Məhkəmə qərarları › İş №e-2(3-6)-1686/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1686/2026

16.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1686/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili Surxayzadə İlkin Qürbət oğlunun , cavabdeh Cavabdeh və onun nümayəndəsi-vəkili vəkil1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “payına uyğun pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı # #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 2V-9 reyestr nömrəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, ##.##.2024-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi qızı İddiaçıdır və o, miras əmlakdan 6/18 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 159,4 kv.m. olan fərdi yaşayış evindən ona məxsus hissədən ibarətdir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, dalan 3 ünvanınla yerləşən ümumi sahəsi 159,40 kv.m. olan * saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh (12/18 hissə - ##.##.2018-ci il tarixdən) və İddiaçı (6/18 hissə - ##.##.2025-ci il tarixlən) adlarına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixədək olan dövr üzrə ünvan 1 3 ünvanında yerləşən 10 otaqlı yaşayış evinin zirzəmisindəki obyektin icarəyə verilməsi və digər hər hansı bir yolla istifadəsi əsasında cavabdehin əldə etdiyi gəlirin 6/18 hissəsinin, 320 manat məbləğində hüquqi xidmət xərcinin və 100,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 3 ünvanında yerləşən 10 otaqlı, yaşayış sahəsi 107.20 kv.m və ümumi sahəsi 159,40 kv.m olan yaşayış evi 1969-cu ildən etibarən onun babası X3 Həsən Bala oğlunun mülkiyyətində olmuşdur. Nənəsi X1 evin zirzəmisindəki obyektdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq köhnə xalçaların alqı-satqısını həyata keçirmişdir. X4 ##.##.2009-cu il tarixdə, X1 isə 2015-ci ilin mart ayında ölmüşdür. X4 ölümündən sonra onun atası X2 və əmisi Cavabdeh Əli Heydər oğlu arasında miras əmlakla, yəni evlə bağlı məhkəmə mübahisələri olmuş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsi ilə evin 12/18 hissəsinə Cavabdeh, 6/18 hissəsinə Kamal Əliyevin vərəsəlik hüququ tanınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilərək ##.##.2018-ci il tarixdə Kamal Əliyevin, ##.##.2018-ci il tarixdə Cavabdeh mülkiyyət hüququ qeydə alınmış və onlara müvafiq çıxarış verilmişdir. Kamal Əliyev uzun çəkən məhkəmə proseslərinin yaratdığı stress və gərginlik nəticəsində xəstələnmiş, uzun müddət və şəraitində müalicə almışdır. ##.##.2024-cü il tarixdə isə “durğunluq ürək çatmamazlığı”ndan dünyasını dəyişmişdir. Bundan sonra o, notariat ofisində vərəsəlik işinin açılması üçün müraciət etmişdir. ##.##.2025-ci il tarixdə ** saylı notariat ofisi tərəfindən ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən Kamal Əliyevə verilmiş 004011002990-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanın yerləşən ümumi sahəsi 159,4 kv.m. olan fərdi yaşayış evinin 6/18 hissəsi miras əmlakı təşkil etmişdir. ##.##.2025-ci il tarixdə isə evin 6/18 hissəsinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli ilə qeydə alınmışdır. Göründüyü kimi, evin 6/18 hissəsi ##.##.2018-ci il tarixdən etibarən onun mərhum atası Kamal Əliyevin mülkiyyətində olmuşdur, ##.##.2025-ci il tarixdən isə onun mülkiyyətindədir, bununla da ev hazırda onun və cavabdehin paylı mülkiyyətindədir. Cavabdeh evin 1-ci mərtəbəsində, o, isə 2-ci mərtəbəsində yaşayır. Cavabdeh ##.##.2018-ci il tarixdən etibarən evin zirzəmisində antik xalça və digər əşyaların satışını həyata keçirmiş, bir müddət sonra oranı üçüncü şəxslərə kirayə vermişdir. Daha əvvəl həmin obyektdə milli geyimlərin satışı həyata keçirilmiş, hazırda isə suvenir hədiyyələr satılmaqdadır. Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində vergi uçotuna alınmış vergi ödəyiciləri barədə axtarış bölməsində ad, soyad və ata adı ilə axtarış aparan zaman Pəri Əliyevanın vaxtılə 1700250212 VÖEN-i ilə məşğul olduğu, bir müddət sonra isə VÖEN-ni ləğv etdirdiyi görünür. Cavabdeh də həmçinin vaxtı ilə VÖEN əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, daha sonra isə VÖEN-ni ləğv etdirmişdir. Bununla da cavabdeh həm özü sahibkarlıq fəaliyyəti həyata keçirməklə, həm də obyekti icarəyə verməklə gəlir əldə etmiş, lakin icarə müqavilələri barədə onu, keçmişdə isə onun atasını məlumatlandırılmış və əldə edilmiş gəlirin onun və vaxtılə onun atasının payına mütənasib olan hissəsini verməmişdir. Dövlət Vergi Xidmətinə vəkil sorğusu təqdim edilərək evin zirzəmisindəki obyekt Dövlət Vergi Xidmətində təsərrüfat obyekti kimi uçota alınarkən müvafiq vergi ödəyicisi tərəfindən Dövlət Vergi Xidmətinə təqdim edilmiş bütün icarə müqavilə(lər)in (həm ilkin, həm də sonradan dəyişdirilmiş və ya əlavələr olunmuş) surətləri tələb edilsə də, ##.##.2025-ci il tarixli cavab məktubu ilə müraciətində qeyd etdikləri məlumatlar vergi siri və şəxsi həyata dair məlumat hesab edildiyi üçün onların verilməsindən imtina edilmişdir. Halbuki Mülki Məcəllənin 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Onunla cavabdeh arasında gəlirin bölüşdürülməsi ilə bağlı razılaşma yoxdur və evin naturada bölgüsü həyata keçirilməmişdir. Göründüyü onun ##.##.2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixədək olan dövr üzrə evin zirzəmisindəki obyektin icarəyə verilməsi və digər hər hansı bir yolla istifadəsi əsasında cavabdehin əldə etdiyi gəlirin 6/18 hissəsini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Digər tərəfdən o, hüquqların müdafiəsi üçün məhkəmədə onu təmsil edən nümayəndəyə 320 manat məbləğində ödəniş etmişdir. Bundan əlavə iddia ərizəsinin verilməsi üçün 100,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 11.019,66 manat məbləğində pul vəsaitinin, 320 manat məbləğində hüquqi xidmət xərcinin və 125,20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında israrla bildirirdi ki, Cavabdeh zirzəmidəki obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb, eyni zamanda həmin obyekti heç bir zaman üçüncü şəxslərə icarəyə verməmişdir, Dövlət Vergi Xidmətindən sorğuya cavab məktubundan belə məlum olur ki, Cavabdeh sözügedən ünvanda sahibkarlıq fəaliyyətinə 2004-cü ildən başlamışdır. Belə ki, 2004-cü ildən 2013-cü ilə qədər həmin ünvanda ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı, 2013-cü ildən 2018-ci ilə qədər ixtisaslaşdırılmış mağazalarda xalça, divar və döşəmə üçün örtüklərin pərakəndə satışı ilə məşğul olmuşdur. 2018-ci ilin dekabr ayından ##.##.2025-ci il tarixədək daşınmaz əmlakın istismarı və kirayə verilməsi, ##.##.2021-ci il tarixdə ##.##.2025-ci il tarixə qədər xalçaların pərakəndə satışı ilə məşğul olmuşdur. Cavabdeh ##.##.2018-ci il tarixdən etibarən evin zirzəmisindəki 14 kv.m sahəyə malik obyektin iddiaçıya məxsus 6/18 hissəsindən də istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və gəlir qazanmışdır. “xxxx” MMC tərəfindən 14 kv.m həcmində sahəni illər üzrə icarə qiymətləri müəyyən edilmişdir. 2026-cı il üzrə: 550; 2025ci il üzrə: 525; 2024-cü il üzrə: 497; 2023-cü il üzrə: 486; 2022-ci il üzrə: 447; 2021-ci il üzrə: 392; 2020-ci il üzrə: 368; 2019-cu il üzrə: 358; 2018-ci il üzrə: 349 manat olmuşdur. Bununla da, 2018-ci ilin noyabr ayrndan 2025-ci ilin mart ayına qədər olan dövr üzrə sadə riyazi hesablama aparmaqla cavabdehdən onun xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğini müəyyənləşdirmək mümkündür. Nəzərə alınsa ki, 2018-ci ilin 3 ayı üzrə 1.047 manat (349x3:1.047), 2019-cu il üzrə 4.296 manat (358x12:4.296), 2020-ci il üzrə 4.416 manat (368x12:4.416), 2021-ci il üzrə 4.704 manat (392x12:4.704), 2022-ci il üzrə 5.364 manat (447x12:5.364), 2023-cü il üzrə 5.832 manat (486x12:5.832), 2024-cü il üzrə 63.00 manat (497x12:5.300), 2025-ci ilin 2 ayı üzrə 1.100 manat (550x2:1.100) cemi 33.059 manat məbləğində icarə haqqı formalaşmışdır. Bu məbləğdən iddiaçıya ödənilməli olan hissə 11.019,66 (33.059/18*6=11.019,66) manatdır.

7. Cavabdeh tərəf iddiaya etiraz edərək bildirmişdir ki, vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatına alınma iddiaçıya pul tələb edilməsinə əsas vermir. Belə ki, cavabdeh həmin qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı bir gəlir əldə etməmişdir və vergi orqanına bununla bağlı məlumat vermişdir. Gəlir əldə edilməyən əmlakdan istifadə ilə bağlı pul tələb edilməsi əsassızdır. Ümumiyyətlə həmin əmlakdan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı da sübutlar olmalıdır. Yəni vergi uçotunun qeydiyyata alınması gəlirin əldə edilməsi demək deyil.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı # #### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 11.019,66 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125,20 manat və hüquqi xidmət xərci kimi 320 manat, cəmi 11.464,86 manat məbləğində pulun tutulması qət edilmişdir. Məhkəmə qanunvericiliyin müvafiq tələbləri baxımından qeyd etmişdir ki, iddiaçı paylı mülkiyyət hüququ üzrə ona məxsus olan daşınmaz əmlakdan cavabdehin istifadə edərək sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi səbəbi ilə əmlakın ona düşən hissəsindən istifadə edə bilməməsi ilə əlaqədar pul tələb etməsi ilə bağlı iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan mübahisəli 14 kv.m sahəyə malik qeyriyaşayış

9. sahəsində cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilmiş və həmin sahədə müxtəlif adda əmlaklar yerləşdirilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, paylı mülkiyyətçi kimi cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirərkən eyni zamanda digər paylı mülkiyyətçisinin sahəsindən də istifadə etdiyi üçün həmin sahədən istifadə etməklə bağlı iddiaçının tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə mübahisəli sahənin 2018-2026-cı illəri əhatə edən dövr üzrə hər il üçün ayrı-ayrılıqda orta aylıq icarə haqqının bazar tələbi və təklifi nəzərə alınmaqla “xxxx” MMC tərəfindən tərtib edilmiş hesabatı mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 11.019,66 manat məbləğində pul tutulmalıdır.

11. Məhkəmə cavabdehin nümayəndəsinin mübahisəli sahədən gəlir əldə edilmədiyi üçün tələbin əsassız olması barədə dəlilləri üzrə qeyd etmişdir ki, iddiaçının tələbi əldə edilən gəlirin paya uyğun cavabdehdən tələb edilməsi ilə bağlı deyil, ona düşən hissədən istifadə ilə əlaqədar pul tələbi ilə bağlıdır və bu səbəbdən cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 213.7 və 215.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

13. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi, məhkəmə VÖEN və fəaliyyət növünün kodlarına, mübahisəli sahədə olan müxtəlif adda əşyalanın mövcudluğuna və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə istinad etməklə iddianın təmin edilməsi haqqında nəticəyə gəlmişdi. O, iddia tələblərinə etiraz olaraq bildirmişdir ki, ataanasının sağlığından xalça ticarəti ilə məşğul olsa da, sonradan təxminən 2017, 2018-ci illər ərəfəsində ticarət zəiflədiyindən fəaliyyətini faktiki olaraq dayandırmış, pandemiya dövründə isə ümumiyyətlə fəaliyyəti olmamışdır. Ona görə də VÖEN-nin ləğv edilməsi üçün vergi orqanına müraciət etmişdir. Eyni zamanda bildirir ki, mübahisəl sahənin mağaza kimi istifadə edilməsi mənasız və faydasız olduğundan onun həmin sahəni istifadə etməsinə ehtiyacı olmamışdır. Belə ki, mübahisəli sahə yaşayış evinin birinci mərtəbəsi hesab olunan yarımzirzəmi vəziyyətindədir və yerləşdiyi yer ticarət fəaliyyəti üçün əlverişli deyildir. Belə ki, sahə əsas küçədə deyil, küçədən dönəndən sonra dalan ərazidə yerləşir. Bundan əlavə, küçədən dalana döngə hissəsində bu yaxınlara kimi mövcud olan hasar səbəbindən həmin sahənin müştərilər üçün kənardan görünməsi, xüsusilə mağaza kimi tanınması faktiki olaraq mümkün deyildir. Həmçinin, mübahisəli sahənin qarşısında onun mağaza kimi fəaliyyət göstərdiyini bildirən hər hansı lövhə, reklam və ya digər vizual göstəricilər mövcud olmamışdır. Bu hallar da bir daha onu göstərir ki, həmin sahədə açıq və davamlı pərakəndə ticarət fəaliyyətinin həyata keçirilməsi inandırcı deyildir. O, əvvəlki fəaliyyətini yalnız məhdud çərçivədə – əvvəlcədən tanıdığı müştərilərə fərdi qaydada, məhsulu müştərinin ünvanına çatdırmaqla həyata keçirmişdir. Belə ki, onun müştəriləri əsasən iş adamları olmuş, lazım olanda müştəri zəng edib xalçalarla maraqlanmış, o, xalçaların şəkillərini telefon vasitəsilə müştəriyə təqdim etmiş, müştəri bəyəndiyi xalçanı sifariş verdikdə o, xalçanı aparıb müştərinin iş yerində şəxsən özünə təqdim etmişdir. Göründüyü kimi, o, aktiv xalça satışı ilə məşğul olduğu dövrdə, yəni iddiaçının mübahisəli sahəyə mülkiyyət hüququnun olmadığı dövrdə belə həmin sahədən istifadə etməmiş və buna ehtiyacı da olmamışdır. Mübahisə edilən dövrdə VÖEN-in mövcudluğuna istinad edən məhkəmə nəzərə almamışdır ki, əgər söhbət onun mübahisəli sahədən qanunsuz istifadəsindən gedirsə, mövcud olan VÖEN və fəaliyyət növünün kodları istifadə faktını təsdiq edə bilməzdi. Belə ki, məhkəmə nəzərə almalı idi ki, VÖEN və fəaliyyət kodu şəxsin müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq etsə də, hələ həmin fəaliyyətin mübahisələndirilən dövrdə faktiki olaraq həyata keçirilməsini, özü də məhz mübahisəli sahədən istifadə etməklə həyata keçirlməsini təsdiq etmir. Digər tərəfdən VÖEN-in ləğvi barədə müraciətdən sonra vergi orqanı tərəfindən dərhal deyil, bir neçə il sonra VÖEN-nin ləğv edilməsi onun iradəsindən, istəyindən deyil, mövcud ləğv etmə qaydalarından irəli gəlmişdir. Onun nümayəndəsi etirazın əsası kimi bu dəlili məhkəmənin nəzərinə çatdırsa da, məhkəmə dəlilinə adekvat münasibət bildirməmişdir. Məhkəmə nümayəndəsinin dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının tələbi əldə edilən gəlirin paya uyğun ondan tələb edilməsi ilə bağlı deyil, ona düşən hissədən istifadə ilə əlaqədar pul tələbi ilə bağlıdır və bu səbəbdən onun dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə onun nümayəndəsinin dəlillərini yanlış qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, guya, o, yalnız mübahisəli sahədən gəlir əldə edilmədiyini əsas gətirməklə iddia tələbinin əsassız olduğunu bildirmişdir. Halbuki, nümayəndəsinin mövqeyi bundan ibarət olmamışdır. Belə ki, nümayəndəsi dəfələrlə bildirmişdir ki, mübahisəli sahədən onun tərəfindən ümumiyyətlə istifadə edilməmişdir. O, bildirmişdir ki, onun VÖEN-ə malik olması və ona fəaliyyət kodunun verilməsi həmin sahədən istifadə edilməklə faktiki sahibkarlıq fəaliyyətinin həyata keçirildiyini sübut etmir. Gəlirin olmaması ilə bağlı nümayəndəsinin söylədiyi dəlillər VÖEN mövcud olsa belə, ümumiyyətlə real sahibkarlıq fəaliyyətinin mövcud olmaması barədə dəlili təsdiq etmək üçün səsləndirilmişdir. Ona görə də məhkəmənin nəzərinə çatdırmışdır ki, müvafiq vergi orqanından əldə edilən vergi bəyannamələri onun həmin dövrdə ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasını təsdiq edən sübut hesab edilə bilər. Sözsüz ki, onun sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin məbləğinin iş üzrə hər hansı əhəmiyyəti yoxdur. Söhbət ondan gedir ki, onun sahibkarlıq fəaliyyətinin olmamasının özü də istifadə ehtimalını kifayət qədər təkzib edən sübutdur. Göründüyü kimi, mövqeyi yalnız “gəlirin olmaması” dəlili ilə məhdudlaşmamış, onun əsas dəlilləri məhz mübahisəli sahədən faktiki istifadə etməməsi ilə bağlı olmuşdur. Sadəcə olaraq məhkəmə onun dəlillərini natamam və təhrif olunmuş şəkildə qiymətləndirməklə işin hallarını düzgün araşdırmamışdır. Məhkəmənin öz qətnaməsini əsaslandırarkən qeyd etdiyi digər dəlil həmin sahədə müxtəlif adda əmlakların yerləşdirilməsi olmuşdur. Bununla bağlı o bildirir ki, həmin sahədə onun mərhum ata-anasından qalmış bir sıra köhnə əşyalar lampa və s. kimi əşyalar mövcud olmuşdur. Hər bir halda həmin sahədə çoxdan qalmış köhnə əşyaların mövcudluğu həmin sahədən istifadə faktını təsdiq edən sübut kimi qəbul oluna bilməzdi. Eyni zamanda onu da diqqətə çatdırır ki, fərdi yaşayış evinin ümumi sahəsinin 159 kv.metrdir. Bu ümumi sahədən iddiaçının payına düşən 6/18 hissə 53 kv.metr təşkil edir. Lakin iddiaçının faktiki istifadə etdiyi sahə - evin üçüncü mərtəbəsinin (texniki pasportla ikinci mərtəbəsinin) ümumi sahəsi 85 kv.metrdir. Əslində iddiaçı 32 kv.metr ölçüdə cavabdehin payına düşən hissədən onun razılığı olmadan faktiki istifadə edir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə istinad etmişdir. Həmin normaya əsasən, paylı mülkiyyət iştirakçısı əvvəlcə ümumi əşyanın öz payına uyğun hissəsinin sahibliyinə və istifadəsinə verilməsini tələb etmək hüququna malikdir və yalnız bu mümkün olmadıqda, onun payına düşən hissədən faktiki istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz tələb edə bilər. Lakin iş materialları açıq şəkildə təsdiq edir ki, iddiaçı tərəfindən nə ona mübahisəli sahədən öz payına uyğun istifadə etmək barədə hər hansı tələb irəli sürülmüş, nə də birgə istifadə qaydasının müəyyən edilməsi və ya payın naturada ayrılması üçün təşəbbüs göstərilmişdir. Bu isə o deməkdir ki, iddiaçı istinad olunan normanın nəzərdə tutduğu zəruri hüquqi şərtə əməl etmədən birbaşa kompensasiya tələbi ilə çıxış etmişdir. Digər tərəfdən, iddiaçının mübahisəli əmlak üzərində paylı mülkiyyət hüququnun 2018-ci ildən yaranmasına baxmayaraq, ötən uzun müddət ərzində — təxminən 8 il ərzində — o, iddia etdiyi onun hüquq pozuntusu ilə bağlı nə etiraz etmiş, nə də hər hansı hüquqi müdafiə vasitəsindən istifadə etmişdir. Əgər o doğrudan da mübahisəli sahəni ticarət obyekti kimi qanunsuz istifadə edirdisə, bu qədər uzun müddət ərzində iddiaçının passiv mövqe tutaraq sonradan kompensasiya tələb etməsi sadəcə normal məntiqi meyarlara uyğun deyildir. İddiaçının mövqeyində olan uyğunsuzluq isə təbii ki, onun iddiasının əsaslandığı halların həqiqətə uyğun olmamasından, əsassız olaraq onun hesabına maddi fayda etmək istəyindən irəli gəlmişdir. Beləliklə də hesab edir ki, Bakı şəhəri, Səbail rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan apellyasiya qaydasında ləğv edilməli, iddia tələblərinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmalıdır.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştiak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi-vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. 17.Məhkəmə kollegiyasının iştiak edən iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili Surxayzadə İlkin Qürbət oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

22.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 23.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 25.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 26.213.1 və 213.2-ci maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 27.215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 28.215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 29.215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 30.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 31.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 33.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

36. Məhkəməyə müraciət edən iddiaçı tələbini ilk növbədə onunla əsaslandırmışdır ki, ünvan 2 3 ünvanında yerləşən fərdi yaşayış evi babasının mülkiyyətində olmuş, onun vəfatından sonra mirasla bağlı məhkəmə mübahisələri nəticəsində evin 12/18 hissəsinə cavabdehin, 6/18 hissəsinə isə atası Kamal Əliyevin vərəsəlik hüququ tanınmış, Kamal Əliyevin vəfatından sonra isə həmin 6/18 hissə qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Hazırda ev tərəflərin paylı mülkiyyətindədir. Cavabdeh ##.##.2018-ci il tarixdən etibarən evin zirzəmisində yerləşən obyektdən sahibkarlıq fəaliyyəti göstərmək və sonradan onu üçüncü şəxslərə icarəyə vermək yolu ilə gəlir əldə etmiş, lakin bu gəliri onunla, əvvəllər də onun atası ilə bölüşdürməmişdir. Hesab etmişdir ki, paylı mülkiyyətdə olan əmlakdan əldə edilən gəlir mülkiyyətçilərin paylarına uyğun bölüşdürülməli olduğundan, cavabdehin ##.##.2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək zirzəmi obyektindən əldə etdiyi gəlirin onun payına uyğun olan 6/18 hissəsinin cavabdehdən tutulmalıdır.

37. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qeyd etmişdir ki, cavabdeh ##.##.2018-ci il tarixdən etibarən 14 kv.m sahəsi olan zirzəmi obyektindən, o cümlədən ona məxsus 6/18 paydan istifadə etməklə gəlir əldə etmişdir. “xxxx” MMC-nin rəyinə əsasən obyektin illər üzrə bazar icarə dəyəri hesablanmış, 2018-ci ilin noyabr ayından 2025-ci ilin mart ayınadək ümumilikdə 33.059 manat məbləğində icarə haqqı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı payına uyğun olaraq həmin məbləğin 6/18 hissəsi olan 11.019,66 manatın cavabdehdən tutulmasını tələb etmişdir.

38. Birinci instansiya məhkəməsi iddianın əsaslı olması barədə qətnamə qəbul edərək qeyd etmişdir ki, iddiaçı paylı mülkiyyətində olan daşınmaz əmlakın cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edilməsi nəticəsində öz payından istifadə edə bilmədiyinə görə kompensasiya tələb etməkdə haqlıdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəflərin paylı mülkiyyətində olan 14 kv.m sahəsi olan qeyri-yaşayış obyektindən faktiki istifadə etmiş, həmin sahədə sahibkarlıq fəaliyyəti həyata keçirmişdir. “xxxx” MMC-nin bazar icarə dəyərinə dair hesabatını mötəbər sübut kimi qəbul edən məhkəmə cavabdehdən iddiaçının xeyrinə 11.019,66 manat tutulmasını əsaslı hesab etmiş, cavabdehin mübahisəli sahədən gəlir əldə edilmədiyi barədə etirazını isə iddia tələbinin əldə edilən gəlirin bölüşdürülməsinə deyil, iddiaçının payından istifadəyə görə kompensasiyanın ödənilməsinə yönəldiyini göstərərək nəzərə almamışdır.

39. Məhkəmə bu nəticəyə gəlmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2ci maddəsinə əsaslanmışdır. Həmin maddənin məzmununa görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

40. Göründüyü kimi məhkəmənin istinad etdiyi normada nəzərdə tutulan əvəz mahiyyət etibarilə bir paylı mülkiyyətçinin digər paylı mülkiyyətçinin hərəkətləri nəticəsində, o cümlədən sonuncunun ümumi əmlakdan öz payından artıq istifadə etməsi səbəbindən, öz payına düşən əmlaka sahiblik və ondan istifadə səlahiyyətlərini həyata keçirə bilməməsi nəticəsində məruz qaldığı əmlak itkilərinin kompensasiyasıdır. Belə hallarda hüquqlarının həyata keçirilməsi məhdudlaşdırılan paylı mülkiyyətçi kompensasiya tələbi irəli sürə bilər. Bu kompensasiya digər paylı mülkiyyətçinin gəlir əldə etməsinin deyil, məhz digər paylı mülkiyyətçinin istifadə imkanının məhdudlaşdırılmasının nəticəsidir.

41. Belə tələbin əsaslı hesab edilməsi üçün məhkəmə tərəfindən tərəflər arasında ümumi paylı mülkiyyət hüquq münasibətinin mövcudluğu, iddiaçının payına uyğun hissənin onun sahibliyinə və istifadəsinə verilməsinin mümkün olmaması, həmin hissədən digər paylı mülkiyyətçinin faktiki istifadə etməsi və bunun nəticəsində iddiaçının öz payına uyğun əmlaka sahiblik və ondan istifadə hüququnu həyata keçirə bilməməsi halları müəyyən edilməlidir. Bu hallar müəyyən edilmədiyi və ya sübuta yetirilmədiyi təqdirdə isə digər paylı mülkiyyətçidən əvəz tutulması üçün hüquqi əsas yaranmır. Göründüyü kimi, bu maddənin tətbiqi üçün digər paylı mülkiyyətçinin ümumilikdə əmlakdan faktiki istifadə olunması kompensasiya tələbinin təmin edilməsi üçün kifayət etmir.

42. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

43. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmənin icraatında olan hər bir mülki iş üzrə ilk növbədə iddiaçının müəyyən tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra isə həmin hüququn pozulub-pozulmaması araşdırılmalıdır. Hazırkı halda da, əvəzin tutulması tələbinin əsaslı sayılması üçün ilkin hüquqi şərt kimi iddiaçının mübahisəli daşınmaz əmlak üzərində ümumi paylı mülkiyyət hüququna malik olması müəyyən edilməlidir.

44. İş materiallarından görünür ki, ünvan 2 3 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər iddiaçının babasının mülkiyyətində olmuşdur. Onun vəfatından sonra mirasla bağlı məhkəmə mübahisələrinin nəticəsində evin 12/18 hissəsinə cavabdehin, 6/18 hissəsinə isə atası Kamal Əliyevin vərəsəlik hüququ tanınmışdır. Kamal Əliyevin ##.##.2024-cü il tarixdə vəfat etməsindən sonra həmin 6/18 hissə qanun üzrə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir.

45. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı mübahisəli daşınmaz əmlak üzərində atasının mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı və adına çıxarış verildiyi ##.##.2018ci il tarixdən etibarən həmin əmlakdan istifadəyə görə hesablanmış icarə haqqının 6/18 hissəsinin əvəz olaraq cavabdehdən tutulmasını tələb edir. Halbuki iş materialları ilə iddiaçının ##.##.2018-ci il tarixdən ##.##.2024-cü il tarixədək, yəni mirasın açıldığı tarixədək, mübahisəli daşınmaz əmlak üzərində ümumi paylı mülkiyyət hüququna malik olduğu müəyyən edilmir. Belə olan halda, iddiaçı paylı mülkiyyətçi olmadığı dövr üçün Mülki Məcəllənin 215.2-ci maddəsinə əsaslanan kompensasiya tələb etmək hüququna malik deyildir.

46. Belə ki, əvəzin tutulmasını tələb etmək hüququ daşınmaz əmlak üzərində ümumi paylı mülkiyyət hüququndan irəli gələn və şəxsə bağlı əmlak hüququ olduğundan, yalnız paylı mülkiyyətçiyə məxsusdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yalnız paylı mülkiyyətçi statusunu əldə etdiyi tarixdən etibarən həmin maddəyə əsaslanan tələb irəli sürə bilər. Bu baxımdan, iddiaçı paylı mülkiyyətçi statusunu əldə etdiyi tarixədək Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən cavabdehdən əvəz tələb etmək hüququna malik deyildir.

47. Buna görə də iddiaçının yalnız ##.##.2024-cü il tarixdən, yəni mirasın açıldığı vaxtdan sonrakı dövrə aid tələblərinin əsaslılığı Mülki Məcəllənin 215.2-ci maddəsinin tətbiqi şərtləri baxımından qiymətləndirilə bilər. Bu məqsədlə, ilk növbədə, iddiaçının ümumi paylı mülkiyyətdə olan əmlakdakı payına uyğun hissədən faktiki istifadə etmək imkanının olubolmaması, cavabdehin həmin hissədən faktiki istifadə edib-etməməsi, habelə bunun nəticəsində iddiaçının öz payına uyğun əmlaka sahiblik və ondan istifadə hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmaması müəyyən edilməlidir.

48. İş materiallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, dalan 3 ünvanında yerləşən ümumi sahəsi 159,40 kv.m olan * nömrəli fərdi yaşayış evinin 6/18 hissəsi paylı mülkiyyət hüququ əsasında iddiaçı İddiaçı məxsusdur. Həmin pay 53,13 kv.m təşkil edir. İş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı hazırda mübahisəli evin ikinci mərtəbəsində faktiki yaşayır və həmin mərtəbədən istifadə etmək üçün ümumi istifadədə olan hissələrdən (korridor, pilləkən və s.) maneəsiz istifadə edir. Bu hallar iddiaçının paylı mülkiyyət hüququnu faktiki həyata keçirdiyini və həmin hüquqdan istifadə imkanına malik olduğunu göstərir.

49. Həmin mərtəbədə, eləcə də üçüncü mərtəbədə yerləşən digər otaqlardan iddiaçının istifadə edə bilməməsi cavabdehin maneçilik törətməsi ilə deyil, həmin otaqların təmirsiz və yaşayış üçün yararsız vəziyyətdə olması ilə əlaqədardır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi videoyazılardan görünür ki, onun həmin sahələrə girişinə hər hansı maneə yaradılmır (qapılar açıqdır), qeyd olunan otaqlar isə təmirsiz vəziyyətdə olmaqla yaşayış üçün yararlı deyildir.

50. Beləliklə də, iddiaçı ümumi paylı mülkiyyətdə olan əmlakdakı payına uyğun hissədən faktiki istifadə etmək imkanına malikdir. Cavabdehin iddiaçının faktiki istifadəsində olan hissədən istifadə etməsinə maneələr törətməsi, habelə onun öz payına uyğun əmlaka sahiblik və ondan istifadə hüququnu məhdudlaşdırması halları da işdə olan sübutlar əsasında müəyyən edilməmişdir.

51. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, tərəflər arasında ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydasını müəyyən edən məhkəmə aktı mövcud deyildir. İddiaçının hər mərtəbədə yerləşən otağın, o cümlədən hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 6/18 hissəsinə sahiblik edə və həmin sahədən istifadə edə bilməməsi, özlüyündə, onun paylı mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılması anlamına gəlmir. Belə ki, Mülki Məcəllənin 215.2-ci maddəsinin tətbiqi iddiaçının ümumi paylı mülkiyyətdə olan əmlakdakı payına uyğun hissədən faktiki istifadə etmək imkanından tam məhrum olmasını tələb edir.

52. Mülki Məcəllənin 215.1-ci maddəsinin məzmununa görə də, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, belə razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyən etdiyi qaydada həyata keçirilir. Bu baxımdan məhkəmə kollegiyası izah edir ki, ümumi əşyanın payına uyğun hissəsinə sahiblik və ondan istifadə qaydasına dair tərəflər arasında razılıq əldə edilmədiyi halda, iddiaçının Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.

53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

54. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icarə haqqının payına uyğun hissəsinin cavabdehdən tutulması” tələbinə dair iddiası rədd edilməlidir. İddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 125,20 manat dövlət rüsumu və 320 manat hüquqi xidmət xərci onun özünə aid edilməlidir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icarə haqqının payına uyğun hissəsinin cavabdehdən tutulması” tələbinə dair iddiası rədd edilsin. Tərəflər tərəfindən çəkilmiş məhkəmə xərcləri onların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar