Məhkəmə qərarları › İş №e-2(3-6)-1856/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1856/2026

22.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1856/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İmanova Svetlana Şirxan qızının cavabdeh İmanov Həsən Sərdar oğluna; Qarşılıqlı iddiaçı İmanov Həsən Sərdar oğlunun cavabdeh İmanova Svetlana Şirxan qızına qarşı işi üzrə Açar sözlər: (“əmlakın naturada bölünməsi və açıq hərracdan satılması, əldə edilmiş pul vəsaitinin paylara uyğun bölünməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi İmanova Fatma Səttar qızının iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İmanova Svetlana Şirxan qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İlkin iddia üzrə iddiaçı İmanova Svetlana Şirxan qızı (##.##.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə) təqdim edərək, cavabdehlə birlikdə paylı mülkiyyətdə olan, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 Ada yerləşən ** saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23dəyerləşən ** saylı mənzilə olan ½ hissədə paylarının naturada ayrılması və ödənilmiş dövlət rüsumunun öz xeyrinə cavabdehdən tutulması, əlavə olaraq müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 (on) manat, müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə qərardaddan şikayət verilməsi ilə bağlı 50 (əlli) manat, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilməsi ilə bağlı 10 (on) manat və müvəqqəti təminat tədbirlərinin görülməsinə dair, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilməsi ilə bağlı Apellyasiya şikayəti 50 (əlli) manat miqdarında ödənilmiş dövlət rüsumlarının məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*(***)-****/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14A-da yerləşən ** saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən ** saylı mənzilə iddiaçı İmanova Svetlana Şirxan qızının və cavabdeh İmanov Həsən Sərdar oğlunun, hər birinin ½ hissədə olmaqla hər iki mənzil üzrə bərabər payları müəyyən olunmuşdur. Cavabdehlə arasında olan nikah münasibətlərinə ##.##.2023-cü il tarixli e- *(***)-****/**** saylı məhkəmə qətnaməsi ilə xitam verilmiş, aralarında olan nikah və birgə təsərrüfatçılıq münasibətləri əslində uzun illər öncədən dayanmışdır. Bu illər ərzində qeyd edilən mənzillər üzərində mülkiyyət və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olaraq qarşılıqlı razılığa gəlmək mümkün olmamışdır. Mənzillərdən istifadə ilə bağlı aralarında davamlı olaraq mübahisələr və ziddiyyətlər baş verir. Bu hal isə iddiaçının konstitusion hüququ olan mülkiyyətdən istifadə hüququnu realizə etməsini çətinləşdirir.

2. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı İmanov Həsən Sərdar oğlu cavabdeh İmanova Svetlana Şirxan qızına qarşı “mənzillərin naturada ayrılması, açıq hərracda satılması və əldə edilmiş məbləği bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməklə, iddiaçı İmanov Həsən Sərdar oğlunun müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən ** saylı mənzildəki və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən ** saylı mənzilindəki 1/2 hissədəki paylarının cavabdeh İmanova Svetlana Şirxan qızının həmin mənzillərdəki paylarından naturada ayrılması, ümumi əmlakdan (mənzillərdən) payın ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən ** saylı mənzil və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23də yerləşən ** saylı mənzil açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti mənzillərin paylı mülkiyyətçiləri İmanov Həsən Sərdar oğlunun və İmanova Svetlana Şirxan qızının arasında onların həmin mənzillərə olan paylarına mütənasib surətdə, yəni bərabər hissələrdə bölünməsinə və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh İmanova Svetlana Şirxan qızından alınaraq iddiaçı imanov Həsən Sərdar oğluna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən ** saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən ** saylı mənzilə İmanova Svetlana Şirxan qızının və İmanov Həsən Sərdar oğlunun 1/4 hissədə payları müəyyən olunmuşdur. Sözügedən qətnamə qanuni qüvvəsini almış və ##.##.2023-cü il tarixdə qətnamə icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. Paylı mülkiyyətin digər mülkiyyətçisi İmanova Svetlana Şirxan qızı ilə ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişdirlər. Bu səbəbdən paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququndan istifadə edirlər. Məhkəmənin nəzərinə çatdırır ki, əgər sözügedən əşyaya (evə) payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, onlar digər paylı mülkiyyətçilərlə onların paylarına uyğun olaraq müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılması ilə razılaşa bilərlər, yuxarıda sadalanan hallar mümkün olmadıqda, yəni ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, qanunvericiliyin tələblərinə əsasən əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə qərar qəbul edə bilər. Qanunvericiliyin bu tələbindən irəli gələrək, İmanova Svetlana Şirxan qızına yazılı bildiriş göndərmiş və bildirişində göstərmişdir ki, sözügedən müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 Ada yerləşən ** saylı mənzilin 1/2 hissəsinin mülkiyyətçisi kimi həmin payı üçüncü şəxsə 45000 manata və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən ** saylı mənzilin hissəsinin mülkiyyətçisi kimi həmin payı üçüncü şəxsə 80000 manata nağd və üçüncü şəxslərin yüklülüyündən azad şəkildə və satıldıqdan sonra 10 gün müddətində mənzillərin ona məxsus hissəsini boşaltmağı öhdəsinə götürərək satmaq niyyətindədir. Həmin pay qanunvericiliyin tələbinə görə satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda paylı mülkiyyətin qalan mülkiyyətçisi kimi üstünlük hüququna malik olduğuna görə əldə etməsi üçün ona təklif olunub və yazılı bildirişdə Mülki Məcəllənin 218.2-ci maddəsinin tələbləri S.İmanovaya izah olunub. Eyni zamanda qeyd edir ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu səbəbdən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın acıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

3. Birinci instansiya Məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İmanov Həsən Sərdar oğlu ilə cavabdeh İmanova Svetlana Şirxan qızı arasında ## #### 1983-cü il tarixdə Füzuli rayonu Horadiz qəsəbə XD sovetliyi tərəfindən bağlanmış və ** №-li akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən ** saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23də yerləşən ** saylı mənzilə İmanova Svetlana Şirxan qızının və İmanov Həsən Sərdar oğlunun ½ hissədə paylarının müəyyən olunması qət edilmişdir; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra ##.##.2023-cü il tarixdə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir; - İmanov Həsən Sərdar oğlu tərəfindən İmanova Svetlana Şirxan qızına ünvanlanmış payın qiymətinə dair ##.##.2023-cü il tarixli bildirişin surətindən görünür ki, H.İmanov mənzillərdə özünə məxsus payını almasını 45000 manat və 80000 manata S.İmanovaya təklif etmişdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 010011001001-05101-****** reyestr nömrəli Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 Ada yerləşən ** saylı mənzil ½ hissədə payı olmaqla İmanova Svetlana Şirxan qızının və ½ hissədə payı olmaqla İmanov Həsən Sərdar oğlunun mülkiyyətindədir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 007011000113-05101-****** reyestr nömrəli Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 23-də yerləşən ** saylı mənzil ½ hissədə payı olmaqla İmanova Svetlana Şirxan qızının və ½ hissədə payı olmaqla İmanov Həsən Sərdar oğlunun mülkiyyətindədiR; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli */****-**/**** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən ** saylı mənzilin və Bakı şəhəri, Nərimaov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən ** saylı mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimaov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən ** saylı mənzil ekspert baxışına təqdim edilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqat nəticəsində ekspert baxışına təqdim edilmiş, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən ** saylı mənzilin təmirinə uyğun həmin ərazidə yerləşən analoji fərdi yaşayış evlərinə dair internet saytı məlumatları olmadığı müəyyən edilmişdir. Buna görə də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat qeyd edilmişdir; - “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ETM-***/Q/** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən ** saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 125.132 manat məbləğində müəyyən edilir; - “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ETM-***/Q/** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 23, ** saylı ünvanda yerləşən ümumi sahəsi 52 k.metr olan mənzilə analoji mənzillərin hazırkı orta bazar dəyəri təqribən 153.478 manat müəyyən edilir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ## ###### 2026-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, tərəflər İmanova Svetlana Şirxan qızının və İmanov Həsən Sərdar oğlunun paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən ** saylı mənzilin ilkin satış qiyməti 125132 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılması və əmlakın satışından əldə edilmiş vəsait tərəflərin paylarına (hər birinin ½ hissə olmaqla) uyğun olmaqla aralarında bölünməsi, Tərəflər İmanova Svetlana Şirxan qızının və İmanov Həsən Sərdar oğlunun paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 23-də yerləşən ** saylı mənzilin ilkin satış qiyməti 153478 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılması və əmlakın satışından əldə edilmiş vəsait tərəflərin paylarına (hər birinin ½ hissə olmaqla) uyğun olmaqla aralarında bölünməsi, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın qarşılıqlı iddia tələbi üzrə cavabdeh İmanova Svetlana Şirxan qızından tutularaq iddiaçı İmanov Həsən Sərdar oğlunun xeyrinə ödənilməsi, ilkin iddia üzrə iddiaçı İmanova Svetlana Şirxan qızından 50 manat, ilkin iddia üzrə cavabdeh İmanov Həsən Sərdar oğlundan 50 manat olmaqla, cəmi 100 manat mühəndis-texniki ekspertizası tədqiqatının dəyərinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ilkin iddia üzrə iddiaçı İmanova Svetlana Şirxan qızından 200 manat, ilkin iddia üzrə cavabdeh İmanov Həsən Sərdar oğlundan 200 manat olmaqla, cəmi 400 manat qiymətləndirmə ekspertizası tədqiqatının dəyərinin tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 152, 213, 220, 221; Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 115, 119, 124, 218-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə **/**** saylı ## ###### 2024-cü il tarixli qərardadına istinadən qeyd edilmişdir ki, hazırkı işdən müəyyən olunur ki, mübahisəli mənzillər iki nəfərin paylı mülkiyyətində olaraq, onlardan hər ikisi payının ayrılmasını istədiklərindən, bu tələb paylı mülkiyyətdə olan əşyanın bölünməsi barəsindədir. Belə olan halda isə, Mülki Məcəllənin 221-ci maddəsinə görə tərəflərin bir-birilərinə hərracdan kənar kompensasiya ödəməklə, əmlak üzərində mülkiyyət hüququnu saxlamaq imkanları yoxdur. Onlar yalnız ümumi prosedur çərçivəsində hərracda iştirak edib, daşınmaz əmlakları əldə edə və qalibi olduğu qiymətlə biri-digərinə payının dəyərini ödəyərək, əmlaklar üzərində mülkiyyət hüququnu saxlaya bilərlər. Bununla belə, Həsən İmanov tərəfindən Svetlana İmanovaya ##.##.2023-cü il tarixdə bildiriş ünvanlanaraq paylı mülkiyyətlərdəki payını almasını sonuncuya təklif edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı tərəflər arasında razılıq əldə olunması məqsədilə məhkəmə iclasları təxirə salınmış, bununla belə razılıq əldə olunmamışdır. Sonuncu məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi tərəflər arasında razılıq əldə olunmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, ümumi paylı mülkiyyətdə olan mübahisəli əmlakların tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadığından, ilkin iddia təmin edilməməli və qarşılıqlı iddia tələbi təmin edilərək, mübahisəli əmlaklar açıq hərracdan satılaraq, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı halda, qeyd olunan ekspert rəyini şübhə altına salacaq əsaslı, şübhədənkənar və təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən ** saylı mənzilin ilkin satış qiyməti 125.132 manat, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 23-də yerləşən ** saylı mənzilin ilkin satış qiyməti153.478 manat həddində müəyyən olunmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli qərardadının 60-cı maddəsinə əsasən qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan mənzilin qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 23-1ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, ilk iddia təmin edilmədiyindən, ilk iddiaçının dövlət rüsumu ilə bağlı tələbləri də təmin edilməməlidir. Həmçinin qarşılıqlı iddia təmin edildiyindən, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə iddianın mahiyyətini, onun təmin olunmasını və əmlakların tərəflər arasında onların paylarına uyğun olaraq bölünməli olmasını nəzərə alaraq hesab edir ki, ekspertiza və mütəxəssis xərcləri tərəflərə aid edilməli, tədqiqatının əvəzi kimi “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyləri üzrə cəmi 400 (200+200) manat tərəflərin hər birindən bərabər olmaqla - 200 manat alınaraq təqdim edilmiş rekvizitlər üzrə “xxxx” MMC-nin hesabına, ekspertiza xərci kimi tərəflərin hər birindən bərabər olmaqla, 50 manat, cəmi 100 manat tutularaq təqdim edilmiş rekvizitlər üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilərək, tərəflər İmanova Svetlana Şirxan qızının və İmanov Həsən Sərdar oğlunun paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən ** saylı mənzilin ilkin satış qiyməti 125.132 manat, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 23-də yerləşən ** saylı mənzilin ilkin satış qiyməti 153.478 manat müəyyən edilməklə, həmin mənzillər açıq hərracda satılmalı, mənzillərin açıq hərracda satışından əldə olunmuş pul tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi ilk iddiaçı Svetlana İmanovadan tutularaq Həsən İmanova ödənilməli, tərəflərin hər birindən 50 manat olmaqla, cəmi 100 manat mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərəzinə ödənilməli, həmçinin tərəflərin hər birindən 200 manat olmaqla, cəmi 400 manat qiymətləndirmə ekspertizası xərci tutularaq “xxxx” MMCnin xeyrinə ödənilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İlkin iddia üzrə iddiaçı İmanova Svetlana Şirxan qızı şikayət vermiş, işin yenidən baxılması, Kompensasiya mexanizminin tətbiqi və Dövlət rüsumunun qarşı tərəfdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 220.3, 220.4, 152, 157, 220.6; Mülki Prosessual Məcəllənin 14, 77, 88, 97, 101, 217, 372-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, təqdim olunmuş sübutları sistemli və kompleks şəkildə qiymətləndirmək əvəzinə, yalnız müəyyən sübutları seçərək onlara istinad etmiş, digər mühüm sübutları isə ya ümumiyyətlə nəzərə almamış, ya da onların hüquqi əhəmiyyətini əsaslandırılmış şəkildə izah etməmişdir. Bu isə məhkəmə araşdırmasının obyektivliyinə ciddi şübhələr yaradır. İş üzrə təqdim olunmuş ekspertiza rəyi məhkəmənin əsaslandığı başlıca sübutlardan biri olmuşdur. Lakin həmin ekspertiza rəyinin məzmununun təhlili göstərir ki, bu rəy iş üzrə bütün halları əhatə edən və tam əsaslandırılmış elmi-texniki nəticə hesab edilə bilməz. Belə ki, ekspertiza rəyində açıq şəkildə qeyd olunmuşdur ki, mübahisə predmetinə daxil olan mənzillərdən biri faktiki olaraq ekspert baxışına təqdim edilməmiş və həmin obyekt üzrə qiymətləndirmə aparılması mümkün olmamışdır. Bu hal özüözlüyündə göstərir ki, ekspertiza rəyinin nəticələri iş üzrə bütün əmlak obyektlərini əhatə edən kompleks tədqiqatın nəticəsi deyildir. Ekspertiza rəyinin bu cür natamam xarakter daşımasına baxmayaraq məhkəmə həmin rəyi iş üzrə qəti və həlledici sübut kimi qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 97-ci maddəsinə əsasən ekspertiza rəyinin natamam, qeyri-müəyyən və ya aydın olmayan olması hallarında məhkəmə əlavə və ya təkrar ekspertiza təyin etməlidir. Ekspertiza rəyinin məhz ekspertin özünün qeyd etdiyi obyektiv səbəblərə görə natamam qalması məhkəmə üçün təkrar ekspertiza təyin edilməsi zərurətini yaradan açıq hüquqi əsasdır. Buna baxmayaraq, məhkəmə bu zərurəti nəzərə almamış və ekspert rəyinin çatışmazlıqlarını aradan qaldırmadan həmin rəyə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı tərəfindən ekspertiza rəyinin natamamlığı, onun obyektiv nəticələr çıxarmaq üçün yetərli olmaması və iş üzrə faktiki halların düzgün müəyyən edilməsi üçün əlavə tədqiqat aparılmasının zəruriliyi əsaslandırılaraq təkrar ekspertiza təyin edilməsi barədə vəsatət təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-in 101-ci maddəsinə əsasən məhkəmə tərəflərin bütün vəsatətlərinə baxmalı və həmin vəsatətlərin təmin edilməsi və ya rədd edilməsi barədə əsaslandırılmış qərar qəbul etməlidir. Bu norma məhkəmənin prosessual vəzifələrindən biridir və tərəflərin prosessual hüquqlarının təmin edilməsinə xidmət edir. Lakin iş materiallarının təhlili göstərir ki, məhkəmə təqdim olunmuş vəsatəti lazımi qaydada araşdırmamış, onun təmin edilməməsinin səbəblərini əsaslandırmamış və ümumiyyətlə bu məsələyə münasibətdə hüquqi mövqeyini aydın şəkildə ifadə etməmişdir. Bu cür yanaşma faktiki olaraq tərəfin sübut təqdim etmək və sübutların araşdırılmasını tələb etmək hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Belə ki, təkrar ekspertiza keçirilməsi iş üzrə faktiki halların daha dəqiq müəyyən edilməsinə imkan verə biləcək mühüm prosessual vasitə idi. Məhkəmənin bu vasitədən istifadə etməməsi isə iş üzrə həqiqətin müəyyən edilməsinə mane olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi paylı mülkiyyət münasibətlərinin tənzimlənməsi ilə bağlı aydın hüquqi mexanizm müəyyən edir. Həmin normaya görə paylı mülkiyyətin bölünməsi məsələsi həll edilərkən ilk növbədə əmlakın naturada bölünməsi imkanları araşdırılmalı, naturada bölünmə mümkün olmadıqda isə digər hüquqi mexanizmlərin tətbiqi məsələsi nəzərdən keçirilməlidir. Bu mexanizmlər sırasında ilk növbədə digər mülkiyyətçinin kompensasiya ödəməklə əmlakı əldə etməsi variantı nəzərdə tutulur. Yalnız bu variantın tətbiqi mümkün olmadığı hallarda əmlakın açıq hərracda satılması məsələsinə baxıla bilər. Beləliklə, qanunvericilikdə açıq hərrac mexanizmi sonuncu və istisna xarakterli vasitə kimi nəzərdə tutulmuşdur. Lakin birinci instansiya məhkəməsi bu ardıcıllığa riayət etməmiş və kompensasiya mexanizminin real tətbiqi imkanlarını araşdırmadan birbaşa əmlakın açıq hərracda satılması barədə qərar qəbul etmişdir. Bu yanaşma paylı mülkiyyət institutunun hüquqi mahiyyətinə və qanunvericiliyin məqsədinə ziddir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə qətnaməsi əsaslandırılmış olmalı və məhkəmənin gəldiyi nəticələrin hansı sübutlara və hüquqi normalara əsaslandığı aydın şəkildə göstərilməlidir. Əsaslandırılmış məhkəmə qərarı yalnız formal nəticələrin deyil, həm də həmin nəticələrə gətirib çıxaran hüquqi və faktiki mülahizələrin ətraflı izahını özündə ehtiva etməlidir. Lakin hazırkı iş üzrə qəbul edilmiş qətnamədə ekspertiza rəyinin niyə kifayət hesab edildiyi, təkrar ekspertiza vəsatətinin niyə təmin edilmədiyi, kompensasiya mexanizminin niyə tətbiq olunmadığı kimi mühüm məsələlər üzrə əsaslandırılmış hüquqi mövqe göstərilməmişdir. Beləliklə, qətnamənin əsaslandırıcı hissəsi faktiki olaraq məhkəmənin gəldiyi nəticələri əsaslandırmaq üçün kifayət etmir və bu hal məhkəmə aktının qanuniliyinə ciddi şübhələr yaradır. Apellyasiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığını yoxlamalıdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə isə prosessual hüquq normalarının pozulması halları açıq şəkildə müşahidə olunur ki, bu da apellyasiya instansiyası tərəfindən həmin qətnamənin yenidən qiymətləndirilməsini zəruri edir. Apellyasiya icraatında müəyyən edilən hallar

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi İmanova Fatma Səttar qızı apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini və birici instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə **/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadına əsasən: Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.

11. Həmin qərardadda qeyd edilmişdir: 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. 63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. 64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. 66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair # ##### 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki: “Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur:1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.”

13. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir.

15. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 010011001001- 05101-****** reyestr nömrəli Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən ** saylı mənzil ½ hissədə payı olmaqla İmanova Svetlana Şirxan qızının və ½ hissədə payı olmaqla İmanov Həsən Sərdar oğlunun mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, 007011000113-05101-****** reyestr nömrəli Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 23-də yerləşən ** saylı mənzil ½ hissədə payı olmaqla İmanova Svetlana Şirxan qızının və ½ hissədə payı olmaqla İmanov Həsən Sərdar oğlunun mülkiyyətindədir. Hər iki tərəf mənzillərdə olan paylarının naturada ayrılmasını, qarşılıqlı iddiaçı isə payın naturada ayrılması mümkün olmadıqda mənzillərin açıq hərracdan satılmasını və paylara uyğun dəyərinin bölünməsini xahiş edirlər.

16. Kollegiya tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin tələbi (tətbiqi təcrübəsi) üzrə belə nəticəyə gəlir ki, mübahisəli mənzildə payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün (əksini müəyyən edən sübut) olmadığından, eləcə də iddiaçının cavabdehə payının dəyərinə görə kompensasiya vermək fikri olmadığından, qeyd edilən əmlakın satılması və satış pulunun tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə tələbi əsaslıdır. Hərracın formasına aid tərəflərin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilmədiyindən hərracın qapalı keçirilməsi üçün əsaslar da müəyyən edilməmiş, tərəflər isə bu halları mübahisələndirməmişdir. Lakin tərəflərin qarşılıqlı razılığı əsasında bunun icra qaydasında yenidən baxılması mükünlüyü nəzərə alınmalıdır.

17. Beləliklə, ilkin iddia üzrə iddiaçı tərəfindən mötəbər sübutların təqdim edilmədiyini əsas tutan məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İmanova Svetlana Şirxan qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ilkin iddia üzrə iddiaçı İmanova Svetlana Şirxan qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar