Məhkəmə qərarları › İş №e-2(3-6)-2146/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2146/2026

22.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2146/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 qızı, cavabdeh1, cavabdeh4 İlkin qızı və cavabdeh3 İlkin qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlkin qızı cəlb edilməklə) qarşı iş üzrə Açar sözlər: (“ümumi mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı İddiaçı cavabdeh cavabdeh2 qızı, cavabdeh1, cavabdeh4 İlkin qızı, cavabdeh3 İlkin qızına qarşı iddia (tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ünvanlayaraq, Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi üzərində 1/5 hissədə onun, 1/5 hissədə cavabdeh cavabdeh2 qızının, 1/5 hissədə cavabdeh cavabdeh4 İlkin qızının, 1/5 hissədə cavabdeh3 İlkin qızının, 1/5 hissədə cavabdeh Ərəbova (Əlirzayeva) Humay Osmanpaşa qızının payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2014-cü il qeydiyyat tarixli, 303013071136-***** reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi iddiaçı İddiaçı, X1, cavabdeh4 İlkin qızının, X3 və cavabdeh3 İlkin qızının adına birgə mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Paylı mülkiyyətin ondan başqa digər mülkiyyətçiləri heç biri Azərbaycan Respublikasının vətəndaşı deyildir və bu səbəbdən xarici vətəndaş olaraq Azərbaycan Respublikası ərazisində xüsusi mülkiyyətində torpaq sahəsinə malik olmaq hüququna malik deyillər. Cavabdeh Alirzayeva Aygün onun qızıdır. Cavabdeh cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsini ona notarial qaydada bağışlamaq üçün notariat kontoruna müraciət edən zaman bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən torpaq sahəsi birgə mülkiyyətdə olduğundan, mülkiyyətçilərin hər birinin paylı mülkiyyətdə olan əmlakda payları müəyyən edilmədiyindən bağışlama müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. Paylı mülkiyyətin digər mülkiyyətçiləri cavabdeh4 İlkin qızı, cavabdeh3 İlkin qızı və X3 da hazırda Niderland Krallığının vətəndaşıdır və Azərbaycan Respublikası ərazisində vətəndaşlığa və yaşayış yerinə malik deyillər. Birgə mülkiyyətin mülkiyyətçiləri arasında payların müəyyən edilməsi ilə bağlı mübahisə olmasa da, mülkiyyətçilərin heç biri Azərbaycan Respublikasında yaşamadığından və Azərbaycan Respublikası ərazisində yaşayış yerinə malik olmadığından, payların notarial qaydada birgə razılıq əsasında müəyyən edilməsi mümkün olmamışdır.

2. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2014-cü il qeydiyyat tarixli, 303013071136-***** reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı 1/5 hissədə payının müəyyən edilməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər cavabdeh2 qızı, cavabdeh1, cavabdeh4 İlkin qızı və cavabdeh3 İlkin qızından tutularaq, iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1-213.5, 214.1-214.2, 220.1-220.3, 221; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçı İddiaçı, cavabdehlər X5, Fatimə İlkin qızı Əlirzayevanın, Səbinə İlkin qızı Əlirzayevanın və cavabdeh1 adına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə tam payla iddiaçının mülkiyyətindədir. Cavabdeh cavabdeh2 qızı torpaq sahəsində olan payını notarial qaydada iddiaçıya bağışlamaq niyyətində olmuş, lakin torpaq sahəsi üzrə mülkiyyət payları müəyyən edilmədiyinə görə notariat ofisi tərəfindən bağışlama müqaviləsinin rəsmiləşdirilməsinin mümkün olmadığı bildirilmişdir. Torpaq sahəsinin digər mülkiyyətçiləri olan Fatimə İlkin qızı Əlirzayeva, Səbinə İlkin qızı Əlirzayeva və cavabdeh1 hazırda xarici dövlətin vətəndaşlarıdır və Azərbaycan Respublikasında yaşamırlar. Hazırkı mübahisədə iddiaçı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin ideal bölgüsünü, yəni fiziki cəhətdən bölünmədən torpaq sahəsi üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini xahiş edir. Cavabdeh cavabdeh2 qızı iddia tələbini qəbul etdiyini bildirmişdir. Digər cavabdeh cavabdeh1 isə payının müəyyən edilməsi ilə bağlı tələbinin olmadığını bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması ilə bağlı məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə **/**** saylı qərardadı). Hazırkı iş üzrə mülkiyyətçilər arasında razılaşma əldə edilmədiyi üçün iddiaçının bu tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Bu baxımdan tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsinin beş mülkiyyətçisi olduğu və mülkiyyətçilərdən yalnız birinin payların ayrılmasını tələb etdiyi nəzərə alınarsa mübahisə Mülki Məcəllənin 220.3-220.6-cı maddələri tətbiq edilməklə həll edilməli, iddia tələbinə hüquqi qiymət verilərkən eyni zamanda Mülki Məcəllənin 213.3-cü, 214.1-ci maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, MM-nin 214.1-ci maddəsi daşınmaz əmlak mülkiyyətçiləri arasındakı münasibətlərə tətbiq edildiyi halda MM-nin 144.1-ci maddəsinin tələbinə əsasən “mülkiyyətçilərin razılaşması” ifadəsi mülkiyyətçilər arasında ümumi əmlakdakı paylarla bağlı notarial qaydada təsdiq edilmiş müqavilə kimi başa düşülməlidir. Belə ki, MM-nin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırki iş üzrə iddiaçı, torpaq sahəsi üzərində bütün mülkiyyətçilərin bərabər paylarının müəyyən edilməsini xahiş etsə də, iddiaçının digər mülkiyyətçilərə münasibətdə payların müəyyən edilməsini tələb etmək üçün hüquqi əsasları mövcud deyildir. Belə ki, digər şəxslərin paylarının məhkəmə tərəfindən müəyyən edilməsi həmin şəxslərin gələcəkdə mülkiyyət paylarının daha artıq həcmdə müəyyən edilməsi barədə iddia qaldırmaq və ya razılığa gəlmək imkanlarını məhdudlaşdıra və nəticə etibarilə onların mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Həmçinin cavabdeh cavabdeh2 qızı iddia tələbini etiraf etdiyini bildirsə də, həmin etiraf digər mülkiyyətçilərin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə biləcəyindən, eləcə də onun da mülkiyyətdə payının müəyyən edilməsi ilə bağlı özü tərəfindən iddia qaldırılmadığından həmin etiraf qəbul edilməməlidir. Beləliklə, iddiaçının ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə bütün mülkiyyətçilərə münasibətdə paylarının müəyyən edilməsi barədə iddiası qanunvericiliyin tələblərinə uyğun olmadığından yalnız öz payına münasibətdə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Payın nisbətinə gəlincə məhkəmə qeyd edir ki, torpaq sahəsinin qeyri-bərabər bölünməsi ilə bağlı hər hansı razılaşma, əsas olmadığından, cavabdehlər tərəfindən bunun əksini təsdiq edən sübut təqdim edilmədiyindən iddiaçının, mülkiyyətçilərin sayına uyğun olaraq, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində 1/5 hissədə payı müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

3. İddiaçı şikayət vermiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2026-ci il tarixli qətnaməsinin dəyişdirilərək, iddianın tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-213.5; Mülki Prosessual Məcəllənin 14.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh cavabdeh1 nümayəndəsi məhkəmə proseslərində payının müəyyən edilməsinə zərurət olmadığını, aydın məsələdir ki, mülkiyyətçilərin hər birinin payı 1/5 hissədə olmasını bildirsə də, məhkəmə qətnamə qəbul edərkən, tərəflər arasında payların qeyri-bərabər bölünməsi ilə bağlı mübahisə olmamasını nəzərə almamışdır. Alirzayeva Aygün tərəfindən iddianın etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, notarial qaydada 1/5 hissədə payının müəyyən edilməsinə etirazı olmadığını bildirdiyindən, iddia həmin cavabdehin payının müəyyən edilməsi hissəsində də təmin edilməli idi. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuşdur ki, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Cavabdehlər hər biri Alirzayeva Aygün, cavabdeh4 İlkin qızı, cavabdeh3 İlkin qızı uzun müddətdir Niderland Krallığının vətəndaşı olmaqla, daimi olaraq Niderland Krallığında yaşayır. Azərbaycan Respublikasının vətəndaşına məxsus şəxsiyyət vəsiqələri xarici ölkə vətəndaşı olmaları ilə əlaqədar, vətəndaşlığına xitam verilmişdir. Digər cavabdeh cavabdeh1 isə ikili vətəndaşlığa malik olmaqla, daimi olaraq Niderland Krallığında yaşayır. Quba rayonu, Qəçreş kəndində yerləşən, mübahisəlndirilən torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olmaqla, evin yerləşdiyi torpaq sahəsi ümumi mülkiyyətdə olmaqla, iddiaçı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payının ayrılmasını tələb etmək hüququna malikdir. Ümumi mülkiyyətdə olan torpaq sahəsində payların naturada müəyyən edilməsi, eləcə də paylara uyğun kompensasiyanın ödənilməsi üçün ümumi mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi zəruridir. Apellyasiya icraatında müəyyən edilən hallar

4. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə **/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadına əsasən: Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.

8. Həmin qərardadda qeyd edilmişdir: 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. 63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42- 44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. 64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. 66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair # ##### 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki: “Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.”

10. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçı İddiaçı, cavabdehlər X5, Fatimə İlkin qızı Əlirzayevanın, Səbinə İlkin qızı Əlirzayevanın və cavabdeh1 adına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, payçıların öz paylarını müəyyənləşdirmək və rəsmiləşdirmək barədə iradə sərbəstliyi mövcud olduğundan birgə mülkiyyət iştirakçılarının razılaşması və ya onların hər birinin tələbləri qaydasında məhkəmə tərəfindən hər birinin (və ya bir neçəsinin) ayrılıqda payları müəyyən edilə bilər.

12. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Kollegiya hesab edir ki, əsassız apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar