Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1997/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, X7 Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsi və X7 Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin * saylı Beyləqan Ərazi Idarəsi cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 61384.09 (altmış bir min üç yüz səkkiz dörd manat sıfır doqquz qəpik) manat əmək haqqı və ona bərabər tutulan digər ödənişlər, 20000 (iyirmi min) manat çəkilən xərclər və mənəvi zərərə görə 60000 (altmış min) manat kompensasiyanın tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ** nömrəli ## ##### 2007-ci il tarixli əmrə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan rayon Ərazi Idarəsinə kassir vəzifəsinə təyin edilmişdir. **/K nömrəli ## #### 2009-cu il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsinə iqtisadçı vəzifəsinə təyin edilmişdir. **/K nömrəli ## #### 2010-cu il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsinə iqtisadçı-xəzinədar vəzifəsinə təyin edilmişdir. **/K nömrəli ## ##### 2011-ci il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsinin Daşınmaz əmlakın kadastrı və hüquqların dövlət qeydiyyatı şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə eksperti vəzifəsinə keçirilmişdir. ***/K nömrəli ## #### 2012-ci il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsinin Arxiv şöbəsinin müdiri vəzifəsinə keçirilmidir. *** nömrəli ## #### 2013-cü il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsi * saylı Ərazi Idarəsi adlandırılmışdır. *** nömrəli ## ###### 2017-ci il tarixli əmrə əsasən * saylı Ərazi Idarəsi * saylı Beyləqan Ərazi Idarəsi adlandırılmışdır. K-*** nömrəli ## ###### 2022-ci il tarixli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. K-*** nömrəli ## ###### 2022-ci il tarixli əmrə əsasən * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinə 14-cü dərəcə vəzifə maaşı ilə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. ## ###### 2022-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, barəsində Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)- ***/**** saylı Qərarı əsasında 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Istintaqı aparan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin təqsirləndirilən şəxs kimi ## ###### 2022-ci il tarixli ********* saylı məktubu əsasında, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n K-*** nömrəli, ## ###### 2022-ci il tarixli əmri ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsinin ## ###### 2022-ci il tarixdən icrasından kənar edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən ##.##.2023-cü il tarxdə ev dustaqlığı ilə əvəz edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli hökmünə əsasən ona CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsi, İddiaçı CPM-in 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınmasının ona izah edilməsi, İddiaçı barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin dərhal ləğv edilməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarına əsasən dövlət ittihamçısı X1 apellyasiya protesti təmin edilməməsi, X5 CM-in 311.3.2 və 308.1-ci maddələri ilə, İddiaçı CM-in 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-**/**** saylı hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarına əsasən kassasiya protestinin təmin edilməməsi, X6 və İddiaçı Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)- ***/**** saylı, ## ####### 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Iddiaçı cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində qanunsuz olaraq Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılmaqla azadlıqdan məhrum olunduğu müddət ərzində, yəni ## ###### 2022-ci il tarixdən ## ###### 2023-cü il tarixə kimi 1 (bir) il 1 (bir) ay müddətində qapalı otaqda həbsdə saxlanıldığı və ## ###### 2023-cü il tarixdən ## ##### 2024-cü il tarixə kimi ev dustaqlığında olduğu, həmçinin ondan sonrakı dövrdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verildiyi üçün Şirvan Apellyasiya Məhkəməsinin qərarına, yəni ## ####### 2024-cü il tarixə kimi olan müddətdə o iş yerindən 61384.09 (altmış bir min üç yüz səkkiz dörd manat sıfır doqquz qəpik) manat məbləğində aylıq əmək haqqı, mükafatlar pul vəsaiti almaqdan məhrum olmuşdur. (Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n təqdim etdiyi cədvəldə qeyd olunub.) Bundan başqa cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində qanunsuz olaraq Bakı Istintaq Təcridxanasında və məhkəmə baxışı dövründə Lənkəran rayon Polis Idarəsinin Müvəqqəti Saxlama Təcridxanasında həbsdə saxlanılmaqla azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvlərinin Beyləqan rayonundan (300 km məsafə) onun yanına gəlib getmələrinə, yemək, ərzaq, dərman preparatları, gündəlik istifadəsi üçün lazım olan əşyaların və öz ehtiyaclarını ödəməyi üçün pul vəsaitlərinin gətirmələrinə, ailə üzvlərinin Beyləqan rayonundan və vəkilinin Bakı şəhərindən Lənkəran şəhərinə məhkəmədə 26 dəfə iştirakını təmin edilməsi üçün (250 km məsafə) və s. xərcləri nəzərə alsaq 20000 (iyirmi min) manatdan artıq pul vəsaiti sərf olunmuşdur. Bundan başqa heç bir təqsiri olmadığı, heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu və 1 il 1 ay müddətdə haqsız yerə həbsdə saxlanıldığı, 4 ay ev dustaqlığında olduğu müddətdə çox böyük mənəvi ziyan vurulmuşdur. Belə ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət əsəb və yaddaş pozğunluğu, ürək ağrısına və digər xəstəliklərin yaranmasına səbəb olmuşdur. Barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılmış, qanunsuz olaraq 1 il 1 ay müddətdə həbsdə, 4 ay müddətində isə ev dustaqlığında qalmağa məcbur olmuşdur. Nəticədə özünün və ailə üzvlərinin çox böyük psixoloji sarsıntı və əsəb gərginliyi keçirməsinə gətirib çıxarmışdır. Odur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın dəyərini haqlı olaraq tələb etmək hüququ vardır. Bu səbəbdən hesab edir ki, maddi ziyanla yanaşı 60000 (altmış min) manat məbləğində mənəvi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək, qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Iş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı vurulmuş mənəvi zərərə görə 15.120 (on beş min yüz iyirmi) manat, maddi ziyana görə 48.108,75 (qırx səkkiz min yüz səkkiz manat, yetmiş beş qəpik) manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Iddiaçı qətnaməni mübahisələndirməmişdir.
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə qeyd etmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Iddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Heç bir sübut olmadığı halda qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Odur ki, qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir.
10. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
11. Mülki iş materiallarında olan ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan rayon Ərazi Idarəsinə ##.##.2007-ci il tarixdə kassir vəzifəsinə, ##.##.2005-ci il tarixdə sədr müavini vəzifəsinə təyin edilmiş, Beyləqan rayon Ərazi Idarəsinə ## #### 2009-cu il tarixdə iqtisadçı vəzifəsinə, som olaraq isə ##.##.2022-ci il tarixində * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinə-cü dərəcə vəzifə maaşı ilə şöbə müdiri vəzifəsinə təyin edilmişdir.
12. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs X5 müdafiəçisi X3 və təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi X4 vəsatətləri təmin edilərək, təqsirləndirilən şəxs X5 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilməsi və onun həbsdən azad olunması qərara alınmışdır.
13. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasənn təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmiş; onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dərhal ləğv edilmiş; onun Azərbaycan Respublikası CPM-nin 55-63cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)***/**** saylı qərarından görünür ki, dövlət ittihamçısı X1 apellyasiya protesti təmin edilməmiş, X5 Azərbaycan Respublikası CM-nin 311.3.2 və 308.1-ci maddələri ilə, İddiaçı Azərbaycan Respublikası CM-nin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-**/**** saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, X5 və İddiaçı Azərbaycan Respublikası CM-nin sadalanan maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli 1(106)- ***/**** saylı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
16. “Azəri Audit Servis” MMC-nin ##.##.2026-cı il tarixli rəyindən görünür ki, təqdim edilmiş sübutlara əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsində işləmiş İddiaçı, Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılmaqla azadlıqdan məhrum olunduğu ## ###### 2022ci il tarixdən ## ####### 2024-cü il tarixə kimi olan müddətdə, tutulmalar (gəlir vergisi, mdds haqqı, ITS və Işsizlik sığorta haqqı) çıxıldıqdan sonra ələ çatacaq məbləğ (əldən çıxmış fayda) həcmi 48108,75 (qırx səkkiz min bir yüz səkkiz manat 75 qəpik) manat məbləğində təşkil edir ki, bu da mövcud aspektlərdə əməliyyatların faktiki münasibətlərə uyğun olan mənzərəsi barədə ədalətli təsəvvür yaradır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası:
17. Maddə 68, III hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «Insan hüquqları haqqında Ümumi Bəyannamə»:
18. Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.
19. Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
22. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
23. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:
24. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: -barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; -barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; -Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; -Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; -şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; -cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; -şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; -şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
25. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: -məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; -müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; -ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; -hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; -vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
26. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
27. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
28. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
29. 5.1.Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır.
30. 5.2.Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.).
31. 5.3.Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir.
32. 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
33. 5.9. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın.
34. 7.1. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır.
35. 7.2. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir.
36. 7.3.Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.
37. 7.15. Zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığına məhkəmə tərəfindən işin diqqətəlayiq bütün faktiki hallarına görə qiymət verilməlidir. Bu hallara sarsıntı və (və ya) iztirabların dərəcəsi və xarakterinə təsir edən istənilən hallar aid edilir. Mənəvi zərərin kompensasiyası üsulu və təzminatın həcmi müəyyən edilərkən məhkəmələr tərəfindən xüsusi ilə zərərçəkmişin pozulmuş şəxsiyyət hüquqlarının növü; belə hüquqların məhdudlaşdırılmasının xarakteri, dərəcəsi və zərər vurma üsulu (intensivliyi, mənfi təsirin miqyası və müddəti) nəzərə alınmaqla qiymətləndirilməlidir. Məsələn, iztirab xarakteri daşıyan üsulla sağlamlığa zərər vurulması, uşaqlarının yanında valideynlərin şərəf və ləyaqətinin alçaldılması.
38. 7.16. Həmçinin zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların nəticələri, bundan əlavə, sağlamlığa vurulan zərərin dərəcəsi, sağlamlığın pozulmasının və əmək qabiliyyətinin itirilməsinin müddəti, zərərçəkmişin ambulator və ya stasionar müalicəyə ehtiyacı, əvvəlki həyat tərzinin davam etmək imkanının olub-olmaması aydınlaşdırılmalıdır. Mənəvi təzminatın həcmi müəyyən edilərkən məhkəmə zərərvuran tərəfindən zərərçəkmişin bir və ya bir neçə şəxsiyyət hüququnun pozulması hallarının baş verməsini də araşdırmalıdır.
39. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko Italiyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X8rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
45. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
46. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
47. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
50. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
54. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, mahiyyət etibarı ilə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyindən Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
55. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Belə ki, hazırkı işin mübahisəsiz halı iddiaçının barəsində 01 il 26 gün müddətinə (##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixədək) «həbs» qətimkan tədbiri, 04 ay 07 gün müddətinə (##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək) «ev dustaqlığı» qətimkan tədbiri seçilməsidir. Iddiaçıya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)- **/**** saylı hökmü ilə CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmiş; onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dərhal ləğv edilmiş; onun CPM-nin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir.
57. Iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, qətimkan tədbiri kimi həbsə alınması, daha sonra ev dustaqlığı qətimkan tədbirinin tətbiqi nəticəsində ona dəymiş maddi və mənəvi zərərə görə Maliyyə Nazirliyindən 61384.09 (altmış bir min üç yüz səkkiz dörd manat sıfır doqquz qəpik) manat əmək haqqı və ona bərabər tutulan digər ödənişlər, 20000 (iyirmi min) manat çəkilən xərclər və mənəvi zərərə görə 60000 (altmış min) manat kompensasiyanın tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir
58. Rayon məhkəməsi iddia tələblərini qismən təmin edərək, mənəvi zərərə görə 15.120 (on beş min yüz iyirmi) manat, maddi ziyana görə 48.108,75 (qırx səkkiz min yüz səkkiz manat, yetmiş beş qəpik) manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilsini qərara almışdır.
59. Iddiaçı rayon məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmış və qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
60. Məhkəmə şikayət vermiş cavabdehin onlar tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmamasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı aşağıdakıları qeyd edir:
61. Müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın vurulması təqsirsiz məsuliyyət halıdır. Yəni bu halda dövlətin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına ehtiyac yoxdur. Təqsirlilik şərtindən asılı olmayaraq dövlət vurulmuş zərərin ödənilməsini təmin etməlidir. Daha sonra dövlət, təqsiri olan şəxsə qarşı reqres tələblə çıxış edə bilər. Bu qayda qanunvericilikdə açıq şəkildə öz əksini tapmışdır.
62. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci və 1101.2-ci maddələrinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
64. Həmin Məcəllənin 1114.3-cü maddəsinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır.
65. Göründüyü kimi, cavabdehin onlar tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır və təmin edilə bilməz.
66. «Insan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.
67. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var.
68. Həmin Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
69. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
70. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
71. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən hissədə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
73. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
74. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402, 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.