyə Respublikasının Hüquqi şəxsi olan İstanbul şəhər, X11 Məh. Meclisi Mebusan prospekti ev 35-37 ünvanında yerləşən X2 Güc Sistemleri Sanayi Ve Ticaret Anonim Şirketi ##.##.2009cu il tarixində 366846 nömra ilə İstanbul Ticarət Qeydiyyatı İdarəsində qeydiyyata alınmışdır. Nümayəndəliyin hüquqi ünvanı: AZ 1023, Bakı şəhəri, Qaradağ rayonu, Səlyan şossesi 16cı km, 4 ünvanıdır. Cavabdeh şirkətin mənafelərini Azərbaycan Respublikasında təmsil və müdafiə edir.
2. ##.##.2007-ci il tarixli əmək müqaviləsinə əsasən İsmet Çağlar Hudayi oğlu (bundan sonra iddiaçı) ##.##.2007-ci il tarixdə Cavabdeh Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində mexanik vəzifəsinə qəbul edilmişdir, həmin müqavilənin 6.1-ci bəndində (sosial müdafiə məsələləri) işçinin məcburi dövlət sosial sığortası üçün ödəniləcək məbləğ hissəsi boş saxlanılmışdır. Bundan sonra ##.##.2017-ci il tarixdə tərəflər arasında yeni əmək müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən İşçiyə aylıq hesablanmış əmək haqqı gəlir vergisi daxil 3.140 manat məbləğindən ibarətdir. "Borusan Makina və X7 ve Ticaret" A.Ş. Azərbaycan Nümayəndəliyinin Azərbaycan Respublikası ərazisində iştirak etdiyi beynəlxalq müqaviləyə əsasən işçinin əmək haqqı layihə müddəti ərzində Məcburi Dövlət Sosial Sığortaya cəlb olunmur. Əmək haqqının ödənişi ilə bağlı İşəgötürənin bütün bank əməliyyat xərcləri (bank haqları, valyuta mübadiləsi və kassadan nağd pulun çıxarılması üzrə xərclər) İşəgötürən tərəfindən ödənilir. Əmək haqqı ayda 1 (bir) dəfə ayın 05-dən gec olmayaraq İşçinin bank hesabına köçürmə yolu ilə ödənilir. X12 ##.##.2018-ci il tarixli Əlavə ilə edilən dəyişiklikdə də, həmin ifadə müqavilənin 3.1-ci bəndinin redaksiyasında qeyd edilmişdir.
3. İddiaçı 2016–2018-ci illər ərzində ayrı-ayrı günlərdə “Azəri–Çıraq–Günəşli” və “Şahdəniz” yataqlarında gündəlik 12 saatlıq iş rejimi üzrə əmək fəaliyyəti həyata keçirmişdir. Sığortaolunan Çağlar İsmet üçün sığortaedən Cavabdeh Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 2019-cu ilin fevral ayından 2025-ci ilin mart ayınadək cəmi 135.506,50 manat sığorta haqqı ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Çağlar İsmet cavabdeh “X2 Güç Sistemleri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun 2007-ci il tarixdən 2019-cu il tarixədək olan dövr ərzində “X2 Güç Sistemleri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqlarının, həmin dövrlərdə aldığı əmək haqqına uyğun olaraq hesablanıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fonduna ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda göstərilən hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, ##.##.2007-ci il tarixdə cavabdehə işə qəbul edilmək barədə ərizə ilə müraciət etmiş, ##.##.2007-ci il tarixdə ərizəsi qəbul edilmiş və ***/** saylı əmrlə işə qəbul edilmişdir. Orada ##.##.2025-ci il tarixə qədər işləmişdir. Həmin əmək müqaviləsi əsasında hər ay davamlı olaraq əmək haqqı almışdır. Əmək haqqı nağdsız qaydada bank hesabına köçürmə ilə ödənilmişdir. ##.##.2025-ci ildə işdən çıxmaq barədə verdiyi ərizəyə əsasən KX**/**** saylı əmrlə, cavabdehlə aralarında olan F**ABO******* nömrəli əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Müvafiq şirkətdə 18 il müddətində əmək fəaliyyəti göstərsə də, DSMF-nin sığortaolunan kimi qeydiyyatda olduğu Mərkəzi Filialında pensiya kapitalı 2019-cu ildən hesablanmağa başlanmışdır.
6. Cavabdeh Cavabdeh Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, cavabdeh Nümayəndəlik Əsasnamə ilə Türkiyə Respublikasının hüquqi şəxsi olan İstanbul şəhərində yerləşən, ##.##.2009-cu il tarixdə 366846 nömrə ilə İstanbul Ticarət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış “X2 Güc Sistemleri Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir. Bundan əlavə, hamıya bəlli olan haldır ki, BP EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED şirkəti Azərbaycan Dövləti ilə bağlanılmış X8 Sazişlərinə əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən müəyyən yataqların birgə işlənməsini həyata keçirir. Həmin yataqlara Azəri, Çıraq və Günəşli yataqları, eləcə də Şahdəniz yatağı daxildir. Həmçinin, qeyd olunan Sazişlər əsasında qəbul edilmiş X8 haqqında Sazişə dair Protokollar (PSA) Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsini təşkil edir. Həmin Protokollar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X4 Xidmətinin saytında dərc edilmişdir. BP ilə Borusan Türkiyə arasında bağlanılmış ##.##.2010-cu il tarixli, BLANK-**-BPCS-****** nömrəli və ##.##.2016-cı il tarixli, *********** nömrəli müqavilələrə əsasən sonuncu “xxxx” qismində BP-yə Sazişlə bağlı işlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilələr çərçivəsində görülmüş işlər də yuxarıda qeyd olunan Protokolların (PSA) təsir dairəsinə daxildir. “Azəri və Çıraq yataqlarının, həmçinin Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və X8 haqqında Saziş” üzrə, eləcə də “Şahdəniz” layihəsinə dair “Əməkdaşların və X13 cəlb edilməsi haqqında” Protokolların hazırki məsələyə aid müvafiq bəndləri eyni məzmun daşıdığından, aşağıda göstərilən müddəalar hər iki Protokola şamil edilir. Yuxarıda göstərilən “Əməkdaşların və X13 cəlb edilməsi haqqında” Protokolların 1-ci Əlavəsinə əsasən “xxxx” Azərbaycan Respublikasının hüdudlarından kənarda qeydə alınmış, qanuni yolla yaradılmış və ya təşkil edilmiş hər hansı hüquqi şəxs və ya yaxud təşkilat olan Subpodratçı deməkdir (o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olmayan və işəgötürənlə əmək münasibətləri olmayan işçilər). Göstərilən əsasən hesab edirlər ki, Borusan Türkiyə və onun Azərbaycandakı Nümayəndəliyi Protokolun tələbinə əsasən “Xarici subpotratçı” hesab edilir. Habelə, yenə Protokolların 1-ci Əlavəsinə əsasən "Xarici əməkdaşlar" Podratçı tərəfin, onun Ortaq şirkətlərinin, onun agentlərinin, Əməliyyat şirkətinin və ya Subpodratçının Azərbaycan Respublikasından başqa digər ölkənin vətəndaşı olan və ya vətəndaşlığı olmayan əməkdaşları deməkdir. Qeyd edilən söz və ifadələrə verilmiş mənaya əsasən hesab edirlər ki, iddiaçı İsmet X22 tələblərinə əsasən “Xarici əməkdaş” hesab edilir. Bundan başqa, Protokolların giriş hissəsinin 5-ci abzasında göstərilmişdir ki, X5 Tərəflərin, onun Ortaq şirkətlərinin, Əməliyyat Şirkəti və ya xxxxlarının ya Azərbaycan Respublikasının vətəndaşı (“Yerli əməkdaşlar”), ya da Azərbaycan Respublikasından başqa digər bir ölkənin vətəndaşı olan (“Xarici əməkdaş”) əməkdaşlarının vergiyə cəlb edilməsinə aiddir. Bu Protokolda, həmçinin İşverənlə əməkdaş kimi daimi əmək münasibətləri olmayan və vətəndaşlığı olmayan şəxslər də daxil olmaqla, Azərbaycan Respublikasından başqa digər ölkənin vətəndaşı olan (“Xarici Fiziki şəxslər”) və ya Azərbaycan Respublikasının vətəndaşı olan (“Yerli Fiziki şəxslər”) şəxslərə münasibətdə hesabatlar və vergi tutulmaları haqqında tələblər şərh edilir. Sözügedən abzasdan aydın olur ki, “xxxx”lar Protokolda “İşverən” kimi qeyd edilmişdir. Protokolların 8.1.1-ci bəndinə əsasən İşverəndən özünün Xarici əməkdaşlarına və Yerli və Xarici fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikası Dövlət sosial təminat sisteminə haqlar və bu kimi oxşar ödənişlər (pensiya fonduna, məşğulluq fonduna, sosial müdafiə fonduna və tibbi sığorta fonduna ayırmalar da daxil olmaqla, lakin onlarla məhdudlaşmamaqla) ödəmək tələb edilmir. Yenə həmin Protokolların 8.2.1-ci bəndinə əsasən İşverənin Xarici əməkdaşlarından və Xarici Fiziki şəxslərdən Azərbaycan Respublikası Dövlət sosial təminat sisteminə haqlar və bu kimi oxşar ödənişlər (pensiya fonduna, məşğulluq fonduna, sosial müdafiə fonduna və tibbi sığorta fonduna ayırmalar da daxil olmaqla, lakin onlarla məhdudlaşmamaqla) ödəmək tələb edilmir. Bundan başqa, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsindən müəyyən edilir ki, qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və X8, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər sırasına aid edilməmişdir. Hazırda iddia tələbinə yazılı münasibətə əlavə edilmiş vaxt cədvəllərinə (weekly timesheet) əsasən müəyyən olunur ki, iddiaçı BP-nin layihələri çərçivəsində Azəri-Çıraq və Şahdəniz platformalarında çalışmışdır. Lakin uzun müddət keçdiyindən, arxiv sənədlərinin mövcudluq məhdudiyyətləri səbəbindən yalnız 2016–2018-ci illərin bəzi aylarına dair hesabatların təqdim edilməsi mümkün olmuşdur. Həmçinin, iddiaçı ilə bağlanan əmək müqavilələrində ona məcburi dövlət sosial sığorta haqlarının ödənilməyəcəyi bildirilmişdir. Belə ki, ##.##.2007-ci il tarixli əmək müqaviləsinin 6.1-ci bəndi (sosial müdafiə məsələləri) işçinin məcburi dövlət sosial sığortası üçün ödəniləcək məbləğ boş saxlanılmış, ondan sonra bağlanılmış ##.##.2017-ci il tarixli Əmək Müqaviləsinin 3.1.-ci bəndində qeyd edilmişdir ki, “Borusan Makina və X9 və Ticarət” A.Ş. Azərbaycan Nümayəndəliyinin Azərbaycan Respublikası ərazisində iştirak etdiyi beynəlxalq müqaviləyə əsasən işçinin əmək haqqı layihə müddəti ərzində Məcburi Dövlət Sosial Sığortaya cəlb olunmur. X12 ##.##.2018-ci il tarixli Əlavə ilə edilən dəyişiklikdə də, həmin ifadə müqavilənin 3.1-ci bəndinin redaksiyasında qeyd edilmişdir. Habelə, ##.##.2018-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi Nümayəndəliyə məktub ünvanlayaraq, əmək haqları ilə Fonda təqdim edilən hesabatlarda əmək haqları arasında fərqlər yarandığı bildirilmiş, lakin Nümayəndəlik tərəfindən BP ilə bağlanan müqavilə təqdim edildikdən sonra, Fond bu halı qəbul etmişdir. Göründüyü kimi, əgər cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində pozuntuya yol verilsə idi, bu müddət ərzində nəzarət orqanı bununla bağlı hər hansı tədbir görmüş olardı. ##.##.2019-cu il tarixdə və ondan sonrakı müddət ərzində Əmək müqaviləsinə Əlavələr ilə edilən dəyişikliklərdə isə 3.1-ci bəndən həmin ifadə çıxarılmışdır. Belə ki, həmin dövrdə ##.##.2019-cu il tarixli “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən neft-qaz sahəsində fəaliyyətin və qeyridövlət sektoruna aid müəssisələrin meyarları müəyyən edilmişdir. Bu meyarlardan sonra Borusan Türkiyə və onun Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti qeyri-neft fəaliyyəti kimi qiymətləndirilmiş və bu yanaşma, şirkətin BP ilə bağladığı müqavilə çərçivəsində cəlb etdiyi əməkdaşların əməkhaqqı hesablamalarında da müəyyən dəyişikliklərin tətbiq edilməsinə səbəb olmuşdur. Bundan başqa, iddiaçı İsmet Çağlar ilə bağlanılmış əmək müqaviləsinə yaşa görə pensiyaya çıxması ilə əlaqədar xitam verilmiş, bu zaman onunla cavabdeh arasında ibranamə imzalanmışdır. Həmin sənədə əsasən iddiaçıya son haqqhesab tam şəkildə ödənilmiş və o, cavabdehə qarşı hər hansı tələbinin və ya iddiasının olmadığını təsdiq etmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, 2019-cu ilin fevral ayından işçi işdən azad olunanadək, yəni 2025-ci ilin mart ayına qədər İsmet Çağların xeyrinə 135.506,50 manat şəxsin pensiya təminatı üçün məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Hazırda isə Azərbaycan Respublikasında minimum məbləğdə yaşa görə pensiya təminatı üçün kapital 46.080 manat (minimum pensiya kapitalı) təşkil edir. Göründüyü kimi, İsmet Çağların xeyrinə ödəniş məcburi dövlət sosial sığorta haqqlarının həcmi minimum pensiya kapitalının tələbini ödəyir. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında ##.##.1998-ci il tarixində imzalanmış Sazişə əsasən iddiaçı Azərbaycan Respublikasında xeyrinə ödənilmiş 135.506,50 manat kapitalı aylıq olaraq pensiya kimi ala bilər. Yuxarıda əsaslandırılan hallardan və təqdim edilən sübutlardan da göründüyü kimi, Borusan Türkiyə və onun Azərbaycandakı Nümayəndəliyi "xxxx" kimi “İşverən” olduğundan özünün “Xarici əməkdaşı” olan İsmet Çağların beynəlxalq müqavilə daxilində işləməsi səbəbindən, 2007-ci və 2019-cu illər ərzində ona görə Azərbaycan Respublikası Dövlət sosial təminat sisteminə haqlar və bu kimi oxşar ödənişləri (pensiya və s.) ödəmək tələb edilmirdi. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
7. Cavabdeh Cavabdeh Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddia müddətinin tətbiq edilməsinə dair ərizə də təqdim edilərək, qeyd etmişdir ki, iddiaçı iddia müddətini də ötürdüyünə görə tələb rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2007-ci il tarixli əmək müqaviləsinin 6.1-ci bəndi (sosial müdafiə məsələləri) işçinin məcburi dövlət sosial sığortası üçün ödəniləcək məbləğ boş saxlanılmış, ondan sonra bağlanılmış ##.##.2017-ci il tarixli Əmək Müqaviləsinin 3.1.-ci bəndində qeyd edilmişdir ki, “Borusan Makina və X9 və Ticarət” A.Ş. Azərbaycan Nümayəndəliyinin Azərbaycan Respublikası ərazisində iştirak etdiyi beynəlxalq müqaviləyə əsasən işçinin əmək haqqı layihə müddəti ərzində Məcburi Dövlət Sosial Sığortaya cəlb olunmur. X12 ##.##.2018-ci il tarixli Əlavə ilə edilən dəyişiklikdə də, həmin ifadə müqavilənin 3.1-ci bəndinin redaksiyasında qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Görüdüyü kimi, ##.##.2007-ci il və ##.##.2017-ci il tarixdə bağlanan Əmək Müqavilələrində, habelə ##.##.2018-ci il tarixdə bağlanılmış X16 məcburi dövlət sosial sığorta haqlarının ödənilməyəcəyi bildirilmişdir. Bu hal onu deməyə əsas verir ki, əgər iddiaçı iddia edirdisə ki, onun hüquqları pozulmuşdur, bu halda həmin pozuntunun aşkar edildiyi vaxt, yəni iddia müddətinin axımının başlaması vaxtı əmək müqavilələrinin imzalandığı gün qəbul edilməlidir. Belə olan təqdirdə, iddia müddətinin 1 ili artıq keçmiş sayılır və bu, iddia müddətinin tətbiqi üçün əsasdır. Qeyd edilənlərə əsasən iddianın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən 1 illik iddia müddətini tətbiq edərək rədd edilməsi xahiş edilmişdir.
8. Məhkəmə tərəfindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Fondun Məhkəmə Mübahisələri ilə X1 Filialı ilə əvəz edilmiş və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi X4 Xidməti və Azərbaycan Respublikası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
9. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi X4 Xidməti iddia dair mülahizə təqdim edərək qeyd etmişdir ki, iş materiallarından məlum olur ki, iddia tələbi 2007-2019-cu illər üzrə əmək haqqından məcburi dövlət sosial sığorta haqqının hesablanmasından ibarətdir və tələbin məqsədi pensiya kapitalının yenidən hesablanması ilə bağlıdır. Bununla əlaqədar olaraq hesab edirlər ki, iddia tələbi dəqiqləşdirilməlidir. İddia tələbinin dəqiqləşdirilməli olduğunu nəzərə alaraq, tələbin ifadə formasında “vəsaitin DSMF-nin xüsusi hesabına ödənilməsi və həmin ödənişin DSMF tərəfindən şəxsin pensiya kapitalında nəzərə alınması” istiqamətində dəyişiklik aparılmasını zəruri hesab edirlər. Mübahisənin mahiyyəti ilə bağlı isə aşağıdakıları bildirirlər: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən Sığortaolunanların onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək və sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək hüquqları vardır. Həmin Qanunun 12-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) üzrə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət social sığorta ilə əhatə olunurlar. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənini 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Məcəllənin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. Yuxarıda qeyd etdilən normalardan göründüyü kimi işçinin əmək haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması və aidiyyəti üzrə ödənilməsi hər bir işəgötürənin konstitusion və qanuni vəzifəsidir. Qeyd olunan vəzifənin icrasının işçi ilə işəgötürən arasında bağlanılan hər hansı bir müqavilə ilə istisna edilməsi qanunvericiliyə ziddir və yolverilən deyildir. Yuxarıda qeyd olunan normalardan həmçinin o da məlum olur ki, işçinin işəgötürənə qarşı onun əmək haqqından tutulmayan məcburi dövlət sosial sığorta haqqını hesablayaraq aidiyyəti üzrə ödənilməsinə hər hansı bir müddət şamil edilə bilməz. Cavabdehin qeyd etdiyi kimi bu Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd olunan “pul tələbi” anlayışı ilə üst-üstə düşmür. Burada mübahisə işəgötürəndən konstitusion və qanuni vəzifəsinin icrasını tələb etməkdən ibarətdir və sosial sığorta qanunvericiliyinə əsasən bu tələb hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır.
10. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş Üzrə Mərkəzi Filialı iddia dair mülahizə təqdim edərək qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı ##.##.2007-ci il tarixli, ***/* nömrəli əmrlə işə daxil olmuş və ##.##.2025-ci il tarixədək həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin 2007-2019-cu illər üzrə iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Aparılmış araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunan məlumatlara əsasən sığortaedən tərəfindən 2007-2016-cı illər və 2017-2018-ci illərin İ-IV rübləri üzrə təqdim olunan illik və rüblük hesabatlarda iddiaçının xeyrinə hesablanan və ödənilən sosial sığorta haqları barədə məlumatlar qeydə alınmamış, həmçinin sığortaedənin iş qovluğunda ona dair məlumatlar aşkar edilməmişdir. Eyni zamanda, sığortaedən tərəfindən təqdim olunan 2019cu ilin İ-IV rübləri üzrə rüblük hesabatlarda iddiaçının xeyrinə hesablanan və ödənilən sosial sığorta haqları 1701195000613 sosial sığorta nömrəli fərdi şəxsi hesabında öz əksini tapmışdır. Əlavə olaraq sığortaedən tərəfindən təqdim olunan rüblük hesabatlara əsasən ##.##.2018-ci il tarixinə sosial sığortası üzrə 34.791,54 manat, sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları (o cümlədən penya) üzrə 27,11 manat borcu yaranmışdır. Belə ki, müəssisə tərəfindən iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi təkzib edilməmiş və ödənişlərin həyata keçirilməməsinin əsası kimi müqavilədə bununla bağlı qeyd şərt nəzərdə tutulduğu bildirilmişdir. Müvafiq dövrdə qüvvədə olan "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X3).
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuş, iddiaçı İsmet Çağlar ##.##.2007-ci il tarixdən ##.##.2025-ci il tarixədək Cavabdeh Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində mexanik vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya münasibətdə 2007-2019-cu illər üzrə cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iş üzrə mübahisəsiz məsələdir. Cavabdeh tərəfindən həmin məsələyə etiraz bildirilməmişdir və ödənilməmənin səbəbləri göstərilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında X8 haqqında saziş çərçivəsində dənizdə yerləşən neft yataqları üzrə platformalarda əmək fəaliyyəti həyata keçirdiyini etiraf etmişdir. Bununla yanaşı, iddiaçı qeyd etmişdir ki, göstərilən fəaliyyət çərçivəsində onun əmək münasibətlərinə dair məcburi dövlət sosial sığorta haqlarının ödənilməyəcəyi barədə ona əvvəlcədən hər hansı məlumat verilməmişdir. İş materiallarında olan iş vaxtının uçotu cədvəlləri (tabellərdən) ilə təsdiq edilmişdir ki, iddiaçı BP-nin layihələri çərçivəsində Azəri–Çıraq və Şahdəniz platformalarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. X8 haqqında Sazişə dair Protokollarna (PSA) uyğun olaraq “Borusan Makina və X9 və Ticarət” A.Ş. və onun Azərbaycandakı Nümayəndəliyi “Xarici subpotratçı”, iddiaçı İsmet Çağlar isə Türkiyə Respublikası vətəndaşı olan əcnəbi olduğundan “Xarici əməkdaş” hesab edilir. Belə olduğu təqdirdə isə cavabdehdən Azərbaycan Respublikası Dövlət sosial təminat sisteminə haqlar və bu kimi oxşar ödənişlər (pensiya fonduna, məşğulluq fonduna, sosial müdafiə fonduna və tibbi sığorta fonduna ayırmalar da daxil olmaqla, lakin onlarla məhdudlaşmamaqla) ödəmək tələb edilmədiyindən məhkəmə iddiaçının tələbini əsaslı hesab etməmişdir.
14. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsi nəzərə alınaraq, iddia tələbi bu əsasla da rədd edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə ##.##.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsində, habelə ##.##.2018-ci ildə bağlanılmış Əlavədə onun “Borusan Makina və X7 ve Ticaret” A.Ş.-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası ərazisində iştirak etdiyi beynəlxalq müqavilə çərçivəsində işlədiyi və bu səbəbdən əmək haqqının layihə müddəti ərzində məcburi dövlət sosial sığortasına cəlb olunmadığı açıq şəkildə göstərilmişdir. Bu hal iddiaçıya əmək müqaviləsinin bağlandığı andan məlum olmuşdur və ya ən azı məlum olmalı idi. Bununla belə, iddiaçı bu barədə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair heç bir əsas gətirə bilməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 69-cu madddəsinin İ hissəsi və 148-ci maddəsinin II hissəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü, 296-cı maddəsinin 4-cü hissəsi, 297-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 80-ci, 88-ci, 107-ci, 119.1-ci, 217-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin III hissəsinə, “Azəri və Çıraq yataqlarının, həmçinin Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və X8 haqqında Saziş” üzrə, eləcə də “Şahdəniz” layihəsinə dair “Əməkdaşların və X13 cəlb edilməsi haqqında” Protokollarına, AR Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2001-ci il tarixli, “vəkil1nın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ##.##.2019-cu il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı Çağlar İsmet həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə işi səthi araşdırma aparmış və iş üzrə cəlb olunmuş tərəflərin mövqeyini və Ali qanun sayılan Konstitusiyadan irəli gələn prinsip və hüquqları nəzərə almamışdır. Məhkəmə qətnamənin 30-cu bəndində qeyd etmişdir ki, guya ki, o, məhkəmə iclasında verdiyi izahatında X8 haqqında saziş çərçivəsində dənizdə yerləşən neft yataqları üzrə platformalarda əmək fəaliyyəti həyata keçirdiyini etiraf etmişdir. Lakin bu tamamilə yalnışdır. Belə ki, o, məhkəmə iclasında iştirak edərkən cavabdehin nümayəndəsindən nəyə görə iş vaxtının uçotu cədvəllərinin (tabellərdən) sonuncu tarixlərdə olan bir neçəsinin məhkəməyə təqdim etdikləri və tələb etdiyi dövr üzrə həmin cədvəllərin niyə təqdim olunmadığını bildirilmişdir. O, cavabdeh təşkilatın işçisi olarkən təkcə neft yataqlarında fəaliyyət göstərməmişdir. O, özəl təşkilatlarda zavodlarda və həttda fərdi yaşayış evlərində də ixtisası üzrə xidmət göstərmişdir. Belə ki, onun əsas işi elektrik generatorlarına qulluq olmuşdur. Həmçinin qətnamənin 31-ci bəndində məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan iş vaxtının uçotu cədvəlləri (tabellərdən) ilə təsdiq edilmişdir ki, o, BP-nin layihələri çərçivəsində Azəri–Çıraq və Şahdəniz platformalarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. Təqdim olunmuş cədvəllər, iddiada olan dövrləri əhatə etmir. O, təkcə qeyd olunan X8 müqaviləsində nəzərdə tutulan yerlərdə və şirkətlərdə xidmət göstərməmişdir. Cavabdeh tərəfindən təqdim olunan bir-iki ədəd iş vaxtının uçotu cədvəlləri (tabellərdən), məhkəməyə bu qənaətə gəlməyə əsas verə bilməz. İşçinin əmək haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması və aidiyyəti üzrə ödənilməsi hər bir işəgötürənin konstitusion və qanuni vəzifəsidir. Qeyd olunan vəzifənin icrasının işçi ilə işəgötürən arasında bağlanılan hər hansı bir müqavilə ilə istisna edilməsi qanunvericiliyə ziddir və yolverilən deyildir. Həmçinin, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsi nəzərə alınaraq, iddia tələbini bu əsasla da rədd etmişdir. Məhkəmnin bu mövqeyi ilə bağlı qeyd edir ki, işçinin işəgötürənə qarşı onun əmək haqqından tutulmayan məcburi dövlət sosial sığorta haqqını hesablayaraq aidiyyəti üzrə ödənilməsinə hər hansı bir müddət şamil edilə bilməz. Cavabdehin qeyd etdiyi kimi bu Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd olunan “pul” tələbi anlayışı ilə üst-üstə düşmür. Burada mübahisə işəgötürəndən konstitusion və qanuni vəzifəsinin icrasını tələb etməkdən ibarətdir və sosial sığorta qanunvericiliyinə əsasən bu tələb hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. Hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verildiyi və ona sosial müavinət təyin olunduğu gün, onun hal hazırki iddia tələbini iddia irəli sürmək üçün müəyyən olunmuş iddia müddətinin başlangıcı kimi qəbul olunmalıdır. O, Türkiyə Cumhuriyeti vətəndaşıdır. Onunla cavabdeh arasında əmək müqaviləsinə xitam verildikdən sonra o öz vətəninə geri dönmüşdür. Bu ilin avqust ayının ortalarında Azərbaycana gəlmiş və ona sosial müavinət hesablanmasından ötrü müvafiq quruma müraciət edərkən ona qeyd olunan hal məlum olmuşdur. Cavabdeh tərəf 2017-ci il və 2018-ci il tarixli əmək müqavilələrinə istinad edirsə, o halda ##.##.2007-ci il tarixdən 2017-ci ilədək qüvvədə olan əmək müqaviləsində məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməməsi barədə hər hansı müddəanın yer almadığı faktı, əksinə, həmin dövr üçün sosial sığorta ödənişlərinin ödənilməsinin zəruri olduğunu sübut edir. Şirkət tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi əmək müqaviləsində qeyd edilmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin qeyd yalnız 2017-ci ildən bağlanan müqavilələrdə göstərilmişdir, 2007ci ildə bağlanan əmək müqaviləsində qeyd edilən hal nəzərdə tutulmamışdır. O, əmək müqaviləsi əsasında ona verilən əmək haqqından sosial sığorta ödənişlərinin tutulmayacağından xəbərsiz olmuşdur. Bununla da məhkəmə, iş üzrə təqdim olunmuş sübütları obyektiv qiymətləndirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayətində iki dəlilə istinad etmişdir. İddiaçının birinci dəlili ondan ibarətdir ki, o, Nümayəndəlikdə işçi olarkən təkcə neft yataqlarında fəaliyyət göstərməmişdir. O, özəl təşkilatlarda, zavodlarda və həttda fərdi yaşayış evlərində də ixtisası üzrə xidmət göstərmişdir. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçının qeyd etdiyi halı təsdiq edən hər hansı sübut mövcud deyildir. Əksinə, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatlarında, habelə hazırki apellyasiya şikayətinin məzmununda da neft hasil edilən platformalarda əmək funksiyalarını yerinə yetirdiyini etiraf etmişdir. Eyni zamanda, iddiaçının dənizdə yerləşən neft platformalarında çalışması onun həmin dövrdə paralel olaraq digər müştərilərə, o cümlədən özəl təşkilatlara, zavodlara və ya fərdi yaşayış evlərinə xidmət göstərməsi barədə dəlilini də məntiqi və faktiki baxımdan istisna edir. Belə ki, platformalarda iş adətən işçinin müəyyən müddət ərzində dənizdə yerləşən obyektdə fasiləsiz qalmasını və əmək funksiyalarını həmin ərazidə yerinə yetirməsini nəzərdə tutur. Həmin müddət başa çatdıqdan sonra isə işçi quruda istirahət dövrünə çıxır. Bu iş rejimi şəraitində iddiaçının eyni vaxtda həm dənizdə yerləşən platformalarda çalışması, həm də paralel olaraq quruda yerləşən müxtəlif müştərilərə ixtisası üzrə xidmət göstərməsi mümkün hesab edilə bilməz. İddiaçının apellyasiya şikayətində göstərdiyi ikinci dəlil ondan ibarətdir ki, işçinin işəgötürənə qarşı onun əmək haqqından tutulmayan məcburi dövlət sosial sığorta haqqını hesablayaraq aidiyyəti üzrə ödənilməsinə hər hansı bir müddət şamil edilə bilməz. Bu dəlil ilə də razılaşmayaraq bildirirlər ki, birinci instansiya məhkəməsində tərəflərindən iş materiallarına əlavə edilən Ali Məhkəmənin elektron səhifəsindən əldə edilən anonimləşdirilmiş iddiaçı cavabdeh X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və İqtisadiyyat Nazirliyi X4 Xidməti iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “sosial ödənişlərin köçürülməsi və əmək haqqı tələbi” üzrə *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarında kassasiya instansiyası məhkəməsinin mövqeyi hissəsində qeyd edilmişdir ki, “Kassasiya şikayətinin digər dəlili isə iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edərək qeyd edir ki, kassasiya şikayətində göstərilən hallar iddia müddətinin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Məhkəmələr iddia müddətinin tətbiq edilməsində haqlı olmuş və heç bir pozuntuya yol verməmişlər.” Yuxarıda qeyd olunan Ali Məhkəmənin qərarından da aydın şəkildə göründüyü kimi, iddiaçının hazırki tələbin müddətlə məhdudlaşdırılmaması barədə irəli sürdüyü mövqe hüquqi baxımdan əsassız və yanlışdır. Habelə, iddiaçı ilə bağlanan əmək müqavilələrində ona məcburi dövlət sosial sığorta haqlarının ödənilməyəcəyi bildirilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılması xahiş edilmişdir.
19. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri İlə İş Üzrə Mərkəzi Filialı apellyasiya şikayətinə dair mülahizə təqdim edərək iddiaya dair mülahizəsinə uyğun əsaslandırmışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iddiaçı Çağlar İsmet apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işlədiyi müddət ərzində 3-4 dəfə neft yatağında işə cəlb olunmuşdur. Həmin müddət də pandemiya dövrünə təsadüf edib. Qalan vaxtlar sexdə işləmişdir. Cavabdeh şirkətin tabel cədvəli təqdim edə bilməməsi onun dediklərini təsdiq edir. O, cavabdeh şirkətlə müqavilə bağlayan zaman ona X8 sazişi çərçivəsində işlədikləri barədə heç bir məlumat verməyiblər. Müqavilə bağlanan vaxt onun məlumatı olmayıb. O, sexdə mühərriklərin yığılması ilə məşğul olmuşdur. BP-də işi görə bilən olmadığı üçün 3-4 dəfə vertolyot vasitəsilə onu platformaya aparıblar, işini gördükdən sonra qayıdıb sexdə işinə davam etmişdir. BP-də işləyən şəxslər 14-gün işləyib, 14 gün istirahət edirdilər. O, 30 gün sexdə işləmişdir, bəzən müştəriyə işi təhvil vermək üçün həftə sonları da işləyirdi. Platformada 14 gün işləyən şəxslər ondan daha çox əmək haqqı alırdı. Əmək haqqından əlavə 1400 dollar “dəniz pulu” alırdı. Ona belə ödəniş edilməyib. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iddiaçı Çağlar İsmetin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, sexdə yüksək gərginlikli generatorlara xidmət göstərib, onların təmiri ilə məşğul olub. İddiaçı bildirir ki, əlləri mazutlu vəziyyətdə müqavilələri imzalayıb. 2007-ci ildən 2016-cı ilədək sadəcə bir əmək müqaviləsi bağlanıb, orada sosial sığorta ödənişlərinin ödənilməsi ilə bağlı heç bir qeyd yoxdur. Cavabdeh şirkət iddiaçının X8 sazişi çərçivəsində işlər gördüyünü əsas gətirərək sosial sığorta ödənişləri ödəməli olmadığını bildirir. İddiaçı bütün bu illər ərzində bir neçə dəfə neft yataqlarında işə cəlb edilib. Onun yataqda işi daimi xarakter daşımayıb, zərurət olduqca şirkət tərəfindən ora aparılıb. İşlədiyi müddətin əsas hissəsində sexdə işləyib. Bunu tabel cədvəlləri də təsdiq edir. Cavabdeh tərəf sosial sığorta haqqlarının ödənilməsini tələb etdikləri 2007-2019-cu illər üzrə bir ədəd belə tabel cədvəli təqdim edə bilmirlər. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasında cavabdeh “X2 Güç Sistemleri Sanayi ve Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı Azəriçıraq-Günəşli və Şahdəniz platformalarında işləyib. Dənizdə işləyənlər adətən 15 gün işdə, 15 gün istirahətdə olur. Onun platformadan qayıtdıqdan sonra digər işdə işləməsi mümkünsüzdür. Tabel cədvəlləri tərəflərindən təqdim edilib. 12-13 il öncəki dövrlər üçün müddət çox keçdiyindən tabel cədvəli təqdim edə bilmirlər. 2019-cu ildən sonra təmsil etdiyi şirkət işçilərini platformadan kənar quruda da əmək fəaliyyətinə cəlb etdi. Həm də həmin dövrdə qeyri-neft sektorundə işləyən şəxslərə gəlir vergisində güzəştlər edildiyi üçün şirkət fəaliyyət istiqamətini neft-qaz sektorundan dəyişib, qeyri-neft sektorunda fəaliyyət göstərməyə başlayıb. Bununla əlaqədar iddiaçının əmək müqaviləsinə də müvafiq dəyişiklik edilib. Tabel cədvəlləri ilə təsdiq olunur ki, iddiaçının bir il ərzində platformaya bir neçə səfəri olub. Əmək haqqı cəmlənmiş uçotla ödənilib. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
23. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş Üzrə Mərkəzi Filialının nümayəndəsi İsgəndərov Samir Bayramoviç izahat verərək bildirmişdir ki, heç bir hal tərəflərindən mübahisələndirilmir. Tərəflərin hər ikisi məcburi dövlət sosial sığorta ödənişlərinin 2019-cu ildən etibarən ödənildiyini qəbul edir. Fond tərəfindən iddiaçının fərdi hesabında ödənilmiş sosial sığorta ödənişləri əks olunub. Göstərilənlərinə əsasən apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxmışdır.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X4 Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X4 Xidməti Milli Gəlirlər Baş İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin üçüncü şəxslərin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasıın Konstitusiyasının: 69-cu maddəsinin İ hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər; 148-ci maddəsinin II hisssəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir; 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər;
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
28. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və X8, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il ###ın #-dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il ######ın #-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; xüsusi icra məmurları; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər— məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. “Azəri və Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və X8 haqqında” Sazişə dair və Şahdəniz üzrə “Əməkdaşların və X13 Cəlb Edilməsi haqqında” Protokollarının: Giriş hissəsinin 5-ci abzasına əsasən X5 Tərəflərin, onun Ortaq şirkətlərinin, Əməliyyat Şirkəti və ya xxxxlarının (bundan sonra “İşverən” adlandırılacaq) ya Azərbaycan Respublikasının vətəndaşı (“Yerli əməkdaşlar”), ya da Azərbaycan Respublikasından başqa digər bir ölkənin vətəndaşı olan (“Xarici əməkdaş”) əməkdaşlarının vergiyə cəlb edilməsinə aiddir. Bu Protokolda, həmçinin İşverənlə əməkdaş kimi daimi əmək münasibətləri olmayan və vətəndaşlığı olmayan şəxslər də daxil olmaqla, Azərbaycan Respublikasından başqa digər ölkənin vətəndaşı olan (“Xarici Fiziki şəxslər”) və ya Azərbaycan Respublikasının vətəndaşı olan (“Yerli Fiziki şəxslər”) şəxslərə münasibətdə hesabatlar və vergi tutulmaları haqqında tələblər şərh edilir; 8.1.1-ci bəndinə əsasən işverəndən özünün Xarici əməkdaşlarına və Yerli və Xarici fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikası Dövlət sosial təminat sisteminə haqlar və bu kimi oxşar ödənişlər (pensiya fonduna, məşğulluq fonduna, sosial müdafiə fonduna və tibbi sığorta fonduna ayırmalar da daxil olmaqla, lakin onlarla məhdudlaşmamaqla) ödəmək tələb edilmir; 8.2.1-ci bəndinə əsasən işverənin Xarici əməkdaşlarından və Xarici Fiziki şəxslərdən Azərbaycan Respublikası Dövlət sosial təminat sisteminə haqlar və bu kimi oxşar ödənişlər (pensiya fonduna, məşğulluq fonduna, sosial müdafiə fonduna və tibbi sığorta fonduna ayırmalar da daxil olmaqla, lakin onlarla məhdudlaşmamaqla) ödəmək tələb edilmir; Protokollara * saylı Əlavəyə əsasən "Xarici əməkdaşlar" Podratçı tərəfin, onun Ortaq şirkətlərinin, onun agentlərinin, Əməliyyat şirkətinin və ya Subpodratçının Azərbaycan Respublikasından başqa digər ölkənin vətəndaşı olan və ya vətəndaşlığı olmayan əməkdaşları deməkdir. "xxxx" - Azərbaycan Respublikasının hüdudlarından kənarda qeydə alınmış, qanuni yolla yaradılmış və ya təşkil edilmiş hər hansı hüquqi şəxs və ya yaxud təşkilat olan Subpodratçı deməkdir (o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olmayan və işəgötürənlə əmək münasibətləri olmayan işçilər).
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ##.##.2007-ci il tarixdə Cavabdeh Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində mexanik vəzifəsinə işə qəbul edilmişdir. Bununla bağlı bağlanmış əmək müqavilənin 6.1-ci bəndində (sosial müdafiə məsələləri) işçinin məcburi dövlət sosial sığortası üçün ödəniləcək məbləğ hissəsi boş saxlanılmışdır. Bundan sonra ##.##.2017-ci il tarixdə tərəflər arasında yeni əmək müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən işçiyə aylıq hesablanmış əmək haqqı gəlir vergisi daxil 3.140 manat məbləğində müəyyən edilmişdir. "Borusan Makina və X7 ve Ticaret" A.Ş. Azərbaycan Nümayəndəliyinin Azərbaycan Respublikası ərazisində iştirak etdiyi beynəlxalq müqaviləyə əsasən işçinin əmək haqqı layihə müddəti ərzində Məcburi Dövlət Sosial Sığortaya cəlb olunmur. Əmək Müqaviləsinə ##.##.2018-ci il tarixli Əlavə ilə edilən dəyişiklikdə də, həmin ifadə müqavilənin 3.1-ci bəndinin redaksiyasında qeyd edilmişdir. Bundan sonra Əmək Müqaviləsinə ##.##.2019-cu il tarixli Əlavə ilə edilən dəyişiklikdə isə müqavilənin 3.1-ci bəndinə əsasən işçiyə aylıq hesablanmış əmək haqqı gəlir vergisi, məcburi sosial sığorta haqqı və işsizliyə dair sığorta haqqı daxil 3.522,99 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən 2019-cu ilin fevral ayından 2025-ci ilin mart ayınadək cəmi 135.506,50 manat sığorta haqqı ödənilmişdir. Bununla belə, əmək müqaviləsinə edilmiş sonuncu dəyişikliyədək, yəni ##.##.2007-ci il tarixdən ##.##.2019-cu il tarixədək iddiaçıya sosial sığorta haqqı hesablanmamışdır.
36. Hazırda iddiaçı 2007-2019-cu illər üzrə ona məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini, onun əmək haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması və aidiyyəti üzrə ödənilməsi cavabdehin konstitusion və qanuni vəzifəsi olduğunu, təkcə neft yataqlarında deyil, özəl təşkilatlarda, zavodlarda və hətta fərdi yaşayış evlərində də ixtisası üzrə xidmət göstərdiyini, hazırki iddia üzrə iddia müddətini ötürmədiyini iddia edir və işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqlarının həmin dövrlərdə aldığı əmək haqqına uyğun olaraq hesablanıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
37. Cavabdeh iddianı qəbul etmir, “Azəri və Çıraq yataqlarının, həmçinin Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və X8 haqqında Saziş” üzrə, eləcə də “Şahdəniz” layihəsinə dair “Əməkdaşların və X13 cəlb edilməsi haqqında” Protokollarına əsasən Borusan Türkiyə və onun Azərbaycandakı Nümayəndəliyi “Xarici subpotratçı”, iddiaçının isə “Xarici əməkdaş” hesab edildiyini, işəgötürəndən özünün Xarici əməkdaşlarına və Yerli və Xarici fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikası Dövlət sosial təminat sisteminə haqlar və bu kimi oxşar ödənişlərin (pensiya fonduna, məşğulluq fonduna, sosial müdafiə fonduna və tibbi sığorta fonduna ayırmalar da daxil olmaqla, lakin onlarla məhdudlaşmamaqla) ödənilməsinin tələb edilmədiyini, həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və X8, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən vətəndaşlığı olmayan şəxslər və əcnəbilərin məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər sırasına aid edilmədiyini, iddiaçı ilə bağlanan əmək müqavilələrində ona məcburi dövlət sosial sığorta haqlarının ödənilməyəcəyinin göstərildiyini, ##.##.2019-cu il tarixdə və ondan sonrakı müddət ərzində Əmək müqaviləsinə Əlavələr ilə edilən dəyişikliklərdə isə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməyəcəyi barədə müqavilənin müvafiq bəndindən həmin ifadənin çıxarıldığını, 2019cu ilin fevral ayından iddiaçının işdən azad olunanadək, yəni 2025-ci ilin mart ayına qədər onun xeyrinə 135.506,50 manat şəxsin pensiya təminatı üçün məcburi dövlət sosial sığorta haqları ödənildiyini, həmçinin, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən 1 illik iddia müddətin ötürüldüyünü, iddiaçının Nümayəndəlikdə işçi olarkən təkcə neft yataqlarında deyil, həmçinin özəl təşkilatlarda, zavodlarda və həttda fərdi yaşayış evlərində də ixtisası üzrə xidmət göstərməsi barədə təsdiqedici sübutlarının olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ##.##.2007-ci il tarixdən cavabdehin Azərbaycan Respublikasındakı nümayəndəliyində əmək fəaliyyətinə başlamış, ##.##.2017ci il tarixdə tərəflər arasında yeni əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə ##.##.2018ci və ##.##.2019-cu il tarixlərdə əlavələr edilmişdir. 2007-ci ildən 2019-cu ilin fevral ayınadək bağlanmış əmək müqavilələrində və onlara edilmiş əlavələrdə açıq şəkildə göstərilmişdir ki, iddiaçının əmək haqqı məcburi dövlət sosial sığortasına cəlb olunmur (ilkin müqavilədə bu barədə qeydlər hissəsi boş saxlanılmış, daha sonra isə birbaşa göstərilmişdir). İddiaçı həmin müqavilələri öz iradəsi ilə imzalamış, onların şərtlərinə qüvvədə olduğu bütün müddət ərzində etiraz etməmiş və həmin şərtlər əsasında əmək fəaliyyətini davam etdirmişdir.
39. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, cavabdeh Əsasnamə ilə Türkiyə Respublikasının hüquqi şəxsi olan İstanbul şəhərində yerləşən, ##.##.2009-cu il tarixində 366846 nömrə ilə İstanbul Ticarət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış “X2 Güc Sistemleri Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir. BP EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED şirkəti Azərbaycan Dövləti ilə bağlanılmış X8 Sazişlərinə əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən müəyyən yataqların birgə işlənməsini həyata keçirir. Həmin yataqlara Azəri, Çıraq və Günəşli yataqları, eləcə də Şahdəniz yatağı daxildir. Qeyd olunan Sazişlər əsasında qəbul edilmiş X8 haqqında Sazişə dair Protokollar (PSA) Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsini təşkil edir. Həmin Protokollar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X4 Xidmətinin saytında dərc edilmişdir. BP EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED şirkəti ilə Borusan Türkiyə arasında bağlanılmış ##.##.2010-cu il tarixli, BLANK-**-BPCS-****** nömrəli və ##.##.2016-cı il tarixli, *********** nömrəli müqavilələrə əsasən sonuncu “xxxx” qismində BP EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED şirkətinə Sazişlə bağlı işlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilələr çərçivəsində görülmüş işlər də yuxarıda qeyd olunan Protokolların (PSA) təsir dairəsinə daxildir. Cavabdeh "Azəri və Çıraq yataqlarının, həmçinin Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və X8 haqqında Saziş", habelə "Şahdəniz" layihəsinə dair "Əməkdaşların və X13 cəlb edilməsi haqqında" Protokollar çərçivəsində fəaliyyət göstərən “xxxx”, iddiaçı isə “xarici əməkdaş” olmuşdur. Həmin Protokolların müddəalarına əsasən işverəndən özünün Xarici əməkdaşlarına və Yerli və Xarici fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikası Dövlət sosial təminat sisteminə haqlar və bu kimi oxşar ödənişlər (pensiya fonduna, məşğulluq fonduna, sosial müdafiə fonduna və tibbi sığorta fonduna ayırmalar da daxil olmaqla, lakin onlarla məhdudlaşmamaqla) ödəmək, həmçinin, işverənin Xarici əməkdaşlarından və Xarici Fiziki şəxslərdən Azərbaycan Respublikası Dövlət sosial təminat sisteminə haqlar və bu kimi oxşar ödənişlər (pensiya fonduna, məşğulluq fonduna, sosial müdafiə fonduna və tibbi sığorta fonduna ayırmalar da daxil olmaqla, lakin onlarla məhdudlaşmamaqla) ödəmək tələb edilmir.
40. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 12 maddəsinə əsasən X8 haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı təşkilatlarda işləyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortasına cəlb edilmirlər. Bununla belə, hüquqi nəticə etibarı ilə cavabdehin iddiaçı barəsində məcburi dövlət sosial sığorta haqqı hesablamaq və ödəmək öhdəliyi mövcud olmamışdır.
41. Yalnız ##.##.2019-cu il tarixdə, əmək müqaviləsinə edilmiş dəyişikliklərdən sonra iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqları hesablanaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilmişdir. Belə ki, həmin dövrdə neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektoruna aid müəssisələrin meyarları müəyyən edilmişdir. Bu meyarlardan sonra Borusan Türkiyə və onun Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti qeyri-neft fəaliyyəti kimi qiymətləndirilmiş və bu yanaşma, şirkətin BP ilə bağladığı müqavilə çərçivəsində cəlb etdiyi əməkdaşların əməkhaqqı hesablamalarında da müəyyən dəyişikliklərin tətbiq edilməsinə səbəb olmuşdur. 2019-cu ilin fevral ayından iddiaçı ilə əmək münasibətlərinə xitam verilən tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi isə işin mübahisəsiz halıdır.
42. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdirdiyi dövrdə yalnız X8 haqqında sazişlər çərçivəsində deyil, digər müəssisələrdə və fərdi yaşayış evlərində də işlədiyi barədə dəlilini də əsaslı hesab etmir. Belə ki, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmin fəaliyyətin mövcudluğunu və bunun hüquqi nəticələr doğurduğunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2007–2019-cu illər üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanaraq ödənilməsi barədə tələbi həm işin faktiki halları, həm də tətbiq edilməli maddi hüquq normaları ilə təsdiq olunmur. Göstərilənlər də öz növbəsində iddianın əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
44. Bundan başqa, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh ərizə təqdim edərək və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə istinad edərək iddiaçının hazırki tələb üzrə bir illik iddia müddətini ötürdüyünü bildirmiş, iddiaçı isə hazırki iddiasına “pul” tələbi kimi yanaşılmalı olmamasını vurğulamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən əmək hüquqlarının müdafiəsi ilə bağlı qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi iddianın təmin edilməməsi üçün əsasdır. Hazırki tələb isə həmin maddənin təsiri dairəsinə düşür. İddiaçı əmək müqavilələrinin şərtləri, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi barədə müddəalarla əmək münasibətlərinin yarandığı vaxtdan tanış olmuş, həmin şərtlərlə uzun müddət işləməsinə baxmayaraq, qanunla müəyyən edilmiş müddət ərzində onlara etiraz etməmiş və mübahiləndirməmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı hazırki iddia ilə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir ki, bu da iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi üçün əsas yaradır.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı Çağlar İsmet tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi iddiaçı Çağlar İsmet tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı Çağlar İsmetə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.