Məhkəmə qərarları › İş №e-2(3-6)-2268/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2268/2026

09.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2268/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 36 ünvanında yerləşən ** saylı mənzilin yarı hissəsinə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməklə iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir.

3. Qərardadın əsaslarına görə, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı və Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnamələrindən görünür ki, daha əvvəl Cavabdeh İddiaçı qarşı miras əmakda payların müəyyən eilməsi tələbinə dair iddia qaldırmış və mərhum atasından miras qalmış Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 36 ünvanında yerləşən ** saylı mənzil üzərində tərəflərin payının bərabər müəyyən olunmasını xahiş etmişdir. İddiaçı isə iddiaya etiraz edərək, mirasqoyan mərhum əri ilə birgə nikah dövründə mənzilin təmirinə xərc çəkməsinə əsaslanaraq, əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməklə, mənzilin 3/4 hissəsində onun, 1/4 hissəsində mirasqoyanın oğlu Cavabdeh mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. Məhkəmə araşdırması zamanı mənzilin İddiaçı ilə mərhum ərinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilibedilməməsi məsələsinə qiymət verilmiş, birgə nikah vaxtı əmlakın dəyərini xeyli artıran yaxşılaşdırmaların aparılmasının sübut olunmadığı müəyyən edildiyindən, ərin ayrıca mülkiyyəti kimi əmlak üzərində vərəsələrin 1/2 hissədə bərabər payları tanınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönədilmişdir. Hazırki iddia ərizəsində də İddiaçı eyni mənzilin, eyni əsasla (birgə nikah dövründə onun hesabına təmir edilməsi) birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsini tələb etmişdir. Odur ki, yuxarıda qeyd edilmiş qanuni qüvvəyə minən məhkəmə qətnamələri ilə hazırki işdə tərəflər (İddiaçı və Cavabdeh), predmet (Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 36 ünvanında yerləşən ** saylı mənzil) və əsaslar (birgə nikah dövründə mənzilin təmir edilməsi və dəyərinin xeyli artırılması) eyni olduğundan mülki iş üzrə icraata xitam verilməlidir.

4. Iddiaçı İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi məhkəmə aktları vərəsəlik işi ilə əlaqədardır. Həmin iş üzrə hazırkı iddiaçı qarşılıqlı iddia verməmişdir. Apellyasiya şikayəti verilərkən şikayətə əlavə verilərək mübahisə predmeti olan mənzilin ərarvadın ümumi əmlakı hesab edilməklə payının ¾ hissədə təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası qətnaməsinin 41-42-ci bəndlərində apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, “toplanmış sübutlardan görünür ki, cavabdeh tərəfindən iddiaya etirazlarının əsası kimi istinad etdiyi halları, yəni birgə nikah dövründə əmlakın dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın aparıldığını təsdiq edə biləcək hər hansımötəbər sübut (əsaslı yenidənqurmanın, genişləndirmənin və s. həyata keçirildiyini təsdiq edən qəbzlər, müqavilələr, foto və digər yazılı sübutlar) məhkəməyə təqdim edilməmişdir. Cavabdehin istinad etdiyi, mənzildə aparılmış təmir işlərinin dəyərini müəyyən edən “xxxx” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyi də, yuxarıda qeyd olunan dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən yetərli və mötəbər sübut kimi qiymətləndirilə bilməz. ... Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.” Bir daha qeyd edir ki, mənzilin yaxşılaşdırmasına dair əsaslı sübutlar məhkəməyə təqdim edilmişdir. Yaxşılaşdırmaya çəkilən xərclərin borc olan hissəsi sonradan iddiaçı tərəfindən ödənilmişdir. Yəni yaxşılaşdırma iddiaşının vəsaiti hesabına edilmişdir ki, bu da hər bir təmir işləri kimi mənzilin dəyərini artırmasına səbəb olmuşdur. Ona görə də hesab edirik ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları təhlil edərək onlara hüquqi qiymət verməklə mülki işə qanuni nəticə verilməlidir. Məhkəmənin işə baxılmasına xitam verilməsinə dair mövqeyi iddiaçı tərəfindən qəbul edilməzdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2022-ci il tarixli Qərarı: “Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. Iddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. Iddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli Qərarı).”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə iş üzrə icraata xitam xitam verilməsində haqlı olmuşdur.

10. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir - mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; - mübahisənin eyni predmetlə bağlı olması; - hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X6 miras qalan ünvan 1 ünvanında yerləşən mənzilin və Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “xxxx” QSC-dən mərhum X5 çatacaq pul vəsaitinin üzərində iddiaçı Cavabdeh ½ hissədə payının müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.

12. Həmin mülki işə baxılarkən İddiaçı isə iddiaya etiraz edərək, mirasqoyan mərhum əri ilə birgə nikah dövründə mənzilin təmirinə xərc çəkməsinə əsaslanaraq, əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməklə, mənzilin 3/4 hissəsində onun, 1/4 hissəsində miras qoyanın oğlu Cavabdeh mülkiyyət hüququnun tanınmasını tələb etmişdir.

13. Həmin iş üzrə yekun qərar çıxarılarkən etirazın əsasları qiymətləndirilərək təsdiqini tapmadığına görə tərəflərin 1\2 hissədə payları müəyyən edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən həmin qətnamə dəyişdirilmədən saxlanılmış, qanuni qüvvəyə minmişdir.

15. Hazırkı mübahisənin mahiyyətini o təşkil edir ki, mübahisə predmeti olan əmlak birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilməklə iddiaçının mülkiyyət hüququ tanınsın. Yəni, hazırkı iddia təmin olunduğu təqdirdə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən təsdiqini tapmayan hallar yenidən araşdırılaraq qiymətləndirilməlidir.

16. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə hazırki işdə tərəflər (İddiaçı və Cavabdeh), predmet (Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 36 ünvanında yerləşən ** saylı mənzil) və əsaslar (birgə nikah dövründə mənzilin təmir edilməsi və dəyərinin xeyli artırılması) eyni olduğundan mülki iş üzrə icraata xitam verilməlidir.

17. MPM-nin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

18. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır.

19. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub – olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd – şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir.

20. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.

21. Məhkəmə qanuni qüvvəyə minmiş qərar mövcud olduğu halda iddiaçının eyni əsaslardan çıxış edərək eyni nəticəni əldə etmək məqsədilə eyni tələbi irəli sürməsini hüquqdan sui-istifadə halı kimi qiymətləndirərək qeyd edir ki, məhkəmələr bu cür hüquqdan sui-istifadə hallarına yol verməməklə digər vətəndaşların hüquqlarının lazımsız məhdudlaşdırmamalı və ədalət mühakiməsinin səmərəliliyinə zərər yetirəcək hallardan uzaq durmalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni, artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı.

22. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

23. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar