Məhkəmə qərarları › İş №e-2(3-6)-2088/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2088/2026

13.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2088/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi-vəkili İsgəndərov Fərman Məmmədtağı oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ünvan 1 ünvanında yerləşən "Home Stayle" mağazasından ##.##.2022-ci il tarixində ölçüləri 180x360, qiyməti 1.200 manat və ölçüləri ***X***, qiyməti 1.400 manat, cəmi 2.600 manat ödənilməklə 2 (iki) ədəd "Blumarin İtaly" adlı süfrə alıb. İddiaçı süfrələrin kimyəvi təmizləmə xidmətlərindən istifadə edilməsi üçün Bakı şəhəri, Tofiq Abasov 151A ünvanda xidmət göstərən cavabdehə müraciət etmişdir. Xidmətin dəyəri 17 manat təşkil etmişdir. Bu zaman icraçı adi kimyəvi təmizləmə aparmağı öhdəsinə götürmüşdür. İddiaçı işi təhvil aldığı gün, yəni ##.##.2024-cü il tarixdə həmin camaşırxanada ölçüləri ***X*** olan süfrənin zədələnməsini (korlanmasını) aşkar edərək bununla bağlı öz etirazını camaşırxana rəhbərliyinə bildirmişdir. Lakin ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciəti heç bir nəticə verməmişdir. Hazırda ölçüləri ***X*** olan süfrə həmin camaşırxanadadır. Hazırda iddiaçı zərərin əvəzini zədələnmiş əşyanın bazar dəyərinin 3.440 manat məbləğində cavabdehdən tutularaq ona ödənilməsini, keyfiyyətsiz, xidmətin nəticəsində dəymiş mənəvi ziyan 5.000 manat cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ona vurulan 1.400 (min dörd yüz) manat məbləğində maddi zərərin, 5.000 (beş min) manat məbləğində mənəvi zərərin və 600 (altı yüz) manat məbləğində vəkilə hüquqi yardım üçün ödənilmiş pulun cəmi 7.000 (yeddi min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili İsgəndərov Fərman Məmmədtağı oğlu məhkəməyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, məhkəmə tərəfindən süfrəyə dəymiş zərərin və bazar dəyərinin müəyyən edilməsi üçün “xxxx” Qiymətləndirmə Şirkətinə göndərilib. Şirkətin MB-**/**** №-li Qiymətləndirmə hesabatında1 ədəd ölçüsü ***X*** olan süfrənin bazar dəyəri 3.440 (üç min dörd yüz qırx) manat müəyyən edilib. Bununla əlaqədar olaraq iddia tələbində dəqiqləşməyə ehtiyac yaranıb. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərini nəzərə alaraq cavabdeh Cavabdeh ona vurulan 3.440 (üç min dörd yüz qırx ) manat məbləğində maddi zərərin, 5.000 (beş min) manat məbləğində mənəvi zərərin və 600 (altı yüz) manat məbləğində vəkilə hüquqi yardım üçün ödənilmiş pulun, cəmi 9.040 (doqquz min qırx) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 2022-ci il tarixində Bakı şəhəri, Məmməd Araz küçəsi 25 ünvanda yerləşən “Home Stayle” mağasından ölçüsü ***X*** sm, qiyməti 1.400 manat və ölçüsü 180x360 sm, qiyməti 1.200 manat olan təşkil edən 2 ədəd süfrə alıb. Onları müxtəlif təmizləmə məntəqəsində təmizləməyə verir. Belə ki, ##.##.2024cü il tarixdə ünvan 3 ünvanda yerləşən (mobil nömrəsi: 51060045005) “My Landry” təmizləmə məntəqəsində ölçüsü ***X*** sm, qiyməti 1.400 manat süfrəni təmizləməyə verib. Süfrə heç bir qüsur olmadan təmizlənib, ##.##.2024-cü il tarixdə ona qaytarılıb. Evlərində təşkil olunan məclisdən sonra həmin süfrənin yenidən təmizlənməsi zəruriyyəti yaranıb. Bu dəfə ##.##.2024-cü il tarixdə onun yaşadığı evə yaxın olan ünvan 2 ünvanında yerləşən (mobil nömrəsi: *** *** ** **) ünvanda yerləşən “X1” təmizləmə məntəqəsinə verib. Süfrəni təmizləndikdən sonra geri götürmək istədikdə məlum olub ki, o təmizlənmə zamanı yararsız hala düşüb. Hazırda ondan istifadə etmək mümkün deyil. Bununla ələqədar bu qüsurun tərəfindən aradan qaldırıla bilməyəcəyinə görə iradını bildirdi. Təmizləmə məntəqəsinin əməkdaşları cavab verdilər ki, süfrənin özünün materialı yararsız olduğu üçün təmizləmədə onun belə qüsurlu hala düşməsinə görə məsuliyyət daşımırlar. Təbii olaraq həmin süfrənin geri götürülməsindən imtina edib və o hazırkı vaxta kimi cavabdehdə qalıb. Ona vurulan zərərin ödənilməsini tələb edərək onlara bildirəndə ki, 5 gün əvvəl başqa bir təmizləmə yerində süfrə heç bir qüsur olmadan təmizlənib, ona cavab veriblər ki, hara istəyirsən şikayət etsin, ona vurulan zərəri ödəmək fikrində deyillər. Ona məlum olub ki, təmizləmə məntəqəsi fərdi sahibkarlıqla məşğul olan Cavabdeh məxsusdur. Vəkili cavabdehin təmizləmə məntəqəsinə gedib ziyanın ödənilməsini danışıqlar yolu ilə həll etmək istəsə də, heç bir müsbət nəticə əldə edilməyib. Sahibkarla telefon əlaqəsi yaradılsa da, o, zərərin ödənilməsindən imtina edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh vurulmuş maddi ziyana görə 1.400 manat, mənəvi ziyana görə 100 (yüz) manat olmaqla, cəmi 1.500 manat tutularaq İddiaçı oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri aid olan iddia tələbi üzrə ödənilməli olan 34 manat məbləğində dövlət rüsumunun cavabdeh Ovçuyev Musa Qüdrət oğlundan alınaraq dövlət büdcəsinə keçirilməsi, məhkəmə xərclərinə aid olan hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 400 manat məbləğində pulun, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 35,5 manat pulun Cavabdeh tutulub, İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 89 manat məbləğində pulun 73,18 manatı iddiaçı İddiaçı, 15,82 manatı cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X6, Kod 210005, Müxbir hesab AZ41NABZ01360100000000003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi tədqiqatlarının dəyəri olan 300 manat məbləğində pulun 246,7 manatı iddiaçı İddiaçı, 53,3 manatı cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: N, H/h: № AZ***BAZ********************, “xxxx” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ01350100000000002944, S.W.İ.F.T, BİK: IBAZAZ2X) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, aparılmış araşdırma əsasında süfrədəki ləkələrin hazırda aradan qaldırılmasının mümkün olmadığı müəyyən edilib. Cavabdeh kimyəvi təmizləmə xidməti göstərdiyindən iddiaçı ona süfrələni təqdim edərkən süfrədə ləkələr olduğu təqdirdə həmin ləkələrin aradan qaldırılmasının mümkün olmayacağını bilə bilərdi. Lakin cavabdeh kimyəvi təmizləmə xidmətinin göstərilməsini öz üzərinə götürüb. İddiaçı süfrəni cavabdehə təqdim etsə də, 1 ədəd ölçüsü ***X*** olan süfrənin üzərində ləkənin olması səbəbindən həmin süfrənin təhvil alınmasından imtina edib. Hazırda süfrə cavabdehdədir. Məhkəmə hesab etmişdir ki, 1 ədəd ölçüsü ***X*** olan süfrəyə kimyəvi təmizləmə xidmətindən sonra zərər dəyib və aparılmış araşdırma zamanı süfrənin artıq ilkin vəziyyətinin bərpa edilməsinin mümkün olmadığı müəyyən edilib. Məhkəmə bu qənaətə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf həmçinin, 1 ədəd ölçüsü ***X*** olan süfrənin dəyərini mübahisələndirib. Bu səbəbdən məhkəmə tərəfindən qiymələndirilmə aparılıb və “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirilməyə dair ##.##.2026-cı il tarixli hesabata əsasən 1 ədəd ölçüsü ***X*** olan süfrənin hazırki dövrə bazar dəyəri 3.440 manat müəyyən edilib. 2022-ci il qiymətləndirmə tarixinə bazar dəyərinin müəyyən edilməsi, müvafiq dövrə aid müqayisə oluna bilən analoq bazar məlumatlarının olmaması səbəbindən mümkün olmayıb. Belə ki, iddiaçı kimyəvi təmizləmə xidmətindən istifadə etmək üçün cavabdehə müraciət etmiş və ***X*** olan süfrəni təhvil alan zaman onun yararsız vəziyyətə düşdüyünü aşkar etmişdir. Qanunvericiliyin tələbinə əsasən xidmətin qüsurları nəticəsində istehlakçının əmlakına dəymiş zərər günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmətdə qüsurlar olduğundan, onun tərəfindən keyfiyyətli xidmət göstərilməsinə dair öhdəlik lazımınca icra edilməmiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir. İş materiallarına əlavə edilmiş qəbzdən və satıcı tərəfindən təqdim edilən məlumatdan da göründüyü kimi iddiaçıya məxsus ***X*** olan süfrənin qiyməti 1.400 manatdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzə əsasən 2 ədəd süfrənin təmizlənməsi xidməti üçün cavabadehə ümumilikdə 17 manat xidmət haqqı ödənilib. Qəbzdə həmçinin qeyd edilib ki, “30 təqvim günü ərzində müştəri tərəfindən geri təhvil alınmayan geyimlərə, onların üzərində qeyd olunan təlimata uyğun olaraq işlər görüldükdə, geyimə dəymiş zərər, onların üzərindəki aksesuarların təmizlənməsi, rənginin dəyişməsi və sair hallar ilə bağlı “X1” cavabdehlik daşımır. Eyni zamanda, dəri və süni dəri materiallarından hazırlanaraq bütün növ geyimlərə görə heç bir şəkildə zəmanət verilmir. Təlimata uyğun olaraq təmizləmə zamanı geyimə dəymiş zərərin (cırılma, deşik, dağılma və digər) kompensasiya həmin geyimin təmizlənməsinə ödənilmiş xidmət haqqı məbləğinin 3 mislidir”. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus olan və cavabdeh tərəfindən üzərində kimyəvi təmizləmə əməliyyatı icra edilmiş süfrə geyim əşyası sayılmır. Həmçinin, həmin qeydlərin məzmunu tam aydın deyil, ilk hissədə məsuliyyətləri olmadığı qeyd edilsə də, sonra kompensasiyanın məbləği müəyyən edilir. Belə ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən, malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Bu səbəbdən həmin qeydlər iş üzrə əhəməyyətli hesab edilmir. İddiaçının növbəti tələbi isə keyfiyyətsiz xidmətə görə 5.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən onun xeyrinə tutulmasıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 100 manatın alınıb, iddiaçıya verilməsini məqsədə müvafiq hesab etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə icraatı zamanı cavabdeh tərəfin vəsatəti ilə süfrənin hazırkı bazar qiymətinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən təyin edilən qiymətləndirmə zamanı məlum olmuşdur ki, süfrənin hazırda bazar qiyməti 3.440 manat təşkil edir. Lakin məhkəmə bu hallara qiymət vermədən maddi zərərin ödənilməsi barədə tələbi qismən təmin edərək cavabdehdən 1.400 manatın tutulması qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, çatışmayan 2.040 manatı onun tərəfindən ödənilib elə bir süfrə alınmalıdır. Hesab edir ki, məhkəmənin belə bir nəticəyə gəlməsi işin faktiki hallarına uyğun deyildir. Həmçinin vurulan maddi zərər tam 3.440 manatdır, çünki hazırki bazar qiyməti bu məbləğ təşkil edir. Lakin məhkəmə yararsız hala düşmüş süfrənin əvvəlki qiymətini əsasında dəyən zərəri müəyyən edir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməklə iddiasının təmin edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı qətnaməni “maddi zərərin ödənilməsi” hissəsində mübahisələndirmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin qismən təmin edilən “maddi zərərin ödənilməsi” hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1129.1-ci maddəsinə əsasən, malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. 1129.2-ci maddəsinə əsasən, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. 1129.3-cü maddəsinə əsasən, mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun: 3-cü maddəsinə əsasən, istehlakçı istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir. 5-ci maddəsinin 1-ci bəndinnə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. 7-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüqüquna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. 9-cu maddəsinin 8-ci və 9-cu bəndinə əsasən, icraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. İcraçı əşyanın (materialın) korlanmasına, gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. Elmi və texniki biliklərin səviyyəsi əşyanın (materialın) xüsusi xassələrini üzə çıxarmağa imkan vermədikdə belə, icraçı məsuliyyətdən azad edilmir. 9-cu maddəsinin 10-cu bəndinə əsasən iş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onlar xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır. 11-ci maddəsinə əsasən, malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən "Home Stayle" mağazasından ##.##.2022-ci il tarixində ölçüləri 180x360, qiyməti 1.200 manat və ölçüləri ***X***, qiyməti 1.400 manat, cəmi 2.600 manat ödənilməklə 2 (iki) ədəd "Blumarin İtaly" adlı süfrə alıb. İddiaçı süfrələrin kimyəvi təmizləmə xidmətlərindən istifadə edilməsi üçün Bakı şəhəri, Tofiq Abasov 151A ünvanda xidmət göstərən cavabdehə müraciət etmişdir. Xidmətin dəyəri 17 manat təşkil etmişdir. Bu zaman icraçı adi kimyəvi təmizləmə aparmağı öhdəsinə götürmüşdür. İddiaçı işi təhvil aldığı gün, yəni ##.##.2024-cü il tarixdə həmin camaşırxanada ölçüləri ***X*** olan süfrənin zədələnməsini (korlanmasını) aşkar edərək bununla bağlı öz etirazını camaşırxana rəhbərliyinə bildirmişdir. Lakin ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciəti heç bir nəticə verməmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə ekspertizası təyin edilmiş və ##.##.2025-ci il tarixli */**** saylı rəydən görünür ki, tədqiqata 01 ədəd südlü-ağ rəngli istifadədə olmuş, etiket hissəsində “Emozioni İtaliane Made in İtaly” sözləri olan ***X*** sm ölçülü süfrə və 01 ədəd 40x40 sm ölçülü həmin süfrə ilə dəst halında bir ədəd kiçik süfrə dəsmalı təqdim olunub. Həmin süfrəyə organoleptik (təbii və süni işıq altında) metoddan istifadə edərək baxış keçirdikdə dekor hissəsində (güpür hissələrində) rənglərin düzgün paylanmaması yəni, bəzi hissələrinin açıq çəhrayı, bəzi hissələrinin ağ olması, süfrənin parça hissəsində əksər hissələrində süfrənin əsas rəngindən fərqlənən açıq ağ ləkələrin (rənglərin qarışması) olması müəyyən edilib, lakin bir ədəd süfrənin üzərindəki ləkələrin yaranma səbəbinin və zərərin təmir edilmə imkanının müəyyənləşdirilməsi üçün müvafiq metodika olmadığından həmin sualları cavablandırılmayıb. Həmçinin “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirilməyə dair ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edildi ki, 1 ədəd ölçüsü ***X*** olan süfrənin hazırki dövrə bazar dəyəri 3440 manat müəyyən edilmişdir. 2022-ci il qiymətləndirmə tarixinə süfrə üzrə bazar dəyərinin müəyyən edilməsi, müvafiq dövrə aid müqayisə oluna bilən analoq bazar məlumatlarının olmaması səbəbindən mümkün olmamışdır. Beləliklə işin faktiki halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, süfrədəki ləkələrin hazırda aradan qaldırılması eləcə də artıq ilkin vəziyyətinin bərpa edilməsi mümkün olmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı kimyəvi təmizləmə xidmətindən istifadə etmək üçün cavabdehə müraciət etmiş və ***X*** olan süfrəni təhvil alan zaman onun yararsız vəziyyətə düşdüyünü aşkar etmişdir. Qanunvericiliyin tələbinə əsasən xidmətin qüsurları nəticəsində istehlakçının əmlakına dəymiş zərər günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmətdə qüsurlar olduğundan, onun tərəfindən keyfiyyətli xidmət göstərilməsinə dair öhdəlik lazımınca icra edilməmiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir. Bununla belə iddiaçı apellyasiya şikayətində ona dəymiş maddi zərərin dəyərini mübahisələndirməklə qeyd etmişdir ki, vurulan maddi zərər tam 3.440 manatdır, çünki hazırki bazar qiyməti bu məbləğ təşkil edir. Lakin məhkəmə yararsız hala düşmüş süfrənin əvvəlki qiyməti əsasında dəyən zərəri müəyyən edir. Məhkəmə Kollegiyası iddiaçının dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin hallarından göründüyü kimi iddiaçı süfrəni 1.400 manata alıb. Deməli, iddiaçının süfrə üçün çəkdiyi xərc, yəni itirdiyi faktiki pul vəsaiti (real zərər) məhz 1.400 manatdır. Çünki real zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi başa düşülür. Eyni zamanda zərərin miqdarı iddiaçının sübut etdiyi real itkiyə əsasən müəyyən edilir. İddiaçının süfrəni 1.400 manata alması mübahisəsizdir və zərər anındakı dəyər də alış dəyərindən çox ola bilməz, belə ki, qanun "əsassız varlanma"ya yol vermir. Bundan başqa Məhkəmə Kollegiyası iddiaçının dəlillərini ona görə əsassız hesab edir ki, iddiaçı bu qiymət fərqinin əldən çıxmış fayda olduğunu sübut etməli olduğu halda sübut etməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçı ilk olaraq maddi ziyanın 1.400 manat, yəni süfrənin alış qiymətini maddi zərər kimi qiymətləndirdiyi halda məhz ekspert rəyinin verilməsindən sonra hüququndan istifadə edərək bu ziyanın 3.440 manat olmasını iddia etmişdir. Kollegiyanın qənaətinə görə qeyd edildiyi kimi iddia tələbinin həcmini artırmaq iddiaçının hüququ olsa da, maddi ziyanın real dəyəri ilk olaraq qaldırılan məbləğ olmuşdur. Belə ki, ekspertiza rəyi alınmadığı halda iddia tələbi dəqiqləşdirilmədən qaldırılmış tələb üzrə iddiaya qiymət veriləcək idi. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməklə, 1 ədəd ölçüsü ***X*** olan süfrənin alınmasına sərf edilmiş 1.400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, işin faktiki halları ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar