Məhkəmə qərarları › İş №e-2(3-6)-2137/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2137/2026

14.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2137/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Vladimiroviçin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı Vladimiroviçin verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, aşağıdakı tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - ##.##.2023-cü il tarixində əldə olunmuş, lakin istifadə oluna bilməmiş təyyarə biletinə alınmasına çəkilmiş xərcin əvəzi olaraq 130 avro (Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq 232,70 manat); - ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək Bakı şəhərinsə yerləşən “X2” mehmanxanasında məcburi gecələməyə görə xərclədiyi pul vəsaitinin əvəzi olaraq 325 manat; - ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək gündəlik qidalanma, məişət xərcləri və digər yaşam xərcləri ilə əlaqədar çəkdiyi xərcin əvəzi olaraq 2.520,32 manat; - öz ölkəsində işlərindən kənar qalması, ailə üzvləri ilə görüşə bilməməsi, hüquqmühafizə orqanının qanunsuz hərəkətlərinə məruz qalması, əcnəbi ölkədə tanımadığı bir mühitdə vəzifəli şəxslərin özbaşınalığının qorxusu ilə yaranmış mənəvi iztirablar, stress, ailə üzvlərinin çəkdiyi stress, hər an daha da ağır qanunsuzluqlara məruz qala biləcəyi ilə bağlı yaranmış mənəvi əzab və s. nəticəsində çəkdiyi mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən onun xeyrinə tutulması.

2. İddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi göstərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının vətəndaşı olan iddiaçı xeyli müddət ərzində Azərbaycan Respublikasında yaşamışdır. Burada yaşadığı dövrdə bir qrup şəxs ona qarşı dələduzluq etmişlər və bu səbəbdən də, o, ##.##.2023-cü il tarixdə Xətai Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və qeyd edilən hadisə ilə bağlı məlumat vermişdir. ##.##.2023-cü il tarixdə o, Azərbaycan Respublikasını tərk etmək məqsədilə hava limanında dövlət sərhədini keçmək istəyərkən, onun ölkədən çıxmasına imkan verilməmiş və bildirilmişdir ki, Daxili İşlər Nazirliyi tərəfindən “İAMAS” İnformasiya Sisteminə ##.##.2023cü il tarixdə daxil edilmiş məlumat əsasında onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. İddiaçı bunun səbəbləri ilə maraqlanıqda müəyyən edilmişdir ki, həmin məhdudiyyət onun Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qoyulmuşdur. İddiaçının ona etdiyi müraciətə əsasən müstəntiq bildirmişdir ki, bu kimi məhdudiyyət anlaşılmazlıq səbəbindən qoyulmuş və artıq məhdudiyyət götürülmüşdür. İddiaçı, müstəntiqin sözlərinə inanaraq ##.##.2023-cü il tarix üçün təyyarə bileti almış, lakin bu dəfə də, onu, qeyd edilən səbəbdən ölkəni tərk etməyə icazə verməmişlər. İddiaçının ona etdiyi müraciətə əsasən müstəntiq bu dəfə bildirmişdir ki, bu kimi məhdudiyyət anlaşılmazlıq səbəbindən qoyulmuş və artıq məhdudiyyət götürülmüşdür. Nəhayət ##.##.2023-cü il tarixində iddiaçı ölkəni tərk edə bilmişdir. Göründüyü kimi hazırkı iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşının qanunsuz hərəkətləri nəticəsində iddiaçı, iddia ərizəsində qeyd edilən növlərdə və həcmdə zərər məruz qalmışdır. Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının strukturu olduğundan həmin zərər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

4. İşə cavabdeh Maliyyə Nazirliyinin və iş üzrə üçüncü şəxs olan Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddia tələbinin təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə iddiaçının ölkədən getmək hüququna məhdudiyyət qoyulması təsdiq edilsə də, həmin məhdudiyyətin qanunsuzluğu müəyyən edilməmişdir. Bunu təsdiq edə biləcək müvafiq və qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə, mübahisələndirilən hissədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi iddia ərizəsində qeyd edilənləri və müstəntiqin qanunsuz hərəkətlərindən iddiaçının iki dəfə Xətai Rayon Məhkəməsinə şikayət verməsini nəzərə almamışdır. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

7. İddiaçının (apellyatorun) vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizənin məzmununa uyğun izahat verdi.

8. Cavabdeh Maliyyə Nazirliyinin və iş üzrə üçüncü şəxs olan Daxili İşlər Nazirliyinin nümayəndələri apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, işdə olan sənədlərdən görünür və cavabdeh Maliyyə Nazirliyi və iş üzrə üçüncü şəxs olan Daxili İşlər Nazirliyi tərəfindən inkar edilmir ki, Rusiya Federasiyasının vətəndaşı olan iddiaçı xeyli müddət ərzində Azərbaycan Respublikasında yaşamışdır. Burada yaşadığı dövrdə bir qrup şəxs ona qarşı dələduzluq etmişlər və bu səbəbdən də, o, ##.##.2023-cü il tarixdə Xətai Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və qeyd edilən hadisə ilə bağlı məlumat vermişdir. O, ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmək məqsədilə hava limanında dövlət sərhədini keçmək istəyərkən, onun ölkədən çıxmasına imkan verilməmiş və bildirilmişdir ki, Daxili İşlər Nazirliyi tərəfindən “İAMAS” İnformasiya Sisteminə ##.##.2023-cü il tarixdə daxil edilmiş məlumat əsasında onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. İddiaçı bunun səbəbləri ilə maraqlanıqda müəyyən edilmişdir ki, həmin məhdudiyyət onun Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qoyulmuşdur. İddiaçının ona etdiyi müraciətə əsasən müstəntiq bildirmişdir ki, bu kimi məhdudiyyət anlaşılmazlıq səbəbindən qoyulmuş və artıq məhdudiyyət götürülmüşdür. İddiaçı, müstəntiqin sözlərinə inanaraq ##.##.2023-cü il tarix üçün təyyarə bileti almış, lakin bu dəfə də, onu, qeyd edilən səbəbdən ölkəni tərk etməyə icazə verməmişlər. İddiaçının ona etdiyi müraciətə əsasən müstəntiq bu dəfə bildirmişdir ki, bu kimi məhdudiyyət anlaşılmazlıq səbəbindən qoyulmuş və artıq məhdudiyyət götürülmüşdür. Nəhayət ##.##.2023-cü il tarixində iddiaçı ölkəni tərk edə bilmişdir. İddiaçı ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək Bakı şəhərinsə yerləşən “X2” mehmanxanasında yaşamışdır.

11. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Göstərilən konstitusion təminatın tətbiqi üçün ilk növbədə müvafiq dövlət orqanının və ya onun vəzifəli şəxsinin hərəkətinin (hərəkətsizliyinin) qanunsuz olması müəyyən edilməlidir.

12. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100.). Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir (maddə 1101.1.). Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir (maddə 1101.2.).

13. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin qanunsuz cinayət təqibinə, qanunsuz həbsə və qanunda nəzərdə tutulmuş digər prosessual məcburiyyət tədbirlərinə məruz qalması nəticəsində ona vurulmuş ziyan ödənilməlidir.

14. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli qərarında azadlıq hüququ şəxsin qanuni surətdə sərbəst hərəkət edə bilmək, özünə yaşayış yeri seçə bilmək, ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ kimi müəyyən edilmiş, ölkədən çıxışa qadağanın müvafiq dövlət orqanları tərəfindən qanunsuz tətbiq edilməsinin azadlıq hüququnun pozulması hesab olunduğu göstərilmişdir.

15. Göstərilən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı işin müəyyən edilmiş hallarına tətbiq edən Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün sübut edilməlidir ki, iddiaçının ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət qanunsuzdur. Lakin bu kimi məhdudiyyətin qanunsuzluğu müəyyən edilməmiş, bunu təsdiq edə biləcək müvafiq və qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil.

16. MPM-in 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

17. Apellyasiya şikayətində bildirilir ki, iddiaçı tərəfindən müstəntiqin qanunsuz hərəkətlərindən iki dəfə Xətai Rayon Məhkəməsinə şikayətin verilmiş, lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

18. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, apellyasiya icraatı zamanı iddiaçının Məhkəməyə təqdim etdiyi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli və *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarlarından görünür ki, hazırkı iş üzrə iddiaçı yuxarıda qeyd edilən məsələ, yəni onun ölkədən getməyinə tətbiq edilmiş məhdudiyyət ilə bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 hərəkətlərindən şikayətlə məhkəməyə 2 dəfə müraciət etsə də, birinci halda o, şikayətindən imtina edərək, şikayətini geri götürmüş, ikinci halda isə onun şikayəti məhdudiyyətin müstəntiq tərəfindən aradan qaldırılması əsası ilə geri qaytarılmışdır. Həmin qərarlar iddiaçı tərəfindən mübahisələndirilməmiş, qərarlar qanuni qüvvəyə minmişlər.

19. Məhkəmə qeyd edir ki, həmin qərarlar iddiaçının ölkədən getmək hüququna məhdudiyyətin qanunsuz olaraq qoyulmasını təsdiq edən məhkəmə aktı kimi qəbul edilə bilməzlər.

20. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən əsasla iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. f) apellyasiya baxışının nəticəsi

21. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

22. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı İddiaçı Vladimiroviçin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı Vladimiroviç hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar