Məhkəmə qərarları › İş №e-2(3-6)-1941/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1941/2026

14.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1941/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh İsrail oğluna qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və Azad Nizami oğlu İmanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh İsrail oğlunun iştirakları ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh İsrail oğluna qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh İsrail oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **************** nömrəli kupon üzrə cavabdehə texniki səhv nəticəsində təkrarən ödənilmiş 41.493,94 (qırx bir min dörd yüz doxsan üç manat, doxsan dörd qəpik) manat və 215 (iki yüz on beş) manat dövlət rüsumunun, cəmi 41.708,94 (qırx bir min yeddi yüz səkkiz manat doxsan dörd qəpik) manat məbləğin cavabdeh Cavabdeh İsrail oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh İsrail oğlu arasında misli.az virtual mühitində idman mərc oyunları və lotereya oynanılması ilə bağlı qanunvericilikdən və İştirak Müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Cavabdeh ## ### 2022-ci ildə misli.az virtual mühitində qeydiyyatdan keçərək müvafiq İştirak Müqaviləsinin şərtlərini qəbul etmiş və idman mərc oyunları və lotereyalar oynamaq imkanı əldə etmişdir. Həmin Müqavilənin 12.3-cü maddəsinə uyğun olaraq, iştirakçı tərəfindən uduş qazanıldığında, habelə bonuslardan istifadə zamanı kampaniya şərtlərinə cavab verən uduş qazanıldıqda bu uduş məbləği əlavə bir əməliyyatın həyata keçirilməsinə ehtiyac olmadan ən gec 24 (iyirmi dörd) saat ərzində Misli.az tərəfindən İştirakçınin Virtual balansına köçürülür. Texniki çətinlikər yarandıqda bu müddət uzadıla bilər. İdman mərc oyunlarının təşkili və keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 5.1.3-cü bəndinə uyğun olaraq, mərc biletləri ilə bağlı uduşların ödənilməsini təmin etmək operatorun vəzifəsidir. Cavabdeh ##.##.2023-cü ildə **************** nömrəli kupon tərtib etmiş və 50 (əlli) manatla mərc etmişdir. Kupon uduşlu olmuş və cavabdeh 41.493,94 manat uduş qazanmışdır. Uduş cavabdehə ödənilmiş və ##.##.2023-cü il tarixdə saat 01:01dən etibarən uduş hissə-hissə cavabdeh tərəfindən çıxarılmışdır. Lakin ##.##.2023-cü il tarixində misli.az virtual mühitində baş verən texniki xəta nəticəsində (müvafiq insident aktı əlavə edilir) cavabdehə uduş bir dəfə deyil, iki dəfə ödənilmişdir. Yəni oyunçuya uduşdan əlavə yanlış olaraq 41.493,94 (qırx bir min dörd yüz doxsan üç manat, doxsan dörd qəpik) manat, cəmi 82.987,88 (səksən iki min doqquz yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat vəsait ödənilmişdir. Tərəflər arasında bağlanmış İştirak Müqaviləsinin 12.7-ci maddəsinə uyğun olaraq, texniki və sair səhv nəticəsində İştirakçının Virtual balansına köçürülmüş məbləğlər İştirakçı tərəfindən istifadə edilə bilməz və köçürülə bilməz. İştirakçı texniki və sair səhv nəticəsində onun Virtual balansına köçürülmüş məbləğin Misli.az tərəfindən xəbərdarlıq edilmədən akseptsiz qaydada İştirakçının Virtual balansından silinə bilinəcəyinə etiraz etmir və bu halda Misli.az-ın çəkdiyi xərclərə görə və ya ziyan vurarsa, vurulmuş ziyana görə məsuliyyət daşıyır. Lakin bu halda cavabdeh İştirak Müqaviləsinin şərtlərini pozaraq texniki səhv nəticəsində onun virtual balansına köçürülmüş məbləğdən istifadə etmiş və bank kartına köçürmüşdür. Bununla da, cavabdeh əsassız varlanmaya yol vermişdir. ## ###### 2024-cü il tarixdə cavabdeh ilə görüş keçirilmiş, ona texniki xəta nəticəsində təkrar ödəniş baş verdiyi bildirilsə də, cavabdeh ödəniş etməkdən imtina etmişdir. ## ###### 2024-cü il tarixində ona bildiriş də göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ə.Heydərova) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh İsrail oğlundan 41.493,94 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 215 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli daxili insident aktı, habelə verilənlər bazasından çıxarışlar ilə sübuta yetirilir ki, ##.##.2023-cü il tarixində cavabdehin hesabına eyni uduş məbləği texniki nasazlıq nəticəsində iki dəfə köçürülmüşdür. Texniki nasazlığın səbəbi “Azure” platformasında Redis “node” yenilənməsi və “warm-up” prosesi zamanı sistem yüklənməsinin artması nəticəsində ödəniş əməliyyatlarının təkrar icrası ilə bağlı olmuşdur. Verilənlər bazasından çıxarışlara əsasən, 41.493,94 manat məbləğində vəsait iki dəfə cavabdehin balansında əks olunmuşdur ki, bu da həmin vəsaitin ikinci dəfə hüquqi əsas olmadan köçürüldüyünü birmənalı şəkildə təsdiq edir. İş materiallarından həmçinin müəyyən edilir ki, cavabdeh qeyd olunan artıq vəsaiti istifadə edərək ümumilikdə 65.000 manat məbləğində pul vəsaitini hesabından çıxarmışdır. Bu hal cavabdehin texniki səhv nəticəsində hesabına daxil olmuş vəsaiti faktiki olaraq mənimsədiyini göstərir. Məhkəmə cavabdehin vəsaitin yalnız bir dəfə köçürüldüyü barədə iddiasını əsassız hesab edir. Belə ki, həmin iddia iş üzrə təqdim olunmuş obyektiv yazılı sübutlarla — verilənlər bazasından çıxarışlar, əməliyyat cədvəlləri və daxili insident aktı ilə təkzib olunur və bu sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Cavabdeh balansında olan vəsaitin məbləğinin adi uduş məbləğindən kəskin fərqləndiyini bilməli və bunu ağlabatan diqqət və ehtiyatlılıq göstərərək dərk etməli idi. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən əldə edilmiş əlavə 41.493,94 manat məbləğində vəsait onun qanuni uduşuna daxil olmadığından və texniki səhv nəticəsində ödənildiyindən, həmin məbləğ əsassız varlanma hesab olunur və geri qaytarılmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh Cavabdeh İsrail oğlu qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarını yalnız iddiaçının daxili sistemindən çıxarılmış və birtərəfli qaydada tərtib edilmiş "insident aktı" ilə əsaslandırmışdır. Maraqlı tərəfin təqdim etdiyi bu texniki sənədlərin obyektivliyi müstəqil İT ekspertizası tərəfindən təsdiq olunmamışdır. Məhkəmə MPM-in 14.1-ci maddəsinin tələblərinə zidd olaraq, texniki xətanın real olub-olmamasını neytral mənbələrlə araşdırmamışdır. İştirak Müqaviləsinin 12.7-ci maddəsinə görə, iddiaçı texniki səhv aşkar etdiyi halda vəsaiti akseptsiz qaydada silmək hüququna malik idi. Lakin iddiaçı ##.##.2023cü il tarixində baş vermiş xətanı yalnız ##.##.2023-cü ildə (bir aydan çox vaxt keçdikdən sonra) aktlaşdırmışdır. İddiaçının öz sisteminə nəzarət etməməsi və zərərin qarşısını vaxtında almaması nəticəsində yaranan risklərin tamamilə cavabdehin üzərinə yüklənməsi hüquqi baxımdan qəbulolunmazdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli vəsaitin 23.098 AZN-i elə iddiaçının platformasında yeni mərclərə xərclənmiş və uduzulmuşdur. Mülki Məcələnin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda artıq varlı olmadığını sübut edərsə, qaytarma istisna edilir. Vəsaitin operatorun öz sistemində uduzulması cavabdehin faktiki varlanmadığını göstərir ki, məhkəmə bu mühüm halı nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, hadisə iddiaçının misli.az virtual mühitində baş vermişdir. Xətanın mahiyyəti ilə bağlı “Daxili insident aktı” və “Verilənlər bazasından çıxarış” təqdim edilmişdir. “Əməliyyatlar cədvəli” təqdim edilmişdir və bu cədvəldəki məxaric əməliyyatları United Payment ödəniş təşkilatının arayışı və cavabdehin özünün təqdim etdiyi bank arayışı ilə təsdiqlənir. Bütün sənədlərdəki məbləğlər və vaxtlar dəqiqəsinədək üst-üstə düşür. Uduşlu kuponlar təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə uyğun olaraq, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bizim halda, iki uduşlu kupon üzrə cavabdehin cəmi qanuni uduşu 46 604.64 manat, yeni kuponlar yaradaraq mərc etdiyi (istifadə etdiyi) məbləğ 23 098 manat olduğu halda, 65 000 manat vəsaitin cavabdehin bank hesabına mədaxil edilməsini izah etmək üçün xüsusi biliyə ehtiyac yoxdur. Sadə riyaziyyat əməliyyatlarını yoxlamaq üçün kalkulyator kifayətdir. 65 000 manat vəsaitin cavabdehin bank kartına mədaxil edilməsi məhz cavabdehin təqdim etdiyi bank arayışı ilə də təsdiqlənir. Hər üç təşkilatn (İddiaçı ASC, “United Payment” və “xxxx” ASC) təqdim etdiyi sənəddə eyni məbləğ öz əksini tapır və bu sənədlərdən biri cavabdeh tərəfindən təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 217.4cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehin təqdim etdiyi yeganə sübut olan bank arayışı isə, cavabdehin misli.az virtual mühitindən qanuni uduş məbləğindən daha artıq məbləği bank kartına məxaric etdiyini sübut edir. Vəsaiti akseptsiz qaydada silmək üçün, əvvəla, texniki xəta saniyələr sonra aşkar edilməli, ikincisi, oyunçu vicdanlı davranaraq vəsaiti dərhal məxaric etməməlidir. “Əməliyyatlar cədvəli”ndən də göründüyü kimi, oyunçu uduş qazandıqdan sonra 3 dəqiqə ərzində 10 000 manatı məxaric etmişdir (hər biri 2000 manat olan beş hissə). Növbəti günlər ərzində o daha 23 098 manat məbləğində mərc etmiş (kuponlar yaratmış), ##.##.2023-cü il tarixində isə saat 00:00-00:02 arasında isə daha 25 000 manatı bank kartına məxaric etmişdir və məxariclərə davam edərək, ##.##.2023-cü il tarixdə saat 08:42-də misli.az virtual balansını 0.91 manatadək aşağı salmışdır. Akseptsiz silmə isə o halda mümkündür ki, texniki xəta aşkar edilən anda virtual balansda pul vəsaitləri mövcud olsun. Bu halda belə pul vəsaiti mövcud olmamışdır. Daxili insident Aktında da qeyd edilmişdir ki, texniki xəta baş verməsi ##.##.2023-cü il tarixdə aşkar edilmişdir. Bu da cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. İki uduşlu kupon üzrə cavabdehin cəmi qanuni uduşu 46 604,64 manat təşkil etmişdir. Bu məbləğdən 23 098 manat hissənin başqa kuponların yaradılması üçün istifadə olunmasına misli.az mane ola bilməz. Bu oyun iştirakçısı hüquqlarının kobud məhdudlaşdırılması kimi dəyərləndirilə bilər. Mərc etmək yoxsa mərc etməmək qərarını misli.az deyil, oyun iştirakçısı verir. Oyun iştirakçısı da qazandığı qanuni uduşun 23 098 manat hissəsini başqa kuponlar yaratmaq üçün istifadə etmişdir. Tərəflər arasında bağlanmış İştirak Müqaviləsinin 12.7-ci maddəsinə uyğun olaraq, texniki və sair səhv nəticəsində İştirakçının Virtual balansına köçürülmüş məbləğlər İştirakçı tərəfindən istifadə edilə bilməz və köçürülə bilməz. Buna görə də, cavabdehin məhz ona səhv köçürülmüş vəsaitdən 23 098 manat hissəni istifadə etməsi barədə iddiası əsassızdır. Müqavilə şərtinə uyğun olaraq, səhv nəticəsində köçürülmüş məbləğlər İştirakçı tərəfindən istifadə edilə bilməzdi. Yəni cavabdeh bu məbləğin hər hansı bir hissəsi ilə mərc edə bilməzdi. Bu arqument həm də cavabdehin apellyasiya şikayətindəki öz yanaşmasını pozur. Əgər o misli.az məlumat sistemindəki məlumatların birtərəfli hazırlandığını iddia edirsə, 23 098 manat vəsaitin iddiaçının misli.az virtual mühitində uduzulması faktına niyə istinad edir?

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh İsrail oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı işdə iddia tələbi tam təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

15. İşin halları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh İsrail oğlu arasında misli.az virtual platformasında idman mərc oyunlarının təşkili və keçirilməsi ilə bağlı münasibətlər yaranmışdır. Cavabdeh platformada qeydiyyatdan keçmiş və qeydiyyatla bağlı İştirak Müqaviləsinin şərtlərini qəbul etmişdir. Bununla da tərəflər arasında müqavilə münasibətləri yaranmış və İştirak Müqaviləsinin şərtləri tərəflər üçün hüquqi qüvvəyə malik olmuşdur.

16. Hazırda iddiaçı cavabdeh tərəfindən ##.##.2023-cü ildə tərtib edilmiş **************** nömrəli kupon üzrə uduş məbləği olan 41.493,94 manatın 2 dəfə cavabdehin hesabına yükləndiyi iddia edərək, ikinci dəfə yüklənmiş 41.493,94 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

17. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməli olması qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilən pulun geri tələb edilməsinə əsassız varlanma qaydaları tətbiq edilir. Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.

18. Qanunvericiliyin tələbini əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında münasibətlərə əsassız varlanma ilə bağlı qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

19. İş materiallarına əlavə edilmiş misli.az virtual platformasından çıxarışdan görünür ki, ##.##.2023-cü ildə tərtib edilmiş **************** nömrəli kupon qazanılan uduş məbləğinin 41.493,94 manat olması müəyyən edilir. Göründüyü kimi, qazanılan məbləğin 41.493,94 manat olması cavabdehə məlum olmuşdur. Cavabdeh apellyasiya şikayətinə əlavəsində iddiaçının qaynar xəttinə oktyabr və noyabr aylarında zənglər etməsini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, İddiaçı ASC tərəfindən ## #### 2026-cı il tarixli, Al-**/**-*/*** nömrəli məktubda və məktuba əlavə edilmiş çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin yanvar ayında (vəsaitin böyük bir hissəsi onun tərəfindən çıxarıldıqdan bir müddət sonra) zənglər edilmişdir. İş materiallarına əlavə edilmiş bank hesabından çıxarışlar da cavabdeh tərəfindən uduş məbləğinin böyük bir hissəsinin 2024-cü ilin noyabr ayında məxaric edildiyini təsdiq edir.

20. İddiaçı tərəfindən uduş məbləğinin 2-ci dəfə cavabdehin balansına yüklənməsinin sistemdə yaranmış xəta nəticəsində baş verməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

21. Məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli daxili insident aktı, habelə verilənlər bazasından çıxarışlardan görünür ki, ##.##.2023-cü il tarixində cavabdehin hesabına eyni uduş məbləği texniki nasazlıq nəticəsində iki dəfə köçürülmüşdür. Texniki nasazlığın səbəbi “Azure” platformasında Redis “node” yenilənməsi və “warm-up” prosesi zamanı sistem yüklənməsinin artması nəticəsində ödəniş əməliyyatlarının təkrar icrası ilə bağlı olmuşdur. Verilənlər bazasından çıxarışlara əsasən, 41.493,94 manat məbləğində vəsait iki dəfə cavabdehin balansında əks olunmuşdur.

22. Tərəflər arasında olan münasibətləri tənzimimləyən İştirak Müqaviləsinin 12.7-ci maddəsinə əsasən, texniki və sair səhv nəticəsində iştirakçının virtual balansına köçürülmüş məbləğlər istifadə edilə və ya köçürülə bilməz, həmin məbləğin iştirakçının balansından akseptsiz qaydada silinə biləcəyinə iştirakçı əvvəlcədən razılıq verir və bu səbəbdən yaranmış zərərə görə məsuliyyət daşıyır.

23. Razılaşma şərtlərindən göründüyü kimi, iddiaçının iştirakçının balansından akseptsiz qaydada köçürülmüş vəsaiti silmək hüququ olmuş, lakin vəsait cavabdeh tərəfindən hesabından çıxarıldığı üçün iddiaçı belə bir imkanı itirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

24. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, iddiaçı sistemdə yaranmış nasazlıqla bağlı aktı ##.##.2023-cü il tarixdə - hadisə baş verdikdən 1 ay sonra tərtib etmişdir. Bu dövr ərzində cavabdeh pul vəsaitinin düzgün olaraq hesabına yükləndiyinə ümid edərək istifadə etmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının yaranmış xətanı 1 ay keçdikdən sonra aşkar etməsi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində (əsassız varlanma ilə bağlı qanunvericiliyin tələbinə əsasən 2 il müddətində) artıq ödənilmiş pul vəsaitini geri tələb etmək hüququnu istisna etmir.

26. Cavabdehin apellyasiya şikayətinin digər dəlili odur ki, birinci instansiya məhkəməsi yaranmış xəta ilə yanlız iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş, əlavə araşdırma aparmamışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan işin hallarından da görünür ki, mübahisəli kupon üzrə uduş məbləği cavabdehə məlum olmuş, lakin cavabdeh ona uduş məbləğinin 2 misli məbləğində vəsaitinin yüklənməsinin səbəbini araşdırmayaraq həmin vəsaitdən istifadə edərək əsassız varlanmışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili olaraq qeyd etdiyi hallar qətnamənin ləğvinə əsas vermir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh İsrail oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar