Məhkəmə qərarları › İş №e-2(3-6)-1817/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1817/2026

23.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1817/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Hüseynov İlham Nəriman oğluna qarşı mülki iş üzrə (Açar sözlər: sahibliyin pozulmasının aradan qaldırılması) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmənova Türkan Kamran qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili Xanəliyev Tahir Məhəmməd oğlunun, cavabdeh Hüseynov İlham Nəriman oğlunun nümayəndəsi nümayəndə1 İlham oğlunun iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Hüseynov İlham Nəriman oğluna qarşı «sahibliyin pozulmasının aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və 04/4879 inventar nömrəli ##.##.2022-ci il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 2 ünvanda (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3, 39) yerləşən 0,074020 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 351,90 m2 olan qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi tam pay şəklində Hüseynov İlham Nəriman oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1122170714 nömrəsi ilə qeydiyyata alınmışdır. Eləcə də, qeyriyaşayış sahəsinə dair onun adına bütün zəruri texniki məlumatlar qeyd edilməklə texniki pasport tərtib edilmişdir.

2. ##.##.2022-ci il tarixli iltizamdan görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən Şadlıq evinin ətrafında, yəni bağ sahəsində qulluq etdiyi hasar içərisində olan torpaq sahəsini mülkiyyətçi Hüseynov İlham Nəriman oğluna qarşılıqlı razılaşma yolu ilə 20.000 manata satdığını bildirmiş, həmin bağda olan giriş qapısı, əl qapısı, əkilmiş ağaclar və digər qiymətə daxil olan əşyalar qalmaq şərti ilə gələcəkdə onun tərəfindən bu razılaşmaya heç bir narazılıq olmayacağını qeyd etmiş, halallıq vermişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Hüseynov İlham Nəriman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan küçəsi, * saylı evin yaxınlığında yerləşən və onun sahiblik və istifadəsində olan torpaq sahəsinə sahiblik hüququnun pozulmasının cavabdeh Hüseynov İlham Nəriman oğluna qadağan edilməsi və həmin torpaq sahəsinə sahiblik hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan küçəsi, * saylı evin ** saylı mənzilində 1986-cı ildən yaşayır. O, yaşadığı binanın yaxınlığında yerləşən və zibilliyə çevrilmiş boş torpaq sahəsini 1990-cı ildə zibillikdən təmizləyərək daşla hasara almış, darvaza və əl qapısı qoymuş, orada ağac əkmiş, yaşıllıq yaratmış və 1 otaqlı yay evi inşa etmişdir. Cavabdeh Hüseynov İlham Nəriman oğlu onun adına olan torpağa dair çıxarışı ## ###### 2025-ci ildə göstərərək onun 1990-cı ildən sahiblik və istifadəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyata əsasən mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinin tərkib hissəsini təşkil etdiyini bildirərək və ona hədə-qorxu gələrək 35 ildir sahiblik və istifadəsində olan torpaq sahəsini ələ keçirərək sahiblənmişdir və onu torpaq sahəsinə buraxmır. Bildirir ki, sahiblik hüququ ilə ona məxsus olan torpaq sahəsi cavabdehə məxsus olan torpaq sahəsinin tərkib hissəsini təşkil etmir və bu torpaqlar qonşudur və ayrı-ayrı ərazilərdə yerləşir. Mövcud vəziyyətdə cavabdeh Bakı şəhəri, Qobustan qəsəbəsində adına torpağa dair çıxarışın olmasından sui-istifadə edərək 35 ildir sahiblik və istifadəsində olan torpaq sahəsini qanuni əsas olmadan ələ keçirmək istəyir, bu məqsədlə onu hədələyir, torpağa sahiblik hüququnu pozur, ona zərər vurur və sahiblik hüququnu pozmağı davam etdirir. Bu səbəbdən cavabdeh tərəfindən hüquqi əsas olmadan özbaşınalıq qaydasında pozulmuş sahiblik hüququ məhkəmə qaydasında müdafiə edilərək 35 ildir sahiblik və istifadəsində olan torpaq sahəsinə sahiblik hüququnun cavabdeh tərəfindən pozulması aradan qaldırılaraq bərpa edilməlidir.

5. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi cavabdehə məxsus qeyri-yaşayış binasının önündə yerləşir. Qeyri-yaşayış sahəsinin həmin torpaq sahəsindən girişi vardır. Həmin ərazi daş hasarla hörülmüş, dəmir darvazası vardır. Darvazanın açarı cavabdehdədir, çünki əraziyə daxil olarkən darvazanın qapısı cavabdeh tərəfindən açarla açılmışdır. Mübahisəli torpaq sahəsi ilə qeyri-yaşayış binası arasında sərhədlər müəyyən edilməmişdir, lakin əvvəllər hasarın mövcud olduğu müşahidə olunur. Ərazinin bir hissəsi torpaq örtüyündən ibarətdir, müxtəlif növ meyvə ağacları əkilmişdir. Qeyri-yaşayış sahəsi hal-hazırda istifadə olunmur, lakin əvvəllər cavabdehin deməsinə əsasən iaşə obyekti kimi istifadə olunmuşdur. Sonradan iaşə obyektinin giriş-çıxışı iddiaçı tərəfindən zəbt edilmişdir. Verilən suala cavab olaraq iddiaçı bildirmişdir ki, qeyd olunan torpaq sahəsi sağdan cavabdehə məxsus qeyriyaşayış sahəsinə doğru ona məxsusdur, həmin meyvə ağacları da onun tərəfindən əkilmişdir. Verilən suala cavab olaraq cavabdeh bildirmişdir ki, həmin yeri açıq hərracda almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin bir hissəsi iddiaçı tərəfindən zəbt olunub. Bundan sonra cavabdeh iddiaçıya 20.000 manat pul verərək oranı almışdır.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yoxdur. Onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüququ yaranmamışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsinə; «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2004-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi 35 ildir sahiblik və istifadəsində olmuşdur. Cavabdehə məxsus torpaq sahəsi ilə mübahisə edilən torpaq sahəsi fərqli sahələrdir. Cavabdehə məxsus torpaq sahəsi ilə mübahisə edilən torpaq sahəsinin eyni və ya fərqli sahələr olmasının müəyən edilməsi xüsusi bilik və texniki imkanlar tələb edən məsələ olduğu üçün bu halın müəyyənləşdirilməsi üçün mütəxəssis rəyinin alınması zəruridir. Mövcud vəziyyətdə müvafiq mütəxəssis rəyi alınmadan cavabdehin mübahisə edilən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olması və onun hazırki iddia tələbini irəli sürməyə hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticəsi işin hallarına uyğun deyildir. Mövcud vəziyyətdə birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfin təqdim etdiyi sübutları qəbul etməkdən və şahidləri dindirməkdən imtina edilmişdir. Eyni zamanda cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Qobustan qəsəbəsində yerləşən əmlaka aid torpaq sahəsinin kordinatlarının müəyyən edilərək həmin torpaq sahəsinin mübahisə edilən torpaq sahəsi ilə eyni sahə olub-olmamasının müəyyən edilməsi üçün mütəxəsis rəyinin alınması barədə tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Məhkəmə torpaq sahəsi ilə bağlı qeyd edilən mütəxəssis rəyini almadan “hazırki iş üzrə cavabdehin mübahisə edilən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir” nəticəsinə gəlmişdir. Bildirir ki, cavabdehə məxsus torpaq sahəsi ilə mübahisə edilən torpaq sahəsi fərqli sahələrdir, xüsusi bilik və texniki imkanlar tələb edən məsələ ilə bağlı məhkəmənn gəldiyi nəticə həqiqətə uyğun deyildir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qatşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Hüseynov İlham Nəriman oğlunun nümayəndəsi nümayəndə1 İlham oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

18.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

19.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinivicdanla həyata keçirməyə borcludurlar. 22.159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 23.163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsiilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 24.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 25.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 26.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 27.165.2-ci maddəsinə əsasən, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

28.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İşin mübahisəsiz hallarına əsasən müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsi tərəflərdən heç bir birinin mülkiyyətində deyil.

31. İddiaçı 1986-cı ildən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan küçəsi, * saylı evin ** saylı mənzilində yaşadığını, 1990-cı ildə yaşadığı binanın yaxınlığındakı boş torpaq sahəsini zibillikdən təmizləyərək həmin sahədə bir otaqlı ev inşa etdiyini, cavabdehin isə onun 35 il sahiblik və istifadəsində olan həmin torpaq sahəsinə qanunsuz müdaxilə etdiyini və hədə-qorxu tətbiq etməklə torpaq sahəsini ələ keçirdiyini bildirərək, pozulmuş sahiblik hüququnun bərpa olunmasını xahiş etmişdir.

32. Cavabdeh isə iddiaçının göstərdiklərinin əksinə olaraq, iddiaçıya 20.000 manat pul verdiyini, həmin vəsait müqabilində mübahisəli torpaq sahəsinə sahibliyi əldə etdiyini və torpaq sahəsindən istifadə etməsinin iddiaçının razılığı ilə təmin olunduğunu bildirmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin üzərindəki sahibliyinin qorunması, bu sahənin onun sahibliyinə geri qaytarılması üçün iddia qaldırmışdır. Bu tələbi irəli sürən iddiaçı əşya üzərində qanuna və ya müqaviləyə əsasən hüquqa malik olduğunu sübuta yetirməyə borclu deyildir.

34. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2025-ci il tarixli qərarında sahiblik iddialarının hüquqi mahiyyəti, tətbiq şərtləri və belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən yoxlanılmalı olan halların ardıcıllığı izah edilmiş, bu kateqoriya işlər üzrə vahid məhkəmə təcrübəsi formalaşdırılmışdır.

35. Həmin qərarda qeyd edilmişdir ki, sahibliyin müdafiəsi məqsədilə qaldırılan iddialar qanunvericiliyimizdə hüquq haqqında mübahisə kimi yox, özbaşınalığın qarşısının alınmasını təmin edən tələblər kimi nəzərdə tutulmuşdur. MM-in 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Sahiblik iddialarının təyinatı özbaşınalığın qarşısını almaq olduğu üçün belə tələblərə baxılarkən hüquq haqqında mübahisəli halların, o cümlədən əşyaya sahiblik hüququ verən əsasların sübut edilməsinə, yaxud cavabdehin əşyaya daha üstün bir hüquqa malik olması barədə etirazların dinlənilməsinə və bu dəlillərin araşdırılmasına gərək yoxdur. Çünki, əşya üzərindəki mülki hüquqlar sahiblik iddiasının predmeti xaricində qalmaqla mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Yəni, sahiblik iddiasını həll etmiş məhkəmə aktı mübahisənin obyekti üzərində tərəflərdən hansısa hüququnu tanımış və ya təkzib etmiş olmur. Bu qərar yalnız özbaşınalıqla pozulmuş sahiblik vəziyyətini bərpa edir, onu ilkin vəziyyətə qaytarır.

36. Kollegiya bildirir ki, işin müəyyən olunmuş faktiki hallarından asılı olaraq iddiaya MM-in 164.2-ci və 165.1-ci maddələri əsasında baxılmalıdır. Ona görə də hazırkı halda iddianın əsaslılığı aşağıdakı şərtlərin mövcudluğu baxımından müəyyən edilməlidir: - İddiaçı əvvəlki və ya mövcud sahib olmalıdır. Əvvəlki sahib dedikdə, əşya üzərindəki faktiki hakimiyyətdən tamamilə məhrum edilmiş, mövcud sahib dedikdə isə sahibliyini itirməsə də, əşyadan istifadəsinə maneçilik törədilən şəxs nəzərdə tutulur. - İddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməlidir. Özbaşınalıq əməli, sahibin iradəsi xaricində, qanunvericiliyə zidd şəkildə, insan tərəfindən edilən bir davranışdır. Başqa sözlə, sahiblikdən məhrum olmaq və ya sahibliyin pozulması sahibin iradəsi daxilində, qanuna uyğun şəkildə, yaxud bir təbiət hadisəsi və ya heyvanın gücü nəticəsinə baş verdikdə özbaşınalıqdan söhbət gedə bilməz. - Cavabdehin hazırkı sahibliyi və ya təcavüzü qanunsuz olmalıdır. Əgər cavabdehin əşya üzərindəki sahibliyi qazanması və ya ona müdaxiləsi keçərli bir hüquqi əsasa söykənmirsə, özbaşınalıq onun tərəfindən edilmişsə, qanunsuz sayılır. Keçərli hüquqi əsaslara zəruri müdafiə (MM,m.563), son zərurət (MM,m.564), özünəyardım (MM,m.564), qanuni səlahiyyətin həyata keçirilməsi və digər bu kimi halları misal göstərmək olar. - Sahiblik iddiasının təmin edilməsini istisna edən hallar olmamalıdır. Bu şərt MM-in 164.2-ci və 165.1-ci maddələrinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydaları özündə ehtiva edir. Belə ki, sahibliyinin pozulmasına istinad edən iddiaçının özü cavabdehə münasibətdə qüsurlu sahibdirsə və ya iddiaçıya qarşı pozuntunun üzərindən bir ildən artıq müddət ötmüşsə, sahibliyin müdafiəsinə dair iddianın təmin edilməsi istisna olunur.

37. Hazırkı mülki işə əlavə edilmiş ##.##.2022-ci il tarixli iltizamdan və videoyazılardan müəyyən edilir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə sahibliyindən cavabdehin xeyrinə könüllü imtina etmişdir. Həmin davranışın onun sərbəst iradəsinə zidd olması, bu zaman zorakılığa və ya hədələməyə məruz qalması, yaxud cavabdehin onun ağır vəziyyətindən istifadə etməsi iş materialları ilə təsdiq edilmir. Halbuki, həmin halların mövcudluğunu sübut etmək vəzifəsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu xüsusatları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirməmişdir.

38. Belə ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan sübutların məcmusu isə iddiaçının dəlillərinin ehtimallara əsaslandığını, mötəbər sübutlarla təsdiqlənmədiyini göstətir.

39. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

40. İşdə olan sübutların məcmusuna əsasən isə müəyyən edilir ki, iddiaçı mübahisəli torpaq sahəsinin sahibi olmuş, müəyyən məbləğ müqabilində həmin sahə üzərindəki sahibliyini öz iradəsi ilə cavabdehə təhvil vermişdir. İş materialları ilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əşya üzərindəki faktiki hakimiyyətindən məhrum edilməsi, yaxud cavabdehin özbaşına hərəkətlər etməklə həmin əşya üzərində faktiki hakimiyyət əldə etməsi təsdiq olunmur. Bu səbəbdən iddia tələbləri qanunvericiliyin tələblərinə və etibarlı hüquqi əsasa söykənmir.

41. Göstərilən hallar iddiaçının cavabdehə qarşı irəli sürdüyü sahibliyin müdafiəsinə dair iddia tələbinin əsaslı olmadığını göstərir. Belə ki, həmin iddianın təmin edilməsini mümkün edən hüquqi və faktiki əsaslar iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 165.2-ci maddəsində nəzərdə tutulan bir illik müddətin tətbiqinə zərurət yoxdur. Belə ki, iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olduğundan, bu məsələ hüquqi əhəmiyyət kəsb etmir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

43. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

44. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar