Məhkəmə qərarları › İş №e-2(3-6)-1957/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1957/2026

18.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1957/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kommunal borc, xidmət haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh adına qeydə alınmışdır.

2. “xxxx” MMMC-nin nizamnaməsi ##.##.2019-cu il tarixdə təsdiq edilmiş, Cəmiyyət ##.##.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. “xxxx” MMMC-nin ##.##.2022-ci il tarixli təsis yığıncağının * nömrəli protokoluna əsasən Cəmiyyətin “Çiller” mərkəzi soyuducu qurğu avadanlığının aşılanıb köhnəldiyinə görə mərkəzi soyutma sistemi xidmətinin dayandırmaqla kommunal xidmət haqqının hər kvadrat metr üçün 0,75 manat müəyyən olunması qərara alınmışdır. Bundan sonra hər kvadrat metr üçün ödəniş haqqı 0,75 manat təşkil edir. 3 otaqlı mənzillər üçün 128 manat, 4 otaqlı mənzillər üçün 158 manat.

4. “xxxx” MMMC-nin ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi kimi “xxxx” MMMC-yə 2025-ci ilin aprel ayından noyabr ayınadək ödənilməmiş kommunal xərclər üzrə 1106 manat borcu vardır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1106 manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 32 manat məbləğində dövlət rüsumu və 100 manat hüquqi xidmətə görə ödənilmiş məbləğdə pulun tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılır ki, ünvan 3 ünvanında yerləşən mənzil ****** nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. “xxxx” MMMC-nin təsis yığıncağının * nömrəli, ##.##.2022-ci il tarixli protokoluna əsasən isə aylıq kommunal xidməti ödəniş məbləği 158 manat olaraq təyin edilməsinə baxmayaraq, ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi cavabdeh Cavabdeh ödəniş öhdəliklərini tam yerinə yetirməmiş, 2025-ci il aprel ayından etibarən ödənişlərini dayandırmışdır. Beləliklə, ##.##.2025-ci il tarixədək Cavabdeh “xxxx” MMMC-ə 1106 manat borcu yaranmışdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir, o bütün kommunal ödənişləri ödəmişdir. MMC rəhbərliyi arasında ödənişlərin qəbul edilməsi ilə bağlı fikir ayrılıqları mövcuddur, ödənişlə bağlı qəbzlər təqdim edilmir. O ödənişlərin bəzilərini kart hesablarına ödəmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək 1106 manat borc, 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 100 manat vəkilə ödənilmiş pul olmaqla, ümumilikdə 1238 manat məbləğdə pulun Cavabdeh tutularaq “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “xxxx” MMMC-nin * nömrəli protokoluna əsasən kommunal xidmət haqqının hər kvadrat metr üçün 0,75 manat, 4 otaqlı mənzillər üçün 158 manat müəyyən olunması qərara alınmışdır. Çoxmənzilli binada müvafiq kommunal xidmətlərin göstərildiyi mübahisəsizdir, bununla bağlı hər hansı etiraz irəli sürülməmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin 2025-ci ilin aprel-noyabr ayları arasında ödənilməmiş kommunal xərclər üzrə 1106 manat (7x158) borcu vardır. Cavabdeh bütün aylar üzrə kommunal ödənişləri etdiyini bildirsə də bununla bağlı müvafiq mötəbər sübutları təqdim edə bilməmişdir. Cavabdeh məhkəməyə bir neçə ödəniş qəbzi təqdim etsə də bu qəbzlərin MMMC-yə ödənilmiş borclarla bağlılığı sübut olunmur. Qəbzlərdə olan imzanın MMMC-nin səlahiyyətli nümayəndəsinə aid olması müəyyən edilmir, qəbzlərdə MMMC-nin möhürü mövcud deyil və qəbz forma və məzmun baxımından iddiaçı MMMC tərəfindən təqdim edilmiş, MMMC-nin möhürü ilə təsdiqlənmiş mədaxil qəbzindən fərqlənir. Cavabdehin 158 manat məbləğdə ödəniş etdiyi barədə ##.##.2025-ci il tarixli rəsmi blankda olan ödəniş qəbzi iş materiallarında olsa da, qəbzdən görünür ki, həmin tarixdə icra edilən ödənişin təyinatı 2025-ci ilin mart ayı üzrə hesablanmış borc olmuşdur. Odur ki, əsas borca münasibətdə iddia tələbini əsaslı hesab edən məhkəmə qeyd etmişdir ki, çoxmənzilli binada ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi ilə bağlı vəzifəsini icra etməyən cavabdeh iddiaçıya olan borcunu ödəməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.3, 442-ci; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3, 38.1, 38.2, 43.1, 43.2.4, 109.5, 119.1, 119.2, 120.5, 122.3, 122.4, 125.1, 125.2, 125.2.4, 128.0.3, 135.1, 135.2, 135.2.3, 135.2.4, 136.2, 136.2.1, 136.2.2, 137.4, 137.5, 137.7-137.10, 138.5, 140.1-ci maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2015-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli Qərarı və Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə cavabdehin Konstitusion hüquqlarının pozulmasına baxmayaraq əsl həqiqətin müəyyən edilməsinə nail olmadan iddiaçının irəli sürdüyü əsassız iddia tələbinin təmin olunması barədə qeyri obyektiv qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində yalnız iddiaçı tərərfin izahatını əsas götürmüş, həqiqətə nail olunması və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün cavabdeh tərəfin izahatına tənqidi yanaşmışdır. Belə olan halda məhkəmənin idianının təmin olunması barədə qətnamə çıxarması qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normasının pozulması kimi qimyətləndirilməlidir. Qanuna əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Lakin, birinci instansiya məhkəməsi cavabdeh tərrəfindən qeyd olunan hüquq normasının pozulmamasına baxmayaraq iddiaçı xxxx” MMMC-yə 2025-ci ilin aprel ayından noyabr ayınadək ödənilməmiş kommunal xərclər üzrə 1106 manat borcunun tam ödənilmasini nəzərə almamış və buna dair cavabdeh tərəfindən müvafiq ödəniş qəbzləri təqdim olunsa da, iddianı əsaslı hesab etmişdir. Məhkəmə qətnamədə cavabdehin 158 manat məbləğdə ödəniş etdiyi barədə ##.##.2025-ci il tarixli rəsmi blankda olan ödəniş qəbzinin iş materialarında olması və həmin qəbzdən həmin tarixdə icra edilən ödənişin təyinatının 2025-ci ilin mart ayı üzrə hesablanmış borc olmasına istinad etsə də, cavadehin təqdim etdiyi ## ###### 2025-ci il tarixli qeyd olunan ilin aprel, may və iyun ayları üzrə ödənişlərin olduğuna ümumiyyətlə qiymət verməmişdir. Halbuki iddia tələbində olan digər aylar üzrə ödənişlər iddiaçının xahişi əsasında yaşayış binasının komendantının həm kart hesabına, həm də nəğd qaydada cavabdeh tərəfindən ödənilmişdir. Lakin, iddiaçının kommunal ödənişlərin məqsədyönlü şəkildə qanunamüvafiq qaydada təşkil etməməsi səbəbindən hazırki mübahisə yaranmış, bundan yararlanan iddiaçı tərəf sakinlərə, o cümlədən hazırki iş üzrə cavabdehə qarşı qeyri-obyektiv iddia tələbi irəli sürməklə əsassız varlanmaya yol açmışdır. Göründüyü kimi işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış və əsassız iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Qeyd edilənlərdən də görünüdüyü kimi, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən gəldiyi nəticədə şübhə doğuran halları aydınlaşdırmalı olduğu və dəlillərə müfəssəl qiymət verilməli olduğu halda, göstərilən nəzərə alınmamışdır ki, nəticədə gəldiyi nəticə üzrə sübutlar düzgün qiymətləndirilməyərək, işin faktiki halları yalnış müəyyənləşdirilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh araryış təqdim edərək şikayətin təmin edilməsini xahiş etdi.

15. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənziltikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının şikayətin dəlilləri üzrə tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir.

22. “xxxx” MMMC-nin * nömrəli protokoluna əsasən kommunal xidmət haqqının hər kvadrat metr üçün 0,75 manat, 4 otaqlı mənzillər üçün 158 manat müəyyən olunması qərara alınmışdır. Cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olaraq “xxxx” MMMC tərəfindən təqdim olunan kommunal xidmətlərin istifadəçisidir.

23. Maliyyə arayışından görünür ki, cavabdehin 2025-ci ilin aprel-noyabr ayları arasında ödənilməmiş kommunal xərclər üzrə 1106 manat (7x158) borcu vardır.

24. Iddiaçı “xxxx” MMMC cavabdehdən 2025-ci ilin aprel ayından noyabr ayınadək ödənilməmiş kommunal borcu tələb etmişdir.

25. Məhkəmə iddianı təmin edərkən cavabdehin aprel-noyabr ayları üzrə 1106 manat borcunun olduğunu əks etdirən maliyyə arayışına, habelə cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinin MMMC-nin rəsmi kassa sənədlərinin forma və məzmununa uyğun gəlməməsi, üzərində cəmiyyətin möhürünün və səlahiyyətli şəxsin imzasının olmaması səbəbindən borcun ödənilməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməməsinə əsaslanmışdır.

26. Iş materialına əlavə edilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış ## ###### 2025-ci il tarixli möhürlü və imzalı qəbzə əsasən 2025-ci ilin aprel, may, iyun ayları üzrə cəmi 474 manat ödəniş edilməsi təsdiq olunur (i.v. 71). 27.Bundan əlavə, Yasamal” MMMC-nin * nömrəli, ##.##.2026-cı il tarixli, arayışında qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Izmir küçəsi 25, mənzil 39-da yaşayan və qeydiyyatda olan mülkiyyətçi Cavabdeh ##.##.2025-ci il tarixə qədər heç bir kommunal borcu yoxdur.

28. Qeyd olunan * nömrəli, ##.##.2026-cı il tarixli Arayış Yasamal” MMMC-nin sədri Umudov.U.Ə tərəfindən imzası və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir.

29. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

30. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməli, məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar