Məhkəmə qərarları › İş №e-2(3-6)-1840/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1840/2026

24.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1840/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər “xxxx” MTK-ya, cavabdeh3 MMC və “Güvənli Servis Management” MMC-yə qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün sənədlərin təhvil verilməsi, liftə qoyulmuş maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, oğlunun katibliyi, cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər “xxxx” MTK, cavabdeh3 MMC və cavabdeh1 MMC-yə qarşı “sənədlərin təhvil verilməsi, qanunsuz hərəkətlərin qadağan edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. “xxxx” MTK (Icraçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış “müqavilə üzrə hüquq və öhdəliklərinin keçirilməsi haqqında” ##.##.2020-ci il tarixli sazişə əsasən Icraçı ilə Əvvəlki Sifarişçi arasında bağlanmış (Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə, blok 8, mərtəbə 15 də yerləşən 144.50 m2 ümumi sahəsi olan ** saylı mənzilə dair) ##.##.2014-cü il tarixli, GH- A */****** nömrəli müqavilə üzrə “Əvvəlki Sifarişçi”nin sahib olduğu bütün hüquq və öhdəlikləri bu saziş hüquqi qüvvəyə mindiyi andan “Sifarişçi”-yə keçir. Bu saziş hüquqi qüvvəyə minəndən sonra “Əvvəlki Sifarişçi”nin müqavilə üzrə bütün hüquq və öhdəliklərinə birdəfəlik məhkəmədən kənar qaydada xitam verilir.

2. ##.##.2014-cü il tarixli, GH-A */****** nömrəli müqavilənin 11.3-cü bəndinə görə mənzilə mülkiyyət hüququna dair Daşınmaz Əmlaka Dövlət Reyestrindən çıxarış alınması üçün, Icraçı tərəfindən verilməsi qanunla məcburi olan sənədlər (müqavilə qiymətinin tam ödənişi halında) Sifarişçiyə müvafiq qeydiyyat əsasında təqdim edilir.

3. ##.##.2020-ci il tarixli maliyyə arayışına əsasən “xxxx” MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Tbilisi propekti 1054-cü məhəllə ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 8-ci blok, 15-ci mərtəbəsində ümumi sahəsi 144,5 kv.m., istifadə üçün yararlı sahəsi 128,07 kv.m. olan 3 otaqlı, ** saylı mənzil İddiaçı məxsusdur və onun “xxxx” MTK-ya borcu yoxdur.

4. Vergilər Nazirliyi Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışlarından müəyyən olunur ki, cavabdeh1 MMC-nin əvvəlki adı “xxxx” MTK və “xxxx” MTK, “X9” MTK olmuşdur.

5. İddiaçı cavabdeh3 MMC-yə (“xxxx” MTK-ya) ünvanladığı ##.##.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, ##.##.2014-cü il tarixli, GH-A */****** nömrəli alqı-satqı müqaviləsinə və ##.##.2020-ci il tarixli “Müqavilə üzrə hüquq və öhdəliklərin keçirilməsi haqqında” sazişə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi propekti 1054, Blok 8, ** saylı mənzili əldə etmiş və ## ### 2020-ci il tarixli, GH-MA-******-** saylı “maliyyə arayışı”na əsasən, sözügedən mənzil üzrə “xxxx” MTK-ya hər hansı borcunun olmadığı müəyyən edilmişdir. Daha sonra, sözügedən mənzilə dair çıxarış əldə edilməsi üçün “xxxx” MTK-nın səlahiyyətli nümayəndələrinə şifahi şəkildə müraciət edərək, Mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarının və mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktının (və ya istismara icazə sənədi) aidiyyəti orqana təqdim edilməsi üçün ona təqdim edilməsini xahiş etməyinə baxmayaraq, həmin sənədlərin ona verilməsindən imtina edilmişdir. Hazırda isə, sözügedən sənədlərin əldə edilməsi ilə əlaqədar onlara rəsmi müraciət edilməsi zərurəti yaranmışdır. Odur ki, yuxarıda qeyd olunanlara və qanunvericiliyin müvafiq normalarının tələblərinə əsasən, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi propekti 1054, Blok 8, ** saylı mənzilə dair “xxxx” Mənziltikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarının və mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktının (və ya istismara icazə sənədi) aidiyyəti orqana təqdim edilməsi üçün ona təqdim edilməsini onlardan xahiş etmişdir.

6. ##.##.2026-cı il tarixli müştəri hesab cədvəlində İddiaçı ##.##.2026-cı il tarixə 1.699,7 manat kommunal borcunun olduğu göstərilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdehlər “xxxx” MTK-ya, cavabdeh3 MMC-yə və cavabdeh1 MMC-yə qarşı “sənədlərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi propekti 1054, blok 8, ** saylı mənzilin dövlət qeydiyyatına alınması üçün cavabdeh “xxxx” MTK üzvlərinin ümumi yığıncağının qərarının və mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktının (və ya istismara icazə sənədi), protokoldan çıxarışın və digər sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və qanunsuz hərəkətlərin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, həmçinin iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mənzilə dair çıxarış əldə edilməsi üçün cavabdeh “xxxx” MTK-nın səlahiyyətli nümayəndələrinə yazılı və şifahi qaydada müraciət edərək, Mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarının və mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktının (və ya istismara icazə sənədi) aidiyyəti orqana təqdim edilməsi üçün ona təqdim edilməsini xahiş etməyinə baxmayaraq, həmin sənədlərin ona verilməsindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin bu hərəkətsizliyi nəticəsində o, uzun müddətdir ki, mənzilə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bilmir ki, bu da onun mülkiyyət hüququnun sərbəst həyata keçirilməsinə ciddi maneələr yaradır və hüquqlarının pozulması ilə nəticələnir. Bundan əlavə, bildirmişdir ki, sözügedən mənzil binanın 8-ci blokunda yerləşir və həmin blokda “resepşn” xidməti fəaliyyət göstərir. Həmin xidmətin əməkdaşları tərəfindən guya onun cavabdeh qarşısında borcu olması səbəbindən qonaqların binaya daxil olmasına qanusuz şəkildə maneəçilik yaradılır və zaman-zaman onun və ailə üzvlərinin liftdən istifadəsinə də qadağa qoyulur. Bu hal onun yaşayış sahəsindən normal və təhlükəsiz istifadə hüququnu məhdudlaşdırmaqla yanaşı, gündəlik həyat şəraitinə ciddi çətinliklər yaratmışdır. Qeyd olunan hallar cavabdeh “xxxx” MTK-nın qanunvericiliyin tələblərinə zidd davranaraq, onun mülkiyyət və istifadə hüquqlarını pozduğunu açıq şəkildə göstərir. Odur ki, sözügedən mənzilə çıxarışın əldə edilməsi üçün sənədlərin cavabdeh cəmiyyət tərəfindən təqdim edilməsi və qanunsuz hərəkətlərin qadağan olunması üçün məhkəməyə müraciət edilməsi zərurəti vardır.

9. Cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, onların iddia tələbi üzrə cavabdeh olaraq subyektiv hüquqları yoxdur. Belə ki, “xxxx” MTK (indiki cavabdeh1 MMC) ilə X1 (əvvəlki sifarişçi) və İddiaçı (sifarişçi) arasında ##.##.2020-ci il tarixli Saziş imzalanmış və “xxxx” MTK-nın Vöen-i ********** təşkil etmişdir. “xxxx” MTK-nın daha sonrakı rəsmi adları “xxxx” MTK, “X8” MTK olaraq dəyişdirilmişdir. Hal-hazırda əvvəlki “xxxx” MTK cavabdeh1 MMC olaraq fəaliyyət göstərir və VÖEN **********-dir. Amma iddia tələbində cavabdehlər olaraq cavabdeh2 MMC (VÖEN **********) və cavabdeh3 MMC (VÖEN **********) göstərilmişdir ki, həmin hüquqi şəxslər ilə iddiaçı İddiaçı arasında heç bir saziş və müqavilə imzalanmamış və müqavilə öhdəlikləri yaranmamışdır. Müvafiq iş üzrə cavabdeh iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt olub-olmadığı qeyri-müəyyəndir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmədən, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC (VÖEN **********) və cavabdeh3 MMC-ə (VÖEN **********) qarşı üzvlərinin ümumi yığıncağının qərarının və mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktının (və ya istismara icazə sənədi), protokoldan çıxarışın və digər sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və qanunsuz hərəkətlərin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, həmçinin iddia ərizəsinin verilməsi üçün tərəfimdən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi tələbini əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

10. Daha sonra iddiaçı ##.##.2026-cı il tarixində son olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəməyə təqdim edərək, cavabdehə və üçüncü şəxslərə liftdən istifadəyə qoyulmuş qanunsuz qadağanın ləğv edilməsi, həmçinin ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi propekti 1054, blok 8, ** saylı mənzilin dövlət qeydiyyatına alınması üçün cavabdeh “xxxx” MTK üzvlərinin ümumi yığıncağının qərarının və mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktının (və ya istismara icazə sənədi), protokoldan çıxarışın və digər sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 5.000 manat məbləğində maddi zərərin, 1.900 manat məbləğində isə mənəvi zərərin tutulması və iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak etmiş cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının 1.699 manat kommunal borcu vardır, bununla bağlı olan arayışı isə elektron sistemə yerləşdirmişlər. Borc ödənildiyi təqdirdə iddiaçının tələb etdiyi bütün sənədləri ona təqdim edə bilərlər. Aralarında razılıq olmamışdır.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh1 MMC-yə iddiaçı İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi propekti 1054, Blok 8, ünvanında yerləşən liftdən istifadəyə qoyulmuş qadağanın ləğv edilməsi və liftdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı və mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktı (və ya istismara icazə sənədi), protokoldan çıxarış və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi propekti 1054, Blok 8, ** saylı mənzilə çıxarışın verilməsinə əsas olan digər sənədlərin iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdeh cavabdeh1 MMC-nin üzərinə qoyulması, ödəninilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun cavabdeh “X9” MMCdən tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, mübahisədə adı keçən yaşayış binası çoxmənzilli binadır və iddiaçı həmin binada yerləşən mənzilin mülkiyyətçisidir. Belə olan halda, qanunvericiliyin tələbinə görə həmin şəxs mənzilindən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlərə ümumi paylı mülkiyyət hüququna malikdir.

14. Mülkiyyət hüququna məhdudiyyət ya qanunda, ya da müqavilədə nəzərdə tutulmalıdır. Bunlardan hər hansı birinin olmaması istənilən digər əsaslarla mülkiyyət hüququna müdaxiləni istisna edir. Çünki mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması konstitusion hüquqdur. Baxılan işdə belə bir qanuni əsas nə Mülki, nə Mənzil Məcəllələrində, nə də digər qanunlarda nəzərdə tutulmayıb.

15. Həmçinin müəyyən edilib ki, iddiaçı ümumi paylı mülkiyyətində olan liftdən istifadəsinə hər hansı əsasla, o cümlədən xidmət haqqının ödənilməməsinə görə məhdudiyyət tətbiq edilməsi onunla cavabdeh MMC arasında müqavilə ilə şərtləşdirilməyib. Belə ki, iddiaçı ilə cavabdeh MMC-nin xidmət müqaviləsi bağlaması, ümumiyyətlə, müəyyən edilməyib. Başqa sözlə, müdaxilənin müqavilə əsası da istisna edilib.

16. Baxılan işdən görünür ki, binanın tikintisi başa çatmış, lakin sahə mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) yaradılmamışdır. Belə olan halda, hazırda mübahisəli çoxmənzilli binaların idarəetmə orqanı sahə mülkiyyətçilərinin ümumi yığıncağı hesab olunur və iş materiallarında liftdən istifadə və ona məhdudiyyətin tətbiq edilməsi qaydaları ilə bağlı bina sakinlərinin ümumi yığıncağının qərarı da yoxdur.

17. Belə olan halda, cavabdeh cavabdeh1 MMC-nin iddiaçının liftdən istifadə qaydalarına, xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onun mülkiyyət hüququna müdaxilədir və iddiaçının bu müdaxilədən Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən müdafiə hüququ vardır. Belə ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Bu baxımdan, yuxarıda şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh “X9” MMC-yə iddiaçı İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi propekti 1054, Blok 8, ünvanında yerləşən liftdən istifadəyə qoyulmuş qadağa ləğv edilməli və liftdən istifadəyə yaradılmış maneələr aradan qaldırılmalıdır.

19. Məhkəmə iddia tələbinin “ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi propekti 1054, blok 8, ** saylı mənzilin dövlət qeydiyyatına alınması üçün cavabdeh “xxxx” MTK üzvlərinin ümumi yığıncağının qərarının və mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktının (və ya istismara icazə sənədi), protokoldan çıxarışın və digər sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.

20. Müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilsə də, cavabdeh “xxxx” MTK (indiki “X9” MMC) tərəfindən lazımı sənədlər verilmədiyi üçün iddiaçı mənzilini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə bilmir. Iddiaçı cavabdeh “xxxx” MTK ilə aralarında bağlanmış müqavilə əsasında aldığı mənzilin dəyərini cavabdehə tam ödədiyindən, həmçinin müqavilə üzrə icra edilməmiş öhdəliklər qalmadığından, hazırda iddiaçıya sözügedən mənzilin daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyatdan keçirmək üçün müvafiq sənədlər lazım olduğundan, həm də belə sənədlərin verilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının bu tələbi haqlı tələbdir.

21. Buna görə də, iddia tələbi həmin hissədə də təmin edilməli, cavabdeh “xxxx” MTKnın üzvlərinin ümumi yığıncağının qərarı və mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktı (və ya istismara icazə sənədi), protokoldan çıxarış və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi propekti 1054, Blok 8, ** saylı mənzilə çıxarışın verilməsinə əsas olan digər sənədlərin iddiaçı İddiaçı verilməsi öhdəliyi cavabdeh “X9” MMCnin üzərinə qoyulmalıdır.

22. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər qismində cavabdeh2 MMC və cavabdeh3 MMC və “X9” MMC qeyd etsə də, Vergilər Nazirliyi Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışlarından “X9” MMC-nin əvvəlki adının “xxxx” MTK və «xxxx» MTK olduğu müəyyən olunduğundan və iddiaçı ilə “xxxx” MTK arasında mənzilin tikilib təhvil verilməsi ilə bağlı podrat müqaviləsi bağlandığından, iddia (təmin olunan hissədə) cavabdeh “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə dair hissədə əsaslı olduğundan təmin olunmalı, digər cavabdehlərə dair hissədə rədd olunmalıdır.

23. Məhkəmə iddia tələbinin “5.000 manat məbləğində maddi zərərin, 1.900 manat məbləğində isə mənəvi zərərin tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tələblərinin təsdiqi üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

24. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Belə olan halda iddia tələbi həmin hissədə təmin edilməməlidir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6, 152.1, 152.5, 157.8, 227.1, 324.1, 324.5, 385.1, 385.2, 752.1, 752.2-ci, Mənzil Məcələsinin 2.1, 10.0.2, 12.2, 35.1, 43.1, 44.1, 44.4, 44.6, 45.1, 45.3, 46, 109.5, 135.1, 135.2.3, 135.2.4, 136.2, 136.3, 136.4, 137.4, 137.7, 137.9, 142.1, 142.2-ci maddələrinə, “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli ** nömrəli Qərarının 3cü bəndinin “b” yarımbəndinə, Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il # ####### tarixli *** saylı sərəncamı barədə” # #### 2000-ci il tarixli Qərarına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8, 8.0.6-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

27. Cavabdeh cavabdeh1 MMC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2020-ci il tarixdə bağlanmış müqavilənin 2.1.4-cü bəndinə əsasən, mənzilə quraşdıralacaq bütün sayğaclara görə əlavə ödəniş tələb ediləcək. Iddiaçı həmin müqavilə üzrə “icraçının hüquqları” bəndi ilə tanış olaraq öz iradəsi ilə müqaviləni imzalamışdır. Lakin bugünədək iddiaçı tərəfindən onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi propekti 1054, Blok 8 ünvanındakı mənzilə quraşdırılmış sayğacların dəyəri ödənilməmişdir. Həmin sayğacların ümumi dəyəri 800 manat və sığorta haqqı olaraq 50 manat, cəmi 850 manat olmaqla borcu qalmışdır. Məhkəmə qətnaməsində göstərilmişdir ki, iddiaçının müqavilə üzrə icra edilməmiş öhdəliklər qalmadığından iddiaçının tələbi haqlı tələbdir. Halbuki, ##.##.2020-ci il tarixdə bağlanmış müqavilə İddiaçı tərəfindən tam formada icra edilməmişdir. Həmçinin, cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili tərəfindən əvvəlki məhkəmə iclasında izahatında tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli müqavilənin 2.1.4-cü bəndi üzrə öhdəliyin yerinə yetirilməməsi, yəni mənzilə quraşdıralan bütün sayğacların dəyərinin ödənilməməsi dəfələrlə deyilsə də, bu hal məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Məhkəmə qətnaməsində iddiaçının 1.699 manat kommunal borcunun olduğunu və onunla bağlı arayışın təqdim edildiyini göstərsə də, iddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklərin yerinə yetirilməsi qənaətinə gəlmiş və iddia tələbini bu hissədə də əsassız olaraq təmin etmişdir. AZEMIS elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilən ##.##.2026-cı il tarixli arayışdan görünür ki, iddiaçının 1.699 manat kommunal borcu vardır. Həmçinin, iddiaçının yaşadığı mənzilə quraşdırılan sayğacların dəyəri olaraq 800 manat və sığorta haqqı 50 manat olmaqla, 850 manat borcu vardır. Məhkəmə cavabdehin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, yalnız cavabdehin heç nə ilə təsdiq edilməyən izahatlarını əsas götürmüşdür. Cavabdeh “X9” MMC-nin nümayəndəsi və vəkili tərəfindən ##.##.2026-cı il tarixdə AZEMIS elektron kabinet vasitəsilə ərizə məhkəməyə təqdim edilərək, məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak etməyəcəyini və məhkəmə iclasının qısa vaxta təxirə salınması xahiş edilsə də, məhkəmə tərəfindən nəzərə alınmayaraq qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının mənzildən istifadə nəticəsində həm kommunal borcu, həm də mənzilə quraşdırılan sayğaclar üzrə borcu yarandığından cavabdeh protokoldan çıxarışın təqdim edilməsində tərəddüdlü qalıb. Aralarında iş məhkəmənin icraatında olan vaxt razılıq əldə olunmuşdur ki, ödəniş edilsin, iddiaçı əvvəlcə dedi ki, ödəyəcək, sonra bir az vaxt istədi. Sonra yenə də razılığa gəlinmədi. Iddia tələbində də maddi və mənəvi ziyan tələbləri qoymuşdur ki, guya evi satmaq istəyir, sata bilmir, evin dəyəri qalxır, onun üçün də maddi ziyan istəyir, amma digər tərəfdən də düşünmür ki, kommunal borcu, sayğacın pulunu ödəmir, cavabdehə ziyan vurur. Iddiaçıya qarşı kommunal borcuna görə iddia qaldırıb həmin məbləğ tələb olunacaqdır. Iddiaçı mənzilini satıb getmək istəyir, fikirləşmir ki, gələcək sakinə problem yaranacaq, borc qalacaq. Liftlə bağlı olan maneə artıq aradan qaldırılmışdır.

31. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 109-4.1.3. Kooperativin üzvlərinin kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüquqları vardır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

33. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırki işdə iddia qismən təmin olunduğundan, cavabdeh cavabdeh1 MMC apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Işdən müəyyən olunur ki, iddiaçı ilə “xxxx” MTK (hazırda cavabdeh1 MMC) arasında bağlanmış ##.##.2020-ci il tarixli “müqavilə üzrə hüquq və öhdəliklərinin keçirilməsi haqqında” sazişə əsasən (Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə, blok 8, mərtəbə 15 də yerləşən 144.50 m2 ümumi sahəsi olan ** saylı mənzilə dair) ##.##.2014-cü il tarixli, GH-A */****** nömrəli müqavilə üzrə “Əvvəlki Sifarişçi”nin sahib olduğu bütün hüquq və öhdəlikləri bu saziş hüquqi qüvvəyə mindiyi andan iddiaçıya keçmişdir. “xxxx” MTK tərəfindən mənzilin dəyərinin (pay haqqının) tam ödənilməsi barədə iddiaçıya maliyyə arayışı təqdim edilmiş və MTK-nın möhürü ilə təsdiq edilmişdir.

40. Mülki və mənzil qanunvericiliyinin yuxarıda istinad olunan tələblərindən göründüyü kimi, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Kooperativin üzvlərinin kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüquqları vardır. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Qeyd olunan qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

41. O da qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya məxsus mənzilin üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı üçün həmin mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı zəruridir.

42. Həmçinin, ##.##.2014-cü il tarixli, GH-A */****** nömrəli müqavilənin 11.3-cü bəndində göstərilmişdir ki, mənzilə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün icraçı tərəfindən verilməsi qanunla məcburi olan sənədlər (müqavilə qiymətinin tam ödənişi halında) sifarişçiyə müvafiq qeydiyyat əsasında təqdim edilir.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri sənədləri cavabdehdən tələb etməkdə haqlıdır.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının kommunal xidmətlərə görə və ya hər hansı sayğaca görə borcunun yaranması ona sözügedən sənədlərin verilməsindən imtina edilməsi üçün əsas kimi qanunvericilikdə nəzərdə tutulmamışdır.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən sayından asılı olmayaraq liftlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

46. Hazırki iş üzrə liftdən cavabdeh tərəfindən sahə mülkiyyətçilərinin iradəsinə zidd olaraq liftdən istifadəyə hər hansı məhdudiyyətin qoyulması sahə mülkiyyətçilərinin qanunla qorunan mülkiyyət hüquqlarını pozur.

47. Kollegiya onu da qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsində 3 hazırlıq iclası və 1 məhkəmə baxışı iclası keçirilmişdir. Cavabdehin nümayəndəsi həmin iclaslardan yalnız ilk hazırlıq iclasında iştirak etmişdir. Nümayəndə məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli ərizəsində üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu ərizəyə əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

49. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar