Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2429/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb edilməklə) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb edilməklə) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi ziyana görə 70.000 manat, maddi zərərə görə isə 32.000 manat olmaqla, cəmi 102.000 manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2024-cü il tarixli hökmü ilə iddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən müdafiəçisi tərəfindən apellyasiya şikayəti, eləcə də dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə apellyasiya protesti təmin edilməmiş, vəkilin apellyasiya şikayəti isə təmin edilərək təqsirliliyi sübuta yetmədiyi üçün ona bəraət verilmişdir. İstintaqın gəldiyi nəticəyə görə o, ittiham olunmuş ondan ötrü ki, guya o, külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı X2 ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, Yuxarı Ağalı kəndi ərazisində yerləşən əkin sahəsində gizlədilmiş bir ədəd idman çantasının içərisində olan külli miqdarda, 5710 qram narkotik vasitə tiryək, külli miqdarda 470 qram narkotik vasitə heroin, külli miqdarda, 1965 qram psixotrop maddə metamfetamin, külli miqdarda, 500 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 220 ədəd konvalyutun hər birində 10 ədəd olmaqla ümumi sayı 2200 ədəd, külli miqdarda, ümumi təsiredici miqdarı 88,0 qram olan narkotik vasitə metadon həblərini əldə etmək məqsədilə ## ####### 2022-ci il tarixdə saat 13:30 radələrində X2 ilə birlikdə idarə etdiyi «VAZ-2109» markalı, 59-BF 523 dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəldikdən sonra Fizuli Hüseynov qeyd edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin içərisində olduğu bir ədəd idman çantasını gizlədildiyi yerdən götürüb, avtomobilin arxa oturacağının üzərinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, DSX-nin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin 2-ci sərhəd komendatının əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı avtomobilin sürücüsü İddiaçı və Fizuli Hüseynova dayanmaq əmri verilməsinə baxmayaraq, onlar əkin sahəsindən qaçaraq narkotik vasitənin götürüldüyü yerdən uzaqlaşmış, daha sonra həmin şəxslərin saxlanılmasında köməklik göstərilməsi üçün RPŞ-nə daxil olmuş müraciət əsasında İddiaçı idarə etdiyi «VAZ-2109» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar- Sərhəd yolu ilə Biləsuvar şəhəri istiqamətində hərəkətdə olarkən RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən sürücüyə «saxla» işarəsi verilmiş, lakin İddiaçı həmin avtomobillə Ələt-Astara yolu ilə Cəlilabad rayonu istiqamətində hərəkət etmiş, daha sonra isə avtomobili Biləsuvar rayonu Aşağı Cürəli və Əsgərabad kəndləri ərazisində hərəkət etdirərək Ələt- Astara yolunun Biləsuvar rayonu ərazisinə çıxaraq Bakı şəhəri istiqamətində hərəkətinə davam etmiş, yalnız həmin avtomobillə Biləsuvar rayonu ərazisində yerləşən “Mahmudçala” ovçuluq təsərrüfatında su kanalına düşdükdən sonra irəli getmək imkanları tükəndiyinə görə avtomobili saxlamış, bundan sonra Fizuli Hüseynov içərisində külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə olan çantanı götürərək həmin yerdən uzaqlaşmış, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İddiaçı saxlanılanaraq DSX-nin əməkdaşlarına təhvil verilmiş, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində ## ####### 2022-ci il tarixdə saat 02:35 radələrində X3 rayonu, Əsgərabad kəndi ərazisində, əkin sahəsinə çəkilmiş su kanalının üzərində quraşdırılmış 6-cı su tənzimləyici qurğunun yaxınlığında əlindəki idman çantası ilə birlikdə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra həmin çantaya baxış keçirilərkən çantanın içərisindən 6 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1240 qram, 505 qram, 980 qram, 1125 qram, 680 qram və 1180 qram olmaqla ümumilikdə külli miqdarda, 5710 qram narkotik vasitə tiryək, bir ədəd sellofan bağlamada külli miqdarda, 470 qram narkotik vasitə heroin, iki ədəd sellofan torbada ayrı ayrılıqda təmiz çəkiləri 990,0 qram və 975 qram, ümumilikdə külli miqdarda, 1965 qram psixotrop maddə metamfetamin, bir ədəd sellofan bağlamada külli miqdarda, 500 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 220 ədəd konvalyutun hər birində 10 ədəd olmaqla ümumi sayı 2200 ədəd, külli miqdarda, ümumi təsiredici miqdarı 88,0 qram olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür». İstintaqın gəldiyi nəticəyə görə, bu hərəkətlərin edilməsi şübhəsi ilə onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətdiyi qənaətinə gəlinmişdir. Ancaq yuxarıda qeyd etdiyi kimi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona bəraət verilmişdir. Məhkəmənin həmin hökmü ilə ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilmişdir. Daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru tərəfindən kassasiya protesti verilərək, Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2024 cü il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. Ancaq Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. O, qanunsuz olaraq ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək, yəni 2 il 1 ay 23 gün müddətində faktiki olaraq azadlıqdan məhrum edilməklə həbsdə saxlanılmışdır. Bu müddət ərzində o, mənəvi, psixi və fiziki iztirablar çəkmişdir. Belə ki, ən dəhşətli sarsıntı və iztirab onun azadlığının əlindən alınmasıdır. Təbii ki, dünyada azadlıqdan qiymətli və dəyərli hər hansı bir anlayış yoxdur. Hüquq-mühafizə orqanlarının təqsiri üzündən o, azadlığını uzun müddətə itirmişdir. Normal ədalət mühakiməsi yaradılmalı olduğu halda bu edilməmişdir. Təhqiqat və istintaq orqanının, prokurorluğun yol verdiyi kobud səhvlərə görə məhz dövlət məsuliyyət daşıyır. O, bütün ömrü boyu vicdanla yaşamış və fəaliyyət göstərmişdir. Ətrafda olanlar və onu tanıyanlar, qohumları onu vicdanlı bir şəxs kimi tanımışlar. Onun barəsində narkotiklə bağlı cinayət işinin başlanması və həbs qətimkan tədbiri seçilməsi cəmiyyətdə olan imicinə mənfi təsir göstərmişdir. Cəmiyyətdə hamı onu bir cinayətkar kimi qəbul etmişdir. Onun əvvəlki vəziyyətinin bərpa edilməsi mümkün deyil və bütün ömrü boyu cinayətkar damğası altında yaşayacaqdır. Ona vurulan mənfi sarsıntılardan biri də səhv etmiş hüquq-mühafizə əməkdaşlarının yol verdiyi səhvlərə görə heç kəsin məsuliyyətə cəlb edilməməsi, ondan bir zərər çəkən şəxs kimi üzr istənilməməsidir. Keçirdiyi mənfi sarsıntıları heç bir pulla ödəmək mümkün deyildir. Sırf qanunsuz həbs edilməsi ilə bağlı olaraq səhhətində böyük problemlər yaranmışdır. Belə ki, təcridxanaya düşdükdən sonra orada böyrək əməliyyatı keçirmiş, dişləri tökülmüşdür. Lakin, mövcud qanunvericiliyin tələblərinə əsasən mənəvi sarsıntılar, iztirablar maddiləşdirilməlidir. Qanunsuz olaraq həbs edilənə kimi taksi sürücüsü işləməklə hər günə 40-50 manat qazanc əldə etmişdir. Ümumilikdə hər ayda 1200-1500 arası qazanc əldə etmişdir. Ona vurulan maddi ziyanı ən azından ayda 1200 manatdan götürsək təqribən 32000 manat həcmində dəyərləndirir. Belə ki, 2 il 1 ay 23 gün müddətində həbsdə qalması ilə əlaqədar hər ayda ən azından orta hesabla 1200 manatdan götürülsə, təqribən 32.000 manat real qazancı əldən çıxmış və ailəsinə heç bir maddi yardım göstərə bilməmişdir. Həbsdə olduğu müddət ərzində ailəsinə və valideynlərinə də baxa bilməmiş, onlar qohuməqrəbanın ümüdünə qalmış, həmin müddət ərzində müəyyən ərzaqların, dava-dərmanın alınması ilə əlaqədar olaraq ailəsi borca düşmüşdür. 2 il 1 ay 23 gün müddətində həbsdə qalması ilə əlaqədar ona dəyən mənəvi zərəri 70.000 manat həcmində dəyərləndirir.
3. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s.) konkret növləri göstərilmişdir. İddiaçı isə maddi ziyanın ödənilməsi əvəzi tələb edərkən təsdiq edən sənədlər təqdim etmədən ümumi ifadələrlə kifayətlənmiş, əmək fəaliyyəti barədə, aylıq gəliri ilə bağlı, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə hər hansı təsdiqedici sübutlar təqdim etməmişdir. İddiaçı mənəvi zərərin ödənilməsini də tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin # ###### 2009-cu il tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində heç bir hüquqi əsası yoxdur. Məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi inzibati protokol tərtib edən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim G.Fərəcova) iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitinin hesabına Maliyyə Nazirliyi vasitəsilə iddiaçı İddiaçı 26.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qanunsuz olaraq azadlıqdan məhrum edildiyi hər ay üçün 1000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi ədalətli və ağlabatan hesab edilə bilər. Bu yanaşma həm şəxsin çəkdiyi mənəvi iztirabların qismən kompensasiyasına xidmət edir, həm də hüquqi dövlət prinsipinə uyğun olaraq qanunsuz müdaxilələrin nəticəsiz qalmamasını təmin edir. Beləliklə, iddiaçının 26 ay müddətində azadlıqdan məhrum edildiyi nəzərə alınaraq, mənəvi ziyana görə 26.000 manat (26 ay × 1000 manat) məbləğində kompensasiyanın tutulması məhkəmə tərəfindən ədalətli və ağlabatan hesab edilir. Maddi ziyana münasibətdə isə məhkəmə qeyd etmişdir ki, şəxsiyyət hüquqlarının pozulması mənəvi ziyanın mövcudluğunu ehtiva etsə də, maddi ziyanın mövcudluğu və onun məbləği ümumi sübutetmə qaydalarına uyğun olaraq iddiaçı tərəfindən sübut edilməlidir. Mülki hüququn ümumi prinsiplərinə görə, zərərin ödənilməsi üçün zərərin mövcudluğu, onun həcmi və həmin zərərlə hüquq pozuntusu arasında səbəbli əlaqə sübuta yetirilməlidir. Hazırkı iş üzrə iddiaçının maddi ziyana məruz qalmasını təsdiq edən hər hansı mötəbər yazılı sübut, hesablanma və ya digər sübut vasitələri iş materiallarında mövcud deyildir. İş materiallarında yalnız iddiaçının bu barədə şəxsi izahatları və mülahizələri yer almışdır ki, bu da maddi ziyanın mövcudluğunu və həcmini müəyyən etmək üçün kifayət hesab edilə bilməz. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia mənəvi ziyana görə kompensasiyanın tutulması hissəsində əsaslıdır, lakin maddi ziyanın ödənilməsi hissəsində sübut olunmadığından təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
6. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunmalı idi. “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Milli Məclis tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Milli Məclis tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Nazirliyin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də, tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Eyni zamanda, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — 330 manat, ona qarşı ağır cinayət törədildikdə — 165 manat, ona qarşı az ağır cinayət törədildikdə — 55 manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — 11 manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 4000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. İddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. İddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz edilərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
10. Cavabdeh və üçüncü şəxslərin nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır; - 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir; -1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
12. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin:
- 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
13. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun:
-4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. -5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
14. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
15. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarı:
4.45. ... təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101-ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilən Qanun) təşkil edəcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir. 4.46. İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət). 4.47. Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. 4.50. Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. 4.51. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. 4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025 ci il tarixli qərarı ilə İddiaçı barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.
22. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı qanunsuz və əsassız olaraq törətmədiyi cinayət əməli ilə bağlı istintaqa cəlb edilmiş, barəsində cinayət işi ilə əlaqədar araşdırma aparılmış, ittiham aktı tərtib olunaraq prokurorluğa, daha sonra cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş və bu vəziyyət kifayət uzun müddət davam etmişdir. Sonradan iddiaçı İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı əsassız olaraq təhqiqat orqanları tərəfindən təqibə məruz qaldığından, iddiaçının bu orqanların hərəkətləri nəticəsində məruz qaldığı mənəvi iztirablara görə zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır.
24. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin ödənilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının qanunsuz olaraq 02 il 01 ay 24 gün=26 ay müddətinə azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İddiaçının barəsində qanunsuz aparılan cinayət işi və iddiaçının qanunsuz olaraq azadlıqdan məhrum edilməsi nəticəsində ona mənəvi zərər dəyməsi aşkardır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi 70.000 (yetmiş min) manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 26.000 (iyirmi altı min) manat məbləğində qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi - Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsasının olmaması dəlilinə münasibət bildirərək qeyd edir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarının 4.46 və 4.47-ci bəndlərinə əsasən iddiaçıya vurulmuş zərər təhqiqat orqanı tərəfindən vurulduğuna görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır. Həmçinin, həmin qərarın 4.50 və 4.51-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir; bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov